Firuzə Davudqızı
***
Ertəsi gün səhər Vüqarın gəldiyini Rəna ona xəbər verəndə Azər tənbəl-tənbəl yataqdan qalxıb əl-üzünə su vurdu. Yarıyuxulu halda gözlərini ovuşdura-ovuşdura həyətə endi.
Atası evdə yox idi. Ondan başqa evdəki hər kəs çarhovuzun yanında açılmış masanın arxasında idi.
Azər bilərəkdən üzünə narazı ifadə verib, səsinin ahəngini dəyişərək qucağındakı Arazı əzizləyə-əzizləyə oynadan Vüqara eşitdirdi:
– Ala, yenə sən? Burda da tapdın məni? İmkan verin yatıb yuxumuzu alaq da. – Başını buladı. – Nolub ala?
Vüqar dostunun zarafatlarına bələd olduğu üçün bu sözləri şirin gülüşlə qarşılasa da, Dilbər oğlunun rəftarını ciddi qəbul edib, heyrətləndi:
– Oğlum, bu nə sözlərdir? Eyib dögül?
– Anam, sən narahat olmaginən. Hamısı mehribançılıqdandır, biz bir-birimizi gözəl başa düşürük. – Vüqar güləş ifadə ilə dedi.
Azər yaxınlaşıb Vüqarın əlini sıxdı. Eyni zamanda da məzəli bir əda ilə:
– Bərəkətə and olsun, bu gecə yuxumu qarışdırmışdım, səni ki gördüm, bildim çin çıxdı, – dedi.
– Azər… – Dilbər narazılıqla oğlunu süzdü.
– Heç ürəyivi sıxmaginən, mən qardaşım balasını görməyə gəlmişəm. – Arazı öpdü.
Azər bir gözü Vüqarda anasına müraciət etdi:
– Buna ki xoş üz göstərdün a, bir ay burdadır, qovmasan gedən deyil.
– O da mənim balamdır da. Gözümüz üstə yeri var. Hər birinin xətri əzizdir mənimçün.
– Eşitdün ala? – Vüqar qürrələnən bir ifadə ilə Azəri süzdü.
– Eşitdim. – Azər stul çəkib əyləşdi. Baxışları qeyri-ixtiyari masanın qarşı tərəfində əyləşmiş Aydana yönəldi. Üzündə xəfif bir təbəssüm dolandı. Gözləri qıyıldı. Astadan, qayğıkeş bir səslə: – Necəsən? – deyə kefini xəbər aldı.
Aydan “yaxşı” mənasında başını yüngülcə tərpədib, gülümsündü.
Anasına və dostuna bəlli etmədən ona göz vuran Azər daha sonra üzünə ciddi ifadə verib təkrar Vüqara tərəf çevrildi. Əlinin işarəsi ilə ona öz yanında yer göstərib:
– Buyur, əyləş görüm. Ərz elə, bilək nöş gəlmisən, – dedi.
Azərdən məhz bu sözü gözləyən Vüqarın gözlərinin içi güldü. Yubanmadan keçib dostu ilə yanaşı əyləşdi. Həvəslə dilləndi:
– Söhbəti açıbsan ki?
– Necə söhbəti? – Azər ilk anda Vüqarın nədən bəhs etdiyini anlamayıb sual yağan baxışlarla dostunu süzdü. Vüqar bir qədər Azərə doğru əyilib astadan:
– Brat, sənün toyunda bir qız vardı. Demişdim axı sənə, – deyə mövzunu onun yadına salmağa çalışdı.
Azər Vüqardan bunu eşidən kimi tutuldu, gözucu Aydanı süzüb, narazılıqla dilini nırçıldatı:
– O söhbəti unut getsün, açmağa dəyməz.
– Nöşün, ala?
– Baş tutan iş deyil. Bildim də gəlişin xeyirliyə olmaz.
– Nəhs gətirmə də, qərdeşimsən.
– Olmaz dedim də. Alınmaz.
