
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6 7 8
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
9
1 yanvar, 2206
Ziyafətləri, qonaqlıqları heç sevmirəm… Hətta nifrət edirəm… Süni gülüşlər, özünü göstərmək motivi daşıyan yekəxana söhbətlər, qəhqəhələr, camaatı süzən baxışlar… Amma nədənsə bu nifrət məni sinfimizin Yeni il qonaqlığına qatılmaqdan yayındırmağa bəs eləmədi.
Əslində bu dəfə də getmək fikrində deyildim. Təşkilatçılığı həmişəki kimi Azad edirdi. O, tənəffüslərdən birində təklikdə mənə yaxınlaşdı və gəlib-gəlməyəcəyimi xəbər aldı. Ona ənənəvi cavabımı verdim: “Gəlməyəcəyəm”. Azad sinifdə xətrini ən çox istədiyim uşaqlardan biridir. Hamıya qarşı mehriban, anlayışlı və ünsiyyətcil olduğuna görə demək olar ki, bütün uşaqlar onu xoşlayır. Amma bu dəfə müsbət aurasına vərdiş etdiyim Azad mənim cavabımı eşidən kimi üzünə qəzəbə bənzəyən bir ifadə qondurdu və məni silkələyib özümə gətirəcək o sözləri dedi: “Özün bilərsən. Amma bu gedişlə məktəb bitəndən sonra hamının yaddaşında heç cür öz aləmindən çıxıb insanlara qaynayıb qarışa bilməyən Xəyalpərəst kimi qalacaqsan!” Ondan bu cür sərt sözlər gözləmirdim. Azad hər zaman centlmenliyi ilə tanınıb. Pərt halda dedim: “Mənə heç kəsin fikri maraqlı deyil!” “Əminsən? Xəyalpərəst sözünü eşidəndə gözlərindən fışqıran alov az qala məni yandıracaqdı!” Heç nə demədim. Gözlərinin içinə hirslə baxdım. Ona yaxşı bir cavab vermək üçün ağzımı doldurdum. Lakin bir kəlmə də demədən, dişlərimi sıxa-sıxa sürətlə yanından uzaqlaşdım.
Azadın sözləri mənə çox toxunmuşdu. Doğurdan da istəmirdim ki, məktəb qurtarandan sonra Xəyalpərəst kimi xatırlanım. Onsuz da onlar məni ən yaxşı halda “öz aləmindən çıxmayan Xəyalpərəst”, “bütün gün kənardan gizli-gizli camaatı güdən “binokl”, “kitab qurdu” kimi yadda saxlayacaqlar, ən pis halda isə ümumiyyətlə unudulub tarixə qarışacağam. Bunu istəmirdim. Özümə belə etiraf etməkdən çəkinsəm də, sən demə hamı kimi mən də insanların haqqımda nə düşünəcəyinə önəm verirmişəm…
Çox götür-qoy edəndən sonra səhəri gün Azada yaxınlaşıb adımı siyahıya yazdırdım. Məktəb illərim boyunca ilk dəfə mən də ziyafətə qatılacaqdım. Özü də yeni il gecəsində!
Nəhayət, çox gözlənilən gün gəlib çatdı. Şəhərin ən lüks restoranlarından birində toplaşdıq. Həyəcanlı idim. Qızlar göz qamaşdırırdılar. Sanki Oskar mərasiminə yığışmışdılar. Xüsusilə də Elina və dəstəsi möhtəşəm görünürdü. Salonun düz mərkəzində dayanan trionun üzvləri özlərini qırmızı xalıdaymış kimi aparırdılar. Üzlərinə tuşlanan baxışlardan zövq alır, yanlarına yaxınlaşmağa cürət edən “fanat”larını süni təbəssümlə qarşılayır, ustalıqla söhbəti öz libaslarına gətirib çıxarır və bilməyənləri həmin libasların mənsub olduğu brendlər barəsində məlumatlandırırdılar.
