Firuzə Davudqızı
Atamın gəlişi mənə dünyanı bəxş elədi. Sıxıntımı, kədərimi məndən alıb apardı. Çoxdandır üzünü görmədiyim atama dəli kimi sarıldım. O da eləcə. Bağrına basıb, saçlarımdan öpdü. Kefimi xəbər aldı:
– Necəsən, gözəl qızım?
Nə vaxtdır ona sarılmağın həsrətində idim, necə ola bilərdim ki?..
…Bir qədər sonra Araz oyandı. Atam nəvəsini qucağına alıb, öpüb-oxşadı, bağrına basdı. Onunla bir xeyli vaxt keçirdi.
***
…Dəqiqələr sonra Azərin də burada olmasından istifadə edərək Nadir söhbət əsnasında Ənvərə müraciətlə dedi:
– Son zamanlar özümü inanılmaz dərəcədə yorğun hiss edirəm. Mənəvi yorğunluqdur mənimki, sakitlik axtarışındayam. Məlum məsələdir də, illərin yükü var çiynimizdə, tükənmişik. – Ənvərin onun sözlərini baxışları ilə təsdiqlədiyini görüb, Nadir gülümsündü. Sözünə davam etdi. – Sözümün canı, qardaşım, başını çox ağrıtmayım. Fikrim var ki, bir neçə günlük bağa istirahətə gedim, bu fürsətlə qızlarımı da başıma cəm edim. Nə vaxtdır başım qarışıqdır, heç diqqət göstərə bilmirəm. İcazə versəydün gedəndə Araz balanı da, gəlinivi də özümlə aparardım. Nə deyirsən, olarmı?
Azərin ifadəsi dəyişdi. Bu təklif ürəyincə olmadığı üçün narazılıqla başını aşağı saldı.
Ənvər bunu görsə də, qudasının təklifini hörmətlə qarşıladı:
– Niyə olmasın ki. Balaca da havasını dəyişər beləcə. Sən işlərivi yoluna qoy, bağa tərəf keçəndə xəbər eləginən, mən özüm gətirərəm uşaqları.
Nadirin üzü nurlandı. Razılıqla gülümsünüb:
– Var olun! – dedi.
Azər baxışlarını qaldırıb atasına baxsa da sözünün üstündən söz deyib, etiraz edə bilmədi.
Ardı-arası kəsilməyən təhdid dolu məktubları almağa davam etdiyi son günlərdə atasının sözünə haqq verib, ailəsinin təhlükəsizliyi üçün ən güvənli yerin ata ocağı olduğu qənaətinə gəlmişdi.
Buna görə də hələ bir müddət onların evdən kənara çıxmasının əleyhinə idi.
Ənvər bu baxışları görməzliyə vurub qudası ilə söhbətə davam etməkdə idi.
…Həmin gün Nadir qudasıgildə çox yubanmadı. Bir qədər sonra getməyə hazırlaşdı. Onu yola salan dostu və kürəkəni ilə birlikdə darvazaya tərəf yol aldı. Ənvər həyətə keçəndən sonra Nadir Azərə:
– Əslində bu gün bura səninlə görüşüb, söhbət etmək üçün gəlmişdim. Amma kişinin yanında açıb-ağarda bilmədim, – dedi. Sözünə bir neçə saniyə ara verib, tamam ciddi səslə əlavə etdi. – Ehtiyatlı ol!
– Nə mənada?
– Elə hər mənada! Bir bildiyim var ki, deyirəm.
Azər düşüncəli göründü.
Nadir onun üzündəki ifadəni izləyə-izləyə söhbətə davam etdi. Onu narahat edən şübhələri üstüörtülü də olsa dönə-dönə vurğulayıb, Azəri ehtiyatı əldən verməməyə çağırdı. Sözünün sonunda:
– Məndən olsa, sən də uşaqlarla gəl bağa, – dedi. – Mən onsuz da bir-iki günlük qalasıyam. O bağ, o ev sizin ixtiyarınızda da. Qalın ürəyiviz istəyən qədər.
Azər bu təkliflə razılaşmadı. Kişinin könlünə dəyməmək üçün də işlərinin çox olduğunu səbəb gətirdi.
Nadir onu yola gətirə bilməyəcəyini anlayıb, çox dərinə getmədi. Lakin narahatlığını da gizlətmədi. Amma bir müddətdir özünün təqib edildiyini, izləndiyini nə üçünsə dilinə gətirmədi.
