Ujurumda yaz havası (trayektoriya)
- 23 İyun 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
İBRAHİMXƏLİL
Fəxri Uğurlunun sədazən sözü var: deyir ki, Tolstoyun “Hərb və sülh”ünü oxumaq hər adama qismət olmur. Eynən həmin oxşar minvalla, Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın indi belə məlum olur ki, Məmməd İsmayılı oxumaq da hər adama qismət olmurmuş.
Misilləmə misal üçün, əgər feysbuk üzrə “fəlsəfə doktoru” Mirzə Halaypozan Məmməd İsmayılı oxusaydı, bəlkə də özü ilə daha bir bu qədər qəlp gəzdirməzdi, bircə duru qəlb gəzdirərdi. Çünki vaxtilə onun mayası da ana çörəyi, alma şirəsi və qoyun südü ilə tutulmuşdu. Axı o da Məmməd İsmayıltək yetim olmuşdu. Amma yetimdoydurana sadəcə olaraq iri qab mənasında baxa bildi. Yetimdoydurana həzin, zərif, şehli və şükran misralar mənasında baxa bilmədi: bu bədiiyyatı bənd-bənd udursan və… cudamlığın daşını bilmərrə atırsan! Axı adam olmaq, adəmi olmaq bir özgə rahatlıqdır, Tanrıya təvəkkül yaxınlıqdır.
…Mən ali məktəbə qəbul olan il – 1981-ci ildə Məmməd İsmayılın “Hələ yaşamağa dəyər” adlı kitabı çıxmışdı. İndi bunu sizə ədalətlə şəhadət verən adam söyləyir: qəbul kağızımdan artıq bu kitabın sevinci ilə qayıdırdım. Bu, bəlkə həm də həmin o sərhesab səbəbdəndi ki, mənim höccət hesabımla hələ 1975-ci ildən – orta məktəbi bitirdiyim ildən qəbul olmalıydım. İndi bir qədər qəribə və qəribanə də görünə bilər: bir kitab əldə etməklə bir o qədər sevinmək! Amma zamanın əksər təzahürləri bu şəkildə dəyişməsinə nə deyə bilərsən? Təki matrisa, mahiyyət dəyişməsin! Bir də ki, məgər bizə, unudulmaz Marina Svetayeva demiş, pərişan-pakizə poeziyadakı “…то, что сорвалось” yetmirmi?..
Məmməd İsmayılın həmin kitabında anası Gülzar xanımın xatirəsinə həsr etdiyi “Müqəddəs kədər” adlı poeması da yer almışdı. Anamın adı da Gülzar olduğundan elə bilirdim kitab həm də anama ünvanlanıb. Onda haralardan biləydim ki, anamın dilində bitən bəzi savab sözləri və bu sarı simli sıradan da “ujurum” sözünü Məmməd müəllimin anası da irşad-isabət çox işlədirmiş. Bu “ujurum”la bağlı Məmməd müəllimin bir söhbətində oxuyan kimi, anamın vaxtilə mənə yazdığı məktub yadıma düşdü: “Ay bala, qardaşın (Şakir) əsgərlikdə olduğun yeri xəritədə göstərdi. Səni aparıf laf ujuruma çıxardıflar ki!”
Sonralar bu ujurum-ucqar yazılarıma da hopdu.
Və ujurumda-ucqarda yaşayan leylək qələm sahiblərini redaktoru olduğu “Gənclik-Молодость” jurnalında ilk dəfə məhz Məmməd İsmayıl çap elədi! İndi aradan bu qədər iffətlı-xiffəlı illər keçəndən sonra belə məlum olur ki, gözdən-könüldən uzaqlarda yaşayan gənc qələmlər hələ o vaxtlardan Məmməd müəllim üçün məniyi-əsrar “məsumiyyət muzeyləri” imiş…
Bircə narıncı nümunə deyim: Səməd Qaraçöpün boyu “Gənclik”də görünəntək, onu bəyənməyən bəzi reyhanəsiz rayon qəzetlərimiz Səmədin “ilk” çapı yolunda yarış başlatmışdılar.
