Seymur Kazımov
İnternet, sosial şəbəkələr indiki halda Azərbaycanda alternativ media platformasıdır. Klassik mediadan fərqli olaraq sosial mediada məlumatlar daha maraqlı, rəngarəng və düşündürücüdür. Amma zaman-zaman interneti də insanlara, əsasən bitərəf jurnalistlərə çox görürlər. Qanunlar sərtləşdirilir, cəzalar sürətlə artırılır. Sosial medianı tam inhisara almaq uğrunda “mübarizə” davam edir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Milli Məclisə təqdim etdiyi 2017-ci il üçün illik məruzəsində sosial mediadan istifadənin hüquqi tənzimlənməsini təklif edib. Məruzədə sosial şəbəkələrdə özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadələrin işlədilməsi, habelə audio, video görüntülərin yayılması hallarından bəhs olunur.
Yəqin xatırlatmaqda fayda var ki, ombudsmanın verdiyi təklif illər öncə qanunvericiliyə salınıb, üstəlik, cinayət məsuliyyəti də nəzərdə tutulur.
Əslində Azərbaycanda internet istifadəçiləri 2013-cü ildən ictimai formada təhqir və ya böhtana görə cinayət məsuliyyətinə cəlb oluna bilər. 2016-cı ildə Cinayət Məcəlləsinə edilmiş daha bir əlavədə internet informasiya ehtiyatında böhtan yaymağa görə 4 cür cəza müəyyənləşdirilib: 1000-1500 manat cərimə və ya 240-480 saatadək ictimai işlər, yaxud 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə. Paralel olaraq İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib və sözügedən pozuntuya görə inzibati həbs müddəti 15 gündən 3 ayadək artırılıb.
Təbii ki, Azərbaycanın media və sosial media sferasında adına “tənzimləmə” deyilən proses əslində məhdudlaşdırma ilə nəticələnir və indiyədək bu mənfi nümunəyə kifayət qədər şahid olmuşuq.
Azərbaycanın qarşısına diffamasiya haqqında qanunun qəbul edilməsi tələbinin qoyulduğu anda belə bir dəyişikliyin edilməsi də ciddi müzakirə mövzusu olub. Yəni diffamasiya qanununun qəbulundan sonra Cinayət Məcəlləsindəki böhtan və təhqir maddələrinin qüvvədən düşəcəyi gözlənilirdi. Hökumət diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyi təkmilləşdirməyi öhdəsinə götürmüşdü. Bunun üçün hətta “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı” da hazırlanıb.
Hakimiyyət o vaxtdan bəri ən yüksək səviyyələrdə bəyan edir ki, Azərbaycan cəmiyyəti bu qanunun qəbuluna hazır deyil. Arayış üçün qeyd edək ki, keçmiş sovet ölkələrindən yalnız ikisində – Azərbaycanda və Belarusda jurnalistlərə qarşı böhtan və təhqir maddələri tətbiq edilir.
Medianin internet məkanında üzləşdiyi məhdudiyyətlər bununla yekunlaşmır. 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş əlavə Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinə məhkəmə qərarı olmadan media resursunu bağlamaq hüququ verib. Həmin ilin mayında bu prosesin davamı olaraq “KİV haqqında” qanuna da əlavələr edilib və internet rəsmən KİV hesab olunub. Bununla internet üzərindən fəaliyyət göstərən media resursları da müvafiq nazirliyin hədəfinə yönləndirilib.
Beləliklə, Azərbaycanda KİV və internet sahəsini tənzimləmə hər zaman jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib. Sosial medianın tənzimlənməsi təklifi də bu fəaliyyəti məhdudlaşdıran addım kimi dəyərləndirilir. Belə ki, bayaq qeyd etdiyimiz əlavə və dəyişikliklərdən ən çox zərər çəkən media resursları və jurnalistlər olub: bir neçə sayt bloklanıb, bəzi jurnalistlərə rəsmi xəbərdarlıqlar edilib.
2018-ci ilin aprel ayının 18-də prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında dedi ki, Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçisidir və internet Azərbaycanda azaddır.
Aprelin 24-də ombudsmanın illik məruzəsi Milli Məclisdə səsə qoyuldu və qəbul edildi.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları