Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Seymur Kazımov
Azərbaycanın dövlət qurumlarının əksəriyyətinin media və ictimaiyyətlə münasibətləri peşəkarlıqdan çox uzaqdır. Bu vəziyyəti özləri yaradıblar. Mətbuatdan qaçmaqla, jurnalistlər arasında ayrı-seçkilik etməklə, bəsit bir suala cavab verməmək üçün süründürməçiliklə məşğul olmaqla… siyahını uzatmaq da olar. Sonda mediadan qaçan, ona xor baxan mətbuat katibi və onun rəhbəri çıxıb jurnalistləri qeyri-peşəkarlıqda ittiham edəndə, onların mövqeyini dərc etmədiyinə görə günahlandıranda ortaya vahiməli tablo çıxır.
Mətbuat katibləri bəzən media ilə münasibət qurmaqdan çox təmsil etdikləri qurumu və onun rəhbərini mediadan gizlətməklə məşğul olurlar.
Mətbuat katibi rəsmi şəxsdir, o yalnız təmsil etdiyi qurum haqqında məlumatları bölüşə bilər. Onun şəxsi fikri, mülahizəsi, jurnalistləri və ictimaiyyəti nədəsə qınaması yolverilməzdir.
Mətbuat katibi jurnalistlərin qanunla müəyyən edilmiş hallarda informasiya əldə olunması hüququnun əsas təminatçısıdır. Təbii ki, yalan danışmamaq şərtilə. Çünki qısa zamanda hər şey üzə çıxır və bununla da həmin mətbuat katibinin “səyləri” nəticəsində təmsil etdiyi qurumun nüfuzu zədələnir, əgər bunadək zədələnməyibsə.
Ola bilsin ki, mətbuat katibi yaxşı kommunikasiya qurmağı bacarır, amma onun təsir etmək və inandırmaq qabiliyyəti yoxdur. Sözlər əməllərdən fərqlənməli deyil. Mətbuat katibinin qeyri-peşəkarlığı dezinformasiyaların geniş yayılmasına səbəb olan əsas haldır. Sonra bu səhv məlumatlar sosial mediada tirajlanır və böyük ajiotaja səbəb olur. Mediaya ötürülən mesajda əks olunan məlumat real faktlara söykənməlidir. Mətbuat katibinin qarşısında duran vəzifə həm də budur: hədəf auditoriyam kimdir və hansı əsas fikri çatdırmaq istəyirəm?
Mətbuatdan qaçmaq lazım deyil, heç məsləhət də deyil. Əksinə, xüsusən də böhran vəziyyətində mediaya maksimum dərəcədə açıq olmaq lazımdır. Bu, sizin təmsil etdiyiniz təşkilata olan inamın itirilməsinin qarşısını alacaq. Mətbuat xidməti KİV anlayışına daxil olan bütün informasiya daşıyıcıları ilə əlaqələrin qurulmasına, inkişaf etdirilməsinə, hətta qorunmasına cavabdehdir. Amma iki cür auditoriya var: reportyor və cəmiyyət. Hər ikisi fərqlidir, yalnız mesaj hər ikisinə eyni anda çatmalıdır. Reportyordan qaçmayın, ona informasiya verin, o da həmin informasiyanı cəmiyyətə çatdıracaq.
Təsəvvür edək ki, mətbuat katibi yalan məlumatı ötürür, qarşısındakı jurnalist də bir balaca naşıdır, həmin yalanı cəmiyyətə yönəldir. Bəzən cəmiyyət söydüyü, tənqid etdiyi, hətta təhqir ünvanladığı obyekti özü görmür, jurnalistin “gözləri ilə görür”. Jurnalist ona verilən informasiya ilə ictimai rəy formalaşdırır.
İkincisi, etiraf edək ki, əksər jurnalist “xaltura” edir. Belə ki, o, əlindəki materialı vaxtında çatdırmalıdır. Bu gün tapşırığı bitirməsə, sabah üçün o mövzu aktuallığını itirəcək. Biz publisist deyilik ki, işimizi növbəti dəfəyə saxlayaq. Məlumatı vaxtında verin.
Üçüncüsü, rahat kabinetdə əyləşən mətbuat katibi “səhra şəraitində” işləyən jurnalist kimi reallığı görə bilməz. Media mənsubları sizdən fərqli olaraq, insanların arasındadırlar. Jurnalistika yeganə peşədir ki, ictimaiyyətlə hakimiyyət arasında körpü rolunu oynayır. Körpünün dayaqlarının möhkəmliyi isə onu vaxtaşırı yeni, dolğun məlumatlarla təmin etməkdən ibarətdir. Birtaniyalı jurnalist Devid Rendall deyib: “Jurnalist yer üzündə ən əməksevər tənbəldir”. Onlar xaos ortamında hərəkət edir, riskə gedir, gizlin qapıları açır, xəbər toplayırlar. Jurnalistika yalnız gözəl yazmaq qabiliyyəti deyil. Peşəkar jurnalistin informasiya mənbəyi də çox olur, odur ki, istənilən məlumatı almaq və dəqiqləşdirmək onun üçün çətin deyil. Pulitser mükafatı laureatı, amerikalı jurnalist Hübert Nikerboker demişkən, “əgər bir yerdən çıxmağa cəhd edən yüz minlərlə normal insanı görürsünüzsə və bu zaman onlara doğru bir dəstə psix gedirsə, bilin ki, bunlar reportyorlardır”.
Amma işini bilən vicdanlı mətbuat katibi də informasiya mənbələrindən biri ola bilər.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik