Firuzə Davudqızı
Günlər sonra
Atasının xəbərdarlığına rəğmən Azər öz işinə sarılmışdı. Hər şey yolunda gedirdi. Tək narahatlığı bu həftə işlərin çoxluğundan evə baş çəkə bilməməsi idi. Uşaq üçün burnunun ucu göynəyirdi.
Bir neçə gün daha keçdi.
…Həmin gün gecədən ötürdü, Azər yatağına uzansa da gözünə yuxu getməmişdi. Qollarını başının altında çarpazlayıb dərin düşüncələr içində baxışlarını tavana zilləmişdi. Yenə də Araz üçün, istəkli yarı üçün dəhşətli dərəcədə darıxdığını hiss edirdi, amma ayrı yolu yox idi. Yuxu isə ona bir addım belə yaxın gəlmirdi. Bu vaxt çalınan qapı zəngi onu fikirdən ayırdı.
Gecənin bu çağında kim ola biləcəyi barədə özünə verdiyi sualla yataqdan qalxan Azər dəhlizə çıxdı. Qapı zəngi aramsız olaraq çalırdı. Azər açarı burub qapını açanda ağlına gətirmədiyi bir vəziyyətlə üz-üzə qaldı. Çaşqınlıqla bircə:
– Vüqar? – dedi, heyrət içində onu süzdü.
Vüqar qapının tininə söykənmişdi. Güclə ayaq üstə dayanmışdı. Üst-başı, ağzı-burnu büsbütün qan içində idi. Üzü şişib tuluqlanmış, tanınmaz hala düşmüşdü. O, bütün qüvvəsini toplayıb iniltili bir səslə:
– Brat… – dedi, sözünün davamını gətirə bilməyib Azərin qolları arasına aşdı.
Gördüyü mənzərə qarşısında sarsılmış Azər bununla belə çevik tərpənib onu tutmağı bacardı. Yıxılmağa qoymadı. Dostunun başını dizinin üstünə qoyub:
– Qardaşım! – deyə həyəcanlı bir səslə artıq huşunu itirmiş Vüqarı səslədi, çiyinlərindən tutub silkələdi.
Vüqar cavab vermək iqtidarında olmadı.
Baş verənlər qarşısında çaşıb qalan Azərin həyəcanı birə-beş artdı. Dostunun bu halda ikən belə əlindən buraxmadığı, sınıb yararsız hala düşmüş fotoaparata nəzər salanda daxilindən onu yandırıb-yaxan dəhşətli bir sızıltı keçdi. Hiddəti və həyəcanı bir-birinə qarışmış halda təlatümlə ayağa qalxdı. Qapını qapayıb iti addımlarla salona keçdi. Divandakı döşəkcələrdən birini götürüb cəld geri qayıtdı. Döşəkcəni dostunun başının altına yerləşdirib telefona əl atdı. Təcili tibbi yardıma zəng vurdu.
Bir qədər sonra tibb işçiləri Vüqarı xərəkdə maşına qoyub xəstəxanaya yola düşdülər.
…Azər xəstəxana dəhlizində skamyalardan birində əyləşib ikiəlli başını sıxmışdı. Vüqarı bu hala salanların kimliyi barədə düşünür, bütün ehtimalları öz-özlüyündə araşdırırdı ki, Ceyhun, Təbriz və Rəşid həyəcanla ona doğru gəldilər. Ceyhun dostlarından əvvəl irəli yeridi. Həyəcan dolu bir səslə:
– Necədir vəziyyəti? – gözlərini Azərin üzünə dikdi.
Azər çiyinlərini çəkdi. Dostlarını süzərək:
– Gözləyirəm hələ ki, – dedi.
Oğlanlar onun bu cavabı ilə daha da gərgin göründülər. Hərəsi bir tərəfdən sualları dolu kimi Azərin üstünə yağdırmağa başladılar.
