Firuzə Davudqızı
Həyətə keçən kimi gözlərim Arazı gəzdi. Atamın qucağında kefikök halda görəndə ürəyim rahat oldu. Elə bu dəmdə Məqbulə qarşıma yüyürdü:
– Xanım, yaxşı ki, vaxtında gəlib çıxdınız. Həyat yoldaşınız zəng vurub, sizi telefonda gözləyir.
Gözlərimə işıq gəldi. Səhrada susuz gəzən insan suyu görüb necə sevinərsə, eynən elə sevindim. Qanadlanıb uça-uça evə yüyürdüm. Həyəcanla telefonun dəstəyini götürüb cavab verdim:
– Alo.
Xəttin o üzündən Azərin səsi qulaqlarıma dolanda ürəyimin çırpıntısı sinəmi döyəcləməyə başladı. Hal-əhval tutdu. İlk növbədə Arazı xəbər aldı. Bir neçə dəqiqə çəkən söhbətin sonunda Azər mənə yaxın günlərdə qayıdacağını bildirdi. Bunu onun dilindən duyanda sevincimə sevinc əlavə olundu. Həyəcanla:
– Sənə bir xəbərim var, – dedim. – Amma gələndə öyrənəcəksən.
– Nə xəbər? İndi desən olmaz ki?
– Olmaz, – gülümsündüm. – İsrar eləmə. İnşallah, sağ-salamat gəlginən, üzbəsurət danışarıq.
– Hmm… Nə etmək olar, onda gözləyək.
– Gözləmə, tez gəl, yaxşı? Çox darıxmışam! – Son sözləri dodaqlarımı dəstəyin ağzına tutub səsimi bir qədər qısaraq dedim. – Dəhşətli dərəcədə çox!
– Aydındır! – Azər ciddi-ciddi dedi. – Onda mən çətin ki, fikrimi işə verə bilim, yaxşısı budur gedib bilet alım.
– Gözəl fikirdir!
Bu sözümdən sonra Azərin şirin gülüşünü duymaq mənim də üzümü güldürdü. Amma heyif ki, çox danışa bilmədik.
– Yaxşı da, vaxt bitir, özüvə də, Araza da yaxşı bax. Görüşərik inşallah!
– İnşallah, əzizim! Özünü qoru!
– Gözlərim üstə!
Bir neçə saniyə sonra telefonun dəstəyindən duyulan aramsız “dudd… dudd…” səsi məni olduqca məyus və dilxor etdi. Tək ümidim Azərin tezliklə qayıdacağı idi. Amma bu qayıdış, bu görüş necə baş tutacaqdı, yatsaydıq yuxumuza belə girməzdi. Kaş ki, taleyimizə yazılmayaydı. Kaş həmin gün həyat təqvimimizdə yer almayaydı…
Sıxıntılı halda dərindən ah çəkib qayınanamın mənə hədiyyə etdiyi və boynumdan çıxarmadığım boyunbağının medalyonunun qapağını açdım.
Azər fotoşəklimizi medalyona saldırmışdı. Araz da şəkildə bizimlə idi. Qəribsəyən kimi medalyonu açıb uzun-uzadı şəkildən Azəri seyr edirdim. İndi də eləcə. Şəkli dodaqlarıma aparıb busə qondurdum, medalyonu qapayıb məhəbbətlə sinəmə sıxdıqdan sonra dodaqlarım ixtiyarsız olaraq bu sözləri pıçıldadı:
– Sənsiz bir günüm olmasın! Bircə günüm, saatım, dəqiqəm belə! Allahım, onu qoru! Qoru onu, yalvarıram!
…Həmin gün şam yeməyi üçün masa hazırlanmaqda idi ki, Nəriman dayı atama iki nəfərin gəldiyini və onu görmək istədiklərini xəbər verdi.
Atam qalxıb küçəyə çıxdı.
***
Nadir darvazanın önündə onu gözləyən mülki geyimli iki nəfəri görən kimi tanıdı. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları idilər. Onları bura gətirən avtomobilin arxa qapısını açıq saxlamışdılar. Sözü uzatmadan:
– Bizimlə getməlisiniz, – dedilər.
