Firuzə Davudqızı
Sonsuz həyəcan içində qayınatamın evə qalxmasını gözləyirdim. Nəhayət, o, pilləkəndə göründü. Dərhal mətbəxin pəncərəsindən çəkilib dəhlizə yüyürdüm. Kişi fikri darmadağın, əhvalı alt-üst olmuş bir halda qapını açıb içəri girəndə mənimlə qarşılaşıb duruxan kimi oldu.
Gözlərim dolmuş halda, utanıb-sıxılmağı bir kənara qoyaraq məni üzən bu qorxunc narahatlıqdan qurtulmaq üçün:
– Ata! – deyib, az qala inlədim. – O, sağalacaq?
Sualım kişini sanki göydən yerə vurdu. Tutqun çöhrəsi bir az da tutuldu. Əlini qaldırıb başıma sığal çəkdi:
– Sağalacaq, qızım. – Udqunub təkrar dilləndi. – Sən özüvü üzməginən, yaxçı olar inşallah. Elə ciddi bir problem yoxdur.
Gözümün yaşını silib, başımı aşağı saldım. Daha heç bir söz demədim. Sözlərinin doğruluğuna bu an necə inanmaq istədim, bir Allah bilir.
Qayınatam yeri-göyü titrədən bir ahla köks ötürdü:
– Darıxdırma özüvü, – deyib, ağır addımlarla yanımdan ayrıldı. Dalınca baxa-baxa qaldım.
Saatlar bir-birini əvəz edirdi. Evdə Azərlə Arazdan başqa hər kəs oyaq idi.
Qayınatam Vüsətlə salonda əyləşmiş, əlinin altındakı külqabını oynada-oynada dərin hüznə qərq olmuşdu. Dağ kimi vüqarlı, məğrur görünən kişi balasını bu halda görüb sanki bütün əzəmətini itirmişdi. Cılızlaşıb kiçilmişdi.
Həmin gecə Dilbər xanım Arazı öz yanına apardı. Yedirəndən-yedirənə yanıma gətirib bu minvalla oğlunun halını, vəziyyətini xəbər alırdı.
Bütün gecəni Azərin yanına uzanıb, alıb-verdiyi nəfəsi sayaraq saçlarını sığallamış, yatmağa ehtiyat etmişdim. Gözüm qorxmuşdu. Mənə elə gəlirdi ki, gözümü yumsam Azər yenə o vəziyyətə düşəcək.
Səhərə az qalmış bütün gücüm tükənmiş, yuxu mənə qalib gəlmişdi. Səhər Arazın ağlamaq səsinə gözlərimi açdım.
Azər yerində yox idi. Yerimdən necə qalxdığımı və otaqdan necə çıxdığımı bilmədim.
Salonda Rəna ilə üz-üzə gəldik. Araz qucağında idi, sakitləşdirməyə çalışırdı. Mən həyəcanla Azəri xəbər alanda o, tamam sakit əhval-ruhiyyədə:
– Narahat olmayın, xanım, bir az olar oyanıb, həyətdədir, – dedi.
– Necə idi, özünü necə hiss edirdi?
Rəna narahatlığımı anlayaraq yenə də eyni rahatlıq və mülayimliklə:
– Narahat olmayın, çox şükür, xeyli yaxşıdır, – dedi.
Rahat nəfəs aldığımı indi hiss elədim. Arazı Rənadan almaq istəyirdim ki, yenidən əlimi geri çəkməli oldum. Əlimlə ağzımı qapayıb vanna otağına yüyürdüm.
Dəqiqələr sonra öyüyüb qusmaqdan əldən düşmüş, taqətsiz bir halda vanna otağından çıxarkən Dilbər xanım məni qapıda qarşıladı. Onu görüb duruxdum. Bəlkə anladı deyə bir az da sıxıldım. O isə solmuş bənizimə, ağarmış rəngimə baxaraq:
– Qızım, nə olub? Yaxşısan sən? – Şübhə içində soruşdu.
Başımı tərpətdim. Dilbər xanım əlini alnıma, yanağıma toxundurub qaşlarını çatdı:
– Buza dönmüsən, xəstə deyilsən ki?
– Narahat olma, ana, yaxşıyam.
– Ay qızım, ürəyim onsuz da səksəkə içindədir, bu saat ayaq üstə necə gəzdiyimi də bilmirəm, heç olmasa sən özüvə fikir verginən. Heç xoşuma gəlmədi rəngin-ruhun, bu əhvalın.