Azər verilən bütün suallara dilxor halda sadəcə bu cavabı verə bildi:
– Gözləyək özünə gəlsin, uşaqlar, danışa biləcək halda deyildi, – dedi.
Araya cansıxıcı sükut çökdü.
Hər kəs gözlərini bir-birindən qaçırıb intizar və sonsuz narahatlıq içində həkimin gəlib çıxmasını gözləməyə başladı.
Vüqar səhəri gün günortaya yaxın ancaq özünə gəldi. Milis işçisi ifadəsini alandan sonra həkim onunla görüşməyə icazə verdi.
Azər həmkarları ilə birlikdə gecəni burada, xəstəxana dəhlizində keçirmişdi. Bütün gecəni özünə yer tapa bilməyib, dostunun vəziyyətindən nigaran halda bütün dəhlizi az qala qarış-qarış ölçmüşdü.
Xəbəri alan kimi hamılıqla ayağa qalxdılar.
Həkimin verdiyi məlumata görə, başı partlayıb, qolu iki yerdən sınmış Vüqarın aldığı zərbələrdən qabırğaları və ciyəri də ciddi xəsarət almışdı. Bu səbəbdən o, nəfəs alıb-verməkdə çətinlik çəkir, güclə danışırdı. Bununla belə dostlarının bu an nə hiss etdiklərini üzlərindəki ifadədən oxuyub, onları nigaranlıqdan qurtarmaq üçün hadisənin baş vermə səbəbini belə izah etdi. Xırıltılı və zəif bir səslə :
– Məhlə uşaqlarından biri ilə mübahisəm düşmüşdü. Söhbətə çağırdı, mən də getdim, – dedi.
Baxışlarını dostlarından qaçırıb canının ufultusundan üz-gözünü turşutdu.
Azərin hələ dünən gecədən bir qurd kimi beynini gəmirən şübhə indi də ona rahatlıq vermirdi. Vüqarın dediklərinə inanmaqda nədənsə çətinlik çəkirdi. Lakin səbrini basır, üzə vurmurdu.
Bir qədər sonra dostlarını yola salıb Azər təkrar Vüqarın yanına qayıtdı. Stul götürüb dostunun yatdığı çarpayının yanına qoydu. Dostu ilə dizbədiz əyləşib zəndlə üzünə baxdı.
– İndi danış görək necə olub. İkimizik burda.
Vüqar söhbətdən yayınmaq üçün özünü o yerə qoymadı:
– Nədən danışım?
– Özüvü gic yerinə qoyma da, qardaşım, yaxçı bilirsən nə barədə danışıram. – Azər istər-istəməz özündən çıxdı. – Gizlətməyə çalışdığın hər nədirsə, ondan.
Vüqar dillənmədi. Azər dostunun sükutundan onun nəyisə açıb-ağartmağı lazım bilmədiyi müəmmanı sezdi. Kimlərisə satmadığını aşkar hiss etdi. Eyni şübhə ilə sual verdi:
– Söhbətə getmişdim dedin. Söhbətə fotoaparatla getmişdin ki?
Vüqar tutuldu. Pərt ifadə ilə:
– Brat, qurdalama da, qurban sənə, kinostudiyadan gəlirdim, – dedi.
Araya tamam sakitlik çökdü. Vüqar bu cavabın Azəri qane etdiyini zənn etmək istədiyi anda yanıldı.
– Sonra. Sonrasını danış.
Vüqar cavab vermək əvəzinə ağrılarının baş qaldırdığını bəlli edən bir ifadə ilə qaşlarını düyünləyib üzünü turşutdu. Beləcə vəziyyətdən çıxmağa çalışdı. Dostunun susmağa davam etdiyini görən Azər isə özündən çıxdı:
– Danış da, ala, bir səsivi çıxart. Heç bilirsən dünən gecədən mən nə haldayam?
