Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
17
Sığınacaqdan öncə
Səhərin alaqaranlığında uzaq yola çıxmaq ürəyincə deyildi, amma vaxt itirmək olmazdı. Tezliklə özünü rayona çatdırmalı, atasının tapşırdığı işləri yerinə yetirməliydi. Gözlərini tez-tez ovuşdurur, əllərini sükana kilidləyib yola baxırdı. Şəhərin mərkəzi küçələri geridə qaldıqca, yol boyu sakitlik hökm sürür, maşınların və insanların sayı azalırdı. Bu, ona daha da çox yuxu gətirirdi. Yuxusunu qaçırtmaq üçün musiqinin səsini artırdı. Köhnə mahnıları xüsusilə sevərdi. “Imagine dragons” qrupunun “Demons” mahnısına qulaq asa-asa özü də zümzümə edir, əlləriylə sükana vuraraq ritm tuturdu. Maşınla uzaq yol getməyi sevmirdi. Atası məsuliyyətli olmağı öyrənməsi və bir işin qulpundan yapışa bilməsi üçün məhz onu bu tapşırığın dalınca göndərmişdi. Adi bir işçinin asanlıqla yerinə yetirəcəyi formal bir görüşə görə onu səhərin gözü açılmamış yollara saldığına görə ürəyində atasına hirslənirdi.
Yuxusunu birtəhər qaçırtmağa nail oldu. Hələ iki saatlıq yolu vardı. Ona görə də birtəhər dişini sıxıb dözməliydi. Yol gedə-gedə atasına duyduğu qəzəbi boğmağa çalışırdı. Atası ona tez-tez, “Mən bu gün-sabah ölüb gedəcəyəm. İstəyirəm ki, mən öləndən sonra özün öz başını saxlaya biləsən” – deyərdi. Həmçinin son illərdə tez-tez övladını pis yetişdirdiyinə görə gileylənər, peşmançılıq çəkərdi. Bu səbəbdən də mübahisələrinin ardı-arası kəsilmirdi. Davamlı olaraq dava edir, bir-birinə olmazın sözlər deyirdilər.
Lakin o, ürəyinin dərinliklərində atasının haqlı olduğunu anlayırdı. Uşaqlıq illərindən bəri ovuc içində bəslənən, xüsusi diqqətlə böyüdülən, təhsilinə, şəxsi inkişafına misilsiz pullar xərclənən övladı artıq qocalığa təslim olmaq üzrə olan atanı xəyal qırıqlığına uğratmışdı. Bitmək bilməyən gəzintilər, səyahətlər, havaya sovrulan pullar, lazımsız xərclər kişinin canını boğazına yığmışdı. Terror hadisələrinin meydana çıxması səyahətlərin və yersiz xərclərin sayını azaltsa da, ona dərs olmadı. Bununla belə, ata övladına hələ ki, müəyyən qədər sözünü keçirə bilirdi. Ona görə də o, öz məsləhətləri ilə tez bir zamanda onun ailə qurmasına nail oldu. Lakin özünü tapa bilməyən, həyatı məsxərəyə qoyan bu gənc üçün ailə də heç bir şey ifadə etmirdi. Qısa bir zamanda yalnış təməllər üzərində qurulan bu ailə dağıldı.
Və budur… Sükan arxasına keçib həyatının əsas qərarlarını verdiyi şəhəri bir neçə günlük də olsa, geridə qoyurdu. O, bilmirdi… Bilmirdi ki, elə bir vaxt gələcək, azad şəkildə yollarda şütüdüyü bu anları xatırlayıb həsrətlə köks ötürəcək. Elə bir gün gələcək ki, Günəşin gülüşünə, havanın qoxusuna həsrət qalacaq. İndi bütün bunlar onun üçün adi, sıradan və maraqsız idi. Ümumiyyətlə, istənilən məkanda və mühitdə ilk olaraq bu yerin və insanların ona layiq olub-olmadığını götür-qoy edərdi. Əlbəttə, çox nadir hallarda özünə layiq həmsöhbətlər, səviyyəsinə uyğun olan məkanlar tapırdı. Uşaqlıqda yuxarıdan aşağı baxdığı adamları iti sözləri ilə aşağılamağı, onları gülərək lağa qoymağı xoşlayardı. Böyüdükcə bu xüsusiyyətini tərgitməyə başladı. Yox, insanları dolamağın pis xüsusiyyət olduğunu düşünmürdü. Sadəcə onları artıq öz ikrahına belə layiq görmürdü.
