Firuzə Davudqızı
Bağ evində
Zivər səssiz-sədasız divanın bir küncündə əyləşib, ağlamaqdan qızaran gözlərini bir xeyli vardı ki, Salehə zilləmişdi.
Saleh bu anlarda bütün diqqəti ilə fizioterapevti dinləyir, tezliklə ayağa qalxıb normal həyatına davam edə bilmək üçün təyin edilən müalicəyə dəqiq əməl etmək istəyirdi. Oğlunun belə həssas bir məqamında onu üzmək istəməsə də hiss və duyğuları ilə bacarmayan Zivər dolub-doluxsunmuşdu. Özünü ələ verəcəyindən ehtiyatlanıb salonu tərk elədi.
Həkimi yola salandan sonra Saleh şübhə ilə bacısı Gülnara baxdı. Ondan anasının məyusluğunun səbəbini soruşdu.
Gülnar nə deyəcəyini bilməyib başını aşağı salıb susdu. Salehin səsinə diksindi.
– Sual verdim sənə! Nə baş verib?
Gülnar son zamanlarda onsuz da gərgin olan qardaşının qəzəbinə tuş gəlməmək üçün ehtiyatla dilləndi:
– Xəbəri eşitdi, onunçün…
– Nə xəbər? – Saleh hövsələsiz bir şəkildə çəmkirdi.
Gülnar cavab verməkdə tərəddüd edib, dodağını gəmirdi. Bunu görəndə Salehin şübhəsi daha da artdı.
– Nə gizlətməyə çalışırsınız məndən?
– Gizlətmək deyil, əhvalının korlanmasını istəmirəm.
– Xülasə! – Saleh qeyri-ixtiyari özündən çıxdı, qaşlarını düyünləyib əsəblə bacısını süzdü. – Mətləbə keç!
Gülnar çətin vəziyyətdə qaldığını anlayaraq çəkinə-çəkinə yenə qardaşına baxdı. Və üzünün ifadəsini izləyə-izləyə:
– Aydan gəlin köçüb, – dedi. – Rusiyadadırlar.
Salehin ifadəsi bir anda dəyişdi. Rəngi boğuldu. Gülnara bundan artıq davam etməyə imkan verməyib sərt tonda:
– Çıx bayıra, tək qalmaq istəyirəm! – dedi.
– Qaqaş…
– Çıx bayıra dedim! – Saleh bağırdı. Qoltuq ağacını hiddətlə jurnal masasının üstünə çırpdı.
Gülnar qardaşını bu halda görüb dediyinə peşman olsa da daha əlindən bir şey gəlmədi. Məcburən salonu tərk etməli oldu.
Eyvana çıxanda qardaşının eyni tonda xidmətçini çağırdığını duydu.
Onun səsinə yeyin addımlarla özünü salona yetirən xidmətçiyə Saleh onu atların saxlandığı tövlələrin yanına aparmasını əmr etdi. Xidmətçi onun hiddətləndiyini anlasa da bunda şübhəli heç nə görməyib dərhal əlil arabasını hazırladı.
Saleh hələ uşaqlıqdan atları çox sevirdi. Ən sevimli məşğuliyyətlərindən biri də təlim görmüş cins atlar alıb saxlamaq idi. Burada o, evin arxasındakı sahədə xüsusi tövlələr tikdirmişdi. Atlara qulluq etmələri üçün mehtərlər gətirtmiş, həmin əraziyə gözətçilər yerləşdirmişdi.
İş görüşlərində, səfərlərdə əməkdaşlıqdan əlavə dostluq əlaqəsi quran və beləcə onun bu marağından xəbərdar olan bir çox əcnəbi tanışının da Salehə hədiyyə etdiyi atlar vardı burada.
Saleh üçün əsl istirahət atları seyr etmək, yorulanadək at belində gəzmək idi. O, bundan hədsiz zövq alırdı.
İndi isə aldığı xəbərin təsiri altında taxta çəpərlərin arxasında gəzişən atları daxili gərginliklə seyr eləməkdə idi. Əslində nəzərləri onlardan birinə zillənmiş qalmışdı.
Nə düşündüsə, əlinin işarəsi ilə bir qədər irəlidə dayanmış gözətçini yanına çağırdı. Gözətçi yüyürək addımlarla dərhal gəlib Salehin yanında dayandı:
– Buyurun.
Saleh heç bir söz demədi. Heç kəsin, hətta gözətçinin belə gözləmədiyi şəkildə oğlanın belindən göz qırpımında silahı çəkib çıxararaq atlardan birinə iki əl atəş açdı.
Hamı çaşıb qaldı. Atların arasında çaxnaşma düşdü. Bəyaz kəhər ürpərdici bir səslə şaxə qalxıb yerə sərildi.