– Brat, anam canı deyirəm, fikrim ciddidir. Nöş inanmırsan ki? O qızı görəndən yuxum ərşə çəkilib e… yadımdan çıxarıb ata bilmirəm. Könlümə yatıb da.
Azər çayını içə-içə Vüqara baxmadan laqeydliklə dilləndi:
– Sənin yuxu ilə bağlı onsuz da problemin var, bunu mütləq kiməsə bağlama.
Dilbər Vüqarın oğluna aramsız xahişini, israrını görüb dözmədi. Maraq içində:
– Oğlum, gizlin deyilsə nə problemin var? Mən də sənin anan, deginən, bəlkə bir çarə tapdıq.
Vüqarın rəngi duruldu. Sıxılıb utanmağı bir kənara qoyaraq:
– Subaylığın daşını atmaq istəyirəm, ana, – dedi. Ərkyana bir əda ilə Azərin qoluna vurdu. – Qismət olsa!
– Yavaş ala, qolum sındı! – Azər özü də hiss etmədən ona çəmkirdi. – Qız adı eşidəndə şirə-pələngə dönürsən, nolub, ala!
– Şirə-pələngə dönməli vaxtımdır da, brat. Nöş əsəbiləşirsən? – Vüqar dostunun ona zillənmiş tərs baxışları altında yazıq-yazıq pıçıldadı.
Dilbər xəbərə şad oldu. Üzü güldü:
– Allah xeyirli qismət yetirsün, inşallah! Çox gözəl!
– Qərdeşim qabağa durmur da, bunun nəyi gözəldir, ay ana.
Bu söhbət Azəri açmırdı. Odur ki, dərhal dilləndi:
– Mən sənə cavabdeh olub, belə ciddi məsuliyyət götürə bilmərəm üzərimə. Uzaq ol məndən də, atam, qurban olum sənə.
– Bax da, bax! – Vüqar narazı halda əlini yellədi.
– Azər. – Dilbər iradla oğluna baxdı. Sonra təkrar üzünü Vüqara tutub maraqlandı. – Qız kimlərdəndir, balamsan. Tanıyırıq?
Azər xəbərdarlıq etmək üçün dərhal masanın altından Vüqarın ayağına vurdu. Amma bunu masa arxasında əyləşənlərə bəlli etməmək üçün tamam sakit halda səhər yeməyini yeməyə davam elədi.
Qəfil zərbədən duruxub üz-gözünü turşudan Vüqar narazılıqla dostunu süzdü. Amma susmadı. Ona inad olaraq bəyəndiyi qızın əlamətlərini bir-bir sadaladı, hətta toyda hansı geyimdə olduğunu da vurğuladı.
Azər oğrun baxışla gözucu Aydanı süzəndə onunla baxışları toqquşdu. Aydan Vüqarın Fatimədən bəhs etdiyini onun nağıl etdiklərindən anlayaraq sanki yuxudan oyandı, əlini ağzına aparıb, rəng verib, rəng ala-ala gülümsündü.
Vüqar altı bacının tək qardaşı idi. Ailəsinin oduna qızındığı gözlərinin tək çırağı idi. Onlar Vüqar üçün bu həyatda hər şeyin ən gözəlini arzulayır, üstündə əsirdilər. Bu günədək ona hansı qızı nişan verib məsləhət görmüşdülərsə, Vüqarın hələ ki, könlünə yatan olmamışdı. Amma Fatiməni görən gündən qəlbinin başında bir od qalandığını aşkar sezir və bunu artıq gizlətmirdi.
Azər isə aradan keçən bu müddət ərzində Fatimənin təbiətinə, xarakterinə az da olsa bələd olmuşdu. Bu səbəbdən Vüqarla xasiyyətlərinin tutmayacağını anlayır, Vüqarın “yox” cavabı alıb məyus olmasını istəmirdi. Vüqar isə aylardır dediyindən dönmür, israr edirdi.
Dilbər diqqətlə Vüqarı dinləyəndən sonra ona böyükləri ilə də məsləhətləşməyi tövsiyə etdi.
