Firuzə Davudqızı
…Azər masadan bir xeyli aralanıb siqaret alışdırdı. Ard-arda əsəbiliklə sümürdü. Bu vaxt yanına gələn Cəmilə:
– İcazə verseydün, mən gedərdim, brat, – dedi.
– Nöşün, nə oldu ki? – Cəmil Azərin incidiyini sezib, tutulub qaldı.
– İnan mənə, heç yaxşı deyiləm. Getsəm yaxşıdır.
– Nəsə olub ki?
Azər cavab verməyə macal tapmadı. Bu vaxt həyətə tanımadığı üç nəfər daxil oldu. Geyim-kecimlərindən və davranışlarından sanballı həyat tərzi sürdükləri bəlli olurdu.
Onlardan birini, digərlərindən nisbətən yaşlı olanını nə vaxtsa, haradasa gördüyünü xatırlamağa çalışsa da yadına sala bilmədi.
Kazımov dərhal masadan qalxıb onları hörmətlə qarşıladı. Ayaqüstü nə barədəsə danışdılar.
– Bunlar kimdir? – Azər gözünü gələn adamlardan çəkmədən qaşlarını çatdı. Çünki onların da diqqətini öz üzərində hiss etdi.
Cəmil Azərin sualına əhvalı pozulmuş halda cavab verdi:
– Tanımıram, brat. Bu kişinin işlərindən fələk də baş açmır, mən hardan bilim?
Azər niyə bu qədər böyük bir masa açıldığının səbəbini indi başa düşdü. Tək qaranlıq qalan məsələ tanımadığı bu adamların gəlişinin məqsədi idi.
Kazımovun onlara doğru gəldiyini görəndə Azər barmaqları arasında tüstüləyən siqareti çırtma ilə vurub yerə atdı. Ayaqqabısının burnu ilə əzib söndürdü.
Kazımov oğluna:
– Qonağımız var, get qonaqlarla maraqlan, – dedi.
Cəmil atasının sözünə əməl etməli oldu. Kazımov heç nə olmamış kimi Azərin qoluna girib, dedi:
– Əmi səndən bir xahiş etsün, amma sözümü yerə salma.
– Nə xahiş? – Azər şübhələnən kimi oldu. Qaşının biri ixtiyarsız olaraq alnına qalxdı.
Kazımov izah etməyə başladı. Azərin üzündəki ifadə dəyişdi. Qaşları düyünləndi. Pozulan əhvalı daha da pozuldu.
Kazımov isə sözünün davamını belə gətirdi:
– Bilirsən, oğlum, yaxın adamdır. Ad-sanı var, hörmət-izzət sahibidir. Alınmır da. Hamımız müsəlmanıq da, atam, düşmən deyilik ki, elə dögül? Pislik etməyə nə var e, çətini yaxşılıq edə bilməkdir. Gəl, sən qulaq as əmiyə, çalış imkan verməyəsən getsün efirə də, balamsan. Ailə-uşaq var, dost-düşmən var.
Azər gərilmiş halda baxışlarını bir nöqtəyə zilləyib, susdu. Fısıldadı.
Kazımov onun nə deyəcəyini gözləmədən xüsusi təmtəraqla əlində hazır saxladığı zərfi Azərin köynəyinin cibinə qoydu.
Azər qaşlarını düyünləyib çəpəki baxışlarla cibindəki zərfə baxa-baxa:
– Bu nədir? – deyə özünü bilməzliyə vurdu.
– Əmi payıdır. – Kazımov şəstlə dillənib hiyləgər bir təbəssümlə gözünü qıydı. – Elə böyük bir şey deyil.
– Yanlış düşünmüsünüz. Mən bu prinsiplərlə işləmirəm.
– Adə, ay rəhmətliyin nəvəsi, kim bu prinsiplə işləyir ki? Amma arada pul qazanmaq da lazımdır da. Böyük sözü dinləsən, milyonların olar. Lazımdır sənə bəgəm, millətin halına yanmaq?