Vüqar ağrı-acı içində güclə dilləndi:
– Bəlli olur, yuxusuzsan. Get dincəlginən. Mənə görə narahat olma, atam. Keçib gedər, boş şeydir.
Azər tərs-tərs Vüqarı süzdü:
– Həri? Boş şeydir? Boş şeylərə görə adamı belə ölümcül vəziyyətə saldıqlarını birinci dəfədir eşidirəm.
Vüqar baxışlarını yerə dikdi. Azər onun dillənmək fikrində olmadığını görüb ayağa qalxdı:
– Sən susmağa davam eləginən. Mən onsuz da bunu belə qoyan deyiləm. Araşdırıb yerinə çatacam, əmin ol.
…Xəstəxanadan çıxıb evə gələn Azər qapını açıb mənzilə keçmək istəyirdi ki, bu zaman qapının kandarında ayağının dibində kiçik kağız parçası diqqətini çəkdi. Əyilib götürdü. Qapını qapayıb, kağızda yazılanları dəhlizdəcə nəzərdən keçirdi: “Cənab jurnalist, sənə bir bağlama göndərmişdik, yəqin ki, almısan. Dəqiq belədir, almısan. Nəzərinə çatdıraq, xəbərin olsun ki, dostunu bir balaca sığalladıq, səhvini də ona başa saldıq. Sizə aid olmayan işlərə burnunuzu soxmayın! Elə etməyin ki, studiyanızı başınıza uçuraq! Sən isə… atdığın addımlara hökmən diqqət elə!”
Azər onu sarmış hiddət və gərginliklə kağızı ovcunun içində sıxdı. Aradığı sualların cavabını qapısının ağzında tapacağını güman etməmişdi. Bu, onu bir az da gərdi.
Axşam tərəfi yenidən xəstəxanaya Vüqarın yanına yollandı.
O, palatanın qapısı ağzına çatanda Vüqarın atası Xosrov kişi ilə üz-üzə gəldi.
Dünən gecə valideynlərinə xəbər vermək istəsələr də Ceyhun buna qarşı çıxmışdı. Gecənin bu aləmi ata-ananın övladını belə vəziyyətdə gəlib görməsini məsləhət bilməmişdi.
Azər ədəb-ərkanla salam verib ayaqüstü Vüqarı xəbər aldı. Xosrov kişi pərişan və dilxor halda dəhlizdəki skamyada əyləşdi:
– Hələlik pis deyil, şükür Allahın bu gününə. Amma sabah necə olacaq, onu bilmirəm oğlum. – Kişi sinəsini dağlayan bir ahla köks ötürdü.
Azər sözlərin mənasını göydə tutub baxışlarını yerə dikdi, bilmədi nə desin. Susdu.
Xosrov kişi ürəyini didib-parçalayan şübhə ilə yenidən dilləndi:
– Bu uşağı mən böyütmüşəmsə onun xarakterinə, təbiətinə də yaxçı bələdəm. Ərköyün böyümüş olsa da, heç vaxt davakar, söyüşkən olmayıb, indi bu nə məsələdir belə? Doğrudur dedikləri? Sən necə fikirləşirsən?
Azər baxışlarını qaldırıb tərəddüd dolu baxışlarla kişiyə baxdı. Çıxılmaz vəziyyətdə qaldığını hiss edib sıxıldı. Kişini bundan artıq şübhəyə salmamaq üçün boğazını arıtlayıb:
– Bu barədə danışmağa hələ ki, fürsətimiz olmayıb, dayı, – dedi. – Həkim dedi vəziyyətini nəzərə alın, xəstəni çox yormayın. Bir balaca özünə gəlsün, aydınlaşdırarıq, inşallah. – Azər bunu deyib, gözlərini kişinin gözlərindən qaçırdı, narazılıqla fısıldadı. Elə bu vaxt palatanın qapısı açıldı. Vüqarın anası Mədinə xanım üzgün ifadə ilə dəhlizə çıxdı. Onun vaxtında gəlib çıxması Azəri düşdüyü vəziyyətdən xilas etdi.
