Firuzə Davudqızı
…Günlər, həftələr ötdü. Bir müddət sonra hamilə olduğumu öyrəndim. Buna əmin olanda xəbəri ilk bilən sirdaşım Dilarə oldu.
Şəhərdə yaşadığımız vaxtlar Səadət xala, o cümlədən Dilarə Azərin tapşırığı ilə məni tək qalmağa qoymurdular. Dilarə demək olar ki, hər gün bizə gəlirdi. Halımızdan çox məmnun idik. Artıq hər gün bir yerdə idik və buna görə kimsədən uzun xahişlər etmək məcburiyyətində qalmırdıq.
Dilarəyə:
– Hamiləyəm – deyəndə o, gözləri böyümüş halda sevincindən içini çəkib şən gülüşlə mənə sarıldı.
– Ayy, inana bilmirəm, bibi olacam, bibi! Həyəcanlandım! – deyə dəli kimi məni öpməyə başladı.
Azər bu gün ezamiyyətdən qayıtmalı idi. Beləcə sevincimə bir sevinc də əlavə olunmuşdu. O gələnə qədər mən həmişəki kimi onun sevdiyi yeməkləri bişirib, Dilarə ilə birlikdə süfrəni belə hazırlamışdım.
Saatlar sonra qapı zəngi çalındı. Öncədən sözləşdiyimiz kimi qapıya Dilarə getdi.
Onun gəlişini duymaq məni həyəcanlandırmışdı, nəinki belə önəmli bir xəbəri vermək.
…Qapı üzünə açılanda Azər Aydanı gözlədiyi halda qarşısında Dilarəni görüb duruxsa da özünü sındırmadı. Hər nə qədər yuxusuz və yorğun olsa da üzünə təbəssüm dolu bir ifadə verib, Dilarənin salamını aldı.
– Axşamın xeyir, – dedi. İçəri keçib, yerindən tərpənmədən dəhlizə boylandı, baxışları ilə Aydanı aradı.
Bu arada çiynindən aşırdığı yol çantasını ondan alan Dilarəyə, onun bu qəribə canfəşanlığına təəccübləndi. Lakin yenə də üzə vurmayıb, ayaqqabılarını soyundu.
– Necəsən?
– Əla! – Dilarə şövqlə dilləndi.
– Soruşmaq eyib olmasın, bacın haradadır? Gözə dəymir.
Dilarə Azərin sualına bilərəkdən cavab verməyib, ondan ayrıldı. Xalası oğlundan əvvəl mətbəxə doğru addımlaya-addımlaya gülümsündü.
Azər salona keçəndə açılmış süfrəni görüb, maraq içində soruşdu:
– Qonağımız olacaq?
– Yox. – Dilarə mətbəxdən cavab verdi.
– Elədirsə, bəs nəyi qeyd edirik?
– Möhtəşəm bir xəbəri.
Azərin fikri qarışdı:
– Nə xəbər?
Salonun qapısına yaxınlaşan Dilarə üz-gözünü turşutdu.
– Səbrin olsun da… Yoldan gəlibsən. Get bir əl-üzüvü yuginən, özüvə gəl.
Azər bir söz demədən vanna otağına keçdi.
Duşu açıb, su şırnağının altında bir xeyli dayanaraq özünə gəlməyə çalışdı.
Suyun yuyub apardığı yorğunluğun əvəzinə varlığına xoş bir yüngüllük yayıldı.
Duşdan sonra futbolkasını əyninə geyinməkdə ikən baxışları qeyri-ixtiyari güzgüyə tuşlandı. Güzgünün səthində dodaq boyası ilə yazılmış yazı olduğunun fərqinə indi varıb, duruxdu. Alnına yayılmış islaq saçlarının ucundan su damlaları süzülə-süzülə “Hamiləyəm” sözünü oxuyanda ifadəsi görünməmiş bir sürətlə dəyişən Azər əlinin bir toxunuşu ilə üzünü sildi, gözlərini sıxıb-açdı. Təkrar, daha diqqətlə, hərf-hərf nəzərdən keçirdi. Əslində gözlərinin onu yanıltmadığına əmin olmağa çalışdı.
Bu an ürəyinin qəribə duyğular içində şiddətlə vurduğunu hiss etdi.
Çiyninə atdığı dəsmalla saçlarını necə silib quruladığını belə bilmədən vanna otağından çıxdı.
Yataq otağına, digər otaqlara və hətta mətbəxə baxıb Aydanı görməyincə təkrar salona gəldi. Qapının kandarında dayanıb, ayaq saxladı.
Aydan Dilarənin yanında dayanıb məhəbbətlə ona baxırdı.
***
…Azərin rəngi-ruhu dəyişmişdi, baxışları bir başqa idi.
– Doğrudur? – deyə həyəcanla üzümə baxdı.
Duyğulanmış halda başımı tərpədib gülümsədim.
İrəli gəldi. Mənə çatanda barmağının işarəsi ilə xalası qızına üzünü çevirməsini xahiş etdi. Dilarə şeytan-şeytan gülümsünüb, onun dediyi kimi etdi.
Azər bir gözü onda, uzun dərin bir baxışla gözlərimin içinə baxdı. Qəfildən belimdən yapışıb özünə çəkdi. Çılğın bir öpüşlə dodaqlarımdan öpdü. Dilarənin yanında bu qədər irəli gedəcəyini ağlıma gətirmədiyimçün çaşıb qaldım. Güc-bəla ilə əlindən çıxıb iradla ona baxaraq baxışlarımla qızı göstərdim. O isə sevinci üzünün ifadəsinə vurmuş halda güldü:
– İlk dəfədir ata olacağım xəbərini alıram da, nə gözləyirdin ki?