– Hmm… – Azər acı istehza ilə dodağını büzdü.
– Həri, atam balası! Bəs nə bilmişdün?
– Əmi.
– Ay can!
– İcazə ver mən də bir söz deyim, sən incimə. Mən göz açıb bu həyatda səni əmi bilmişəm, böyüyüm saymışam da, elədir?
– Əlbəttə, elədir. Bəs necə olmalıdır ki?
– Vəssalam da, deməli bir-birimizi gözəl başa düşürük. Məhz elə buna görə istəmirəm sənə qarşı hörmətsizlik edim. – Azər iki barmağının ucunda zərfi cibindən götürüb, Kazımova uzatdı. Baxışları ilə gələn adamı göstərib: – Həmin o çox hörmətli şəxsə, o qudası erməniyə bildirərsən ki, özünü nahaq yerə xərcə salmasın. Həftənin şənbə günü veriliş efirə gedəcək, izləyər.
– Oğlum. – Kazımov zərfi təkrar Azərin cibinə basmaq istədi. – Sən istəsən, efirə getməz.
– Mən efirin səlahiyyət sahibi deyiləm, efir üçün material çəkib hazırlayıram. – Azər Kazımovun sözünü kəsib, onun əlini zərflə birlikdə geri qaytararaq sinəsinə sıxdı. – Bu da o deməkdir ki, bu mənim ixtiyarım xaricindədir. Üzrlü say.
Kazımov tutqun baxışlarla Azərə baxdı:
– Bu qədər tünd olmaginən. Məsəl var, sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
– Həri, belə deyirlər. – Azər açıq istehza ilə dedi. Kazımovun bıçaq kimi kəskin iti baxışları qarşısında yenə təslim olmadı. Lakin nə fikirləşdisə birdən zərfi Kazımovdan alıb iti addımlarla ondan ayrıldı. Masaya yaxınlaşdı. Zərfi hirslə masanın yuxarı başında ağayana bir əda ilə əyləşmiş, yaşı 50-ni ötmüş, dolu bədənli, qara geyimli kişinin önünə atıb hiddətlə: – Fahişə satın almırsınız, ala, plan cızıb məni bura gətirdib, cibimə pul basırsınız! – dedi.
– Bu nə danışıqdır? – Qara geyimli şəxs sualı Azərə verdiyi halda tənbeh edici nəzərlərlə Kazımova baxdı.
Azər onu sarmış əsəbdən üzünün əzələləri səyriyə-səyriyə kişinin sualını cavablandırdı:
– Sənün öz dilində danışıram ki, məni yaxçı anlayasan və bir də belə səhvə yol verməyəsən. Sən bu çirkli pullarla istədiyivi edə bilərsən. Burada təəccüblü heç nə görmürəm, istədiyin hər şeyə sahib ola bilərsən, amma namusu, qeyrəti, şərəfi, vicdanı satın almağa milyonlar xərcləsən yetməz! Çünki sən bu saydıqlarımı çoxdan itiribsən! Çoxdan satılıbsan!
Qara geyimli şəxs qəzəblə Azəri süzdü:
– Uşaq yoxdur qarşında! – Baxışları ilə hədələdi, ona olan hiddəti ilə yumruğu düyünləndi. – Qışqırma!
– Qışqırtmayın! – Azər sərt tonda onun sözünü kəsdi. – Allahdan qorxun, yıxmayın bu millətin evini! Kişi olun, ala, təpəriniz, qeyrətiniz olsun! Vaxt tapıb bir Qarabağa tərəf yollanın, görün erməni necə baş qaldırıb orada, necə divan tutur millətə!
Həmin şəxs havasından təhdid yağan baxışları ilə çox söz dedi, hikkəli-hikkəli dilini-dodağını gəmirdi. Lakin daha dillənmədi.
– Bu söhbəti və bu dəvəti olmamış sayacam. Atamla kəsdiyiniz duz-çörəyin xətir-hörmətinə çalışacam yaddan çıxarım. – Azər bu dəfə Kazımova eşitdirdi. – Hər halda çalışacam.