– Məsələ nədir? Nə baş verib?
– Siz gəlin, birlikdə aydınlaşdıracağıq.
Nadir ab-havadan xeyir əlamət sezməyibmiş kimi Nərimana ailəsinə göz-qulaq olmağı tapşırıb maşına əyləşdi.
***
…Çırpılan qapı və hərəkətə keçən maşın səsini aydın duyduq. Darvazanın qapısını bağlayıb həyətə qayıdan Nəriman dayı anama atamın getməli olduğunu, lakin qayıdacağını bildirdi.
Saatlar bir-birini əvəz edirdi, lakin atam hələ geri dönməmişdi. Etiraf etməyə cəsarət etməsək də qəribə bir narahatlıq qəlbimizə dolub, bizi sıxmağa başlayırdı. Şam yeməyini necə yediyimizi belə bilməmişdik. Əgər bu şam etmək sayılardısa.
Anam daha çox həyəcan keçirirdi. Bəlli etməməyə çalışsa da qorxu və narahatlığı üzünün ifadəsindən oxunurdu.
Türkan səbri tükənmiş halda dözməyib ona səsləndi:
– Ata gəlmədi. Bəlkə zəng vurub əmidən soruşaq? O bilər necə olsa.
– Dayan bir, vəlvələyə vermə ortalığı! – Anam Türkanın sözünü ağzında qoyub, ona çəmkirdi. Daha da gərgin və ağlı-fikri qarışmış kimi göründü. – Yəqin işi uzun çəkib, gözləyək görək nə olur.
Bacılar bir-birimizi süzüb daha dinmədik.
Səhər yuxudan oyanan kimi Arazı qucağıma alaraq otaqdan çıxdım. Dəhlizə çıxanda Fatimə ilə üz-üzə gəldik. Ona həyəcanla ilk sualım bu oldu:
– Ata gəlib?
– Yox. – Fatimə qanıqara halda cavab verdi. – Ata gəlməyib, amma bir nəfər gəlib. Ana ilə bağda nə barədəsə söhbət edirlər.
Həyətə enmək istədiyimi anlayan bacım qolumdan yapışdı.
– Dayan, getmə. Ana tapşırıb ki, ortalıqda görünməyək.
Pəncərəyə yaxınlaşıb baxdım. Anam tanımadığım, buz kimi soyuq, sərt siması olan bir nəfərlə söhbət edirdi. Kim olduğunu bilmədiyimiz bu adam həmin gün bağda çox yubanmadı. O getdikdən sonra üçümüz də anamın yanına gəldik. Anam oturduğu yerdə qalmışdı. Baxışları bir nöqtəyə zillənmişdi, rəngi qaçmışdı. Hərəmiz bir tərəfdən onu sorğu-suala tutduq.
– Ana, nəsə baş verib?
– Yaxşısan? Niyə dinmirsən?
– O, gələn adam kim idi? Ata haqqında nə deyirdi?
Biz ondan bütün bu suallara cavab istədiyimiz halda anamın baxışları qucağımdakı Araza doğru yönəldi. Zəndlə, hətta qəribə bir baxışla uşağa baxıb, gözləmədiyimiz bir şəkildə birdən hönkürtü ilə ağlamağa başladı. Çaşıb qaldıq. Sakitləşdirməyə çalışdıq, amma olmadı.
O, bizdən ayrılıb öz otağına çəkildi. Qapını içəridən bağladı. Bütün günü otağından çıxmadı, heç kimlə ünsiyyət qurmadı. Tamam çaşbaş qalmışdıq. Atamın başına nə iş gəlmişdi, bilmirdik, anamın da müəmmalı əhvalı bizi mat qoymuşdu. Onun izni olmadan əmimə zəng vurmağa kimsə cəsarət etmirdi. Hamı bu fikirdə idi ki, Şahnaz xanım belə məsləhət bilirsə, deməli, bir bildiyi var. Amma narahatlıq və nigaranlıqdan da ürəyimiz tamam üzülmüşdü. Bu təşviş və intizarla atamdan xəbər gözləyə-gözləyə günü başa vurduq. Açılan səhərin fəlakətimizin başlanğıcı, bədbəxt günlərimizin elçisi olacağından bixəbər halda yatmağa hazırlaşırdıq.