Xudahafizləşib maşına əyləşdi.
***
…Günlər sonra Rusiyadan qayıdan Azər evə yenicə çatmışdı. Əhval-ruhiyyəsi xoşuma gəlməsə də sual verməyi məsləhət bilmədim. Evə çatan kimi duşa girdi. Sonra da yatmağa tələsdi.
Bir qədər sonra mən də Arazı yedirib beşiyinə qoydum. Beşiyi yelləməkdə idim ki, bu an qulağıma iniltili bir səs doldu. Geri çevriləndə taxtda yatmış Azəri qəribə halda gördüm. Anladığım qədəri ilə yuxu görürdü. Durmadan dəhşət işində mənasını anlamadığım sözləri təkrarlayıb sayaqlayır və o qədər tez-tez nəfəs alıb-verirdi ki, ürəyi dayanacaq sandım.
Əlimi sakitcə beşikdən götürüb, qalxıb yanına getdim. Onu tər basmışdı. Acı çəkən adam kimi yerində qıvranırdı.
Çiyninə toxunub yüngülcə silkələdim, çağırıb oyatmağa çalışdım. Üçüncü çağırışımda o, yerindən sıçrayıb təlatümlə biləyimdən necə yapışdısa diksinib həyəcan içində onu süzdüm.
Azər təngnəfəs halda üzündən, baxışlarından silinib getməyən o sarsılmış ifadə ilə mənə sual verdi:
– Haradayam mən? – Qəribə və vahiməli baxışlarla otağı süzdü. Hövsələsiz bir şəkildə təkrar soruşdu. – Haradayam, dedim!
Özümü ələ alıb dərhal cavab verdim:
– Evdə.
O, gördüyü yuxunun təsirilə nə dediyimi deyəsən duymadı. İkinci sualı ilə məni yerimdə dondurdu. Narahat baxışları hələ də otağın künc-bucağında nə isə axtara-axtara:
– Hələ də atırlar? – deyə soruşdu.
– Necə? – Heyrətlə onu süzdüm.
– Atışma səsləri hardan gəlir?
– İlahi! – Əlimi dodaqlarıma apardım. Bütün bədənim keyidi. Bu arada Azərin var qüvvəsi ilə sıxdığı və hələ də buraxmadığı biləyimi əlindən güc-bəla ilə çəkib çıxardım. O isə əzab içində qovrula-qovrula, sızıltılı bir səslə bu sözləri dilinə gətirdi:
– Körpələri… körpələri bir evin damına yığıb, diri-diri yandırıblar!
Təpədən-dırnağa dəhşətli bir ürpərti keçdi bədənimdən. Vahimələndim. Qeyri-ixtiyari öz balam gəlib durdu gözümün qabağında.
Ağlasığmaz bir vəhşilik idi bu. Bunu eşitməyə tab gətirə bilmədiyim halda, Azər bu dediklərinə adı mənə məlum olmayan ölkədə şahid olmuş, lentə almışdı.
Mən onun peşə tapşırığını yerinə yetirmək üçün ezam olunduğu qanlı-qadalı o yerlərdə necə dəhşətlərin şahidi olduğunu təxmin edirdim.
Və yalnız təxmin edirdim. Çünki o heç vaxt öz işi və nələr gördüyü barədə mənim yanımda söz açmazdı. İndi isə… indi isə yaddaşına həkk olmuş həmin hadisələri dəhşət içində təsvir edirdi. Baxışlarında hələ də sarsılmış ifadə vardı.
O an ağlımıza belə gəlməzdi ki, eyni müsibətlərin bizim millətin qapısını da döyəcəyi gün uzaqda deyil.
Onu qucaqlayıb sakitləşdirməyə çalışdım. Amma müvəffəq ola bilmədim.
– Azər, qurban olum, əzizim, nə olub sənə? – Üzünü əllərimin arasına alıb həyəcanla gözlərinə baxdım. – Sakitləş. Yəqin yuxu görübsən də, keçib getdi. – Yalvarış dolu bir səslə onun fikrini özümə yönəltməyə cəhd etdim. – Mənə bax, əzizim, mənə! Mənə, gözlərimə bax, xahiş edirəm!