Dilarənin onun sözlərinə pıqqıldayıb güldüyünü duyaraq qıza eşitdirdi:
– Azadsan.
Dilarə bu sözə bir az da uğundu. Üzünü bizə doğru çevirdi. Azər onun məsələni anladığını gözəl bilsə də, bilərəkdən üzrxahlıq etdi.
Dilarə şıltaq bir əda ilə:
– Qaqaşım… – deyə Azərə sarıldı. Üzündən öpdü. – Təbrik edirəm!
Razılıq edib qıyğacı məni süzən Azər bəxtiyarlıqla gülümsündü.
Yeməkdən sonra Dilarə eyvanda çay içmək təklifini irəli sürəndə Azər onun sözünü yerə salmadı.
Eyvanda Azərlə yanaşı əyləşmişdik. Xəbəri alandan gözlərinin içi gülürdü. Əhval-ruhiyyəsi yüksəlmiş, rəngi durulmuşdu. Düşündüklərinin təsiri altında arabir fərəhlə köks ötürürdü. Buna diqqət edən Dilarə mənə işarə edərək göz vurub, altdan-altdan gülümsünürdü.
Bir neçə gün idi hava sərin keçirdi. Bu gün də eləcə. Xəzri də bir yandan, üşüdüyümü hiss edib, ixtiyarsız olaraq büzüşdüm.
Heç demə, bu Azərin diqqətindən yayınmayıbmış. Bu məqamda ona çay süzmək üçün mətbəxə keçən Dilarənin çiyninə atdığı ipək şalı gözlənilmədən çəkib götürdü. Qızın çaşqın baxışlarına əhəmiyyət belə vermədən şalı qayğıkeş bir əda ilə mənim çiynimə saldı. Dilarə mat-məəttəl onu süzüb, incik tərzdə:
– Aaa… çox sağ ol da, əcəbdir vallah! – dedi.
Azərin dodağı qaçsa da tamam ciddi ifadə ilə:
– Özünçün də gətir, – dedi.
– Necə?
– Çay deyirəm, süz gətir özünçün də.
– Çox sağ ol məsləhətinçün.
– Dəyməz.
Dilarə çay süzüb geri qayıtdı. Armudu stəkanı Azərin qarşısına qoyub, mənə müraciətlə:
– Görürsən də… – dedi, gözünün ucuyla tərs- tərs Azəri süzdü.
Gülməyimi zorla boğub, gözucu Azəri süzdüm:
– Görürəm.
Azər yerində qurcalanıb sözə qarışdı:
– Nöş inciyirsən ki? Bibi olmaq istəmirsən bəgəm? – Çaydan bir qurtum alıb, eyni ciddiliklə dedi. – Göstər də məharətivi. Bəs bibi neyçündür?
Dilarə hirsli-hirsli Azəri süzüb qaş-qabağını tökdü.
Azər bunu görəndə:
– Başımın bəlası, gəl görüm! – adəti üzrə boynundan yapışıb Dilarəni özünə doğru çəkdi, alnından öpdü.
Azərin bu rəftarından üzündə bir anda güllər açan Dilarənin incikliyi də göz qırpımında yox olub getdi. Körpə uşaqlar tək xalası oğlunun qolunun altına girib, ona sığındı. Mənə göz vurub, səsinə təmtəraq verib, sözləri uzada-uzada şirinlik eləməyə başladı.
– Deyirəm də, qaqaşım məni atmaz. O, məni çooox, lap çox sevir. Axı mən onun şeytanıyam, dəcəliyəm. Çünki mən hələ böyüməmişəm. Hələ cuppulumuz doğulandan sonra qaqaşım bizim hər ikimizi eyni məhəbbətlə sevəcək. Elə deyil? – Altdan-yuxarı Azərə baxdı. – Azik, sənləyəm.
– Elədir. Çünki ayrı yolum yoxdur.
Azərin bu sözlərinə Dilarəni gülmək tutsa da, iradla qoluna vurdu.
Həmin axşam söhbət bu minvalla da davam etdi.
***
…Dilbər xanım bu xəbəri alanda uçmağa qanadı yox idi. Böyük bir həvəslə hələ doğulmamış nəvəsi üçün hazırlıq görməyə başladı. Amma ilk öncə məni gəlib kəndə öz yanına aparacağı təklifini irəli sürdü. Azərlə danışıb onu razı saldı.
…Mən gəlin köçəndən bəri anam yalnız bir dəfə məni görməyə gəlmişdi. O da qayınatamgil onları qonaq dəvət etdikləri gün. O, hələ də baş verənlərlə barışa bilmirdi. Hətta nəvəsi olacağı xəbərini duyanda belə, deyilənə görə, bu xəbəri soyuq qarşılayıbmış.
Beləcə günlər bir-birini əvəz edir, Azər vaxt tapdıqca kəndə, bizə baş çəkməyə gəlirdi.
Hərdən anası sözü zarafata salaraq ona:
– Bax, belə gələrsən indi, – deyirdi. – Əcəb, üzünü görürük.
Anasının sözlərinə dodağı qaçan Azər xəlvətcə mənə göz vururdu.
Günlər bu minvalla su kimi axıb gedirdi.
Ondan ayrı qalmaq mənə çətin olsa da, tablanırdım.
Və beləcə göz açıb-yumana kimi vaxt ötdü, vədə yetişdi. Zamanın necə keçdiyini belə hiss etmədik. Günlər sonra yolunu gözləyən hər kəsə bir dünya sevinc bəxş eləyən oğlumuz dünyaya gəldi.
(Ardı var)