Firuzə Davudqızı
Bilgəh
…Heç istəmədiyim halda bağa gələsi olmuşdum.
Fərrux dayıdan başqa hamı burada idi. Günümüz pis keçmirdi.
Atamın kefinə isə söz ola bilməzdi. Qızları və nəvəsi yanında idi, həyat gözündə cənnətə dönmüşdü. Onu heç bu qədər gülərüz və sevincli görməmişdim. Günün çox hissəsi nəvəsi ilə bir yerdə keçirdi. Arazı qucağından yerə qoymurdu.
Gəlmişdim gəlməyinə, amma ürəyim üzülüb Azərin yanında qalmışdı. Səhhəti sarıdan nigaran idim. Bu günlərdə o, Livanda idi və nə vaxt qayıdacağını da bilmirdim.
Bura gəlməzdən üç gün əvvəl Dilarə bizə gəlmişdi. Mən həkimin qoyduğu diaqnozun adını kağıza köçürüb xəlvətcə Dilarəyə verərək demişdim:
– Bu xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları barədə ətraflı öyrən mənə deginən, yaxşı?
– Nəyivə lazım? – Dilarə təəccüblənmişdi.
– Öyrən deyirəm də, lazımdır. – Özüm də hiss etmədən ona çəmkirmişdim.
Dilarə gərgin olduğumu anlayıb, çox dərinə getməmişdi.
– Oldu, tanış bir həkim var, ondan soruşaram, – deyib, kağızı cibinə qoymuşdu.
– Bu barədə yalnız ikimiz bilirik. Başa düşdün?
– Bildim də, aa…
İndi qulağım səsdə Dilarədən xəbər gözləyirdim.
Mən bura gələndən iki gün sonra Türkan da bağa gəldi. Onu bura əri gətirmişdi. Çoxdandır görmədiyim bacım üçün nə qədər qəribsədiyimi onu görəndə bir daha anladım. Hətta təbiət etibarı ilə tamam fərqli insanlar olsaq da.
Ailə həyatı Türkanı çox dəyişmişdi. Həmin ərköyün, ədalı, özünü şahzadə kimi aparan Türkan deyildi. Həyatdan küskün, özünə qapanmış bir aurası vardı. Baxışlarından qəm-qüssə yağırdı, üzü gülmürdü. Amma hər şeyə rəğmən daha da gözəlləşmişdi. İki göz istəyirdi tamaşasına dura.
Atamgilin yanında bir-biri ilə dinib-danışsalar da əri ilə aralarındakı soyuqluq və bitib-tükənməyən gərginlik aşkar hiss olunurdu.
Anam kürəkəninin başına az qala pərvanə kimi dolanırdı. Hərəyə bir göstəriş verib əldən-ayaqdan gedirdi ki, Şahin razı qalsın. Lakin oğlanın qaşlarının düyünü açılmırdı. Üzündə daim narazı ifadə, buz kimi soyuq baxışları vardı. Çox az danışırdı. Verilən suallara qısa və konkret cavablar verirdi. Bir gözü qolundakı saatda idi ki, bəhanə tapıb çıxıb getsin. Bunun günahını isə anam Türkanda görürdü.
Şahin gedəndən sonra biz bacılar bir yerə yığıldıq. Türkan Arazı bir xeyli oynadıb əzizlədikdən sonra mənə verdi. Və bu məqamı çoxdan gözləyirmiş kimi Fatiməyə:
– Ondan nə xəbər var? – deyə sual verdi.
Fatimə ilə baxışlarımız toqquşdu. İkimiz də tutulub qaldıq. Türkan Salehi soruşurdu. Özümü birtəhər hiss elədim. Amma bunu onlara sezdirməmək üçün Arazla məşğulammış kimi görünməyə çalışdım. Fatimə soyuq səslə:
– Hələ də o? Bu axmaq fikirlərdən hələ yaxa qurtara bilməmisən? – dedi.
Türkan gərildi.
– Sən məni heç vaxt anlaya bilməzsən, ona görə də mənim hiss etdiklərim sənə axmaqlıq kimi görünür. Birinə könül ver, onun üçün nəfəsin kəsilsin, onda anlayarsan məni.