Fikirlər, həyatı ilə bağlı duyduğu narazılıqlardan yaranan hikkə, atasına duyduğu hirs, gələcəklə bağlı arzular onu o qədər möhkəm cənginə almışdı ki, ətrafa lazımınca diqqət yetirmir, maşını ehtiyatsız idarə edirdi. Xoşbəxtlikdən, yol demək olar ki, bomboş idi. “Hansı ağıllı bu vaxt yola çıxar ki?!” – o, yolun boş olduğunu gördükcə öz-özünə deyinirdi. Lakin bu diqqətsizlik ona çox baha başa gələcəkdi…
“Onsuz da yol boşdur” deyərək tərəddüdsüz halda keçdiyi döngələrdən birində tale ona yanıldığını ən ağır formada sübut etdi. Qarşıdan gələn avtomobil zərblə onunkuna çırpıldı. Bir anlıq huşunu itirən kimi olsa da, tez özünə gəldi. Avtomobilin qabaq hissəsi zədələnmişdi, amma özü heç bir xəsarət almamışdı. O biri avtomobil isə demək olar ki, xurd-xəşil olmuşdu.
Qapını açıb qorxu ilə yerə endi. Avtomobilin sürücüsünə nəzər yetirdi. Gənc bir qadın idi. Huşu özündə deyildi və başı qanayırdı. Bunu görəndə ürəyi qorxudan əsməyə başladı. “Bəlkə ölüb?” deyə düşünməyə başladı. “Ölsə mən nə edəcəyəm?”
Asta addımlarla əzilmiş avtomobilə yaxınlaşmağa başladı. Bir tərəfdən özündə güc tapıb sürətlə addımlamaq istəsə də, bacarmır, digər tərəfdən də yoldan kiminsə keçib vəziyyəti görməsindən qorxurdu. Əgər qadın ölmüşdüsə, başı ciddi bəlaya girəcəkdi.
Avtomobilə çatdı. Qapını açıb qadını çıxarmaq istədi. Nə qədər çalışsa da, qapı açılmadı. Pəncərə açıq idi. Qadının nəbzini yoxlamaq olardı. Əslində, bayaqdan bəri niyyəti bu idi, lakin qorxurdu. Qadının ölmüş olmaq ehtimalı onu dəhşətə gətirirdi. Birtəhər özündə güc tapıb qadının nəbzini yoxladı. Heç nə… heç nə gəlmirdi… Qadın ölmüşdü. Canına vəlvələ düşdü. Başını əllərinin arasına alıb vurnuxmağa başladı. O, hələ bilmirdi ki, ən pisi qabaqdadır. Elə bu vaxt arxa oturacaqların ayaq hissəsində nə isə gözünə dəydi. Diqqətlə baxanda bunun balaca bir qız uşağı olduğunu gördü. Görünür, qızcığaz qoruyucu kəməri bağlamayıbmış. Ona görə də toqquşma baş verəndə o da oturacaqdan yerə yıxılıb.
Uşağın 4-5 yaşı olardı. Onun yerə sərələnmiş vücudunu görəndə sanki ayaqları yerdən üzüldü. Bir anlıq nəfəsi kəsildi. Qapını açmağa çalışdı, amma bacarmadı. Qabaqdakı açıq pəncərədən əlini salıb qapının kilidini açdı. Nəhayət, qızla arasındakı maneə – qapı aradan qalxdı. Buna baxmayaraq, uşağa toxunmağa cəsarət edə bilmirdi. Balaca bir uşağın qatili olmaq fikri onu dəli kimi qorxudurdu. Əyilib uşağın yanaqlarına toxunan sarı saçlarını arxaya atdı. Bənizi kağız kimi ağappaq idi. Nəbzini yoxladı. Ürək parçalayan bir sükutdan başqa heç nə yox idi. Zərbənin təsirindən uşağın boynu qırılmışdı.
Baş verənlərin təsiriylə şoka düşmüş halda yerə diz çökdü. “Mən indi neyləyəcəyəm?” – deyə pıçıldadı. İki nəfər onun ucbatından həyata vida eləmişdi. Bir müddət düşünəndən sonra qərarını verdi. Polisə təslim olmaq ağlının ucundan belə keçmədi. Onsuz da öləni geri qaytarmaq mümkün deyildi. Cəld maşınına əyləşdi və tezliklə aradan çıxdı. Ana ilə qızın cansız bədəni onları yoldan keçən növbəti avtomobil tapana qədər əzilmiş maşının içərisində gözləməli oldu.
Qatil isə titrəyən əlləriylə sükandan yapışır, arabir alnından axan tər damcılarını köynəyinin qoluna silir və öz-özünə pıçıldayırdı. “Mən eləmədim. Kəməri bağlamamışdı. Öz səhvləri idi. Mən öldürmədim!” Lakin dediklərinə heç özü də inanmırdı. Saat xeyli irəliləsə də, alaqaranlıq yerində qalırdı. Üstəlik, hər tərəfi qəribə bir duman bürümüşdü. Sanki Tanrı bu duman vasitəsilə qaçıb aradan çıxan qatilin adını hayqırmaq istəyirdi…
(Ardı var)