Arazı yedirib rahatladıqdan sonra Məqbulədən su istədim.
Aradan bir qədər keçmişdi ki, qapı açıldı. Məqbuləni gözlədiyim halda qapıda anamı görüb, duruxdum. O, tamam sakit tövrlə soruşdu:
– Su istəmişdin?
– Aha, – ehtiyatla dillənib bu arada onun əhval-ruhiyyəsini izlədim.
Anam içəri gəldi. Bardağı tumbanın üstünə qoyub sakit tonda:
– Buyur, – dedi. Keçib taxtın kənarında əyləşdi. Üz-gözünün şişkinliyindən hiss etdim ki, ağlayıb. O, çevrilib yatağın üstündə əl-ayağıyla oynayan Araza baxdı. Üzü buludlandı. Uşağı götürüb qucağına aldı. Sinəsinə sıxıb, dərindən ah çəkdi. Gözləmədiyim üçün təəccüblənsəm də, həmişə həsrətində olduğumuz bu qayğıkeş rəftarı ürəyimi riqqətə gətirdi. Deməli, kürəkənini hər nə qədər görməyə gözü olmasa da, nəvənin yeri və dəyəri bir başqa idi. Və anam bunu istəsə də dana bilmirdi.
– Niyə yatmayıbsan, sən hələ balaca? – Mülayim və eyni zamanda qəmgin səslə Arazı dindirməyə başladı.
– Belə bir fikri də yoxdur, hələ ki, hoqqabazlıq edir, – deyə gülümsündüm.
Anamın dodaqlarında yaranan xəfif təbəssüm uzun sürmədi, dərhal da silinib getdi.
Dözməyib yanına getdim. Dizlərinin dibində əyləşib altdan yuxarı ona baxa-baxa:
– Ana, sən yaxşısan? Bu qüssənin səbəbi nədir? Nədənsə mənə elə gəlir ki, yolunda getməyən nələrsə var, amma sən açıb-ağarda bilmirsən. Atamın başına nə gəlib?
Suallarım, şübhə və ehtimallarım anamın üzündəki əzabı daha da dərinləşdirdi. Gözlərimi ondan çəkmədiyimi və həyəcanla cavab gözlədiyimi görüb, özünü topladı:
– Bir az gərginəm, başqa heç nə. Siz mənə fikir verməyin, – dedi, əmin etmək istədi. – Atan gələcək!
Cavabına inanmaq istəyən baxışlarla onu süzüb, köks ötürdüm. Bu vaxt anam bir daha öz davranışı ilə məni təəccübləndirdi. Saçlarımı sığallayıb:
– Bəlkə bunu sizə hiss etdirə bilmirəm, amma mən sizin ananızam, sizi bu həyatda hər kəsdən, hər şeydən çox sevirəm, – deyib məni bağrına basdı.
Arazı yenidən yatağın üstünə qoyub:
– Yatızdır, qızım, uşağı, daha gecdir. Özümü pis hiss eləyirəm, dərman içim, – dedi, qapıya üz tutdu. – Gecən xeyrə qalsın.
– Gecən xeyrə qalsın, ana, – sakitcə dilləndim.
Həmin gecə yatmağa heç meyli olmayan Arazımla xeyli vaxt keçirdim. Bu da sanki Allahdan idi. Uşaq nə özü yatmaq istəyirdi, nə də məni yatmağa qoyurdu. Kaş elə belə də olaydı… Kaş səhəri dirigözlü açaydım, yuxusuz qalaydım, amma belə yanıb-yaxılmayaydım.
