Firuzə Davudqızı
***
…Dünən gecədən biz artıq Bakıdaydıq. Bu gün şənbə idi, Mərdəkana getməli idik.
Azər çantaları maşının yük yerinə yığıb, arxa qapını açdı. Mən əyləşəndən sonra qapını örtüb yubanmadan sükan arxasına keçdi.
Mühərriki işə salmazdan əvvəl yan oturacaqdan götürdüyü qızılgülü mənə uzatdı.
Gülü Azərdən alıb təbəssümlə ona baxdım. Onun razılıqla gülümsünüb oturacaqda yerini rahatlamasını seyr edə-edə gülü qoxuladım. İxtiyarsız olaraq gözlərimi yumdum. Dodaqlarım təbəssümlə doldu.
Bu anda maşın yerindən tərpəndi. Və biz Azərin ata ocağına yola düşdük.
Bir qədər getmişdik ki, səs-səmirimin çıxmadığına təəccüblənib, Azər güzgüdən məni süzərək:
– Orada nə yaman sakitlikdir elə? – soruşdu. – Xeyirdir?
Baxışlarımız güzgüdə toqquşdu. Gözlərim gözlərinə tuş gələn kimi məni saran təbəssümü boğa bilmədim:
– Heç, elə-belə.
– Nə fikirləşirsən?
– Əslinə qalsa, heç özüm də bilmirəm, – deyib, çiyinlərimi çəkdim. Mənim bu cavabıma Azərin özünə xas bir əda ilə dodağı qaçdı. Güləş ifadə ilə sükanı əlinin altında fırladıb, maşının istiqamətini döndərdi:
– Olmadı ki…
Özümü o yerə qoymayıb gülümsündüm, əslində isə düşündüyümü dilimə gətirməyə çəkindim.
Qovuşmuşduq, artıq bir yerdə, bir-birimizə aid idik, lakin ürəyim hələ də nədənsə bərk narahat idi. Bakıya qayıdandan sonra isə bu narahatlıq birə-beş artmışdı.
Etiraf edim ki, qorxur, ehtiyat edirdim. Ağlımıza gəlməyənin başımıza gələcəyindən…
Canım qədər, həyatım qədər sevdiyim insandan ayrı düşməkdən…
Amma bütün cəhdimlə bunu Azərə bəlli etməməyə çalışırdım.
Yol getdiyimiz bu müddətdə güzgüdən onun üzünü görə bilirdim. Üz-gözündən bəxtiyarlıq yağırdı.
Düşüncələrim məni məndən alıb aparmışdı ki, bu an o, əlini arxaya uzadıb əlimi tutmaq istədi. Bir qədər irəli gedib ona yaxın oturaraq mənə uzatdığı əlini tutdum. Azər buna bənd imiş kimi barmaqlarını barmaqlarımın arasına keçirərək əlimi yüngülcə sıxdı. Və dodaqlarına apardı. Gözünü yoldan çəkmədən dönə-dönə öpdü. Baxışlarını çevirib məhəbbətlə gözlərimin içinə baxaraq göz vurdu. Sonra təkrar yola baxmağa davam etdi.
***
…Rəna mətbəxin pəncərəsindən Vüsətin yeyin addımlarla darvazaya tərəf gedib qapıları taybatay açdığını görəndə Azərgilin gəldiyini anladı. İstər-istəməz içini çəkdi.
Azər maşını evin önünə sürüb saxladı. Maşından enəndə Rəna Dilbərə xəbər vermək üçün sevincək salona yüyürdü:
– Xanım, gəldilər! – dedi.
***
İlk gündən Azərin valideynlərinə ata-ana deyə müraciət etdim. Onlar da məni övlad kimi qəbul edib sahibləndilər.
Dilbər xanım evin ən böyük, işıqlı və təmtəraqlı otaqlarından birini bizim üçün ayırmışdı. Yeməkdən sonra məni özü ilə həmin otağa gətirdi.
Mən onun ardınca otağa keçəndə qəribə bir doğmalıq, istilik duydum ab-havasından. Sanki çoxdandır bu evdə yaşayırammış… Qəribə hiss idi.
Baxışlarım qarış-qarış otağı gəzməkdə ikən Dilbər xanımın səsinə özümü topladım:
– Bu otaq artıq sizə məxsusdur, qızım. Yerləşin!
Burada ən kiçik əşyadan tutmuş dolaba, termoya, pərdələrə, gecə lampasına, hətta yataq dəstinə kimi hər şey məxsusi idi, göz oxşayırdı. İnsana rahatlıq bəxş edən bir görüntüsü vardı. Bütün bunlar gözünün ağı-qarası yeganə balasına həyatda hər şeyin ən gözəlini və layiqlisini arzulayan ananın əməyi idi.
Amma bunu təkcə mən deyil, uca olan Allah da bilirdi ki, Azərlə bir yerdə olacağım hər yer mənə onsuz da gülüstan idi. Artığını istəmirdim.
Ürəyimə yatdığını üzümün ifadəsindən oxuyan Dilbər xanım razılıqla gülümsündü:
– Şükür Allahıma ki, bu günü bizə nəsib elədi! Dualarım qəbul oldu! – deyib, köks ötürdü. Qısa aradan sonra xeyir-dua verdi. – Bir-birinizi hər zaman belə dərin məhəbbətlə sevin, dəyər verin, gülüm! Qocalıb, nənə-baba olacağınız günədək ürəkləriniz bir-biriniz üçün dögünsün. – Sonra da güləş ifadə ilə dedi. – Bir etiraf edim də sənə. Mən Azəri heç vaxt, heç kimə etibar edə bilməmişəm. Çünki məndən başqa heç bir qadın onu mənim kimi sevə bilməz, yalnız üzər deyə düşünmüşəm. Bilmirəm nöşün, amma belədir. Yəqin ki, bu onun aman-zaman bir övlad olduğundan irəli gəlib. Bütün sevgimi ona vermişəm. Və həmişə itirəcəyimdən qorxmuşam. Bir gün inşallah ana olarsan, nə demək istədiyimi anlayarsan. Bayaq… sənün ona baxanda gözlərinin necə güldüyünə şahid oldum və öz-özümə “Bu qız mənim oğlumu sevir, həm də bütün qəlbi ilə, ruhu ilə sevir!” dedim.
Sözün bu yerində baxışlarımı yerə dikdim. Dilbər xanım əlini doğmalıqla saçlarımda gəzdirib:
– Azərim sənə əmanətdir! Onun ki əlini tutubsan, heç vaxt buraxmaginən, qızım. Sənə olan sevgisinə bir ömür layiq olginən. Allah xoşbəxt eləsün sizi! – Üzümdən öpüb, otaqdan çıxdı.
Tək qaldım. Həyəcandan yanaqlarım od tutub yanırdı. Bu duyğunun izahını tapa bilmirdim. Bircə onu bilirdim ki, ürəyim az qalır sinəmdən çıxa.
Çantaları otağın tən ortasına gətirib yığdım. Geyimlərimizi dolaba yerləşdirməli idim. Bu zaman açıq pəncərədən içəri vuran meh ruhumu oxşadı. Varlığıma müdhiş yüngüllük gətirdi.
Azər ortalarda görünmürdü. Yəqin həyətdə olar deyə qalxıb pəncərənin önünə keçdim. Pərdəni kənara çəkəndə gözlərim heyrətdən böyüdü. Buradan həyətə gözəl bir mənzərə açılırdı. Ətraf göz gördükcə qızılgül kolları idi. Çarhovuzun yanında isə bir başqa mənzərə vardı. Bir sözlə, möhtəşəm idi.
Vüsət həyətin bir guşəsində ətrafına yığılan göyərçinlərə yem atır, quşlar dənləyirdi.
Valeh olmuş baxışlarla bu mənzərəni seyr edirdim ki, hənirti duyub geri çevrildim.
Azər əlləri qoltuğunda qapıya söykənib, məhəbbətlə mənə baxırdı.
Dərhal yanına getdim. Şıltaq bir əda ilə Azərin boynuna sarıldım.
O isə üzündə təəccüb dolu bir gülümsəyişlə cəld tərpənib qapını arxasınca çəkib örtdü:
– Darıxmırsan ki? – Saçımın bir tutam telini qulağımın ardına keçirdi.
– Qətiyyən. – Baxışlarımı qaldırıb təbəssümlə gözlərinin içinə baxdım. Gördüyüm mənzərədən təsirlənmiş halda gül bağçasını işarə etdim. – Çox gözəldir!
– Begəndün?
– Həm də necə!
– Ata anamçün saldırıb bu bağı. Çünki Dilbər xanım qızılgülləri çox sevir. İlin bütün fəsillərində burada qızılgül görə bilərsən. Ata getdiyi hər yerdən sifarişlə bir növünü gətirdib. Bizim kişi Dilbər xanımı bir balaca ərköyün saxlayıb da. Buna görə naz-qəmzəsi həmişə göylə gedib.
Məmnunluqla onu dinləyib:
– Görəsən oğlu necə, o da mənimçün belə gözəl bağ saldırarmı? – soruşdum.