Oğlanlar da olduqca yaraşıqlı idilər. Hər kəs ən gözəl geyimində idi. “Şeytan triosu” belə nədənsə həmin vaxt gözümə daha yaxşı göründü. Onların içərisində özümü çox yetərsiz hiss edirdim. Qara rəngli, sadə geyimim, minimum istifadə etdiyim kosmetika və çiynimdən aşağı enən düz, qara saçlarımla qonaqdan çox xidmətçiyə oxşayırdım. Ən azından, digər qonaqları görəndən sonra özüm öz gözümdə belə görünürdüm. Elina ilə Arzunun məni ikrahla süzməsindən sonra ürəyimdə “Sadəlik ən böyük dəbdəbədir” deyən Leonardo da Vinçini lənətləməyə başladım. Deyəsən da Vinçi də mənim kimi ziyafətlərdən bixəbər imiş…
Gecə boyu əsasən Qəmzə, Səlim, Səda və Kərəmlə vaxt keçirdim. Hər biri məni gördüyünə sevindiyini və çox gözəl göründüyümü dedi. Nədənsə, heç birinin sözlərinə inanmırdım. Son dövrün “hit” musiqilərinin sədaları altında rəqs edən, arabir masadan bir şey götürüb ağzına atan, ucadan deyib-gülən, özlərinin ən gözəl halı ilə təşrif buyurmuş sinif yoldaşlarımın arasında tamamilə yad, özgə idim. Sanki hər kəsin simasında görünməz bir maska var idi. Hamı öz maskasını çıxarıb əsl üzünü göstərməkdən qorxurdu. Zəifliklərinin aşkara çıxması onların çoxu üçün ölümə bərabər idi.
O gün bir çox şeyi dərk etdim. İlk növbədə, nəyə görə bu illər ərzində hələ də sinif yoldaşlarıma uyğunlaşa bilmədiyimi, onlar tərəfindən elə də sevilmədiyimi, qəbul olunmadığımı anladım. Çünki mən sinfin ən qızğın “müzakirə”lərinin aparıldığı, “qərar”larının verildiyi, “cütlük”lərinin yarandığı ziyafətlərin heç birinə qatılmamışdım. Beləliklə, baş verən “önəmli” hadisələri qaçırırdım. Qəbul olunmurdum, çünki onlar kimi deyildim. Özümü göstərmək, bəyənilmək marağı güdmürdüm. Mən məktəb illərimi əsasən özümü tapmağa və məni əhatə edən hər şeyi, hər kəsi dərk etməyə, onlar isə özlərini təsdiqə həsr edibmişlər.
Elina ilə Duman qonaqlığın əsas diqqət mərkəzində idilər. Artıq bir neçə aydır ki, onların “sevgi”si bütün məktəbin dillər əzbəri olmuşdu. Səda özünü kefi yerindəymiş kimi göstərsə də oğrun-oğrun onları izləyirdi. Bir sözlə, məkan dəyişsə də, sinif yoldaşları elə həmişəki adamlar idilər.
Məclisin ortalarına yaxın başım ağrımağa başladı. Getməyə qərar verdim. İtirəcək bir şeyim yox idi. Onsuz da darıxırdım. Qəfildən eşidilən qışqırıq səsləri məni fikrimdən daşındırdı. Səs gələn tərəfə çevrildim. Duman və Elina idi. Daha doğrusu, Duman Elinanın üstünə qışqırır, ağzına gələni deyir, Elina da qarşılıq verərək özünü müdafiə edirdi. Deyəsən Elinanın hansısa şıltaq zarafatı Dumanı qəzəbləndirmişdi. Özünü heç cür cilovlaya bilmirdi. Torpaqla Tunar onu sakitləşdirmək istəsə də, imkan vermirdi. Bir dəqiqəyə yaxın davam edən deyişmənin ardınca Duman Elinanın üzünə möhkəm bir şillə çəkdi. Elina özünü itirib ağlamağa başladı. Bir tərəfdən də Dumana lənətlər yağdırırdı. Axırda dözə bilməyib o da Dumana bir şillə vurdu. Bundan sonra vəziyyət daha da qaranlıq bir hal aldı. Duman sanki şir kimi nərə çəkərək qızın saçlarından yapışdı və yerə yıxdı. Sonra da başladı təpikləri ilə döyməyə. Elina müqavimət göstərə bilmirdi. Oğlanların isə Dumana gücləri çatmırdı deyə qışqırmaqla, onu kənara dartışdırmaqla yetinməli olurdular. Həmin an dəli şeytan deyirdi ki, at özünü qabağa, Elinanı xilas elə. Amma qorxdum. Çünki Dumanı saxlamağa gücüm çatmazdı. Nəticədə onun təpiklərindən bir neçəsi də mənə tuş gələcəkdi, vəssalam.
