Firuzə Davudqızı
Mərdəkan
…Şam yeməyi üçün masanın arxasına yenicə keçmişdilər ki, telefon zəng çaldı. Azər qalxıb cavab verdi. Əhval-ruhiyyəsi yerində olmasa da xəttin o üzündən duyduğu tanış səsə bir anda üzü nurlandı.
Dilarə idi.
Qızın salamını alan Azər:
– Əleyküməssalam! – Xüsusi ahəng və təntənə ilə dedi. – Buyur, eşidirəm.
Bir gözü anasıgildə, Dilarəni dinlədi. Və onun sualına cavab olaraq:
– Belə də, həmişəki kimi. Sən necəsən? – deyə xalası qızının kefini xəbər aldı.
– Mən, təsəvvür edə bilməyəcəyin qədər yaxşı. – Dilarə şövqlə dedi.
– Çox gözəl! Hər zaman belə ol.
– Bilirsən nə olub?
– Xeyr, deyərsən bilərəm.
– Bu gün Aydanla görüşdüm.
Azər telefonun dəstəyini cəld o biri qulağına keçirdi. Üzünün ifadəsi dəyişdi. Bütün diqqəti ilə Dilarəni dinləməyə başladı.
– Zəng vurmuşdu. Getdim.
Azər dayanıb gözlədi.
– Sabah bizə gələ bilərsən? Sənə xəbərlərim var.
Azər bu suala düşündüklərinin təsiri ilə bir qədər ləng cavab verdi:
– Nə xəbər? – Valideynləri duymasın deyə səsini bir qədər qısdı. – Daha nə əhəmiyyəti var ki.
– Eşitməyə dəyər də.
– Hmm… Ucundan-qulağından deyə bilməzsən? – Azər düşüncəli halda soruşdu. – Gecəni səhər etmək söhbəti var axı, intizarda qalmayım da.
– Əmin ol ki, bunu eşitmək üçün intizarda qalmağa dəyər.
– Düşdük sənin əlinə? – Azər narazılıqla gülümsündü.
– Gözləyəcəm a.
– İş çoxdur, söz vermirəm. Çatdıra bilsəm, çalışaram gəlim.
– Mütləq gəl! – Dilarə təkid etdi.
– Görüşənədək. – Azər dəstəyi üstünə asdı. Qayıdıb yerində əyləşdi. Gizlətməyə çalışsa da, əhvalı bir qədər durulmuşdu.
Dilbər bunu dərhal sezdi. Gözucu Ənvəri süzüb, altdan-altdan gülümsündü. Azərin hansısa bir qızla danışdığını zənn etdi, bunun Dilarə olduğunu ağlına belə gətirmədi.
Səhər şəhərə qayıdan Azər yalnız bir neçə gün sonra imkan tapa bildi. Və ilk fürsətdə xalasıgilə yollandı.
Qapını üzünə açan Dilarə onu görəndə sevindi. Öyrəndiyini Azərə çatdırmağa çalışsa da danışmağa heç cür fürsət tapa bilmirdi. Nəhayət, bir ara Səadət qalxıb mətbəxə keçdi.
Azər baxışları ilə xalasını qapıdan dəhlizə ötürüb, həyəcanla Dilarəyə baxdı.
– Səhv etmirəmsə, mənə deyiləsi sözün vardı.
Dilarə bir qədər Azərə doğru əyilib, səsini qısaraq həyəcanlı bir səslə:
– Bilirsən, Aydanın nişan məsələsi ləğv olundu, həmişəlik, – dedi. Azərin göz qırpımında dəyişən ifadəsini izləyə-izləyə sözünə davam etdi. – Oğlana razı olmadığını bildirib, üzüyü geri qaytarıb.
Azər Dilarənin nə dediyini dərk etsə də, gözünü qırpmadan donuq baxışlarla eləcə ona baxırdı. Duyduqlarının həqiqət olmasına özünü inandırmağa çalışırdı.
Dilarə bunu görəndə:
– Eyy, – deyə təəccüblə ona baxdı, – nə oldu?
Azər handan-hana dilləndi:
– Zarafat edirsən?
– Belə zarafat olar?
Azər hətta bu cavabdan sonra da tutqun ifadə ilə bir xeyli fikirli göründü.
– Nə oldu sənə? Sevinmədin?
– Birinin üzüyü qaytarılıb, bunun nəyinə sevinim?
– Necə yəni, bəs Aydana bəslədiyin hiss, duyğular?
– Hissin, duyğunun buna nə dəxli var? Məni düşündürən bunun nə səbəbə baş verməsidir.
– Aydan sevmirdi o oğlanı. Söz açılan gündən də razı olmadığını ailəsinə bildirmişdi. Səbəb budur.
Azərin qaşları düyünləndi. Baxışları bir nöqtədə ilişib qaldı. Dalğın göründü. Dilarə bunun əsl səbəbini anlamadığı üçün yenə təəccübləndi:
– Nədir, inanmırsan?
Azər qaşqabaqlı halda “yox” mənasında dilini nırçıldatdı. Dilarə mat-məəttəl onu süzdü:
– Qəribə oğlansan a…
– Qəribə olan mən deyiləm, bu işin birdən-birə pozulmasıdır. Uşaq deyilsən ki. Bir qızın nişanı durduğu yerdə niyə qayıtsın ki? – Azər onu narahat edən səbəbi açıqlamaq istəmədi. Sadəcə başqa sözlə əvəz etdi. – Görüşürdü bunlar? Bir-birilərinə olan münasibətləri necə idi? Qismən də olsa, bilmiş olarsan.
– Dəlisən? Görüşmək nədir? Aydan oğlanın üzünü nişana bir neçə gün qalmış görüb. Oğlan xarici ölkələrdən birində yaşayır, həm də öz işini orada qurub, hansı ölkədir, düzü, adı dəqiq yadımda deyil.
Azər dinməz-söyləməz hələ də Dilarəni süzürdü. Xalası qızı məzəmmətlə:
– O axşam bizdə anama dediyin sözlər yadına düşür, heç? – deyə Azəri süzdü – “Ola bilməz!”, “İmkan vermərəm!” Ax, siz oğlanlar!
Azər Dilarəni dinləsə də, tamam başqa söz dedi:
– Onunla danışmaq istəyirəm. Üzbəsurət.
– Aydanla? – Dilarə təəccüblə soruşdu.
Azər başını yüngülcə tərpətməklə “hə” işarəsi verdi.
– İnanmıram o, buna razılıq verə. Sən Aydanı yaxşı tanımırsan.
– Tanımaq istədiyim üçün görüşək deyirəm. Başqa nə olsun ki. Onu mütləq görməliyəm. Sən yola gətirsən, necə? Kömək edə bilərsən?
Dilarə tərəddüd etdi:
– Təhlükəli söhbətlər edirsən, Azər. Sonra qıza bir problem yaranmasın a!..
– Kimsə buna cürət edə bilməz! – Azər qətiyyət yağan bir səslə dedi.
Bir müddət sonra
…Anamın rəfiqələri yenə bizə yığılmışdılar. Həmin gün Dilarə zəng vurub məni telefona çağırtdırmışdı.
Hal-əhval tutandan sonra o, gözləmədiyim halda:
– Səsini duymaq istəyən biri var burda. Sənə deyiləsi sözü var, – dedi.
– Kim? – deyə duruxdum. Həmin andaca oğrun bir baxışla anamı süzdüm. Başı rəfiqələri ilə söhbətə qarışmışdı. Amma bir gözü yenə də məni izləyirdi.
Dilarə sualıma cavab olaraq:
– Gözlə bir dəqiqə, – dedi və çox keçmədən xəttin o üzündən qulağıma axıb dolan səsin vüqarlı ahəngi varlığıma müdhiş həyəcan gətirdi.
– Salam, Aydan xanım.
Diksinib, özümü necə itirdimsə, anam o anda baxışlarını çevirib mənə baxdı. Üzümdəki ifadəni görüb, qəribə-qəribə məni süzdü. Mən isə dilim dolaşa-dolaşa :
– Salam, – dedim.
