Hikmət Nazim
Bugünlərdə Novator.az-da Emin Hüseynzadənin “Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz” adlı polemika xarakterli yazısını oxudum. Müəllif “Bölgələrdən niyə xəbər yoxdur” sualına cavab axtaranlara maraqlı bir səyahət təklif edib: “İstənilən rayona gedin və jurnalist olduğunuzu deyin. Bazarda, çayxanada, görüşdə, yolu soraqlayanda… Xəbər qıtlığının, ya da yalnız bəzi bölgələrdən xəbər almağınızın səbəbini onda biləcəksiniz”.
Yazını oxuyandan iki gün sonra qərb bölgəsində yerləşən rayonlardan birinə (adı “X” olsun) gedəsi oldum. Məqsədim yazı müəllifinin dediklərini test etmək deyildi, bir tədbirə qatılacaqdım. Üstəlik, mən də rayon yerində yaşayıram, o yazıda sadalanan problemləri birbaşa öz üzərimdə hiss etmişəm.
Adətən mənə də xəbər dalınca getdiyim kənddə “casus” gözüylə baxıblar. Hətta bir vaxtlar sərhəd kəndlərindən birində vətəndaşın evində çəkiliş apardığım, müsahibə aldığım yerdə kəndin icra nümayəndəsi gəlib ev sahibini, sanki dövlət sirrini ölkə xaricinə ötürürmüş kimi, polisə verməklə hədələmişdi. Belə şeylər çox olub. Sadalasam iki-üç belə yazı çıxar.
Qayıdaq yenə “X” rayonuna. Burada qatıldığım tədbirdə bir jurnalistin məhkəmə prosesinin müzakirəsinə qulaq şahidi olacaqdım. Nə yaxamdan vəsiqə asdım, nə vətəndaşı saxlayıb özümü jurnalist kimi təqdim etdim. Sadəcə jurnalistləri dinlədim, kifayət elədi.
Söhbət elə həmin tədbirə qatılan bir jurnalistin başına gələn hadisədən düşmüşdü. Yaxasında vəsiqəsi olan bu bölgə müxbiri vətəndaşın şikayəti əsasında özünün də qeydiyyatda olduğu “X” rayonunda (məhkəmə prosesi davam edir deyə rayonun adını yazmıram) fəaliyyət göstərən mərkəzi xəstəxana haqqında yazı yazıb. Daha doğrusu, reportaj hazırlayıb. Reportaj qəzetdə dərc olunandan bir müddət sonra xəstəxana müdiri müxbiri məhkəməyə verib. Belə iddia edib ki, o, yazısında xəstəxanaya qarşı qərəzli çıxış edib, müdriyyəti təhqir edib.
Hadisənin bu məqamına qayıdacam…
İndi isə keçək məhkəmə prosesinə. Proses başlayan kimi hakim jurnalisti ayağa qaldırıb. Soruşub ki, de görüm xəstəxana haqqında yazmağı sənə kim tapşırıb, kimin sifarişini yerinə yetirirsən. Ümumiyyətlə, sən kimsən ki xəstəxana haqqında yazı hazırlayırsan? Təsəvvür edirsiniz, bunları jurnalistdən soruşan hakimdir.
Məhkəmə prosesində iştirak edənlərin yalançısıyam, belə nəql edirlər ki, jurnalist işlədiyi media qurumunun adını çəkərək yazını vətəndaşın şikayəti əsasında hazırladığını deyəndən sonra “Kütləvi informasiya vasitələri haqqında” qanundan danışıb. Bu yerdə hakim əsəbləşib, onun sözünü kəsib, o qanun haqda məlumatının olmadığını bildirib.
Bundan əlavə, jurnalistdən onun akkreditasiyasının olub-olmadığını soruşub. Məlum məsələdir ki, qanuna əsasən, bölgə müxbirlərindən nə akkreditasiya tələb olunur, nə ezamiyyətdə olduğuna dair hər hansı bir sənəd; çünki adətən bölgə müxbirləri özləri fəaliyyət göstərdikləri ünvanda qeydiyyatda olurlar. Barəsində danışdığım bölgə müxbiri də “X” rayonunda qeydiyyatdadır. “Sputnik Azərbaycan” informasiya agentliyində işləyəndə məndən də bu kimi sənədlər tələb olunmuşdu, ona görə bu detal da məni təəccübləndirmədi.
“Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz” adlı yazıya qayıdası olsaq, dediyim kimi, “X” rayonuna gedərkən müəllifin qoyduğu problemləri test etmək niyyətim yox idi, jurnalist kimi “bazarda, çayxanada, görüşdə, yolu soraqlayanda…” aldığım reaksiyadan “xəbər qıtlığının, ya da yalnız bəzi bölgələrdən xəbər almağımızın səbəbini” anlaya bilirdim. Bu səfər mənə bir şeyi öyrətdi ki, miqyas genişlənir, artıq sabah xəstəxana və məhkəmələrdə belə eyni problemlər yaşanacaq.
Bu cür məsələlər bəlkə də kiməsə gülməli gələ, bəhanə kimi səslənə bilər, lakin olduqca ağrılı problemlərdir. Bölgədə fəaliyyət göstərən jurnalistlər məhz bu səbəbdən ya peşələrindən ayrılıb alverlə məşğul olurlar, ya da sadəcə tərif yazıb idarə və müəssisələrdən aldıqları beş-on manat “çak-çuk”la günlərini keçirirlər.
Bayaq haqqında danışdığım bölgə müxbirinin səhvi yoxdur? Əlbəttə, var. Özünün dediyinə görə, hazırladığı reportajda xəstəxana müdirinin “yarıtmaz” fəaliyyətini sərt tənqid edib. Bu sözü də məhkəmə heyəti səhv başa düşüb. Qayıdıblar ki, sən “yarıtmaz” yox, əslində “yaramaz” demisən.
Əslində jurnalist vətəndaşın dedikləriylə kifayətlənib xəstəxana müdriyyətinin fəaliyyəti haqqında “yarıtmaz” yazmaqdansa onun fəaliyyətinin yarıtmaz olduğunu sübuta yetirəcək faktlar qoysaydı, vəziyyət heç də bu yerə gəlib çıxmazdı.
Onun yazısında qarşı tərəfin mövqeyi yoxdur. Bu da bir səhv. Hərçənd bu təkcə yazı müəllifinin səhvi deyil, Emin bəyin də dediyi kimi, jurnalistə “casus” gözüylə baxan cəmiyyətin problemidir, “Kütləvi informasiya vasitələri haqqında” qanundan xəbəri olmayan hakimlərin günahıdır. Bu gün jurnalist açıqlama istəyəndə nəinki xəstəxana müdirləri, yalnızca Qafqaz Müsəlmanları İdarəsinə tabe olan axundlar da onu gözlədirlər ki, qoy icra hakimiyyətiylə məsləhətləşim, sonra danışarıq.
Bəli, bu kimi hadisələr əksər jurnalistin başına gəlib. Günü sabah da gələ bilər. Ona görə də düşünürəm, müxbir özünü sığortalamalıdır, bölgə mediası keçən əsrin 70-80-ci illərinə xas xəbər stilindən qurtulmalıdır. Konkret fakt yoxdursa, “hekayəçilik”dən qaçmalıdır.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…