– Hmm… Maraqlı sualdır. – Azər guya fikrə getdi. Handan-hana: – Sualıvıza belə cavab verim də, xanım qız, o baxır nə qədər çox seviləcəyimə, – dedi.
– Şübhən var ki?
– Şübhə nöşün e, sevilməyimin dərəcəsini bilmək istəyirəm də. – Azər şeytani bir təbəssümlə qıyğacı üzümə baxdı. – Günahdır bəgəm? Bir də ki, mənim bağımın öz gülü var da, bağa nə ehtiyac var ki… – dedi.
– Bu mənim sualımın cavabı deyil. Xahiş edirəm düzgün cavab ver. Sən mənimçün nə edərdin?
Azər tamam ciddi ifadə ilə:
– Bir dəqiqə icazə verginən, indi cavab verirəm, – dedi. Qollarımı boynundan götürdü. Pəncərəyə doğru getdi.
Mən heç nə başa düşməyib, maraq içində onu süzürdüm.
Pəncərəni örtüb, pərdəni öz yerinə çəkdikdən sonra təkrar mənə doğru gəldi və mən ondan cavab gözlədiyim halda o, belimdən yapışıb göz qırpımında məni taxtın üstünə atdı. Çaşıb qalaraq biixtiyar çığırdım. O isə barmağını dodaqlarına aparıb susmağı işarə etdi. Gülməyini zorla boğaraq:
– Əlimdən gələni edərdim! – deyə qulağıma pıçıldadı.
Məni gülmək tutdu. Təkrar boynuna sarıldım. Dönə-dönə o üz-bu üzündən öpdüm.
– Nə qədər çox sevildiyinin dərəcəsini bilmək istəyirdin.
– Elədir ki, var.
– Sənə olan sevgimin tərifi yoxdur. Çünki izah etməkdə acizəm! – deyib güləş ifadə ilə saçlarını qarışdırdım.
– Aydındır. – Məzəli bir ifadə ilə dodaqlarını büzüb, mənimlə həmfikir olduğunu büruzə verdi.
…Həmin gecə ev əhli yuxuda ikən biz Azərlə eyvanda, pilləkənin başında oturub söhbət edirdik.
Özümü onun yanında o qədər xoşbəxt hiss edirdim ki, gecənin bitməsini istəmirdim. Gözlərimdən yuxu axıb süzülsə də, arabir əsnəsəm də, evə keçmək həvəsində deyildim. Bu gözəl gecədə başımızın üstündə sayrışan saysız-hesabsız ulduzlara baxa-baxa:
– Nə qəribədir, bir zamanlar sən də mənimçün bu ulduzlar qədər əlçatmaz idin, uzaq idin. İndi isə yanındayam, əlini tutmuşam, gözlərinə baxıram, sənə toxuna bilirəm, – dedim. Eşq ifadə edən bir baxışla gözlərinin içinə baxıb, qoluna girdim, bir az daha məhəbbətlə ona sığındım. – Əlindən tutmayana kimi nəfəs almırammış, sən mənim nəfəsim oldun. Həyatın var olduğunu səninlə anladım, məni bu həyatdan məhrum eləmə.
Baxışlarımız toqquşdu. Azər həmişəki məğrur baxışları ilə gözlərimin içinə elə baxırdı ki, sanki məni indi kəşf edirdi. İndi tanımağa başlayırdı.
Bu anların sehrində məni dilə gətirən hissin gücü, möcüzəsi ilə qəlbimdən gələn sözləri ondan əsirgəmədim:
– Sən… sən, mənim gerçək olacağına inandığım və heç zaman məni tərk etməyən tək ümidim idin. Çünki taleyin bizi bir gün mütləq qarşılaşdıracağına güclü bir inamla inanırdım. – Gülümsündüm. – Yanılmamışam! Və ömrümün sonuna qədər də yanılmaq istəmirəm. Çünki… çünki səni çox sevirəm! Və sənsiz yaşaya bilməyəcəyimə adım kimi əminəm. Bu sevgiyə xələl gətirə biləcək heç nə, heç kim həyatımızda yer almasın, Azər.
Azərin baxışları məndən yayınıb bir nöqtəyə zilləndi. Gizlətməyə çalışdığı bir gərginlik əks olundu simasında. Bu an onun nə düşündüyü, ürəyindən keçənlər mənə məlum olmasa da, dodaqlarını saçlarıma toxundurdu, busə qondurub, köks ötürdü.
– Səni taleyimə yazan Allaha mən necə minnətdar olmayım ki? – Pıçıltılı bir səslə mənə eşitdirdi.
(Ardı var)