…Məhz bu jurnalın sayəsində biz latın qrafikalı Azərbaycan əlifbasını məktəblərdə hökumətin qərarından (hökumət belə milli məqamlarda nədənsə həmişə axsayır) xeyli əvvəl öyrətməyə başladıq. Buna görə keçmiş şagirdlərimdən indinin özündə də təşəkkür eləyənlər tapılır. Hər dəfə də deyirəm ki, gedin Məmməd İsmayıla təşəkkür eləyin!
Heç bilmirəm həmin ucqar təşəkkürlər Dardanel boğazını usdufca üzüb “ujurum”da – Çanaqqalada yaşayıb-yaradan Məməd İsmayıla çatıbmı?..
…Əlbəttə, şairinki izdiham, basırıq, şamartı məsələsi deyil, tənhalıq məsələsi olduğundan ona arada-sırada paytaxtın özü də ujurum-ucqar ola bilər. Amma bütün həsrət-bəsirət hallarda, məhz şairlərinin sayəsində bütün ujurumlarda-ucqarlarda bir yaz havası olmalıdı! Şahənşahların belə, qeyri-ədəbi qibtə elədiyi bir yaz havası!..
Dünən-srağagün mətbuatda oxuyanda ki, görkəmli Azərbaycan şairi Məmməd İsmayılı İtaliyada keçirilən Beynəlxalq poeziya bayramında “İncəsənət Respublikası”nın prezidenti seçiblər, açığı, mübarək mütəəssir oldum. Düz otuz yeddi il bundan öncə Məmməd müəllim təsadüfdən yaza bilməzdi axı:
Ağacı böyüyüb kökündən qaçar –
ha qaçar kökündən ayrıla bilməz…
P.S. Sınıq körpünün o biri üzünü deyə bilmərəm, amma bəri üzündə, yəni Əyriqarın ətəklərinə yaxın, bir vaxtlar bəzi arazbarı nağıllarımız “biri var idi, biri yox idi” ilə deyil, belə başlayırdı:
Biz dörd nəfər idik:
təpəl qoyun idi,
gəzəl alma idi,
anamdı, məndim…
Meyvəsi ilə ona analıq eləmiş alma ağacının obrazını (“Aman təklik əlindən”) yaradan Məmməd İsmayıl “Gəzəl alma gözümdə hazırca vətən idi” yazırdı… Dünya gözümüzdə Məmməd müəllimin gəzəl alması rəngində idi. Biz poeziyasevərlərin Məmməd İsmayıl şeirləri üstündə köklənən “boyakarlıq”ı üçün gəzəl almalar nar qabığından da artıq idi!.. Nifaq almalarını biz tərəflərə sonradan gətirdilər…
…Yeri gəlmişkən, Məmməd İsmayılın bu “gəzəl alma”sı bəzi “beynamaz”ların əsl başağrısına çevrilmişdi. Onlar “gəzəl”i “gözəl” şəklində verirdilər. Çünki – bilməmək bir yana – “gəzəl” bəzi “mötəbər məxəzlər”də “turş” anlamını verirdi. Ağlınızı ujuruma verməyin: vətəndə hər şey şirin-şəkər olmalıdı!
…bəlkə vətəndə şəkər xəstəliyinin artması da elə bu ürbənd üzdəndi? Kim bilir…
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir) • Əyriqarda pyedestal mövsümü (evfemizm) • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya) • Dəmir əsəbli dağlar (sinergiya) • Qafilin qandığı qrafa (eksklüziv) • Alın yazısını alın təri ilə silmək… (fraqment) • Yetimdoyduran (al dente) • Şarlotta (təzadlar) • Epikür bağları (vegetasiya) • Yetim Gürcü (boheme) • Şeytanı ağlatmaq (introspeksiya) • Qafqazın qara zurnası və ağ çuxası (arazbarı) • Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya) • Əyriqar qalxanı (silentium) • Stokholm suvenirləri (trauer) • Kürəvi ildırım (versifikasiya) • Odissey Əyriqarda (eponim) • Toğlugötürən (motiv)