Elə bu vaxt Diyar özünü qabağa atdı. O, Elinanı dartıb Dumanın təpiyinin altından qaldırdı. Torpaqla Tunar fürsətdən istifadə edərək, hələ də qışqırıb bağıran Dumanı uzaqlaşdırdılar. Yerdə qalan hamı onun başına toplaşdı. Mən də Elinaya yaxınlaşdım. Onu ayağa qaldırıb qızlarla birgə ayaqyoluna apardıq. Üst-başını təmizlədik. Çiçəklə Arzu paltarını təmizləyir, Klara dağılmış saçlarını açmağa çalışır, mən də üz-gözünə yayılmış kosmetikanı yuyurdum. Əlüzyuyandan axıb gedən müxtəlif boyalara baxarkən, “Bu qədər maskalanmağa nə ehtiyac var ki? Niyə insanların onu həqiqətən sevməsinə imkan vermir?” deyə ağlımdan keçirdim. Bir anlıq güzgüdə baxışlarımız toqquşdu. Elinanın mənə belə baxdığını görməmişdim. Gözlərindən yaş tökülə-tökülə pıçıltıyla “Niyə? Niyə mənə kömək eləyirsən? – deyə soruşdu. – Axı mən buna layiqəm…” Bir az öncəki səhnəyə şahid olmasaydım, Elinadan bu sözləri eşitməyi zəfər kimi qəbul edərdim. Üstəlik, sinfin qızlarının demək olar ki, hamısı içəridə idi. Amma mən Elina deyildim. Ona görə də, “Deyilsən… Heç kəs buna layiq deyil” – deyə cavab verdim.
Elina bir qədər ağlayıb sakitləşəndən sonra Arzudan çantasını gətirməsini istədi. Təzədən üzünə kosmetika vurmağa başladı. “Evə bu vəziyyətdə gedə bilmərəm. Atamgil nə baş verdiyini bilməməlidir” – Çiçəyə tərəf pıçıldadı. Səsi nəzərdə tutduğundan bərk çıxdığına görə mən də eşitdim. Bir azdan salona qayıtdıq. Duman ortalıqda yox idi. Torpaq və Tunar da yəqin ki, yanında idi. Elina sürücüsünə zəng etdi və evə getdi. Özünü heç nə olmamış kimi aparmağa çalışsa da, üzündə hələ də qorxu vardı.
Görürsən, əzizim? Gör necə adamlarla bir sinifdə oxuyuram! Bəli, o ziyafətə öz iradəmlə getmişdim. Üstəlik o gün baş verən yeganə faciə bu hadisə deyildi. Ən pisi hələ qabaqda idi.
