
Mayın 5-i yazıçı, jurnalist, tərcüməçi Məmməd Əkbərin 110 illiyidir. Bu münasibətlə şair Ağa Laçınlının Məmməd Əkbər haqda xatirəsini oxucuların diqqətinə çatdırırıq. Yeri gəlmişkən, mayın 5-i Ağa Laçınlının da doğum günüdür. Məmməd Əkbər 1974-cü ildə 65 yaşında, Ağa Laçınlı 2007-ci ildə 67 yaşında dünyadan köçüb. Ağa Laçınlının Məmməd Əkbər haqda xatirə yazısı ilk dəfə 2001-ci ildə “Yeni Azərbaycan” qəzetində dərc olunub.
Məmməd Əkbər
“Yaddaşa yazılanlar” silsiləsindən
Xalqa başucalığı gətirən gözəl işləri doğma torpaq üzərində özüllənib gələcəyə boylanan bir evə bənzədiriksə, o evin tikilib-qurulmasında bir, beş, ya on kərpic boyu əməyi olan hər adam yaratdığı qənşərində elə o abidənin özü kimi görünməli, tanınmalı, yaşamalı, yad edilməlidi.
Bilirik ki, imperiya illərində imanına qısılan bir çox sənət adamı ideoloji tərəfkeşliyin yolayrıcında qara suçlarnan kirlənəcəyindən qorxub, daha doğrusu, abrına bükülüb ya bir qırağa çəkilmiş, ya da orta-miyana yol seçib az yazmağa, düz yazmağa üstünlük vermişdi. Belələri, sevinci suçnan yoğrulan çalxantılı bir çağın baş qəhrəmanına çevrilmək istəmirdilər. Ona görə də o cəncəlli illərin ağır sifarişlərinə yaxa tutdurmayan, baş qəhrəman olmayan, ya da olmaq istəməyənlərin əməyini gərəyincə dəyərləndirmək bizim yurddaşlıq borcumuzdu. Qaldırılan məsələnin özülünü-özəyini görüb-göstərmək üçün nasir, publisist, çevrimçi Məmməd Əkbər, eləcə də bir çox Məmməd Əkbər kimilərinin yad edilməsi bayaq dilə gətirilən halalca bir borcun yiyəsinə qaytarılması olardı.
Desəm ki, 1965-ci ildə Məmməd Əkbərin də əməkdaşlıq elədiyi “Ədəbiyyat və incəsənət” qəzetində işə götürülmək üçün keçirdiyim sınaq aylarınacan o kişinin adını eşitməmişəm, məni qınamayın. Ola bilər ki, onun ad-soyunu dövrünə qədər daha gözəgəlimli məmmədlərnən qarışıq salmış, kimliyini anışdırmağa fikir verməmişəm. Hər halda Məmməd Əkbəri gec tanımağım mənim şeirdən yana başqa janrları ardıcıl izləyə bilmədiyimdən, az oxumağımdan gələn bir çatışmazlıq idi.
Boynuma alım ki, könlümü şeirə nişanladığım o illərdə mən publisist yaradıcılığa soyuq yanaşır, onu bədii əsərə tay tutmurdum. Düşünürdüm ki, hər adam publisist ola bilər. Yalnız Məmməd Əkbərin yaradıcı tələbləriynən üzləşəndən sonra gördüm yox, yaxşı jurnalist işi də bədii yaradıcılıqdı, onun gerçəkliyə, əyaniliyə söykənən bir qolu, yaxın bir qohumudu. O qələm adamının asanlıqnan həzm olunan ustad tələbləri bir də mənə onu anlatdı ki, Ağa adlı bu şeir dəlisindən ağıllı-başlı bir jurnalist-murnalist, oçerkçi-moçerkçi çıxmayacaq. Bununla belə, o sınaq aylarında Məmməd Əkbər mənə oçerkçiliyi, maket tutmağı, çap makinalarıynan davranış qaydalarını, bir sözlə, qəzetçiliyin aparıcı yollarını öyrədirdi. Onda qəzet rəhbərliyinin “sən get-gəl, er-gec əmrin veriləcək” sözünə bel bağlayıb işə götürüləndən dörd-beş ay öncə fabrik fəhləliyindən can qurtarmışdım. Redaksiyadan bərk yapışdığımı görən mehriban insanlar mənə oturmaq üçün yer də göstərmişdilər. Hələ desən imzalı-imzasız yazılarıma çörək pulu da yazırdılar. Bax, bu ərəfədə mən Yusif Əzimzadəni, Qabili, Sabir Əhmədlini, Əkbər Ağayevi, Əlfi Qasımovu, Ələkbər Ziyatayı, Ənvər Yusifoğlunu, Ayaz Vəfalını, eləcə də Məmməd Əkbəri tanımağa başladım.