Gözətçi mat-məəttəl Salehi süzsə də, gördüyü mənzərə qarşısında bir söz deməyə cürət etmədi.
Saleh heç nə ifadə etməyən baxışlarla gözünü yerdə can verən atdan çəkmirdi. Bu anlarda ətrafında ona zillənmiş təəccüb və heyrət yağan baxışları gördüyü və daxilən talan olduğu halda, zahirən soyuqqanlı adam təsiri bağışlayaraq köks ötürdü.
Açdığı atəş çiliklənmiş arzularına son nöqtəni qoymuşdu. Gözlərini yumub sıxdı. Bir xeyli bu vəziyyətdə sükut içində dayandı. Özünü toplamağa çalışdı.
…Gülnar səs-küyü eşidib xidmətçidən nə baş verdiyini xəbər alanda Zöhrab:
– Saleh bəyin bir vaxtlar nişanlısına hədiyyə etmək istədiyi at ki vardı… – Məyusluqla əlavə etdi. – Vurdu!
Gülnar sarsıldı. Gözləri yaşdan pərdələnmiş halda irəli getmək istəyirdi ki, Zöhrab xəbərdarlıq etdi:
– Xanım, getməsəz yaxşıdır. Gərgindir. Bir balaca sakitləşsin.
Gülnar ürəyi qüssədən parçalana-parçalana üzünü çevirib həyətə qayıtmalı oldu. Həyətdə anası ilə qarşılaşdı. Baş verənləri göz yaşları içində anasına nağıl elədi. Onsuz da özündə-sözündə olmayan Zivər bir daha alt-üst oldu. Taleyi üzünə gülməyən oğluna təsəlli verəcək bir söz, yaşadıqlarını ona unutdura biləcək bir çarə aradı, bacarmadı.
Sanki zehni və şüuru iflic olmuşdu. Düşünüb-daşınmaq, bu dərdə bir çarə aramaq iqtidarında deyildi. Gücü yenə göz yaşlarına çatdı. Sonsuz kədərlə skamyaya çöküb baxışlarını bir nöqtəyə zillədi. Leysana dönmüş göz yaşlarını saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladı.
…Saleh onu saran hisslərin cəngindən xilas olmağa çalışdığı anda gözü qarşısında dayanmış və heyrətlə onu süzən gözəl simalı sarışın bir qadına sataşdı. Tutqun çöhrəsi bir az da tutuldu. Dərhal çevrilib tənbeh edici nəzərlərlə gözətçilərə baxdı.
Gözətçilər bu baxışların mənasını anlayıb pul kimi qızardılar. Onlardan biri dili topuq vura-vura izah etməyə çalışdı.
Bu zaman Roza sarsılmış halda dərhal irəli yeridi:
– Bu qəddarlıqdır! – dedi. Gözləri doldu. Titrəyə-titrəyə, qınaq dolu baxışlarla Salehi süzdü.
Onun bu cürətkarlığına daha da gərilən Saleh həddini aşmamasını bildirər tərzdə sərt baxışlarla qadını süzsə də dinib bir söz demədi. Əslində bu anın ona vermiş olduğu gərginliklə dillənmək iqtidarında olmadı. Bunun əvəzinə hiddətlə dodaqlarını bir-birinə sıxmış halda məzəmmətlə gözətçilərə baxdı. Baxışları ilə onlara qadını yola salmalarını işarə etdi.
Gözətçilər buna bənd imiş kimi irəli yeridilər. Rozadan buranı dərhal tərk etməsini tələb etdilər. O isə:
– Mən quldur deyiləm, narahat olmağa dəyməz, – deyə həyəcan dolu bir səslə Salehə eşitdirdi.
Əli ilə alnını ovuşduran Salehin bu sözə acı istehza ilə dodağı qaçdı. Lakin bu cəmi bir saniyə çəkdi.
Roza vəziyyəti belə görüb yubanmaq üçün əlindən gələni etməyə başladı. Eyni məsum ifadə ilə yenidən Salehə eşitdirdi:
– Biz bu yolla keçirdik. – Baxışları ilə arxadakı meşəliyi göstərdi. – Maşında qəfildən problem yarandı. Məlum məsələdir də, sürücünün səhlənkarlığı… gözləməyə səbrim çatmadı. O, maşını təmir edənə kimi istədim ətrafı gəzəm. Atları gördüm… Yaxından baxmaq istəyirdim ki, bunlar görüb müqəssir kimi hüzurunuza gətirdilər. – Gözətçiləri süzüb narazılıqla dodaqlarını büzdü.