Mən bir şey olmadığına onu əmin etməyə çalışaraq Arazı Rənadan alıb otağımıza tələsdim.
***
Rəna Aydanın otağa keçib qapını örtdüyünə əmin olandan sonra Dilbər xanımın yanına gəldi. Astadan ona:
– Xanım, sizə bir söz deyim, sözümü qəribçiliyə salmayın, – dedi, ardınca da gəldiyi qənaətlə fikrini tamamladı. – Bu gəlin ikicanlıdır.
Dilbər xanımın üzündəki ifadə o andaca dəyişdi. Lakin inanmaqda tərəddüd etdi. Narazılıqla başını buladı:
– Nə bilirsən, ay qız, sən də. Əmin olmadan.
– Halından bəllidir, xanım. – Rəna əminliklə dedi. – Neçə vaxtdır hər gün bu vəziyyətdədir.
Dilbər düşüncəli göründü. Bu xəbər sarsılan ruhuna sakitlik, dinclik gətirdi. Eynilə fırtınadan sonra səmada parlayan günəş kimi. Lakin şübhəsini boğa bilməyib soruşdu:
– Bu barədə gəlinə bir söz demisən ki?
– Yox, xanım, bu barədə bir kəlmə də. Amma siz istəsəz ağzını arayaram.
– Dayan bir. Görək nə olur. – Dilbər onun sözünü ağzında qoydu. Eşitdiyi xəbərin ona vermiş olduğu xoş duyğulardan bəxtiyarlıqla gülümsündü. – Səni hər zaman sevinəsən, ay qız! Gözlərimə işıq gəldi! – Sinə dolusu asudə nəfəs aldı. – Sənə şükür, Allahım, dünən gecədən nəfəsim kəsilir elə bil. Məni balamla sınağa çəkməginən, ya Rəbb! Onun pis gününü göstərmə! Tablana bilmərəm! – Gözləri sevincdən dolmuş halda təkrar Rənaya baxdı. – Bu xəbər doğru olsun, istə məndən nə istəyirsən, muştuluğun məndədir!
– Sizin varlığınız yetər, xanım! Təki həmişə belə sevincli olasız! Bu bizə yetər. Amma mən zənnimdə heç vaxt yanılmaram. Neçə vaxtdır fikir verirəm, rəngi-ruhu dəyişib, əhvalı həmişəkinə bənzəmir. Haqlı olduğumu görəcəksiz. İnşallah ki, belədir. Qədəmləri yüngül olsun. Bu evi uşaq səsi bürüsün!
– Amin, can, amin! – Dilbər fərəhlə gülümsündü. Və ixtiyarsız olaraq arzusunu dilə gətirdi. – İnşallah, qız olar bu dəfə!
– Allahın qismətidir, xanım, nə verəcəksə məsləhətinə şükür, təki sağlam versün. Amma bunu ki arzu edirsiniz, Allah nəsib edər inşallah!
İkinci körpənin varlığını hiss etmək belə Dilbəri yenidən həyəcanlandırdı. Oğlu gözünün tək nuru olduğu üçün o, həmişə çoxlu nəvə arzusunda olmuşdu. Bu xəbərdən sonra Tanrının onu heç vaxt naümid qoymadığına bir daha agah olub, sidq ürəklə şükür etdi.
***
Azər həyətə enib skamyalardan birində əyləşmişdi. Durğun əhval-ruhiyyədə, oturduğu yerdə qalmışdı. Bitkin və halsız halı, solğun bənizi ilə o, zahirən ətrafındakılara sakitləşmiş təsiri bağışlasa da, daxilən əsla belə deyildi. Hələ də bütün gücü və iradəsini səfərbər edərək dünən gecəki dəhşətli hisslərin cəngindən qurtulmağa cəhd edirdi. Bir nöqtəyə zillənən baxışları bu an heç nə ifadə etmirdi. Həyat ümumilikdə ona boş və mənasız görünürdü.
Atasının yanına gəldiyini, qarşısındakı skamyada əyləşdiyini görsə də baxışlarını qaldırıb ona tərəf baxmadı. Baxa bilmədi.
Bu an özünü hər kəsin qarşısında açıq-aşkar pərt və məğlub olmuş hiss edirdi. Uzun zamandır hər kəsdən gizlətdiyi sirri ortaya çıxmışdı. Və o, vəziyyətdən çıxmaq üçün münasib bir səbəb tapıb deyə bilmirdi.