Üzünü çevirib darvazaya doğru addımladı.
Kazımov söhbətin alınmadığını izhar edən məyus ifadə ilə başını buladı.
Bu vaxt eyvanda görünən Cəmil Azərin getdiyini görüb pilləkəni göz qırpımında endi:
– Qərdeşim, hara? – deyə təəccübləndi.
– Üzrlü say, getməliyəm. – Azər ayaq saxlamadan qanıqara halda cavab verdi.
Cəmil Azərin dalınca küçəyə çıxdı:
– Nöş belə tez? Nə baş verdi?
Azər maşının qapısını açıb əyləşməzdən əvvəl şübhə ilə soruşdu:
– Sən xəbərdar idin?
– Nə barədə?
– Bu gün burada sövdələşmə olacağı barədə! – Azər həqarət hissi ilə dedi.
– Anlamadım.
Azər təəssüf içində dostunu süzdü:
– Nə isə! Xudahafiz! – Maşına əyləşib qapını hirslə çırpdı.
– Azər. – Cəmil çaşbaş halda hələ də heç nə başa düşməyib ona səsləndi.
Sükan arxasına keçən Azər gərginliklə nəfəs alıb-verirdi. Bir az əvvəl düşdüyü vəziyyətə olan hiddəti ilə:
– Tfuuu! – dedi. Açarı burub maşını işə saldı. Qaza basıb sürüb getdi.
Yol boyu Kazımovun sözlərini çək-çevir edib bir daha gərildi.
Belə tezliklə sakitləşə bilməyəcəyini anlayaraq maşını yolun kənarına verib saxladı. Bir xeyli donmuş vəziyyətdə eləcə dayandı. Gözünü bu dünyaya açıb əmi bildiyi bir insanın ona və ailəsinə qərəzli münasibətini heç cür anlaya bilmir, bu nifrətin kökünün haradan qaynaqlandığını aydınlaşdırmağa çalışırdı. Onu sıxan fikirlərin əlində çarpışa-çarpışa qaldığı üçün bezib-usanmış halda fısıldadı. Əlini ixtiyarsız olaraq hirslə sükana çırpdı.
***
Cəmil məyus halda həyətə qayıtdı. Bu zaman qara geyimli kişinin məzəmmətlə Kazımova baxaraq dediyi sözləri istəmədən belə eşitdi:
-Ağız dolusu təriflədiyin uşaq bu idi, ipə-sapa yatmır. Dikbaşın biridir.
– Qulağını buraram, yoldaş Zeynalov. Bu qədərini mən də gözləməzdim, üzrlü sayın. – Kazımov pərt ifadə ilə dedi.
Mütəəssir şəkildə baxışlarını yerə dikdi. Ürəyində Azərin qarasına deyindi:
– Əmin həmişə mane oldu işlərimə, milyonlarımı batırdı, indi də sən başladın əl-ayağımıza dolaşmağa? İt balası, it!
Cəmil ona aydın olmayan bu qəribə vəziyyətin səbəbini zehnində axtarıb-araşdırmağa çalışsa da, heç cür cavab tapa bilmir, fikirləri daha da dolaşırdı. Atasının təbiətinə, xasiyyətinə bələd olduğu üçün ona sual verməyə cəsarət etmirdi. Onu düşündürən sualların cavabı isə zamanın ixtiyarında idi.
***
Üç gün sonra aldığı bir xəbər onu hədsiz məyus etdi. Lətif kişi dünyasını dəyişmişdi.
İşləri ilə əlaqədər dəfndə iştirak edə bilməyən Azər onun yas mərasiminə gəlib çıxmışdı.
Yasin oxunub qurtarandan sonra vaxtının azlığını nəzərə alaraq getməyə hazırlaşdı. Xəqani onunla birlikdə küçəyə qədər gəlib, onu yola saldı. Xudafizləşib geri qayıtdı.