Onda elə ilk günlərdən qafiyəli yazılarımın qayğısını Qabil, publisist cızma-qaralarımın nazını Məmməd Əkbər çəkirdi.
Məmməd Əkbərdən söz düşəndə hamı onun 1930-cu illərin sözükeçən, dizibərk, qələmi düzgünlüyə dayaq olmuş bir jurnalist olduğunu dilə gətirir, yaradıcılığına da, özünə də hörmətlə yanaşırdı. O söhbətlərdən üzə çıxırdı ki, ədib “Molla Nəsrəddin”çi kimi də qələm işlədib. Tay-tuşları bəzən onu Əttar Həmzənin oğlu, bəzən də Şadman deyib çağırırdılar. Ondan soruşub öyrənmişdim ki, Şadman yazıçının ilk oçerklər kitabının qəhrəmanıdı. “Əttar” sözüsə atasının əttarlığına işarədi. Məmməd Əkbərin nəsr yaradıcılığını, oçerkçiliyini bəyənənlər onun Çin, bolqar ədəbiyyatından etdiyi çevirmləri də qalacaq bir iş kimi umudnan yada salırdılar.
Məmməd Əkbərsə özündən danışıb özünü dımlamağı-öyməyi heç ağlına gətirməzdi. Yalnız söhbət axarında onun Üzeyir bəy Hacıbəyli, Məmməd Səid Ordubadi, Həbib Cəbiyev, Cəfər Cabbarlı kimi müdriklərnən yaxınlıq elədiyi bəlli olardı. Redaksiyada, iş başında o, əlavə söhbətlərə çox da qoşulmaz, yaddaşının qapalı qatlarını qaldırmaq istəməzdi. Ancaq küçə-bayır yoldaşlığında, ən çox da mətbəədə növbətçi olanda, gecəmi, gündüzmü – işimizi qurtarıb, qəzetin yenicə makina bətnindən düşmüşünü qoltuğumuza vurub üzüaşağı sallananda o, yaddaşını vərəqlər, ata-anasını erkən itirməsindən, yetimçiliyindən, doğmalarının dirildici qayğısından, nənəsi Gülsümdən, şair əmisi Axund Hüseyn Bikəsdən, habelə uşaqlığının çobanlıq illərindən, Naxçıvanın, Ordubadın az, ya da çox tanınmış işıqlı adamlarından ağız dolusu danışardı.
Məmməd Əkbər bütövlükdə yaşadığı illəri iç üzündən tanıyan, gələcəyi görən, bir yazıçı kimi keçmişi də unuda bilməyən insandı. Bu onun xalqçılığından, el-obasına olan hörmətindən, milli dəyərlərimizin yaşamasını, yayılmasını istəməsindən irəli gəlirdi. Əmisi Məmməd Səid Ordubadidən söz düşəndə onun
Afaqı Rövşən eylədi ahım şərarəsi,
Yandım ki, yandı çərxdə bəxtim sitarəsi.
Əl vurma şişə könlümə, sınmaq xəyalı var,
Sınsa kəsər o nazik əli şüşə parəsi –
kimi dəyərli misralarını aydın-açıq həzinliklə dilə gətirərdi. Özü deyirdi ki, oğlu Rövşənin adını əmisinin yuxarıda misal göstərilən şeir bəndinin birinci misrasından götürüb. Haman misranın “afaqı” sözünüsə bir dostunun dünyaya yenicə göz açmış qız balasına “Afaq” şəklində ərməğan edib.
Məmməd Əkbər bütün yaxşı adamlar kimi olduqca ailəcanlıydı. And içəndə üç balasının adını çəkib “Rövşənimin, Gülşənimin, Səidəmin canı üçün” deyərdi. Bu and onun edib-etməyəcəyi hər hansı bir işin möhürüydü, sözünün dəyişilməzliyinə qoyulan polad nöqtəydi. Aylığını alanda pulu sol əlinin ovcuna qoyar, bir az keçmiş-keçməmiş kefi kök halda “Mən rəftəm” deyib evə tələsərdi. “Qoca, o puldan bir az qatta gizlənc cibişdana qoy, hamısını evə göstərmə” töyürlü atmacamıza zəhmli zarafat baxışı tullayar, bizi güldürər, özü gülümsüyər, tez də ciddiləşər, “Yox, yox, yalan kişinin çöl oyunudu, evi aldatmaq olmaz” cavabını verərdi.
Məmməd Əkbər bir nasir kimi xalq diliynən ədəbi dili əlaqələndirə bilirdi. Sözü duyurdu. Yerinə düşməyən deyimləri gödəklikdə-ortaboyluqda bir az da özünə bənzəyən karandaşnan qapazlayıb dəyişirdi. Redaktəni amansızcasına bacarırdı. Bir də görürdün makinada yazdığı bir oçerkin, bir məqalənin bütöv vərəqlərini hamanca ucu nazik qəddənmiş gödəcik karandaşnan boya-boy pozub cızıq-cızıq elədi. Niyəsini soruşanda deyirdi söz sənəti xılt götürmür. O, sözün sıxlığına, kipliyinə də üstünlük verir, nədən yazır yazsın, qələminin urvatdan düşməsinə yol vermirdi. Bəyənmədiyi əsəri üçqat-beşqat bahasına belə ona çevirtdirmək baş tutmazdı. Jurnalist kimi uzun bir yol keçən Məmməd Əkbər ölkəiçi qaynar işlərdən, ikinci dünya savaşından, Güney Azərbaycanın inqilabi işlərindən mövzular işləmiş, qələmini dövrünə borclu qoymamışdı.
Yadımdadı, savaş illərində Rostov, Donbas, Mozdok kimi yerlərdə olduğunu deyirdi. Danışırdı ki, o döyüş bölgələrinin birində Səməd Vurğunun başçılığıyla görüşlər keçirir, yeni yazılar üçün materiallar toplayırdıq. Bir kəndin yanından keçəndə hind toyuğu otaran bir qarıynan qarşılaşdıq. Bunu görən Səməd pul çıxardıb qadından xahiş elədi ki, toyuğun ətlisindən-cannısından bir-iksini onlara satsın. Qadın bildirirdi ki, ona pul sərf eləmir. Mümkünsə, ya çörək, ya da paltar versinlər. Onda Səməd Vurğun o ağbirçəyə bir əlcə çörək bağışladı. Yol yoldaşımızın bir səliqəlisinə üz tutub dedi ki, ayə, a filankəs, görmüşəm sənin o gobbuş çamadanında üç-dörd köynək-möynəyin var, onun birini ver, bu canıyanmış toyuqlardan alıb çəkək şişə. Məmməd Əkbər danışırdı ki, o adam Səmədi eşitmədi. Onda Səməd kiminsə boynu sürtülmüş gödəkcəaltı köynəyini əyninə keçirib, özünün təptəzə, yaraşıqlı köynəyini verib ev quşundan ikisini aldı. Yemək qabağa gələndə o yolagəlməz yoldaşımız bir az aralıda yerə dirsəklənib barmaqlarıynan ot qıçalayırdı. Səməd onu dönə-dönə çağırdı süfrə başına. Gördü sözü keçmir. Onda ona sarı ayaqlanıb and içdi ki, ayə, əgər gəlib biznən çörək kəsməsən bu dəqiqə süfrəni sovuracam yala-yamaca. Məmməd Əkbər gülüb deyirdi ki, Səməd də Səməd idi də, axır ki, o inadcılı süfrə başına oturda bildi.