Nəhayət, körpəm yorulub qollarımın arasında yuxuya getdi. Yanımdan ayırmadan ətrini-qoxusunu burnuma çəkə-çəkə tezliklə özüm də yuxuya daldım.
Səhəri gün yuxudan gözlərimi güclə açdım. Key kimi bir xeyli otağı süzdüm. Araz yanımda yox idi. Qeyri-ixtiyari divardakı saata baxdım, gözlərim kəlləmə çıxdı. Günortaya az qalırdı.
– İlahi! – deyə dərhal yataqdan qalxıb, əynimi geyinərək birbaşa vanna otağına keçdim. Əl-üzümə su vurub mətbəxin önündən keçəndə Kübra ilə Məqbuləni burada görüb, ayaq saxladım. Onlar nahar üçün hazırlıq görürdülər. İşlərini görə-görə eyni zamanda nə barədəsə şirin-şirin söhbət edir, pıqqıldayıb gülürdülər.
Məqbulə məni görən kimi dərhal özünü yığışdırdı. Kübranı xəbərdar etmək üçün ucadan:
– Xanım, oyanmısınız? – deyə qayğıkeş bir əda ilə üzünə xoş təbəssüm verdi. Sonra da adəti üzrə məlumat verdi. – İndi masa da hazır olacaq. Şahnaz xanım dünən gecə uşağa görə gec yatdığınızı bildirdi, buna görə oyatmadıq.
Məni görməsi ilə əlindəki işi yarımçıq qoyub yerində mil kimi dayanmış Kübranı gözucu süzərək tamam ciddi halda:
– Eybi yoxdur, – dedim. Dərhal da xəbər aldım. – Ata gəlib?
– Xeyr, xanım. Hələ bir xəbər yoxdur. – Məqbulənin gülən üzü bir anda məyus ifadə aldı. – Şahnaz xanım əminizə zəng vurmalı idi.
Bu cavabla qanım qaralsa da:
– Araz Fatimədədir? – eyni tonda ikinci sualı verdim.
Məqbulə duruxan kimi oldu. Bununla belə tez cavab verdi:
– Yox, xanım, Fatiməylə Türkan xanım hər ikisi səhərdən həyətdədirlər. Evə qalxmayıblar.
Ürəyimə qəribə bir sıxıntı çökdü:
– Anam haradadır bəs?
– Şahnaz xanım otağındadır. Özünü yaxşı hiss eləmədiyini dedi, dərman içib bir az əvvəl. Mən Araz balanı sizin yanınızda bilirdim.
Məqbuləni sonadək dinləməyə taqətim qalmadı. Otağa doğru hansı sürətlə qaçdığımı özüm də hiss etmədim. İçəri keçəndə elə bildim məni qara basır. Bu şübhəni, bu qorxunc həqiqəti qəbul etmək bir yana, yaxına buraxmaq belə istəmədim. Vahimə içində otağa göz gəzdirməyə başladım. Hətta o ankı hisslə əyilib taxtın altına belə baxdım. Yeriməyi hələ bacarmayan, cəmi yeddi aylıq körpə özü durub otaqdan çıxa bilməzdi. Ona görə mənə elə gəlmişdi ki, mən yuxuda ikən o, qolumun üstündən düşüb. Əfsus ki, belə olmamışdı… Əfsus ki…
Taxtın altında balamı deyil, əlindən saldığı oyuncağını tapdım. Bütün bədənim lərzəyə gələrək necə titrədisə dəhşətli bir gizilti keçdi varlığımdan. Dəliyə döndüm. Hönkürtü ilə özümü dəhlizə atıb nə edəcəyimi bilmədən bir-bir otaqları gəzməyə başladım. Anamın otağından başladım. O, başını mələfəyə bürüyüb yatmışdı, otaqda tək idi.
Hövüllənmiş halda ora-bura qaça-qaça Arazı axtarırdım. Araz isə yox idi. Bunu dərk edəndə və əlimdən heç nə gəlməyəcəyini anlayanda başıma küt alətlə vurdular sanki.