***
…Telefon xəttində sevdiyi qızın səsini duyması Azərin həyəcanına həyəcan qatdı. Gözucu Dilarəni süzüb, xəfifcə gülümsündü. Rəngi-ruhu, ifadəsi dəyişdi.
Bunu görən Dilarə rahat danışa bilməsi üçün ondan ayrıldı. Gedərkən pıçıltı ilə ona:
– Burdayam, – deyə qonşu otağa işarə etdi.
Azər yenidən dillənə bilmək üçün özünü topladı. Sözləri uzada-uzada :
– Özümü təqdim edim: Azərdir sizinlə danışan, – dedi.
***
…Məni titrəmə tutdu. Üzümü bir başqa səmtə çevirdim. Anamın daha da şübhələnməsini istəmirdim. Bununla belə Azəri dinləyirdim.
– Sizinlə xalamgildə rastlaşmışdıq. Xatırladınız?
Ürəyim daha şiddətlə vurmağa başladı. Telefonun dəstəyini titrəyən əlimdə bu an güclə saxlamışdım.
Onu necə unuda bilərdim ki, o, artıq həyatımın bir hissəsi idi.
Sual mənə ünvanlansa da dillənmək iqtidarında olmadım. Sözlər boğazıma tıxanıb qalmışdı, heç cür dinə bilmirdim. Susduğumu görüb, o, təkrar dilləndi:
– Xanım, eşidirsiniz məni?
Gözucu yenə anama baxdım. Və bütün cəhdimlə həyəcanımı bəlli etməməyə çalışıb, boğazımı arıtladıqdan sonra:
– Aha, buyurun, – dedim. Nə qədər ört-basdır etməyə çalışsam da, səsimdəki həyəcan, titrəyiş aşkar hiss olundu.
***
…Aydanın səsi Azərə cəsarət verdi. Daha inamlı və qətiyyət yağan bir səslə:
– Çox gözəl! – dedi. Ani sükutdan sonra bir qədər sıxıla-sıxıla, amma tamam ciddi tonda sözə başladı. – Yəqin ki, Dilarə mənim barəmdə danışmış olar sizə. Məsələdən də, çox güman, xəbərdarsınız.
– Elədir, – dedim. Eyni zamanda özümü ələ ala bilmək üçün dərindən nəfəs aldım. Bu dəqiqələrdə sanırdım ürəyim yerindən çıxacaq.
***
…Azər əli ilə saçlarını daraqlayıb, ağzını telefonun dəstəyinə daha yaxın tutaraq eşq ifadə edən bir ahənglə sözlərinə davam etdi:
– İstəyirəm biləsiz ki, mənim sizin barənizdə fikrim ciddidir. Və sizə demək istədiklərim var. Mümkünsə əgər, necə görə bilərəm sizi? Bilirəm bu dəqiqə danışmaq çətindir sizə, vəziyyəti anlayıram. Sözün açığı, mənim də vəziyyətim ürəkaçan deyil. Ümid edirəm anlayarsınız məni. Sizinlə mütləq görüşməliyik. Olarmı?
Bu sualdan sonra xətdə yaranmış sükut Azəri intizarda qoydu. Lakin səbirlə Aydanın verəcəyi cavabı gözlədi.
***
…Mən dillənmək üçün özümdə qüvvə tapıb, şübhə doğurmayacaq sözləri axtarıb arayaraq nəhayət ki, dillənə bildim:
– Olmaz, Dilya, mümkün deyil, – dedim.
Xəttin o üzündən onun çox qısa sürən şirin gülüşünü eşitdim. Mənim işarə ilə danışmağımın səbəbini göydə tutdu. Mülayim və olduqca səmimi bir səslə soruşdu:
– Niyə olmaz?
– Səbəbi məlumdur sənə.
Mən özümü hələ də Dilarə ilə danışırammış kimi göstərir, həqiqətdə isə həyəcandan əsirdim.
– Başqa yolu yoxdur?
– Təəssüf edirəm. Əfsus ki, yox.
Bu cavabımdan sonra onun fısıltısını duydum. Qısa sükutdan sonra:
– Ağdama çəkilişə gedirəm, – dedi. – Bir azdan yola düşürük. Səsinizi eşitmək mənə necə ruh verdi, bir bilsəniz. – Geri çəkilmək istəməyib yenidən mənə səsləndi. – Bəs, ümid edə bilərəm ki, qayıdanda görüşəcəyik? Heç olmasa bunu deyin.