Ənvər qəm-qüssə çökmüş baxışlarla diqqətlə oğlunu süzdü:
– Necəsən indi? Özünü necə hiss edirsən?
Azər başını yüngülcə tərpətməklə “Yaxşıyam” cavabını verdi. Atasının üzünə, gözlərinin içinə baxa-baxa yalan danışmağa cəsarəti olmadı. Çünki onu narahat etməmək üçün belə deyirdi. Əslində isə ruh halı izah olunmaz dərəcədə bərbad idi.
Ənvər gözlərini oğlunun üzündən çəkmədən:
– Nədənsə inana bilmirəm, – dedi, daha da dərdli göründü. – Çox istərdim sənin cavabın mənə rahatlıq versin. Amma təəssüf. Mən tərəfdən baxanda heç də belə görünmürsən. Narahatam səninçün, əgər düzünü bilmək istəyirsənsə.
Azər dinib-danışmadı. Susa bildikcə susdu. Ənvər iztirablı bir səslə dözməyib yenidən dilləndi:
– Özüvə necə zülm elədiyini yəqin ki, görürsən, dərk edirsən. Eləcə də mənə. Anana, o gəlinə. Öz əlinlə öz evini yıxırsan.
Azər üzünün, alnının tərini silərək durğun baxışlarla məchul bir nöqtəyə baxmağa davam etdi. Sükutunu pozmadı.
– Uzaq ol bu işlərdən. Canına heyifin gəlsün. Sağlamlıq əldən gedəndən sonra özünü oda-közə vursan da gec olur.
Azər hələ də dinmirdi. Ənvər bu fürsətlə onu bu yoldan daşındırmaq üçün deyirdi:
– Sənə sakitlik lazımdır. Müalicə almalısan, özü də təcili. Ailəni də götür, çıx get. Bir müddət uzaq ol buralardan. İstirahət et, əsəblərin də sakitlik tapsın. Fiziki-mənəvi yorğunluğun çıxsın. Sənin buna ehtiyacın var. Başa düş!
Azərin dünən gecədən susan dodaqları arasından bu sözlər süzüldü:
– İstirahət vaxtı deyil.
Ənvər narazılıqla başını buladı:
– Söz kar etmədi də sənə.
– Mən yaxçıyam, ata, narahat olmayın.
– Həkim mənə belə demədi. Vəziyyəti son dərəcə ciddidir. Müharibə zonalarında gördüyü qan, ölüm, parçalanmış cəsədlərin xəyalı onu rahat buraxmır. Psixoloji sarsıntı alıb. Davam edim?
Azər tutqun ifadə ilə handan-hana dilləndi:
– Sıxma ürəyivi, həkim deyən qədər də acınacaqlı vəziyyətdə deyiləm. Oldu da. Bir balaca gərgin idim, keçib gedər.
Ənvər köks ötürüb, bundan artıq təmkinli davrana bilmədi. Ürəyinə dolan narahatlıqdan od tutub yana-yana az qala üsyan etdi:
– Nə deyim mən sənə? Nə deyim, necə deyim ki, sən məni başa düşəsən? Məni anlayasan, nə çəkdiyimi dərk edəsən! Qəsdimə durmusan, kişi? Nöş məni zorla danışdırırsan? – Azərin sükutunu görüb, bir az da gərildi. – Dillən, bir söz deginən, bilim də fikrün nədir! Nə etmək istəyirsən! Nəyə can atırsan! Özünü nə səbəbə göz görə-görə məhv etmək istəyirsən!
Azər dodaqlarını bir-birinə sıxıb, səsini çıxarmadan dilxor halda başını aşağı saldı.
Ənvər yerindən qalxıb əlini ürəyinin üstünə apardı. Yüngül bir hərəkətlə ovuşdura-ovuşdura dərindən nəfəs aldı. Yenidən Azərə eşitdirdi:
– Bilirsən nə diləyirəm Allahdan, gecəni yatım, səhər oyanmayım. Bəri başdan köçüm bu dünyadan. Yeganə çıxış yoludur bu mənimçün, yoxsa bu gedişlə çox davam gətirə bilməyəcəm. Çünki sənin aqibətin, bunu açıq deyirəm ki, məni qorxudur. – Əllərini masaya dayaq verib bir qədər Azərə doğru əyildi. Gözlərinin içinə baxa-baxa dedi. – Səni and verirəm o inandıqlarıva, bizə də, özüvə də zülm eləmə! Əl çək bu işlərdən, son qoy! Hər şeydən əvvəl sağlamlığının qeydinə qal. Körpəni düşün! Ona sən hələ bundan belə gərəksən! Ona rəhmin gəlsin! Əqidənə qurban vermə dəyər verdiklərivi! Düzəldə bilməyəcəyin səhvlər etmə ki, itirdiklərinçün yanıb yaxılmayasan! Söz başa düş!