Azər ağlı-fikri bulanıq halda üzümə baxdı. Amma elə bir halda idi ki, məni görmürdü. Əsəbi bir hərəkətlə ikiəlli başını tutdu. Saçlarını daraqlayıb, qulaqlarını qapadı.
– Axxxx! – deyə dişlərini bir-birinə sıxdı. Əlinin bir toxunuşu ilə tumbanın üstündəki gecə lampasını vurub aşırtdı. Lampa ilə birlikdə bizim toy şəklimiz də yerə düşüb çilikləndi.
Mövhumata inanmırdım, inanmaq da istəmirdim. Amma belə şeylərin düşər-düşməzi olduğunu eşitmişdim. Lakin bu an bu hayda deyildim, Azərin emosional davranışları məni hər şeydən çox narahat edir və qorxudurdu. Bilmirdim nə edəm ki, ona bir köməyim toxunsun. Çaşbaş halda onu bu hala salan səbəbi axtarırdım, amma heç cür cavab tapa bilmirdim. Bir bildiyim vardısa, o da Azərin artıq bir müddətdir əsəbi və gərgin olması, daim fikirli, qanıqara gəzib-dolaşması idi. Xüsusilə bu gün o, evə gələndən qəribə halda idi. Hər zaman Arazı görmək üçün otağa tələsər, onunla bir xeyli vaxt keçirərdi. Bayaq isə uşağa tərəf də baxmamış, dərhal yatıb yuxulamağa çalışmışdı.
O özü ilə bacara bilməyəcəyini anlayaraq əmredici bir səs tonu ilə:
– Uşağı götür, çıx otaqdan! Tək qalmaq istəyirəm! – deyə mənə eşitdirdi.
Köməyə ehtiyacı olduğu bu həssas məqamda o, təkliyi seçir, əslində mənim onu bu halda görməyimi istəmirdi. Necə sarsılmışdımsa keyiyib qalmışdım. O, mənim hələ də yerimdən tərpənmədiyimi görəndə bir az da coşdu, özündən çıxdı:
– Çıx deyirəm də sənə! Söz başa düşmürsən?
Özümdə güc tapıb irəli yeridim, Arazı beşikdən götürüb yubanmadan qapıya doğru yüyürdüm.
Mən qapını açanda Azər asılqandan asdığı köynəyin cibində əlləri əsə-əsə nə isə axtarmaqda idi. Çox keçmədi ki, onun həb axtardığını anladım.
Onu heç vaxt bu əhvalda, bu vəziyyətdə görməmişdim. Dəhşət içində idim. Gözlərimə inanmağım gəlmirdi. Bunun həqiqət olduğunu dərk edib qavramaqda aciz qalmışdım bu an. Qapının kandarına addım atanda bayaqdan özümü sıxıb dursam da gözlərimdən çıxan yaş damlası yanağıma süzüldü.
Dəhlizin girişində Rəna ilə rastlaşdım. Titrəyə-titrəyə Arazı onun qucağına verib, uşağı buradan uzaqlaşdırmasını tələb etdim. Rəna üzümdəki ifadəni, göz yaşlarımı görüb heyrətə düşdü:
– Xanım, nə olub sizə? Rənginiz ağarıb…
Sözü ağzında qaldı. Bizim otaqdan duyulan qəfil səsə ikimiz də diksindik. Nə isə yerə çırpılıb çilikləndi.
Mən daha burada yubanmağın yersiz olduğunu başa düşərək birbaşa salona – qayınatamgilin yanına yüyürdüm:
– Ata! Ata, Azər yaxşı deyil, kömək edin! – Sözümü güclə tamamladım, hönkürərək divana çökdüm.
Kişi rəngi-ruhu dəyişmiş halda dərhal ayağa qalxdı. Dilbər xanımı da təlaş sardı. O, ərindən əvvəl özünü dəhlizə atdı. Hər ikisi bizim otağa doğru tələsdilər.
Bütün bunlar bir kabus idi sanki. Və bu kabusun içində mən özümü tamam itirmişdim.
…Onlar Azəri sakitləşdirməyə çalışır, lakin heç cür müvəffəq ola bilmirdilər.
Dilbər xanımın hıçqırıqlara boğulan yalvarış dolu səsi qulaqlarımı uğuldadırdı:
– Oğlum! Oğlum, sakit ol, belə edib öldürmə məni!
Azər boğuq səslə eyni sözləri təkrarlayırdı:
– Başım çatlayır! Qulaqlarım batır! Bu səslərdən qurtula bilmirəm! Niyə başa düşmürsünüz? Rahat buraxın da məni!
Mən bütün bunları duyduğum bu anlarda oturduğum yerdə tir-tir əsir, hönkür-hönkür ağlayırdım.
– Zəng vur həkimə! Bir az cəld ol! – Qayınatamın dəhlizə çıxıb təlatümlü bir səslə Vüsətə əmr etməsi mənə vəziyyətin düşündüyümdən də ciddi olduğunu xəbər verirdi.
Araz dünyadan xəbərsiz halda məndən bir qədər aralıda, arabada şirin yuxuya dalmışdı. Onun nələr baş verdiyini anlamayacaq qədər kiçik olduğuna sevinirdim bu an. Çünki çəkdiyim əzabın ağırlığını izah etməkdə aciz idim, qorxu və narahatlıq ürəyimi didib-parçalayırdı. Tablana bilmirdim.
…Xoşbəxtlikdənmi, yoxsa Tanrının bizə olan rəhmindəmi, ailənin yaxın dostu olan Rasim həkim vaxtında gəlib çıxdı. Azəri müayinə edib, tibbi yardım göstərəndən sonra məlum oldu ki, bu hal heç demə ilk dəfə baş vermirmiş. O, artıq xeyli müddətdir bu vəziyyətdən əziyyət çəkir, müalicə alırmış. Səhhətindəki problemi təkcə məndən deyil, valideynlərindən də gizlin saxlayıbmış.
…İynə vurulandan sonra Azər özündə olmadı. Həkim onun vəziyyətinə nəzarət edib, təhlükəli bir şey olmadığına əmin olandan sonra tapşırıqlarını verib, getməyə hazırlaşdı. Çox keçmədən qayınatamla birlikdə otaqdan çıxdı. Dəhlizdə onların səsi qulaqlarıma doldu. Azərin bir az əvvəl keçirdiyi emosional halı həkim belə qiymətləndirdi: “Posttravmatik stress pozuntusu”.
– Bilirsiniz, adətən belə hallarda… – O, izah etməyə başladı.
Lakin mən bundan sonrasını duymaq iqtidarında olmadım. Onlar danışa-danışa mənim yanımdan ötüb keçərək söhbəti həyətdə davam etdirdilər.
Otağımızın qapısına yaxınlaşıb kövrək baxışlarla yuxuya getmiş Azərə baxır, əlimdən bir şey gəlmirdi. Onunla bir vuran ürəyim bu anlar sanki heç vurmurdu. Özümü yarıcan hiss edirdim.
Onu nə vaxtsa bir gün bu vəziyyətdə görəcəyimi ağlıma gətirməzdim.
Yerə çöküb, özümü unutmuş halda döşəmədəki şüşə qırıqlarını bir-bir yığmağa başladım. Şəklimizin üzərindəki şüşə qırıqlarını təmizlərkən əlimi kəsdi. Barmağımı ovcumun içində sıxıb, ufultumu içərimə vurdum. Bu zaman barmağımdan süzülən qan damlası əksimizin üzərinə düşdü. Məni cismən deyil, ruhən sızlatdı.
Dilbər xanım otaqda idi. Görüb pis olmasın deyə şəklin üzərini bir toxunuşla sildim.
O, oğlunun başı ucundan ayrılmadan onun alnının, üzünün tərini silir, ovcunun içində saxladığı əllərini öpür, saçlarını sığallayır, yanıb qovrula-qovrula səssiz-sədasız göz yaşı tökürdü. Dodaqları yalnız bu duanı pıçıldayırdı:
– Özün kömək ol, ilahi, dadına yet oğlumun! Balamı balasına bağışla! Rəhm eləginən!
Bu zaman Rəna içəri daxil oldu. Qayınanamın tapşırığı ilə mənə su gətirmişdi. Bardağı tumbanın üstünə qoyub, mənə müraciətlə:
– Xanım, mən təmizlərəm. Siz qalxın, – deyə əlimdən tutdu.
Daş kimi çöküb qaldığım döşəmədən güclə qalxdım. Bir qurtum suyu onların təkidi ilə güclə uddum.
Və bu ah-naləyə, bu sızıltıya dayana bilməyib otağı tərk elədim.
(Ardı var)