İBRAHİMXƏLİL
Adının mənası baxımından Zahid Sarıtorpağın ədəbiyyatımızda nə boyda abidliyi-asketliyi var – bilmirəm. Onu bilirəm ki, bir vaxtlar Bakıda “Çinar pöhrələri”, “Bahar çiçəkləri”, “Yeni səslər”, “Gənc istedadlar” adlı almanaxlar işıq üzü görürdü və bu toplularda Akif Səmədin, Əhməd Oğuzun, Murad Köhnəqalanın (onda Murad Mahmud), Qardaşxanın, Qəşəm Nəcəfzadənin (onda Nəcəfov), Ramiz Qusarçaylının, Səməd Qaraçöpün – arazbarı siyahını uzatsam gedib Əyriqardan Şamaxıya çıxar – yasəmənli yazıları gedirdi və Zahid Sarıtorpağın şəklini də, gərək ki, həmin təbarəkallah topluların birində gördüm.
İndi – aradan bu qədər ibrətgötürmə illər keçəndən sonra – mənə hərdən-birdən belə gəlir ki, Zahid həmin o cavanlıq şəklində… Odisseyə çox oxşayırmış: Homerin dünyalarca məşhur qəhrəmanına – İtaka çarına! Əmin-yəmin olmaq üçün “Tiresiyin Odisseyə öyüd-nəsihəti” adlı tablosuna baxmaq da kifayətdir. Vahid Vəhdət dünyasında nələr olmur!?
Amma bunu təkcə ona görə demirəm ki, böyük ehtimalla, canım-gözüm cümlə-cahanda hər kəsin azı altı nəfər – yarıalmatək oxşar, yaxud da bir qədəhdəki suyun iki damlası qədər – oxşarı var imiş! Baxmayaraq ki, hətta “Odissey” filmində baş rolda oynayan Armand Assantenin cavanlıq şəkli ilə Zahid Sarıtorpağın cavanlıq şəkilləri də oxşayır. Bunları daha çox ona görə bu boyda nəqşi-zəmir işarələyirəm ki, Zahid Sarıtorpağın az qala bütün yazılarından bir oxrantılı və ocaqgözü Odissey dövrü keçir: ayrılıqlar dolu, yarı torpaq-yarı kitab misallı, döğma sahil həsrəti ilə limhəlim, özündən-özünə bitib-tükənməyən əbədi yol yolçuluğu bəsirətli…
…onda qədim Elladada gəmilərlə uzaq səfərlərə çıxanlara “uğurlu yol” və “təmiz su” arzulayırdılar: çünki ölkədə ilkbahardan sonbaharacan çaylar quruyurdu. Səfərlər uzun – az qala əsrə bərabər çəkirdi! Qayıdanacan həsrət boğazda, kədər də ölüm dərəcəsində olurdu. Hərdən lələ köçüb yurdu qalırdı, hərdən də hətta doğma sahillər belə, yad sahillərə bənzəyirdi…
Zahid bunu sanki elə həmin ovqatla bağlı deyib:
…ahından sədəqə də verir indi.
Hesab edrəm ki, bugünkü ədəbiyyatımızın “İtaka çarı” olan Zahid Sarıtorpaq ədəbiyyatın Odissey fonunda çox yaşayıb: bədii sözün əbədi mövzusu olan dönüb-dönüb Özünə qayıdış mənasında! Zahid gözəl bilir ki, günlərin bir günündə:
dünyada işıqlı olan hər şeyin
könüllü sürgünü başlayır…
…O boyda Bakıda bir yazıçı qardaşım Əlabbasa ayandır ki, bir sıxıntım oldu-olmadı, hansı arazbarı, az-az da ucqar ürbənd üslublarla-üsullarla gah Aristoteli, gah Pikassonu, gah Axmatovanı, gah Vaqif Bayatlını, gah Yetim Gürcünü Əyriqara gətirirəm…
Bilmirəm təsadüfmü, yoxsa zərurətmi belə gətirdi ki, Zahid Sarıtorpağın tərcüməsində “Uliss” (məlum olduğutək, Odisseyin latıncası) romanından “Azadlıq radiosu”nun verdiyi pakizətinət parçanı Əyriqarın əhdi-ilqar ətəklərinə yaxın yerdə oxudum… Və sözümün toz-tozanaq təkrarına bir də qayıdıram: səksəkələrlə və səmumlarla dolu 1989-cu ildə mən Əyriqarın ətəklərində Nikolay Qumilyovun “Odisseyin qayıtması” şeirindən bu hissəni:
Берега – что мне обещаны,
Исчезают за туманами.