Mövzunun bağlanması üçün Azər bir daha sözə qarışdı:
– Bir məsləhətim var, brat, incimə də, qurban olum, gəl belə edək də… həmişəlik dost qalaq, həmkar olaq, bacanaq olmasaq da olar.
Vüqar tamam ciddi halda diqqətlə Azəri süzdü. Heç bir söz demədi. Daha sonra üzünü Dilbərə tutub, məqsədli şəkildə:
– Evlənmək dedim, yadıma bir əhvalat düşdü, istəyirəm danışım, icazə verirsinizsə, – dedi. Dilbərdən izn alıb, sözə başladı. – Deməli, bir qız vardı, anam. Son vaxtların söhbətini edirəm a sizə. Diqqətiviz məndə olsun. Azər, yadındadır da Seva. Qonşu binada qalırdı.
Söhbətin birdən- birə bu məcrada davam etməsi Azəri şübhələndirdi. Zəndlə Vüqara baxaraq astadan:
– Xəstəsən sən? – deyə baxışları ilə qınadı, narazılıqla başını buladı.
Vüqar özünü sındırmadı:
– Yox, niyə ki, söhbət edirəm də anamla, – deyib eyni qaydada sözünə davam etdi. – Amma həqiqətən çox gözəl qız idi. Mehriban, sadə.
Azər yerində qurcalandı. Rəng verib, rəng aldı. Oğrun baxışları yenə Aydana zilləndi.
Vüqar bunu görəndə daha böyük həvəslə söhbətinə davam etdi:
– …Güləndə də yanağında bir qəmzəsi vardı ki… Heç unutmaram. Azər, yadındadır da, necə çağırırdı bizi.
Azər ona ünvanlanan bu qəfil sualdan baxışlarını qaldırıb məzəmmətlə dostunun gözünün içinə baxdı.
Vüqar bu baxışların mənasını anlasa da qızın dilindən bir vaxtlar eşitdiyi sözü təkrarladı.
– “Eyy, reportyorlar, yenə hara belə, çəkilişə?”
Dilbər söhbətin gedişindən Vüqarın hiyləsini artıq anlamış oldu. Tənbeh edici nəzərlərlə Vüqara baxdı, gəlini işarə edib, narazı ifadə ilə gülümsündü.
Vüqar ona “narahat olmayın” işarəsi edib:
– Sonra köçdülər o məhlədən, – dedi. Son sözünü bir neçə saniyə sonra xüsusi vurğuladı. – Amma indi də nə vaxt şəhərdə rastlaşsaq səni soruşur, brat…
Sözün bu yerində ağzında çeynədiyi loğma boğazında ilişib qalan Azəri öskürək tutdu. Öskürə-öskürə yerindən qalxıb, yumruğu ilə sinəsinə döyəcləyərək özünə gəlməyə çalışdı. Lakin bacarmadı, rəngi boğuldu. Arada bir tərs-tərs Vüqarı süzdü.
Vüqar gülməyini zorla boğaraq Arazı Aydana verib, cəld ayağa qalxdı.
Dilbər oğlunun əhvalını görüb Rənanı səslədi. Ona su gətirməsini tapşırıb, özü narahat halda oğlunun yanına gəldi.
Vüqar ürəyində pıqqıldayıb gülsə də zahirdə Azərin halına yandı:
– Nə oldu, qərdeşim, sənə? – Bir neçə dəfə onun kürəyinə vurdu. – Bahoo…
Azər hirsindən dişi bağırsağını kəsə-kəsə dodaqaltı Vüqara eşitdirdi:
– Nə əclaf adamsan, ala, sən?
Vüqar bir gözü Aydanın üzündəki ifadəni izləyə-izləyə altdan-altdan güldü. Pıçıltı ilə:
– Elə etməginən də gəlinbacının yanında keçmiş macəralarını bir-bir nağıl eləyim. Vaxtilə necə quldur olmusan, danışım ona. Sonra da görüm necə cavab verirsən, – dedi.