– Mən həyatımdan məmnunam. Problem istəmirəm. Sizi ki belə görürəm, ümumiyyətlə ərə getmək fikrimdən daşınmışam. – Fatimə Türkanın necə gərildiyini görüb vəziyyəti yumşaltmaq üçün sözü zarafata çevirdi. Arazı məndən alıb sinəsinə sıxdı. – Mənim sevgilim var da bacıcan, qeyrisi lazımdır bəgəm? – dedi, uşağı dönə-dönə öpdü. – Bu yaraşıqlı oğlandan var bəgəm?
Bütün fikrim Türkanda idi. Çəkdiyi iztirab üzünün ifadəsinə vurmuşdu. Dözməyib israrla yenə soruşdu:
– Bakıdadır?
Fatimə gözucu yenə məni süzdü. Və səbri tükənmiş halda cavab verdi:
– Sağalıb, ayağı yer tutan kimi çıxıb gedib Bakıdan. Harada olduğunu bilmirəm, məlumatım yoxdur. Deyilənə görə bir qadına ilişib, onunla gün keçirir. Bibigil də bilir bunu, uzaqlaşsın deyə evləndirmək fikrindədirlər. Mən də Çinarədən eşitdiklərimi deyirəm. Bilmirəm nə dərəcədə doğrudur, ya yalan. Gözünü, könlünü yığ daha ondan, ailənə bağlan.
Türkan gözlərinin dolduğunu gizlətmək üçün qalxıb çarhovuza tərəf getdi.
…Ürəkbulanma və qusma halları məndə gün keçdikcə daha da şiddətlənirdi. Daha hamilə olduğuma heç bir şübhəm qalmamışdı. Burda artıq vəziyyətimdən şübhələnməyə başlamışdılar. Səhərlər və xüsusən də yemək zamanı masadan qalxıb vanna otağına yüyürməyim bütün diqqətləri üzərimə çəkmişdi. Anamın məzəmmətli baxışları və arxamca:
– Ağılsız! – deyə gileylənməsi demək olar ki, hər gün duyduğum söz idi. Mənlə bu barədə açıq söhbət etməsə də üzünün ifadəsi və əsəbi tövrləri bundan hiddətləndiyinə işarə idi.
Türkan gələn kimi məsələni anlamışdı. Halımı, vəziyyətimi görürdü. Onun Fatiməyə məni göstərib göz vuraraq:
– Torbada pişik var deyəsən, – deyə şeytan-şeytan gülümsünməsi nəzərimdən yayınmadı.
Özümü eşitməzliyə vursam da Türkan söz atmağa davam etdi:
– Əcəb mamaşa-papaşa olublar a…
– Yavaş ol da, – Fatimə xəbərdarlıq etdi. – Bilirsən də bacıvın xasiyyətini, bu tərz söhbətləri sevmir.
– Sevməsə də, sözün düzünü deyirəm, eşitsin. Azər kimi mərd sevgisi olan kişi mənim də əlimi tutsaydı, mən o kişi üçün ikisini yox e, lap on beşini dünyaya gətirərdim.
– Əlindən tutan yoxdur ki? Nəyi gözləyirsən?
– Mən “Azər kimi kişi” dedim. Kimi kiminlə müqayisə edirsən sən? – Türkan məzəmmətlə Fatiməni süzərək, ağzını büzdü.
…Şam yeməyindən sonra idi. Mən Arazı yatırıb Məqbuləyə tapşırandan sonra yenidən bacılarımın yanına qayıdanda Türkan anamla bərk mübahisə edirdi. Söhbətin məndən getdiyini yerimə əyləşən kimi anladım. Türkan inadla anama qarşı çıxıb az qala üsyan edirdi:
– İçərimizdə bir ağıllı varsa o da Aydandır. Ağılsız nöşün? Ailə qurub da qız. O bilər, əri bilər, aa…
Hiss etdim ki, mövzu mənim hamiləliyimdir və anam bu məsələyə qarşıdır.
