İBRAHİMXƏLİL
Tarixi şəxsiyyətlərlə bağlı bizi məktəbdə az qala tarixi “düstur”larla öyrədirdilər: sən demə, onlar – yəni tarixi şəxsiyyətlər “mənafelər şəbəkəsində… zəmanə “qarı”nın nəbzini həssaslıqla duymuş, axarı düzgün məcraya yönəltməyə qadir olmuşlar”. Və sairə və ilaxır… Bu tarixi “düstur”ları uzatsaq, Zəncan–Ərzincan, Dərbənd–Səmərqənd nədir, epiloqun uzunluğu bəlkə də gedib Çingiz xanın gizli saxlanılan qəbrinə qədər gedib çıxardı…
Bədii ədəbiyyatın yüz bir dəyərindən ən əsası insanşünaslıq olduğuna görə, tarixi şəxsiyyət övladının gözünə mil çəkdirəndə də, adam başından hasar tikdirəndə də, arada-sırada yoxsullara kisə-kisə qızıl payladıb zərxaraya bürüdəndə də tarixi əsər müəllifi hamını mərhəmətə və sülhə səsləmiş, adəmiliyə-bəşəriliyə dəvət etmişlər. Bunu görmək üçün Yuli Sezar, Əmir Teymur, yaxud Napoleon haqqında yazılmış kitabları oxumaq da kifayətdir.
…amma arazbarı sözümün toz-tozanaq təkrarı təkcə bunda deyil.
Ədəbi təxəllüsü bizim Əyriqar tərəflərə də çox yaraşan yazıçı dostum, Qaraçuxa Elçin Hüseynbəylinin “Şah Abbas” romanı çapdan çıxan kimi, bundan əvvəl Vaqif Bayatlının “Yupyumru bir eşq ilə”, Qoderzi Çoxelinin “Küknarlara məktub” və Əlabbasın “Qiyamçı” adlı kitablarını ərməğan edən bakılı köhnə dostlarımdan biri bir həmyerlimizdən – avtomobilin ehtiyat hissələri üzrə bietimad “bəzirganbaşı”ndan xahiş edir ki, zəhmət olmasa, bu kitabı İbrahimxəlilə çatdırarsan. Amma “Şah Abbas” gəlib çıxmadı. Sonralar danışırdılar ki, bəs deməzsənmi, ayar dostlarından biri “bəzirganbaşı”nın qulağını doldurur ki, roman olsa da “Şah Abbas” Gürcüstanda arzuolunmazdır; üstündə səni incidərlər, tulla sərhəddə qalsın. Hər nə isə… Bu payızağzı kitabı mənə uşaqlıq dostum, şair Elman Səmədoğlu gətirdi.
Deyim ki, Qaraçuxa Elçin Hüseynbəyli vaxtilə “İnsan haqları yay məktəbi”nin məzunu olub və hesaba alanda ki, indiki Gürcüstan hüquq dövlətidir, bu halda – misilləmə misal üçün – nə Yavuz Sultan Səlim, nə II Yekaterina, nə də Şah Abbas haqqında olan kitablardan kiməsə bir ziyan dəyəcəyinə əmin deyiləm.
…Bu yaxınlarda akademik Nizami Cəfərovun Tiflisdə gürcücə nəşr olunmuş kitabının təqdimatında Elçinlə görüşdüm. Onun böyük adaşı Elçin (Əfəndiyev) bir xatirəsində yazır ki, “atam (İlyas Əfəndiyev) soruşdu ki, əgər islam qanunları imkan versəydi, peyğəmbər roluna sən deyərdin ki, kimi çəksinlər?” Elçin də tərəddüd etmədən cavab verir: “Vaqif Cəbrayılzadəni”.
Eynən həmin yarıalmatək oxşar minvalla, mən Qaraçuxa Elçin Hüseynbəylini Şeyx Sənan rolunda arazbarı-arazbarı çox alqışlayardım. Bilirsənmi niyə?..
Çünki Elçin Hüseynbəyli bəsirət və həsrət dolu yazılarında o boyda “eşq kafəri”dir! Onun Kürü, Sənan dağını, Tiflisin adamlarını və ağaclarnı, gözünə gün düşən günəbaxanlarını necə sevgilərlə seyr etdiyini görmüşəm. Pozitivlər və miras motivlərlə, “Bürəmi”lərlə və “Yovşan qağayılar”la, “Qumru”larla limhəlim Qaraçuxa!..
Vahid Vəhdət dünyasında bir məmləkətdə qəhrəman sayılan digər ölkədə sayrı-saman da sayıla bilir. Elçin Hüseynbəyli ayrı-seçkiliyin, mat-məəttəl məzhəbçiliyin, məsuliyyətsiz müxalifliyin necə bəlalar doğurduğunu, dərdin necə balaladığını yaxşı bilir. Onun “fəth üsulları”nda, onun “imperiyası”nda dodaqbadodaq duyğular hakimdir! Sirr paylaşılmaz, amma sənə bir sirr də açım: onun iki hekayəsini – “Gözünə gün düşür”ü və “Firuzə qaşlı xəncər”i Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın, yazıçı dostum Əlabbas demiş, “Qaratel”ə də oxumuşam.
Elçin Hüseynbəylinin bir “Sizin yeriniz Salyandı” adlı yazısı var. O, Tiflisdən, bizdən ayrılanda dedim:
– Sənin yerin Sənan dağıdır, qardaş!
Gülümsədi. Həm də sanki gözünə gün düşürdü; ədəbiyyat adlı günəşin gözə və künülə düşməyinin bir ayrı zövqü var!..
…Bilirəm ki, savab və səxavət salamlarımızı dostlara, Xəzərə və “Rəqs edən oğlan”a çoxdan çatdırıb Qaraçuxa Elçin Hüseynbəyli.
P.S. …Mirzə Qələmlə birlikdə cibimizdə bir abası (iyirmi qəpik), bir şahı (beş qəpik) olmadığı vaxtlarda Sınıq körpünü sınıq-salxaq keçdiyimiz vaxtlar yadıma düşür. Bütün bunlara rəğmən, biz eynən Elçinin “Gözünə gün düşür” hekayəsinin qəhrəmanı misallı, sülh ağacı əkməyə həmişə hazır idik!..
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir) • Əyriqarda pyedestal mövsümü (evfemizm) • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya) • Dəmir əsəbli dağlar (sinergiya) • Qafilin qandığı qrafa (eksklüziv) • Alın yazısını alın təri ilə silmək… (fraqment) • Yetimdoyduran (al dente) • Şarlotta (təzadlar) • Epikür bağları (vegetasiya) • Yetim Gürcü (boheme) • Şeytanı ağlatmaq (introspeksiya) • Qafqazın qara zurnası və ağ çuxası (arazbarı) • Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya) • Əyriqar qalxanı (silentium) • Stokholm suvenirləri (trauer) • Kürəvi ildırım (versifikasiya) • Odissey Əyriqarda (eponim) • Toğlugötürən (motiv) • Ujurumda yaz havası (trayektoriya) • Vətənə güllə atmaq (transalp) • Qardaşım ədəbiyyat (litera)