Azər küçədə maşınların arasında, hasarın dibində saxladığı maşınına doğru gedərkən maşının şüşə siləninə keçirilmiş zərf diqqətini cəlb elədi. Zərfi götürüb, açıb oxudu: “Atam balası, sən deyəsən bizi düz başa düşmədin. Ya da zarafat hesab edib, qulaqardına vurdun. Maraqlıdır, başın bədəninə ağırlıq edir, yoxsa ki, mütləq qan istəyirsən? Atdığın addımlara diqqət elə demişdik də sənə. Nədir, söz kar eləmir? Söz kar eləmirsə, sənin fatehəni də oxumaq bizim boynumuza!”
Sonuncu cümlədə Azər təngə gəlmiş baxışlarla yan-yörəsinə nəzər saldı. Yas məclisindən dəstə-dəstə çıxan adamların arasında, tində-bucaqda israrla zərfi gətirən adamı aradı. Ətrafda isə şübhəli görünən kimsə gözə dəymirdi.
Hədə-qorxu kimi səslənən bu xəbərdarlıq, bu ultimatum Azəri tədbiri əldən verməməyə, bundan sonrası üçün daha ciddi düşünməyə vadar edirdi.
Şəhərə qayıtmağı nəzərdə tutduğu halda ürəyi ilə bacarmadı, onu maqnit kimi özünə çəkən hisslərin dalınca Buzovnadan birbaşa Mərdəkana, atası evinə gəldi.
O, qapıdan içəri girəndə həyətdə kimsə gözə dəymirdi. Bundan istifadə edib, belə bərbad əhval-ruhiyyədə doğmalarının qarşısına çıxmaq istəməyərək çarhovuza tərəf addımladı. Bu anlarda canındakı qəzəbi, hirsi, əsəbi soyutmaq üçün bunu ən gözəl fürsət bilib daha gözləmədi, başını hovuzdakı suya saldı. Bir neçə saniyə tərpənmədən bu vəziyyətdə qalıb, sonra sudan çıxardı. Qalxıb hovuzun kənarında, daşın üstündə oturdu. Yüngülcə silkələnib üzünə dağılmış saçlarını geri atdı.
Su damlaları sinəsinə, kürəyinə süzülüb köynəyini islatdıqca xoşhal oldu. Bayaqdan od tutub yanan bədəni az da olsa sərinlədi.
Əli ilə üzünün suyunu sildi. Və bu zaman qarşısında dayanıb matdım-matdım onu süzən Vüsəti yalnız indi görüb, duruxdu. Nə qədər gərgin olsa da, sözü zarafata çevirib:
– Narahat olmaginən, dəli olmamışam. Amma bu gedişlə o ehtimal da var deyəsən, – dedi, hirsli-hirsli gülümsündü. Vüsətdən ona qurulanmaq üçün dəsmal gətirməsini istədi.
Vüsət nəyinsə yolunda getmədiyinə əmin halda heç bir söz demədən üzünü çevirib getdi. Çox keçmədən qayıdıb dəsmalı Azərə uzatdı:
– Buyurun.
Azər dəsmalı alıb, saçlarını qurulaya-qurulaya xəbər aldı.
– Necəsən?
– Şükür Allaha, pis deyiləm. – Vüsət təbiətinə xas mülayimliklə cavab verdi. – Əsas odur, siz yaxçı olun.
– Görək də, atam-qərdeşim, bu başı bu bədənin üstündə sağ-səlamət gəzdirə bilsək, sən deyəndir.
Vüsət Azərin sözlərini üzündə yaranan narahatlıqla qarşıladı. Azər bunu görüb bir anlıq gərginliklə ağzından çıxardığı sözə düzəliş etdi:
– Sözün gəlişi, atam, sözün gəlişi. – Gülümsünüb, əlini Vüsətin qoluna vurdu. Dəsmalı boynuna atıb ağır addımlarla evə üz tutdu. Vüsətdən ayrılan kimi üzündəki məcburi təbəssüm bir anda silinib getdi.
***
…Həyatımızın qara geyinəcəyi gündən bir müddət əvvəl idi.