Bu vaxt Rəna bir bardaq su ilə özünü onlara yetirdi. Aydan irəli yeriyib bardağı ondan alaraq özü Azərə yaxınlaşdı. Ört-basdır etməyə çalışdığı qısqanclıqla Azərin gözlərinin içinə baxa-baxa, handan-hana soyuq səslə:
– Buyur, – dedi, bardağı ona uzatdı.
Azərin hazırkı halı yadından çıxdı, canını başqa dərd aldı. Rəngi bir az da tutuldu.
Vüqar bunu görəndə gülməyini ört-basdır edə bilməyəcəyindən ehtiyatlanıb üzünü yana çevirdi.
Azər anasının səsinə özünə gəldi.
– İçginən oğlum, iç. Keçib gedər. – Dilbər oğlunun kürəyini ovuşdurdu. Təkrar iradla Vüqara baxdı.
Vüqar baxışları ilə Dilbərdən üzr istəyib, xısın-xısın güldü.
Sudan bir qurtum alıb zorla udan Azər bir gözü Aydanı, onun əhvalını izləyə-izləyə anasına:
– Keçib getdi, narahat olmayın, – dedi. Bardağı anasına qaytarıb dostunun çiynindən yapışdı. Hiddətlə sıxıb, qanlı-qanlı onu süzdü.
Vüqar bu baxışların əvəzində dilini yenə dinc saxlamadı. Şirin-şirin gülərək:
– Sən batdın, qərdeşim, xəbərin olsun ki, batdın, – deyə baxışları ilə Aydanı göstərib Azərin əlinin altından çıxdı. Və Arazı təkrar qucağına aldı. Uşağın kök budlarından öpüb, dişiylə sıxa-sıxa əzizləməyə başladı:
– Nə dadlı quzudur, ala, bu! Bəh-bəh!
Aydan bu anlarda çayını içirmiş kimi görünsə də, hisslərini cilovlaya bilməyib dodağını gəmirir, fincanı tutmuş barmaqları gərginliklə sıxılıb açılırdı. Azərə tərəf baxmırdı.
Bütün bunlar diqqətindən yayınmayan Azər Vüqara:
– Sən evlənsən a, onda mənə çox sağ ol deyərsən, – deyə baxışları ilə hələ də gülməkdə olan Vüqarı hədələdi. – Darıxmaginən.
Vüqar yenidən pıqqıldadı, Arazı oynatmağa davam etdi.
Bir gün keçdi.
Sabah üçün şəhərə qayıtmağı nəzərdə tutan Azər ailəsini də özü ilə aparmaq məsələsini sözarası valideynlərinə eşitdirdi. Qərarı qəti olduğu üçün cavab belə gözləmədən geyinib evdən çıxdı.
Gün ərzində evə gəlmədi.
Çoxdandır görüşmədiyi uşaqlıq dostları Cəmil Kazımov və Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Telman Həsənovla görüşdü. Bir yerdə oturub yeyib-içib söhbət etdilər.
Vaxtın necə keçdiyini hiss etməyən Azər evə qayıdanda artıq şam yeməyi yeyilirdi.
Anasının sözünü yerə salmayıb masa arxasına keçsə də ac olmadığını bildirdi.
Gəldiyi dəqiqədən atasının durğun əhvalı, qanıqara və fikirli olması diqqətindən yayınmasa da səbəbini sual etmədi.
Az sonra yorğun olduğunu bildirərək otağına keçmək üçün icazə istəyib yerindən qalxdı. Onunla eyni anda masadan qalxan atasının səsinə ayaq saxladı:
– Gəl məninən, sözüm var sənə.
Ənvər bunu deyib, qadınlar söhbətə qulaq şahidi olmasınlar deyə həyətin daha sakit və tənha bir guşəsinə doğru yol aldı.
Azər məsələni anlamaq üçün gözucu anasına baxdı. Lakin sualına bir cavab ala bilməyib ağır addımlarla atasının dalınca yola düzəldi.
(Ardı var)