Elina çıxıb gedəndən sonra yavaş-yavaş ziyafət əvvəlki axarına qayıtmağa başladı. Hamı öz kefində idi. Sanki bir az əvvəl sinfin ən gözəl qızını gözlərinin qarşısında şil-küt etməmişdilər. Ətrafa göz gəzdirdim. Elinadan və “Şeytan trio”sundan başqa da bir nəfər – Diyar gözə dəymirdi. Görəsən o, harada idi? Diyarı heç vaxt ciddi adam kimi qəbul etməmişəm. Özünü başqalarına əzdirdiyinə görə heç hörmətimi də qazana bilməyib. Lakin həmin gün özünü qabağa verərək Elinanı xilas etməsi onu hamımızın gözündə qaldırdı. Özündənrazı uşaqların heç birinin edə bilmədiyini (mən də daxil olmaqla) o qorxaq oğlan bacardı.
Bir azdan cəsarəti ilə hamımızı təəccübləndirən Diyar ikinci dəfə bizi şoka salacaqdı. Elinanın getməsindən təxminən bir saat keçirdi. Tunar qaça-qaça içəriyə daxil oldu (o, Torpaqla birlikdə Dumanı bayıra aparmışdı ki, sakitləşib özünə gəlsin). Təngnəfəs idi. Qorxmuş kimi görünürdü. DJ-ə yaxınlaşıb qulağına nə isə pıçıldadı. Musiqi dərhal kəsildi. Tunar həyəcandan pörtmüş üzünü bizə tərəf tutdu. Nəfəsi kəsilə-kəsilə dedi: “Uşaqlar, Diyar intihar eləyib! Restoranın arxasında, həyətdədir!” Heç kəs davamına qulaq asmadı. Hamımız bir nəfər kimi bayıra qaçdıq. Diyara heç vaxt xüsusi rəğbətim olmasa da, bu xəbər məni sarsıtmışdı.
Tez bir zamanda Diyarı dövrəyə aldıq. Dumanla Torpaq çoxdan yanında idilər. Təcili yardıma onlar zəng vurmuşdular. Tezliklə tibbi heyət gəlib çatdı. Diyarı çox az gördüm. Huşunu tam itirməmişdi. Deyəsən dodağının altında mızıldanırdı. Onu intihara nəyin vadar etdiyini heç cür anlaya bilmədim. Cəmi bircə saat öncə cəsarəti ilə hamımızı utandıran bu oğlan axı nəyə görə indi bir qorxaq kimi ən aciz üsula əl atırdı?
Onu xərəyə uzandırıb apardılar. Uşaqlar nə baş verdiyini başa düşməyə çalışırdılar. Duman dedi ki, ən birinci onlar Diyarı tapıblar və düz yanında iri bir qab “Tylenol” görüblər. Dərmanların az qala yarısı yox imiş. Yəni, Diyar onlar vasitəsilə ömrünü bitirməyi seçibmiş.
Diyar xəstəxanaya aparıldı. Səda anasına, anası da Diyarın valideynlərinə baş verənləri çatdırdı. Biz isə evlərimizə dağılışdıq. “Əyləncə” başa çatmışdı.
Bu gün isə Elinadan başqa hamımız yığışıb xəstəxanaya yollandıq. (Yəqin ki, Elina bizi görməyə utanırdı). Çox şükür ki, həkimlər Diyarı xilas edə biliblər. Xəstəxanaya vaxtında çatdırıldığına görə həyati təhlükə aradan qaldırılıb. Diyarı görəndə özümü ağlamaqdan güclə saxladım. Bənizi ölü kimi solğun, sarımtıl rəngdə idi. Kök, yumru sifəti sanki bircə günün içərisində arıqlayıb uzanmışdı. Çətinliklə özündə güc tapıb bizimlə danışa bildi.