Azər Mərdəkana gəlmişdi. Həmin gecə hərə öz otağına çəkiləndən sonra o, həyətə endi. Maşının yük yerindən bir çanta götürüb geri qayıtdı. Otağa gəlib çantanı dolabın ən dərin yerində yerləşdirdi. Mənim sual yağan baxışlarla onu izlədiyimi görəndə pıçıltıya bənzər bir səslə astadan dedi:
– Bu çantanın burada olduğundan kimsə xəbər tutmamalıdır. Atagil də həmçinin. Bu məsələdən indi bir sən xəbərdarsan, bir də mən. Aydındır?
Çantada nə olması ilə maraqlandım.
– Şəxsi arxivimdir, – dedi. – Videokasetlərdir və bir neçə mühüm sənəd var. İşdir, əgər başıma bir iş gəlsə, ələ keçməsün.
Azərin öz dilindən duyduğum bu sözlər məni təpədən-dırnağa gizildətdi. Ürəyimi təlaş sardı. Qolundan yapışdım. Həyəcanla:
– Necə yəni başıma bir iş gəlsə? Sən nə danışırsan, məni qorxutma!
– Sakit ol. – Əlini saçlarımda gəzdirdi, məni narahat etməmək üçün məcburi gülümsündü. – Məsəl var da, şər deməsən, xeyir gəlməz. İşimi etibarlı tutmaq üçün. İndi başa düşdün?
Cavab vermək əvəzinə sızıltılı bir ah çəkdim. O, bunu görəndə:
– Narahat olmaginən, – dedi.
Mən bu sözlərə rəğmən yenə də rahat ola bilmədim, gözlərimin dolduğunu ondan gizlətmək üçün üzümü yana tutdum. Azər çənəmdən yapışıb üzümü özünə sarı çevirdi. Gözlərimin içinə baxa-baxa ahəngindən tədirginlik duyulan bir səslə:
– Səndən bir təvəqqem var, nə olur-olsun, bu çantadakı kasetlər ələ keçməsin. İşdir də, gəlib axtarış edərlər, gizlət. Burada elə məlumatlar var ki, dəyəri milyonlarla ölçülməz.
Kövrəldim. Dözməyib boynuna sarıldım:
– Söz verirəm! Söz verirəm, sənə görə istənilən təhlükəyə atılaram, sənə görə canımı qurban verərəm, amma sənin sirrini bəyan etmərəm! – Dolub-doluxsunmuş halda qəhərdən boğula-boğula təkrar dilləndim. – Amma sən də bir balaca mərhəmətli ol, məni özündən məhrum etmə, yalvarıram! Qorxduğumu taleyimə yazma!
O, məni məhəbbətlə qucub, saçlarımı sığalladı. Əlləri kürəyimdə gəzinə-gəzinə:
– Hər şey yaxçı olacaq! Sən pis heç nə düşünmə! – dedi. – Mənə inan!
O an mən bunun həqiqətən belə olacağına elə saf və məsum bir qəlblə inanmışdım ki.
Çünki bu sözləri mənə deyən bir başqası deyil, Azər idi.
Hər sözü ilə mənə inam, eşqi ilə bənzərsiz güc verən insan.
Vaxt isə, heç demə, bizim xeyrimizə işləmirmiş…
O gecə güc-bəla ilə yuxuya getmiş, səhər oyanan kimi son günlərdə hər gün təkrarlanan bir vəziyyətlə özümü birtəhər vanna otağına çatdırmışdım. Öyüyüb qusandan və əl-üzümə bolluca soyuq su vurub bir qədər sakitləşəndən sonra otağa qayıtmışdım.
Azər çoxdan oyanmışdı, otaqda yox idi.
Mən taxtın kənarında əyləşib, buza dönmüş bədənimin titrəməsinin keçib getməsini gözləməkdə idim ki, bu vaxt qapı döyüldü. Tez özümü ələ alıb, cavab verdim. Rəna idi:
– Xanım, atanız gəlib.
Bu xəbərlə gözlərimə işıq gəldi.
(Ardı var)