Məmməd Əkbər yaxşılığı tez görən, unutmayan, özünə örnək eləməyi bacaran yaxşı bir insan idi. Deyirdi ki, Süleyman Rüstəmin “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru kimi ona etibar edib inandığına görə əzaba qatlaşıb bəzən qəzetin bütün işini öz boynuma götürür, necə olsa da öhdəsindən gəlirdim. Deyirdi ki, bərk ayaqda bir adam bir qəzeti təkcə hasil edib üzə çıxarda bilər. Deyirdi ki, jurnalist düzünü yazmaq üçün şifahi yalan danışmağa, hücumlardan qorunmağa, bütün çətinliklərə baxmayaraq ordan əkilib axırda ancaq düzünəqulu yazmağa ixtiyarlıdı. Bütün bu öyüdləmələr Məmməd Əkbərin xalq işinə can yandırmasından qaynaq götürürdü.
Onun xalq dostlarına ayrıca hörməti vardı. Hə, hə, doğrudan da beləydi. Yadımdadı, bir dəfə o, qapını kip örtüb redaksiyanın günortalaşmağa getməyən işçilərinə hansısa Məmməd Əmindən danışırdı. Sözün dadlı yerində 1937-ci illərin başyemişlərindən biri girdi otağa. İraqqazı-iraqqazı keçib oturdu boş yerlərin birində. O qələm adamının gəlişi hamını kiritmişdi. Necə deyərlər, elə bil qurbağa gölünə daş atılmışdı. Mənsə donuxub qalmışdım. Düşünürdüm ki: “Nə deyir bu kişi? Hansı Məmməd Əmin Azərbaycanın qurtuluş yolunu təyin edib? Hansı Məmməd Əmin demokratik quruluş yaradıb? O hansı Məmməd Əmindi ki, qalaq-qalaq kitab yazıb? O hansı Məmməd Əmindi ki, onsuz Azərbaycanın gələcəyi yoxdu?..” Bütün bu ani düşüncələri elə ordaca, o dəqiqələr çərçivəsində bilməməzliyə calayıb soruşdum ki: “Ay Məmməd Əkbər müəllim, niyə sözünüzü yarımçıq qoydunuz? Danışın görək kimdi o Məmməd Əmin? Haralıdı? Daha nələr eləyib?”. Sualıma çəpəki baxan başıçəkmiş bir siqar yandırdı. Dedi ki, ay oğlan, nəyinə gərəkdi o Məmməd Əmin, onu tanımasan da olar. Uzaq bölgədə yaşayan bir qafiyəpərdazdı. Arağı misralarından dadlıdı. Bu tapmacatöyür danlaqdan sonra, o, məni dəniz qırağına çay içməyə apardı. Yolda qəlyanaltıya döngə verməyimi duyub razı olmadı. Gördü əl çəkmirəm, iki lumu aldırtdı. Çay çavıstanına bir az qalmış ağaclıqdakı adam seyrəkliyində bayaqkı Məmməd Əminin kimliyini – yəni Məmməd Əmin Rəsulzadə olduğunu bir çox-çox işlərdən halı olmayan, onacan heç Məmməd Əminin də kimliyini bilməyən bir kəndçi balasına anlatdı. Saatdan artıq çəkən o ayaqüstü söhbətdə mənim ona keçib masa arxasında oturmaq dəvətimi eşidən Məmməd Əkbər ata ərkiynən cavan dostunu bir balaca danladı. Onun sözləri hələ də qulağımda səslənir:
– Oğlan, sən haçanacan belə sadədil olaraq qalacaqsan? Çayçıda belə söhbətləri eləmək olmaz. İyçəkənlər orda daha çoxdu. Mən heç. Mənim ələyim ələnib, xəlbirim göydə fırlanır. Sənin gələcəyin var. Özünü qorumağı da bacarmalısan axı…
Bir yerdə işlədiyimiz illərdə Məmməd Əkbərdən onun imkanı çərçivəsində olan qayğıkeşliklər görmüşəm. Ağsaqqal iş yoldaşımın canyananlığı arabir kağıza hopub, yazılı şəkildə özünü göstərirdi. Yadımdadı, bir dəfə mətbəədə qəzetin oxuculuq işini qurtarıb redaksiyaya qayıdanda gözüm adıma ünvanlanmış, saxlancımda indi də saxlanan məktuba sataşdı. Zarafatyana şişirtmələrnən mənim üçün dilədiklərini dilə gətirən yazıçı yazırdı: “Ya Ağa Laçınlı! Laçından qohumların gəlib, 2 qoyun, 150 toyuq gətiriblər”. Ata dualamasıynan sonluqlanan həmin məktubdan götürülən aşağıdakı sözlər Məmməd Əkbər ürəyinin aynasıdı elə bil: “Allah səni əvvəl mənzilli (onda mən Çəmbərəkənddə kirayəşin kimi yaşayırdım), sonra da oğullu-qızlı etsin. M.Əkbər. 4 aprel, 1968-ci il.” Özüynən lap yanaşı, çiyin-çiyinə oturanda da arabir ondan məktub alırdım. Mənə sarı iki-üç qarış yol gələn bu məktublar ən çox iclas gedə-gedə kiminsə yerli-yersiz məni topa tutduğu anlarda yazılırdı. Onda Məmməd Əkbər qarşısındakı vərəqin qulağına “Dinmə” kəlməsini cızıb o birsözlü məktubu gözümün önünə itələyir, bu gedişlə edişmənin qarşısını alırdı.
Qanqaraldıcı iclas qurtaran kimi Məmməd Əkbər: “Gədə, ayılmaq təhlükəsi var, mən rəftəm” deyib özünün xərabatilik guşənişinliyinə çəkilirdi. Onun badəsevərliyi nə özünə, nə başqalarına əskiklik gətirirdi. Hərdən özünü bilməməzliyə vuran bu yaxşılıq yapıcısı hər sözün, hər işin, hər adamın yerini bilirdi.
Məmməd Əkbər şəxsi dostluqda çox inamlı-ilqarlıydı. İş yerinə onu görmək üçün gələnlərdən yadımda qalan ən çox Cabbar Məcnunbəyov, bir də Əlağa Vahid olub. Cabbar kişiynən ara-sıra sənətdən, Avropada yayılmış publisist ədəbiyyatın bədii yük daşımasından, Amerikaya gəldikdəsə Ernest Heminqueydən, onun publisist yaradıcılığından danışardılar. 1965-in ölümqabağı aylarında Vahid redaksiyada daha sıx-sıx görünərdi. Gələn kimi də:
Həm hörmətlisən, həm adlısan,
Dostum, heyf ki, Ordubadlısan –
misralarını günün görüşünə başlanğıc edib oturardı Məmməd Əkbərin yerində. Böyük qəzəl ustası qarşısına qoyulmuş çayı qurtum-qurtum içər, damağında qəlyan gözünü aşağı dikər, elə bil qarşısında duranın üzünə baxmağa ərinərdi.