Qadının susmaq bilmədiyini görən Saleh hövsələsi daralmış, səbri tükənmiş halda təkrar gözətçilərə baxdı.
Oğlanlardan biri Rozanın öz xoşu ilə getməyəcəyini anlayıb, qadının qolundan yapışdı. Və onu məcburi şəkildə darvazaya tərəf aparmağa başladı.
Həmid Rozaya Saleh və onun xarakteri barədə məlumat verib təlimatlandırdığı üçün Roza onun bu rəftarından qətiyyən təəccüblənmədi. Lakin şikayətini də gizlətmədi:
– Mən atlara baxmaq istəyirdim. Atları çox sevirəm! Başqa niyyətim yox idi.
– Başa düşdüm, xanım. Amma bu heç nəyi dəyişmir. – Gözətçi onun qolunu buraxmadan özü ilə dartıb aparmağa davam etdi. Qapının önünə çatanda:
– Gedə bilərsiniz, – dedi.
– Səmimiyyət bir yana, heç qonaqpərvər deyilsiz. – Roza qolunu hirslə oğlanın əlindən çəkib çıxardı. – Kobud!
Gözətçi onun sözlərinə əhəmiyyət verməyən laqeyd ifadə ilə qapını açıb:
– Buyurun, – dedi.
***
Həmid sürücü qiyafəsində yolun kənarında dayanıb, Rozanın gəlib çıxmasını gözləyirdi.
Nəhayət, Roza yolun qarşı tərəfində görünəndə Həmidin üzü güldü. Gözləri ət görmüş pişiyin gözləri kimi parladı.
Roza yaxınlaşıb ehtiyatla ətrafına nəzər saldıqdan sonra maşına əyləşdi. Həmid onun həyəcanını anlayıb hiyləgər bir təbəssümlə:
– Narahat olmaginən, – dedi. Qapını örtüb, yubanmadan sükan arxasına keçdi. Arxaya çevrilib Rozanın əlini tutdu. Dodaqlarına aparıb busə qondurdu. Baxışlarını qaldırıb razılıqla qadını süzdü. – Mənim göz qamaşdıran parlaq günəşim! Sənə biganə qalan kişinin nəsə ciddi problemi var demək. Çünki qeyri-mümkündür bu gözəlliyə biganə qalmaq. O, hələ necə bir bəlaya düşdüyünü ağlına gətirmir. Qarşında əriyəcəyi günə çox az qalıb.
Roza narahatlığı üzünə vurmuş halda gözlərini süzdürüb əlini hirslə Həmidin əlindən çəkib çıxardı.
– Sən məni hara gətirib, nə cür insanların qarşısına çıxarıbsan, Həmid? Dəhşətə gəldim! Ağlım çaşacaq dedim! Onun nə etdiyini təsəvvür belə edə bilməzsən.
– Buna ehtiyac yoxdur. Mən kənardan sizi izləyirdim. Hər şeyi gördüm. Zakirin oğludur da. Necə xəyal etmişdin ki?
– Ehh… – Roza üz-gözünü turşutdu. – Bu oğlanın yarası dərinə bənzəyir. Bununla dil tapmaq asan olmayacaq. Özü də, maşallah… kobud, sərt və qəddar. Vəhşidir, vəhşi! Bir an düşündüm çəkinməyəcək, bir güllə də mənə çaxacaq. Başı xarabdır, nədir?
– Sakit ol, nə olub sənə? – Həmid təəccüblə Rozanı süzdü. – Özüvü ələ alginən, balaca! Unutmusan bəgəm? Çətin əldə edilən meyvənin dadı bir başqa ləzzətli olur. Darıxdırma özüvü. Necə danışmışdıq səninən? Bütün bacarığını ortaya qoy. Yarasına məlhəm olginən. Yaralı aslanın yarasını sarmaq üçün onu sığallamaq, nəvaziş göstərmək lazımdır ki, çəkdiyi ağrı-acının təsirilə səni parçalamasın.
Roza baxışlarından silinib getməyən qorxuyla yenə köks ötürdü. Daha dinmədi.
Həmid zəndlə onu süzüb, açarı burdu. Maşın yerindən tərpəndi.
Roza pəncərədən yola baxa-baxa Saleh haqqında düşünürdü. “Görkəmindən necə də ona bənzəyir” deyə Azəri nəzərdə tutdu. İztirab içində ah çəkdi.
Çəkdiyi əzabların üzüntüsü ilə oturduğu yerdən bir anlıq kin-küdurətlə Həmidi süzdü.
Bu anlar nəyin bahasına olursa-olsun cızılan planı həyata keçirmək barədə düşünən Həmidin bu baxışlardan xəbəri olmadı.
(Ardı var)