– Söz verə bilmərəm.
– Kənarda deyil, buna yüz faiz əmin olun. – Məndən razılıq almaq üçün tez-tələsik dedi. – Dilarəgildə.
Tamam çıxılmaz vəziyyətdə qalsam da, cavab verməli oldum:
– Üzürlü sayın, amma heç cür mümkün deyil. Qətiyyən alınmaz.
– Aydındır. – Ahəngindən təəssüf yağan səsi duyuldu.
Onun özünə güvənməsi, məni inadla görmək istəmək cəhdi dodaqlarımda təbəssümə səbəb oldu. Elə bu anda anamı qarşımda görüb yerimdə quruyub qaldım. Bütün fikrim Azərdə qaldığından onun nə vaxt mənə yaxınlaşdığını hiss etməmişdim. Səs duyulmasın deyə qeyri-ixtiyari əlimlə dəstəyin üstünü qapadım. Gözlərim anamın üzündə, bütün diqqətim Azərdə idi.
– Sizinlə əlaqə saxlayacam. Hələlik.
Anam təkəbbürlə üzümə baxıb:
– Kifayətdir, – dedi. Telefonun dəstəyini ona verməyimi baxışları ilə tələb etdi. Rəfiqələrinə bəlli etməməyə çalışsa da, mənə hiddətləndiyi gözlərindən oxunurdu.
Mən Azərə heç bir söz deyə bilmədən anamın gözlərinin içinə baxa-baxa dəstəyi asdım. Yeyin addımlarla yanından ötüb keçərək otağıma tələsdim. Bəxtim onda gətirmişdi ki, evdə qonaq vardı. Yoxsa Şahnaz xanımın əlindən yaxa qurtarmaq çətin olacaqdı.
Hər şey bir yana, mən indicə Azərlə danışmışdım. Həyəcanım ölçüyə gəlmirdi.
***
…Dilarə salona qayıdanda Azərin əhvalının yüksəldiyini görüb, təəccübləndi:
– Danışdın? Gələcək?
– Yox, razı olmadı.
– Bəs, kefin niyə kökəldi?
– Çünki mənə bu cavab lazım idi.
Dilarə heç nə başa düşməyib, yenə də təəccüblə soruşdu:
– Necə yəni bu cavab lazım idi, ay Azər?
Azər Dilarənin sualına cavab vermədən qolundakı saata gözucu nəzər salaraq:
– Gecikirəm, uşaqlar məni gözləyir, – deyib, getməyə tələsdi.
Xalası ilə ayaqüstü xudahafizləşib qapıdan çıxdı. Pilləkənləri enməkdə ikən geri çevrildi, çaşbaş halda ona baxan Dilarəyə:
– Qayıdıb gəlim, ətraflı danışarıq, – dedi. Liftə doğru tələsdi.
Azər rahat nəfəs alırdı. Ürəyinə yol tapmış şübhələr onu tərk etmişdi.
Aydan
Aradan on gün keçdi.
Heç gözləmədiyim bir vaxtda Dilarə bizə gəldi. Adətinin əksinə, gələcəyini xəbər vermədiyi üçün bu mənə əsl sürpriz oldu. Əhvalım bir anda yüksəldi. Bizim otağa keçəndən sonra təkrar ona sarıldım:
– Nə yaxşı ki, gəldin.
Dilarə diqqətlə məni süzərək xəbər aldı:
– Necədir vəziyyət?
Köks ötürdüm:
– Düzəlmiş sayılmaz. Hələ sakitləşməyib ortalıq.
– Sənə görə, inan, çox üzülürəm. Bəs indi necə olsun, gözəlim? Azərlə səni nəzərdə tuturam.
– Qohum-əqrəba mənim əlimdən bu saat elə acıqlıdır ki, böyükdən-kiçiyə mənə düşmən gözü ilə baxırlar. İstəmirəm düşünsünlər ki, oğlanın birinin üzüyünü geri qaytarıb, o biri ilə görüş təyin edir. Onsuz da evdə mənimçün vəziyyət çətinləşib. Xırda bir səhvə yol versəm bunun əvəzini ağır ödəyəcəm.