Növbəti gəlişinin birində kiminsə armudu istəkanında ustad qəzəlçinin qarşısına xoruzpipiyi çay qoydum. Düşündüm ki, adı dillərdə dolaşan şairdən aldığım sağolu onunla usta-şagird bağlılığı yaratmağa başlanğıc edərəm. Çayı qarşısına qoyanda şair nə istəkana, nə də onu gətirənə baxdı. Mənsə söz güləşdirirmiş kimi dilavarlıq edib: “Allahın bəxtəvər şairi, barı bir başınızı yuxarı qaldırın, görün kimdi bir oğul kimi qulluğunuzda duran” sözlərini niktəli bir qırımda səsləndirdim. İndi olmasın, onda Vahid andırıcı bir baxışnan məni süzdü. Cavabında dedi ki: “Ömrümdə hələ bir dəfə də olsun ürəkdən sevinməmişəm, Allah səni də mənim təki bəxtəvər eləsin”. Vahid bu sözləri deyib istəkanı itələdi o yana. Özü də durub içəridən çıxdı. Başbilənlər “sən neylədin” deyib məni dilucu danladılar. Başa saldılar ki, barı axşam get evinə, ondan üzr istə. Yoxsa ki, çox çəkməz olarsan yeni bir həcvin baş qəhrəmanı. Mən də özümü sındırmayıb bildirdim ki, yazar yazsın, heç bir həcvi-məcvi cavabsız qoyan deyiləm. Doğrusu, belə desəm də bir balaca çəkindim. Ünvanı soruşdum ki, işdən sonra gedim üzrümü diləməyə. Onda Məmməd Əkbər məni arxayın saldı ki, heç hara gedib eləmə. Özün də nigaran qalma. “Mən Əlağaya deyərəm, aranız durular”. Belə də oldu. Ancaq redaksiyanın zarafatcılları Məmməd Əkbərə irad tutdular ki, eh, sən də sağolmuş, yaxşıca sonluğu gözlənən bir oyunun belə tez tamamlanmasına vayis oldun. Yeni lətifə-gülməcələr marağında olan qələmdaşlarına çəpəki baxıb insaflı-insaflı gülümsünən Məmməd Əkbər dedi ki, gədə, bə neyləməliydim? Sözünün sümüyü bərkiməmiş bir yeniyetmə o qoca məsxərəçinin qarşısında dözüş gətirə bilməz axı.
Doğrudan da Məmməd Əkbər kişinin sözü öz gücünü göstərdi. Növbəti gəlişdə ustad qəzəlçi boynu qısıq, dodağı titrək salamımı aldı. Dil tərpədib hardan, kimlərdən olduğumu da soruşdu. Bu yarımçıq macəradan sonra mən də gördüm ki, Əlağa Vahid doğrudan da Məmməd Əkbəri çox istəyir, uca tutur, onun yolunu saxlayır. Məmməd Əkbər də Vahidin xətrini çox istəyirdi. Onun urvatını qaldıracaq olayları söhbətinin gözünə qatırdı. Hardansa tanıdığı bir keçmiş döyüşçünün dilincə danışırdı ki, Mozdok-Rostov tərəflərdə qızğın döyüş gedən qarlı-çovğunlu günlərin birində soyuq səngərin buz beşiyinə sığınmış bir neçə azərbaycanlı əsgər orda toz-torpaq içində Vahidin qəzəllər kitabını görür. Kitabı əsgərlərdən bir əldənitisi çalıb götürür. Başqa bir əsgərsə acıqlanıb deyinir ki, bəs o qəzəllər toplusunu hamıdan öncə mən görmüşəm, mənim də olmalıdı. Gərgin ağızdaşma-edişmə gəlib ora dirənir ki, iddiaçı əsgər eloğlusunun üstünə yaraq tuşlayıb, qəzəl kitabını istəyir; üstəlik hədə gəlir ki, dediyi yerinə yetirilməsə tətiyi çəkəcək. Bunu görən yaşlı zabit işin içindən iş çıxacağından qorxub qəzəl toplusunu səhifə sayına görə iki yerə bölür, hər yarım kitabı şeir sevənin birisinə bağışlayır. Məmməd Əkbər bu olayı danışanda “Şair belə olar ey” sözlərini xoş nidalı bir avazla dilə gətirirdi.