***
…Arazın qarnı doyandan sonra elə qucağımdaca, adəti üzrə bir əli koftamın yaxasından tutmuş şəkildə yuxuya getmişdi.
Bu vaxt qapı asta bir ahənglə açıldı. Azər idi.
Sakitcə içəri gəlib, qapını arxasınca örtdü.
Əhval-ruhiyyəsini öyrənmək üçün ehtiyatla üzünə baxdım. O isə rəng verib, rəng ala-ala ağır addımlarla mənə yaxınlaşdı. Gəlib qarşımda dayanaraq əyilib Arazın üzündən, sonra da yaxamı tutduğu əlindən öpdü. Dərin bir ah çəkdi. Arazın ardınca mənim alnımdan öpərkən baxışlarımız toqquşdu. Mənimlə göz-gözə gəlməsi onu sanki sıxdı. Gözlərini yumub, iztirablı bir səslə astadan:
– İstəməzdim dünən gecə baş verənlərə şahid olasan, – dedi. – İnan mənə, heç istəməzdim. – Ani olaraq susub, özünü topladı, təkrar dilləndi. – Xəcalət çəkirəm.
Gözlərim doldu. Qəhər boğazıma tıxanıb məni boğa-boğa güclə dilləndim:
– Xəcalət çəkməyinçün heç bir əsas yoxdur. Məni üzən buna şahid olmağım deyil, sənin bu ağrı-acı ilə gözümün önündə necə vuruşduğunu görməkdir. Bu məni talan edir.
Azər çarəsizlik içində fısıldadı. Taxtın kənarında mənimlə yanaşı əyləşdi. Dizlərinə dirsəklənib ikiəlli başını sıxdı. Əlimi onun kürəyinə toxundurub az qala yalvardım:
– Qurban olum, Azər, səhhətinə səhlənkar yanaşma. Nə lazımdırsa ona əməl et. Bizə yazığın gəlsin.
Səsi çıxmadı. Bunu fürsət bilib, susmadım:
– Allah qorusun, sənə bir şey olsa… bir an belə düşünmərəm.
Azər çiyninin üstündən çevrilib çəp-çəp üzümə baxdı. Qaşlarını çatdı. Nə qədər ciddi olduğumu anlasın deyə dilimə gətirdiyim sözü qətiyyətlə təsdiqlədim:
– Doğru sözümdür! Uşaq da gözümə görünməz, bunu yaddaşıvın bir küncündə saxla!
– Sonuncu dəfə olsun! – Baxışları ilə tənbeh etdi. – Bir də eşitməyim!
Dolub- doluxsundum:
– Azər, mən sənsiz yaşaya bilmərəm! Açıq söyləyirəm!
Uzun dərin bir baxışla gözlərimin içinə baxdı. Nə isə demək istədi, amma bacarmadı. Bunun əvəzinə çevrilib qolunu boynuma doladı, məni uşaqla birlikdə köksünə sıxdı.
Mən isə kövrəlmiş halda bu sözləri ona eşitdirdim:
– Həyatın hər anında səninləyəm, yanındayam, sənə dəstəyəm. Amma mənə sənsizliklə cəza vermə. Özünü qoru! Müalicə olun. Burada utanıb-sıxılmalı heç nə yoxdur. Səndən asılı olmayan bir səbəbdir. Buna görə özünə zülm eləmə, əksinə – sağalmağa çalış, qurban olum sənə. Sən zəif iradəli, ya da gücsüz adam deyilsən. İstəsən bacararsan! Arazımız üçün bunu et! Yalvarıram, Azər!
Məni bütün diqqəti ilə dinləyən Azər dodaqlarını saçlarıma toxundurdu. Sakit və eyni zamanda qətiyyət yağan bir səslə:
– Başa düşdüm! – dedi. – Belə də olacaq, narahat olma sən.
Ona sığınaraq ətrini-qoxusunu burnuma çəkib pıçıldadım:
– Səni sevirəm! Canımdan çox sevirəm!
…Günlər keçdi.
(Ardı var)