– Aydındır, gözəlim. Sən o barədə narahat olma, mən danışaram onunla.
– Mütləq danış. Vəziyyəti izah elə. – Bir anlıq susaraq sıxıla-sıxıla əlavə etdim. – Razı olmaram mənim ucbatımdan ona bir problem yaransın! Yoxsa məni də, özünü də oda yaxar!
Dilarə təbəssümlə mənə sarıldı:
– Azər uşaq deyil, bilərəkdən nə sənə, nə də özünə problem yaratmaz. Sadəcə olaraq ürəyi tab gətirə bilmir, səndən bir xəbər öyrənə bilmək üçün hər şeyi gözə alar. Buna əminəm.
– Qorxuram, Dilya, doğrusunu bilmək istəyirsənsə, qorxuram!
– Hər şey yaxşı olacaq. Sən Azərə, onun sevgisinə, dürüstlüyünə inan. Bax gör də hər şey necə yoluna düşəcək.
– Bunun həqiqətən belə olacağına inanmağı necə istəyirəm, bir bilsən, – deyib üzüntü içində köks ötürdüm.
Qorxub, ehtiyat etməkdə haqlı idim. Dilarə gedəndən sonra anam məni yanına çağırtdırdı. Tənbeh edici nəzərlərini üzümdən ayırmadan açıq xəbərdarlıq etdi:
– Ağlından nə keçir bu dəqiqə bilmirəm, amma qətiyyən bir yanlışa yol verməyəsən. Salehi rədd etdin deyə düşünmə ki, bundan belə hər istədiyin olacaq. Kiçik bir səhvini görsəm atana nə cavab verəcəyin barədə artıq özün fikirləşərsən. Bunu dəqiq bil ki, səninçün heç də yaxşı alınmayacaq.
Başımı aşağı salıb məni saran narahatlıqla rəng verib, rəng aldım. Artıq gözüyumulu bilirdim ki, anam Dilarə ilə danışığımıza qulaq şahidi olub.
Cəmi iki gün sonra anamın bizə açıqladığı qərar məni yerimdə dondurdu.
Məni Fatimə ilə birlikdə Buzovnaya göndərirdi. İlk dəfə idi buna sevinə bilmirdim. Bunu nə üçün etdiyi mənə məlum idi. Məni şəhərdən və Dilarədən uzaq tutmağa çalışırdı. Çünki könlümdə kiminsə olduğunu və bunun Dilarə ilə bir bağlılığı olduğunu sezmişdi. Amma həmin oğlanın kim olduğu hələ ki, ona qaranlıq idi.
Buzovna
Anam da bizimlə burada iki gün qonaq qalıb sonra şəhərə qayıtdı. Gedərkən xalasına məndən göz-qulaq olmağı bərk-bərk tapşırdı. Fatiməyə də bir neçə tapşırıq verdi, xəbərdarlıq etdi ki, gözünü məndən ayırmasın.
Yaxşı bilirdim ki, məni bura sürgün edib, özü şəhərə taleyimi həll etməyə qayıdır. Hərçənd valideynlərim mənim barəmdə nə qərar çıxarırlarsa çıxarsınlar, məni Azərdən başqa kimsə maraqlandırmırdı. Onun yolunda hər əzaba, zillətə qatlanmağa hazırdım. Təki ona qovuşum. Onu o qədər çox sevirdim ki, onunla bədbəxt olmağa belə razı idim, nəinki mənə təklif edilən xoşbəxt həyatı qəbul etməyə.
Günlər burada pis keçmirdi, amma Azərdən xəbər tuta bilməməyim məni dəliyə döndərmişdi. Burada olduğumu xəbər vermək üçün Dilarə ilə də danışa bilməmişdim. Telefon xətti işləmirdi. Sonradan başa düşdüm ki, bunu anamın göstərişi ilə ediblər. Bir sözlə, ürəyim partlamaq dərəcəsində idi.
(Ardı var)