Görünür Vahidlə Məmməd Əkbərin arasından su keçməməyin başqa pozulmaz çalarları da varmış. İş bundadı ki, insan kimi hamının könlünü almağı bacaran Məmməd Əkbər yaxşı yenilikçi-nasir olmaqdan savayı klassik şeiri dərindən duyan, dəyərli seçmələri, şah beyitləri-bəndləri əzbərdən söyləyən, rəmzilikləri yerli-yataqlı qıçalayan, oturuşundan-duruşundan nasirdən çox şairə oxşayan, yanılmıramsa, hecadan öncə əruza üstünlük verən bir söz bilicisi, bir sənət ustasıydı. Əlağa Vahidnən Məmməd Əkbəri elə bil tale özü biri-birinə tuş gətirmişdi. Əgər biz “hər kip, tüküiçəri adamın da bir sir yeri var” anlayışını yada salsaq duymalıyıq ki, Məmməd Əkbər Əlağa Vahid üçün göydəndüşməydi, məhrəmidi, əvəzsizidi. Vahid kimi dövrün əzablarını ürəyində çəkən bir şairin şəxsi giley-güzarını, etiraz pıçıltılarını Məmməd Əkbər kimi inam qazanmış qədirbilən eşidər, könül düyünçəsində saxlar, Məmməd Əkbər kimi dünyagörmüş onun ərklərini götürə bilərdi. Bundan başqa, Məmməd Əkbərin qanarlı adamlarnan keçən söhbəti şeirnən başlanar, şeirnən dolğunlaşar, şeirnən dirəklənər, şeirnən sonluqlanardı. Əmisindən savayı, o, Mirzə Ələkbər Sabirin
Seyli-tən öylə təməvvüclə alıb bəhrü-bərim,
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar,
Vahidin
Eşşək ol, eşşəklik et, eşşəkliyin əyyamıdı,
Kim ki eşşəkdi bu gün, bayram onun bayramıdı,
Ordubadinin
Fəqiri bəxtəvərəm, şairəm, zəbərdəstəm,
Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm,
Həqiqət əhliyəm, hər eybdən mübərrayam,
Cahan kimin olur olsun, mən özgə dünyayam –
bəndlərini elə canı-dildən deyirdi ki, o misraları eşidənin də yaddaşına hopurdu. Düzdü, Məmməd Əkbər kişi Məmməd Səid Ordubadinin misralarında özünə xoş gələn dəyişiklik də etmişdi. Yəni misal çəkilən misralarda “şairəm” sözü “laübaliyəm”, “zəbərdəstəm” – “məstəm”, “sərbəstəm” – “sərməstəm”, “cahan kimin olur olsun” – “əgər dağılsa bu dünya” deyimləriylə əvəzlənmişdi. Ancaq bu dil sözdəyişmələri şeirin axarını pozmamış, onu məzmun məcrasından çıxarmamışdı. Sadəcə, o dəyişikliklər Məmməd Əkbər müəllimə sərf edirdi. Bir də bütün bunlar Məmməd Əkbərin öz əqidə dostlarını yad eləmək, yada salmaq, sevdirmək üslubuydu. Bütün bunlara görə uzun illər axarında tanıdığım, öz geniş ürəyinin işığında pisdən çox yaxşını görən, özündən kiçikləri qayğıynan öyrədən, özündən böyüklərin yolunu saxlayan, kül-külfətini canından çox istəyən, dost adını and yeri bilən, yurduna azadlıq, xalqına xoş günlər arzulayan, sənət yolunda əlindən gələni əsirgəməyən yazıçı-jurnalist Məmməd Əkbər mənim də ürəyimdə özünə yer tapa bilibdi.
Ağa Laçınlı
“Yeni Azərbaycan” qəzeti,
03.10.2001-ci il