Anam ümumiyyətlə körpələri sevmirdi. Və bir qadının ailə qurandan sonra öz gözəlliyi ilə ərinin zövqünü oxşamaqdansa ana olmağa tələsməsini, ard-arda uşaq dünyaya gətirməsini o, düzgün hesab etmirdi. Onun fikrincə, qadın yalnız özünə və ərinə diqqət göstərməli, ərinin gözündə daim gözəl, cazibədar və təravətli qalmalı, problemlərin içində özünü unudub, vaxtsız-vədəsiz qocalmamalı, bu həyatda uşaqdan daha vacib məqsədlərə çatmalı idi.
Bəzən onun bu düşüncəsi məndə sual doğururdu: “Necə olub ki, bizi dünyaya gətirməyə razı olub?”
Yəqin ki, bu atamın istəyi olub. Əks halda Şahnaz xanım öz gözəlliyinə xələl gətirə biləcək bir səhvə yol verməzdi.
Arazla yad adam kimi, soyuq davranırdı. Bəzən atamın təkidi ilə uşağı qucağına götürməyə məcbur qalanda iki dəqiqədən artıq saxlamağa səbri, hövsələsi olmurdu. Dərhal Fatiməni köməyə çağırırdı. Özünü nənə adlandırmağa tələsməyən Şahnaz xanım Arazın onu vaxtından erkən bu adı daşımağa məcbur etdiyi gerçəyini hələ də qəbul edə bilmirdi.
Buna görə ondan incimirdim. Təəccüb də etmirdim. Çünki xarakterinə bələd idim.
Türkan eyni şəkildə sözlərinə davam edirdi:
– Ağlı o zaman olmazdı ki, tələbinizə boyun əyib indi sevmədiyi bir adamın yanında göz yaşı tökəydi. Mənim kimi!
Həmsöhbət olmamaq üçün istədim qalxam, amma artıq gec idi. Canımı dişimə tutub Şahnaz xanımı dinləməyi məsləhət bildim.
Türkanın sözləri anamı özündən çıxardı. Mənim məclisdə olduğumu fürsət bilib ürəyindən keçənləri dilinə gətirərək mənə eşitdirirdi:
– Ağlı olsa idi, o cah-calaldan vaz keçərdi bəgəm? İndi kim bilir hansı ölkədə milyonlar içində üzürdü. Düşdü o jurnalistin dalınca, varsa da odur, yoxsa da dedi. Düşmən etdi bizi bütün nəsillə. Zivər hələ də üzümə baxmır. Heç bilmirəm sonu hara varacaq bu işlərin.
Köks ötürüb, səsimi çıxarmadım. İlahi, anamın Azərə olan kin-küdurəti, nifrəti hələ də keçib getmək bilmirdi. Axı nə vaxta qədər?
Fatimə anamdan xəlvət mənə “fikir vermə” işarəsi verdi.
Türkan anamın sanki dərdini təzələmiş, yarasının qaysağını qoparmışdı. Şahnaz xanım od püskürürdü:
– Heç cür anlamıram axı o mükəmməl oğlan nə edib bu qız üçün? Həmin oğlana görə bu qız böyüklərini, nəsil-nəcabətini əzib keçdi. Nə edib də?! Barmağınızın birini qatlayın, mən də xəbər tutum. – Anam istehza ilə bizi süzdü. Öz sualına özü də cavab verdi. – Aha, onun məharəti yalnız bundan ibarətdir, birini qucağına verib, birini də hazırlaşır ki… – Üz-gözünü turşutdu. – Özü də kim bilir haralarda.
– Bu azdır ki? – Türkan eyhamla dilləndi. – Deməli, əsl kişidir. Bunu bacarmayanlar var.
Heyrət içində Türkana gözümü ağartdım.
– Ədəbsizlik eləmə, anan var qarşında! – Anam səsini bozartdı. – Həddini aşırsan!
Türkan geri çəkilmədən ürəyini boşaltmağa davam etdi:
– Mən həddimi aşmış olsa idim, çoxdan xoşbəxt idim. Bilirsən nə var, ana, mənə o kişi lazım deyil ki, var-dövləti başından aşsın, məni qızıla, brilyanta bürüsün, amma qeyrəti, təpəri olmasın. Təəssübümü çəkməsin, mənə sadiq olmasın, sevən ürəyi olmasın. Lazım deyil beləsi.
Anam təəssüf dolu baxışlarla Türkanı süzüb dedi:
– Hamınız atanıza çəkdiniz, heyif zəhmətimdən.
– Əlinin altında qulluqçuların işləyəndə çəkdiyin zəhmətdən danışırsan, yoxsa bərbərdə, dərzidə, dəbdəbəli, bahalı mağazalarda gəzəndə, rəfiqələrinlə qəhvə içib, kart oynayanda çəkdiyin zəhməti qeyd edirsən, Şahnaz xanım? Xəstələnəndə qayğımıza qalan, gecələr üstümüzü örtən sən olmalı ikən bunu atamızdan, dayəmizdən görmüşük, səndən deyil. Bir xoş təbəssümü belə əsirgəmisən bizdən.
– Afərin! Belə qızları olan ana mütləq xoşbəxtdir!
– Məqbulə… Zəhmət olmasa qəhvə dəmlə bizimçün. Söhbətimiz uzun çəkənə bənzəyir.
– Türkan. – Fatimə iradla ona baxdı.
Türkan daha heç nə demədi, gözlərini süzdürüb, fısıldadı.
…Ertəsi gün Türkan sahildə gəzməyi təklif edəndə anam bu addımı həmişəki kimi xoş qarşılamadı. Amma Türkan onu dinləmədi. İradla:
– Elə isə burada nə gəzirik, oturmuşduq da evimizdə! – deyə qoluma girib məni özü ilə dartdı. – Gəl getdik, ay qız.
Mən Arazı qoyub getmək istəmədim. Türkan narazılıqla üz-gözünü turşutdu.
– Bu qədər adam var, muğayət olarlar, narahat olma.
Sahilə endik.
Bu gün hava çox gözəl idi. Hələ dənizin bu sakitliyi, suların üzərində daş-qaş tək işıldayan, ulduzlar tək bərq vuran gün şüalarının füsunkar gözəlliyi, ətrafda uçuşan qağayıların eşidilməkdə olan səs-küyü insanın ruhuna rahatlıq bəxş edirdi.
Bir xeyli aralanmışdıq ki, Türkan arxamızca gələn bağın gözətçisi Nəriman dayını görüb, bunun anamın təşəbbüsü olduğunu anladı. Hirsli-hirsli fısıldadı.
– Ömrümüz nəzarət altında keçdi də. İxtiyarımız öz əlimizdə olmadı. Bir dəfə ürəyimiz istəyən kimi sərbəst çıxıb gəzə bilmədik. Bu nə həyatdır yaşayırıq biz? Daim narahatdırlar, ehtiyat edirlər. – Valideynlərimizi nəzərdə tutdu.
Mən onu dinləsəm də fikrim Arazın yanında qalmışdı. Türkan bunu hiss edibmiş kimi:
– Danış da… fikrin haradadır? – deyə mənə irad tutdu. Sonra sinə dolusu dərin bir nəfəs alıb dedi. – Bir bilsən sakitliyə necə ehtiyacım var. – Birdən məni yerimdə saxlayıb zəndlə üzümə baxdı. – Dayan, bir baxım sənə. – Heç gözləmədiyim şəkildə əlini qarnımın üstünə qoydu. Gülümsündü. – Heç düşünmədən dünyaya gətir, eşidirsən? Xoşbəxtliyinin qədrini bil. Sevdiyin insanın əlindən bərk-bərk tut, buraxma! Nə olur olsun, buraxma! Anama demiş olsan, vaxt var ikən rədd elə, körpəni böyüt deyəcək, min cür bəhanə, səbəb gətirəcək, amma sən ona qulaq asma. Ümumiyyətlə heç kəsə qulaq asma. Səni dəli bir eşqlə sevən kişiyə qulaq as. Ondan savayı heç kəsə.
Üzünə baxa-baxa susdum. Türkan məndən ayrılıb qumun üzərində üzü dənizə tərəf oturdu. Dizlərini qucaqlayıb gözünü ucsuz-bucaqsız dənizdən ayırmadan nisgilli bir səslə:
– Hisslərinin qarşılıqlı olması çox gözəl bir duyğu olmalıdır. Tamam əksini isə məndən gözəl kimsə bilməz. Təsəvvür elə də, ürəyin bir başqası üçün döyünür, amma tamam ayrı birinin yatağında işgəncə çəkirsən. Və hər gecə Allaha yalvarırsan ki, mənə toxunmasın. Hər gecə, başa düşürsən, hər gecə. Heç bilirsən bu necə dəhşətdir? Necə əzabdır? Yox, əsla bilməzssən. Mən isə bilirəm! Çünki hər gecə eyni kabusu yaşayıram. Əslində onun da məni görməyə gözü yoxdur, sadəcə bəzən ehtirasını saxlaya bilmir. Hərçənd o da mənim kimi arzuları könlündə qalan bədbəxtin biridir. – Sözünün davamını gətirə bilməyib kövrələn Türkan mənə sarılıb hönkür-hönkür ağlamağa başladı.
Donub qaldım. Ürəyim parçalandı halına. Çox əzab çəkirdi, amma məlhəmini tapa bilmirdi. Onu özümə bərk-bərk sıxaraq sakitləşdirməyə çalışdım. Üzündən öpüb, göz yaşlarını silərək az qala yalvardım:
– Bacı, sakit ol, qurban sənə, niyə bu qədər üzürsən özüvü? Ağlama. Can, qurban olum, ağlama. Biz bacıyıq, demək istədiyin sözün varsa, səni dinləməyə hazıram. Danışdıqlarımız ölənədək aramızda qalacaq, əmin ol. Amma özünü belə üzüb, əzab vermə.
– Yaşamaq istəmirəm! Bu həyata nifrət edirəm! – deyə Türkan daxili bir fəryadla üsyan etdi.
– Bu nə sözlərdir? – Təəccüblə onu süzdüm. – Bir də belə sözləri dilinə gətirmə! Bax, görərsən, inşallah, bir balacanız olsun, aranızdakı buzlar əriyəcək, bir-birinizə isinib bağlanacaqsız. Körpələr Allahın insana bəxş etdiyi ən gözəl nemətdir!
– Hə, əlbəttə, səninçün hava xoş ola bilər. Çünki yanında sənə dəyər verən, səni dəli kimi sevən bir kişi var. – Türkan taleyinə olan qəzəbi ilə hirsini mənə töküb acıqlı-acıqlı bu sözləri dedi, amma ağlına belə gətirmədi ki, cəmi üç gün sonra məni necə bir fəlakət gözləyir, həyatım xəyal belə edə bilməyəcəyim şəkildə necə alt-üst olacaq, hər kəsin həsəd apardığı bu xoşbəxtliyimiz necə viran qalacaq. Ağlına gətirmədi. Əgər qismətimizə yazılanları bilsə idi, bəlkə də bu sözü deməzdi. Qıymazdı.
Sözləri qəlbimə ağır bir daş kimi oturdu. Lakin yenə də haradasa onu anlamağa çalışdım. O isə sükutumu görüb, fikrinə aydınlıq gətirdi. Göz yaşları yanaqlarına süzülə-süzülə kimsəyə deyə bilmədikləri sirrini mənə açdı:
– Valideynlərinin təkidi ilə evlənib mənimlə. Son günədək görüşürmüş o qızla. Hətta toyumuz günü vidalaşmağa gəlib qız, sonra da ölkəni tərk edib. İzini itirib. Rus qızıdır. Şəkillərini gördüm, Şahin saxlayıb hamısını. Şahinə yazdığı məktublarını oxudum. Bilirsən niyə? Şahini anlamaq üçün. Şahini daha yaxından tanımaq üçün. Düzgün deyil, bilirəm, amma dayana bilmədim. Bir alboma sığmayacaq qədər şəkilləri var o qızla. Məktublarının isə sayını unutdum. Dəli kimi seviblər bir-birilərini. Hələ də sevir Şahin onu. Xəbər tutmuşam ki, getdiyi hər yerdə onu axtarıb soraqlayır. Görürsən də bacın necə xoşbəxtdir! – Acı istehza ilə gülümsündü.
Onu diqqətlə dinləyib, gəldiyim qənaətlə fikirlərimi açıq söylədim:
– Mənə elə gəlir ki, sənin soyuqluğun onu həmin qıza can atmağa vadar edir. Çünki səndən isti münasibət görmür. Sən Şahin qardaşa doğru bir addım atsan, mən əminəm ki, o, sənə tərəf iki addım gələcək. Keçmişlə yaşayıb bu gününü və sabahını zəhər eləmə. Soyuqluğun, biganəliyinlə onu itirməkdənsə, özünə aşiq et. Yanında olanın, sənin əlini tutmaq istəyənin dəyərini bil, baş tutmayacaq xəyallarla özünə də, ona da zülm eləmə. Qadını ol, uşağının anası ol!
Türkan gözlərini gözlərimdən çəkmədən qüssəli bir səslə:
– Mən heç vaxt ana ola bilməyəcəm! – dedi. Təkrar kövrəldi. – Ona əlimi uzatsam belə bu mümkün deyil!
Gözləmədiyim bu cavabdan məyus oldum:
– Neyçün belə düşünürsən?
– Düşünmürəm, əminəm!
– Nəyə əsasən? Nədir axı səni belə əmin edən?
Türkan dərin bir nəfəs alıb, gözlərinin yaşını silərək sualıma cavab verdi:
– Şahin xəstədir. – Səsi titrədi, çöhrəsi buludlandı.
– Necə? – Çaşbaş halda onu süzdüm.
– Xəstəlik kağızları keçmişdi bir gün evdə əlimə. Bilmirəm, bəlkə o özü buna şərait yaradıb ki, xəbər tutum, yaxasını qurtarsın məndən. Valideynləri də bilir oğlanlarının dərdini. Gizlin saxlayırlar. Müxtəlif bəhanələrlə camaatın ağzını yumurlar. Gəzdirmədikləri diyar, üz tutmadıqları həkim qalmayıb, bütün həkimlər eyni sözü deyib. Bu insanın heç vaxt ata olmaq şansı yoxdur. Bir faiz belə. Bir qutu dolusu analiz və həkim rəyləri idi. Bir-bir oxudum hamısını. Bu da mənim xoşbəxtliyimin daha bir möhürü ki, taleyimə vurulub. Siz də məndən uşaq xəbəri gözləyirsiniz.
Türkanın bu sözləri yadıma gözümdən qaçmayan bir nüansı saldı. Şahin Türkanı gətirdiyi gün arabada öz-özünə oynayıb mızıldanan Arazı süzərək xəfifcə gülümsünmüş və hətta uşağın yanağını yüngülcə sıxmışdı da. Amma bu təbəssüm həddindən çox qısa sürmüşdü. Bunu xatırlayanda oğlana ürəyim ağrıdı. Yəqin ki, o öz dərdini bildiyi üçün bu qədər qatı və tünd xasiyyətli olub. Çünki həyatda bəxti gətirməyən insanlar talelərinə olan qəzəblərindən qəddarlaşa bilirlər. Araz öz məsum çöhrəsi, şirin hərəkətləri ilə onu güldürməyi bacarmışdısa, deməli, heç də bədxah insan sayılmazdı. Kim bilir, onun da necə arzuları olub, özü və sevdiyi qadın barədə nə xəyallar qurub.
Türkana görə isə çox üzüldüm. Hətta əlimdən heç nə gəlməyəcəyini bildiyimə görə daha çox üzüldüm. İndi başa düşdüm ki, sahil gəzintisi bir bəhanə imiş. O, dolub qabarmış ürəyini boşaldıb sakitləşmək, qəlbinə çökən əzab və işgəncədən qurtulmaq, rahat danışa bilmək və yüngülləşmək üçün bura pənah gətirmişdi. O, bir qədər toxtayıb sakitləşdikdən sonra evə qayıtdıq.
(Ardı var)