Məqbulə narahat halda dalımca gəlmişdi. Mən o an ürpərtili bir səslə necə çığırmışdımsa səsimə həyətdə olan hər kəs içəri yüyürmüşdü. Nə baş verdiyi məlum olanda aləm qarışdı.
Sakitləşmədən çığırıb ağlayır, titrəyirdim. Hamıdan sonda ayaqlarını dalınca sürüyə-sürüyə gələn anamın mənim necə çığırdığımı, nalə qopardığımı görəndə rəngi ağappaq ağarmış, donub qalmışdı. Gözləri yaşdan şüşələnmiş halda bir kəlmə bunu deyə bildi:
– Oqtaya xəbər verin, gəlsin!
Kimsə mənə bardaqda su uzatdı. Əlimin bir toxunuşu ilə bardağı vurub geri itələdim. Acıqla bağırdım:
– Mənə su lazım deyil! Arazı istəyirəm! Arazı tapın! Arazı istəyirəəmm!..
…Əmim gəlib çıxanda nə baş verdiyini öyrəndiyi an yerində quruyub qaldı. Rəngi boğuldu. Bütün hirsini anama və Nəriman dayıya tökdü. Onun təlatümlü səsi, hiddəti, qəzəbi qulaqları batırırdı:
– Gəlinbacı, sən necə belə məsuliyyətsizlik edə bilərsən axı? Niyə mənə zəng vurub xəbər etmirsən ki, Nadir dünəndən yoxdur. Bu gün də bu hadisə baş verir! Mən bundan indi xəbər tuturam! Nə iş tutduğunuzu dərk edirsiniz? Bu körpənin yiyəsi, sahibi var, nə cavab verəcəyiniz barədə bir fikirləşmisiniz? Ümumiyyətlə cavab verə biləcəksizmi? Nə deməkdir bütün bunlar, Şahnaz bacı? Məni böyük saymırsınız?
Nəriman dayı, xidmətçilər əmimin qarşısında büzüşüb dayanmışdılar. Kimsənin səsi çıxmırdı. Anam göz yaşlarına boğulmuş halda titrəyə-titrəyə izah etdi:
– İstəmədim boş yerə narahat edim səni. Fikirləşdim ki, işləri ilə əlaqədər yubandı, qayıdar bu gün. Hardan biləydim ki, başımıza bu müsibət gələcək? – Hönkürtü ilə ağlamağa başladı.
Əmi üzünü Nəriman dayıya tutub:
– Sən hara baxırdın, a kişi! Sənə ailə-uşaq əmanət edib gediblər, belə muğayət olmalı idin?
Nəriman dayı çaşbaş halda:
– Mən dünən gecə səhərədək oyaq olmuşam, həyətdə, bağda gəzib ətrafı yoxlamışam, amma bir hənirti belə hiss etməmişəm. Özüm də məəttələm, – dedi.
– Kəs görüm! – Əmi hiddətlə səsini qaldırdı. – Bu qədər adamın içində, gözünüzün önündə uşaq yoxa çıxır, ruhunuz duymur. Necə oyaq olduğunuz göz qabağındadır. Hamınız cavabdehsiniz, bilmiş olun! – Qeyzlə barmağını silkələdi.
Nəriman dayı məyus nəzərlərlə başını aşağı saldı.
Mən isə özümü əmimin ayaqları altına atıb:
– Əmi, Arazı tap! Yalvarıram! Əgər yaşamağımı istəyirsənsə, Arazı tap! – deyə fəryadlı bir səslə onun əllərindən yapışıb kömək istəyirdim.
Əmim vəziyyətimi, halımı gördükcə haldan-hala düşüb, tər tökürdü. Dodağını gəmirir, ildırım sürəti ilə beynində çıxış yolu axtarırdı.
Son bir saat ərzində o qədər çığırmışdım ki, səsim batmışdı. Buna baxmayaraq susmur, heç cür sakitləşə bilmirdim. Ürəyim bu an çəkdiyim acıdan parça-parça idi, nəfəsim kəsilirdi. Sonda davam gətirə bilməyib özümdən getdim.
(Ardı var)