Və Zahid Sarıtorpağın:
Dərddən yol enmir ki, düşüb gedəsən. –
misralı şeirini çox pıçıldayırdım, qürbətçi havasıtək çıxmasın, hətta gecələrə hönkürürdüm.
…Yadınızda qalmış olar: Odisseyin qohumları – bəlkə də daha çox genetik su həsrəti səbəbindən – “dəniz sahillərində məskunlaşırdılar” (Sokrat). Buna baxmayaraq həmişə ümid edirdim ki, onun yolu günün birində mütləq Əyriqardan da keçəcəkdir! Axı Odissey bizim dağların da arada-sırada dənizsayağı necə “dalğalandığını” görməlidir! Məgər sikloplara dönə-dönə qalib gələn Odissey mənasız “yerli-gəlmə”, “ev yiyəsi-qonaq” sindromlarını qızışdıran trollar üzərində zəfər çala bilməzmi və bu sindromların özünü həqiqi xəstəliyə çevrilməmiş dayandırmağa qadir olmazmı?.. Bu da sizə ədəbiyyatı həyat tərzinə çevirmiş ucqar adamının xəyal gücü!..
Mənim aləmimdə Odisseyi Əyriqara şamaxılı (həm də borçalılı) Zahid Sarıtorpaq gətirdi: “Uliss”lə, “Dərdin sarı çəpkəni” romanı və qələm qardaşım (torpağı nurla dolsun) Eyvaz Əlləzoğluya həsr etdiyi “Nəfəs çatmırdı” şeirı misallı şeirlərlə…
Çəkməçilər elə bilər
çəkmələrin yeyilmiş dabanlarına
günəşi mismarlayırlar…
…Məşəqqətlərlə dolu dəniz səfərində Odisseyin nəfəsi çatmırdı, ta doğma sahildə dilənçi paltarında çoban daxmasına girənə qədər… Eyvazın Sınıq körpüsüz, Qarayazısız, Əyriqarsız o boyda Bakıda arada-sırada nəfəsi çatmırdı. Zahid bunu bizdən yaxşı bilirmiş. O yazır:
…o günün əzilmiş yaxalığında
boynubükük görkəmiylə
qanı qaçmış qərənfillər…
…bircə nəfəs çatmırdı, nəfəs.
Bu may yağışlarını və may çiçəklərini musiqi ahəngi ilə oxuya-oxuya düşüncələrimin kökünə enirəm… Şükürlər olsun ki, Zahid Sarıtorpaq da düzilqarlı Əyriqardan keçdı.
Mən indi Zahidin redaktoru olduğu “Xəzər” jurnalı redaksiyasında bir neçə dəfə olmuşam: Vaqif Bayatlının, Zakir Fəxrinin, Afaq xanım Məsudun ədəbi “bələdçi”likləri dövründə… Bu jurnal həmişə bədii sözümüzün – bədii tərcümə sözümüz daxil – böyük uğurudur və Zahidin indi məhz bu uğurun mahiyyətində olmağı Sınıq körpünün bəri üzündə qəlbimi atdandırır! Şəms Təbrizi demiş, “nə varsa, sınıq könüldə var”!
P.S. Borçalı Süsən-Sünbülündə “Uliss”i təkcə Mirzə Qələm oxuyub. İndi də Zahidin tərcüməsində Y.Trifonovun “Qoca”sını oxuyur. Dedi ki, işdi-şayəd, bəlkə Zahidi gördün, səbuhi salamlarımı çatdırarsan…
…bircə saat sonra eşidəcək ki, Odissey Əyriqardadır.
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir) • Əyriqarda pyedestal mövsümü (evfemizm) • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya) • Dəmir əsəbli dağlar (sinergiya) • Qafilin qandığı qrafa (eksklüziv) • Alın yazısını alın təri ilə silmək… (fraqment) • Yetimdoyduran (al dente) • Şarlotta (təzadlar) • Epikür bağları (vegetasiya) • Yetim Gürcü (boheme) • Şeytanı ağlatmaq (introspeksiya) • Qafqazın qara zurnası və ağ çuxası (arazbarı) • Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya) • Əyriqar qalxanı (silentium) • Stokholm suvenirləri (trauer) • Kürəvi ildırım (versifikasiya)