Əksəriyyətimiz hal-əhval tutmaqla kifayətləndik. Onun üzünü güldürməyə çalışdıq. Bir-iki dəfə özünü məcbur edərək dodağını tərpətməsinə nail olduq. Lakin heç birimiz intihar cəhdinin səbəbini soruşmağa cürət etmirdik. Nəhayət, Səda özünü saxlaya bilməyib hamının ürəyindən keçən, amma dilə gətirə bilmədiyi o sualı verdi. Diyar bir anlıq susdu. Üzünü tavana tərəf çevirdi. Nəhayət yenidən Sədaya tərəf tutaraq dedi: “Problemlərim var idi”. “Hansımızın yoxdur ki?” – Səlim dedi. Mən də ürəyimdən keçənləri fürsətdən istifadə edərək səsləndirdim. “Səni yenidən gördüyümə çox sevindim, Diyar. Güclü ol! Dünən nə qədər güclü olduğunu hamımıza göstərdin!” – dedim və qaşlarımı çataraq Dumana baxdım. Duman baxışlarını məndən yayındırdı. Təəccübləndim. Həm öz cəsarətimə, həm də Dumanın atmacama qarşılıq verməməsinə.
Dünəndən bəri vicdanımda qəribə bir sızıltı var. Elinaya kömək etmədiyimə görə özümü qınayıram. Həmçinin Diyara da yardım edə bilmədim. Bilirəm, istəsəm belə əlimdən heç nə gəlməzdi. Lakin mən inanıram ki, insan səbəbsiz yerə heç bir hadisəyə şahidlik etmir. Əgər orada idimsə, deməli, nə isə edə bilərdim.
Diyar mənim sözlərimə təbəssümlə qarşılıq verdi. Heç nə deməsə də, xoşuna gəldiyini hiss elədim. Bir azdan tibb bacısı otağa daxil oldu və ziyarət müddətinin başa çatdığını bildirdi. Otaqdan bir-bir çıxdıq. Duman dəhlizdə mənimlə yanaşı irəliləyirdi. Sözlü adama oxşasa da, bir müddət heç nə demədi. Nəhayət, dilinin altındakı sözləri çıxardı: “Güc göstərmək heç də həmişə yaxşı deyil, Dəfnə. Davamını gətirə bilməyəcəksənsə, bir anlıq qəhrəmanlıq eləməyin mənası yoxdur!” Sərt və konkret formada dedi və sürətlə uzaqlaşdı. Cavabımı belə gözləmədi. Nə demək istədiyini başa düşmədim. Bir anlıq qəhrəmanlıq edən kim idi? Elinanı xilas etmək üçün özünü qabağa atan Diyar, yoxsa onun intiharının fonunda artıq unudulmaq üzrə olan həmin qəhrəmanlığı hamının içində Dumanın üzünə vuran mən? Bəlkə Duman üstüörtülü formada mənə hədə-qorxu gəlirdi? Onu heç cür başa düşə bilmirəm. Dünənki hərəkəti vəhşiliyin bariz nümunəsi idi. Hərdən mənə elə gəlir ki, bilərəkdən özünü bu qədər kobud, qəddar kimi təqdim edir. Duman nə qədər bəsit və dayaz insandır… Axı nəyə görə nifrət qazanmağa bu qədər can atır? Özünü olduğundan daha pis insan kimi qələmə vermək ona nə qazandırır? Yəqin ki, hərbə-zorba yolu ilə bir növ özünü müdafiə edir. Axı hər birimizin özümüzə məxsus olan bir “özünümüdafiə üsulu”muz var…
Bilmirəm… Artıq insanlardan nə gözləyəcəyimi təxmin etməkdə çətinlik çəkirəm. Hərdən mənə elə gəlir ki, daha heç nə məni təəccübləndirə bilməz. Amma yenə də məni insanlığımdan utandıran hadisələrlə qarşılaşıram.
Əziz dostum, sirdaşım! Məktəb illərimin ilk və son ziyafətini də beləcə geridə qoydum. Bundan sonra heç bir qonaqlığa qatılmaq istəmirəm. Məzuniyyət gecəmizə belə getməyəcəyəm. Məktəbi bitirəndən sonra sinif yoldaşlarımın bəzilərinin üzünü belə görmək istəmirəm. Məsumluqdan imtina etmiş bu insancıqlarla məktəb mühitindən kənarda nəinki görüşmək, heç təsadüfən qarşılaşmaq belə istəmirəm!
(Ardı var)