Qadın ağlamaqdan qızarmış gözlərini Azərə dikib:
– Allah səni saxlasın, oğlum, yaxşı ki, vaxtında xəbər tutubsan, xəstəxanaya çatdırıbsan, – dedi, yenidən kövrəldi. – Allah səndən dönə-dönə razı olsun!
– Biz qardaşıq, ana, – Azər qadını sakitləşdirməyə çalışdı. – Bu sözlərə nə gərək var?
Qadın ağız dolusu dua eləyib oğlunu və onun dostlarını Allaha əmanət edərək əri ilə birlikdə xəstəxananı tərk etməli oldu.
Onlar getdikdən sonra Azər palataya keçdi. Vüqarın halını-vəziyyətini xəbər aldı:
– Necəsən?
– Canımla əlləşirəm, brat, necəsi var ki?
– Düzələr, səbirli ol. – Azər bunu deyib, bir az əvvəl Mədinə xanımın əyləşdiyi stulda əyləşdi.
Vüqar ağrıların əlində vuruşa-vuruşa:
– Nahaq zəhmət çəkib gəldin, brat, mənə görə dünəndən onsuz da özünü həlak eləmisən.
– Sən məni düşünmə, sağalıb ayağa qalx, iş başdan aşır.
Vüqar canının ağrısına rəğmən gülümsündü.
Azər daha gözləmədi, cibindən çıxardığı kağızı açıb Vüqarın gözləri önünə tutdu:
– Bu nədir? – Vüqar sual yağan nəzərlərini Azərin üzünə dikdi.
– Məhlə uşaqlarından biri qapımın ağzında unudub.
İfadəsi göz qırpımında dəyişən Vüqarın rəngi boğuldu. Kağızda yazılanları nəzərdən keçirib dodaqlarını bir-birinə sıxdı. Qeyri-ixtiyari dünən gecəki o məqamlar gözlərinin önündə canlandı. Qəfildən qarşısına çıxıb dəyənəklə, təpik və yumruqla üstünə tökülüşən, nəfəs almağa, göz açmağa qoymayan bir neçə qoluzorlunun xatırlamağa çalışdığı bulanıq surəti hafizəsində dalğa kimi gedib-gəlməyə başladı.
Onlardan birinin hökmlə dediyi söz hələ də qulaqlarında idi: “Dostlarına çatdır ki, çox zilə qalxmasınlar!”
Bu düşüncələr içində ikən Azərin səsinə özünə gəldi:
– Kim olduqlarını çox güman ki, bilirsən. Neçə nəfər idilər?
– Nəyivə lazım?
– Lazımdır ki, soruşuram da.
– Bulaşma.
– Mən sənə sual verdim, demədim yol göstər!
Vüqar susdu. Daha dinib-danışmaq həvəsində, marağında olmadı.
Bunu belə görəndə Azər yerindən qalxıb qapıya üz tutdu. Qapıya çatanda ayaq saxladı. Geri çevrilib Vüqara:
– Mən bu məsələnin üstündən sükutla keçən deyiləm, Vüqar. Uşaqlar da mənimlə eyni fikirdədirlər, xəbərin olsun, – dedi.
– Məsələni qəlizləşdirmə! – Vüqar əsəbi tonda onun sözünü kəsdi. – Sən məni yox, Arazı düşün! Mən ölsəm də itirəcəyim bir tək canımdır, amma sənin balan var, yolunu gözləyənin var. Onları gözünün qabağına gətir. Bulaşma, dedim!
Bu sözlərin əvəzində Azər tamam başqa söz dedi:
– Sabah görüşərik, inşallah, özüvə yaxçı bax. – Qapını arxasınca örtdü.
Gözlərini dostunun arxasınca dikmiş Vüqar dilxor halda köks ötürdü.
(Ardı var)