İBRAHİMXƏLİL
Süsən-Sünbül tərəflərdə bunu az qala hamı bilir: qədim müharibələrin başlıca silahları qılınc və qalxan olub. Az qala hamı – əlbəttə, Süsən-Sünbül tərəflərdə – bunu da bilir ki, qalxan – zərbələrdən qorunmaq üçün əldə tutulan dairə şəkilli sipərə deyilib.
…Üstəlik, indi qalxan elə müdafiə simvoluna çevrilib ki, hətta dünən başlayan “banan” müharibəsində fikrində ancaq hava bombardmanı dolaşan general da səhər saatlarında keçirəcəkləri hücum əməliyyatının adını “Qırmızı üfüq qalxanı” qoyur. Dövlətlərin hərbi nazirlərinin adları da “müdafiə naziri” şəklində gedir. Müxtəsəri, hamı “Müdafiə fərmanı”ndan danışır, qılınc qaldırmağından söz salmır, elə “mənim qalxanım” deyir. Belə çıxır ki, hamı sülhsevərdir, hamı ancaq və ancaq müdafiə olunur, bir kimsənin də hücum etmək niyyəti yoxdur. Mirzə Qələmin bostanına atılan daşlar bir yana, Hələb boyda şəmssipər şəhər də sən demə… “öz-özünə” xatirşikəstə xarabalığa çevrilibmiş…
Amma ucqar sözümün toz-tozanaq, az-az da arazbarı təkrarı bunda deyil…
…“İbrahimxəlilin ucqar biçilən boyu”nu uzaqlarda yaxşı görən Nəriman Əbdülrəhmanlının iffəti ilə tanış olduğum unudulmaz Tofiq Abdin bir dəfə qalxdığımız pilləkəndə qəfil ayaq saxlayıb məndən soruşdu:
– Oralarda necə yaşayırsan?
Onda biz tərəflərdən Sınıq körpünün o biri üzünə kəmhövsələ köç başlamışdı. Hazırda “xalq qəhrəmanı” kimi peyda olanların bəziləri onda başlarını soxmağa qulpu qırıq küp axtarırdılar…
Cavab verdim ki, Tofiq bəy, oralarda Əyriqar qalxanı ilə yaşayıram.
…Siz tərəflərdə də məlum olduğutək, hər mahiyyətin bir neçə təzahürü mümkündür; təzahürlər təsadüf ola bilir, ən başlıcası, biləcəksən ki, bütün hallarda onların mahiyyəti zərurətdir, yəni sən özün də zərurətsən, onda var olmağın sənə daxili rahatlıq, səliqə-sahman gətirir. O vaxt sən qalxanı ona görə qaldırmırsan ki, birdən işdi-şayəd, səni ürəyindən vura bilərlər, böyrəyindən, başından vura bilərlər. Onda sən qalxanı qaldırırsan ki, batinini qoruyasan! Çünki batinə, bəsirətə göz dikən – özü də nə qədər desən – batil var!
Bir də ömrümüzün əslində aldığımız nəfəslərin sayı olduğu səbəbindən ədəbiyyat – ən əmanətdar Əyriqar qalxanım olaraq – mənə kəsilhakəsildə yeni nəfəs verib. Təhqirdən, bikarçılıqdan, bihallıqdan, qüllabidən-qurumsaqdan qoruyub, qubara-qumrulara-durnalara, qübbeyi-minaya yaxın tutub. Daimi ədəbi, nəzakəti də bir ayrı!.. Anladıb ki, ey bir “Ol!” buyuruğu-əmri ilə yaranan, “olmaq”, “olum” bir an da olsun bitmir, var olmaq, zəruri olmaq halı mütəmadidir!
Ədəbiyyat – ədəbi-bədii qalxanım mənə öz füsunkar sükutu, səbri-təmkini ilə müdrik yaşamağı öyrədib, ədəbi-bədii həyatın vacibliyini vurğulayıb, məni Panurq sürüsündən həmişə uzaq tutub! Unudulmaz Anna Axmatova demiş:
Я научилась просто, мудро жить…
(Sadəcə olaraq, müdrik yaşamağı öyrəndim…)
…Bunu da etiraf etmək lazımdır ki, burası da var: dünyada o qədər “müdriklik məktəbi” bitirənlər olub ki, qətiyyən müdriklik qazanmayıblar, əksinə, onların bəziləri barəsində “Eşşəklər haqqında komediya” (Plavtın əsərinin adıdır), “Qızıl eşşək” (Apuleyin əsərinin adıdır) kimi əsərlər yazılıb.
Ədəbiyyatınkı möcüzə müdriklikdir. Hətta haradasa unudulmaz Borxesə yarıalmatək oxşar, az qala idarə olunan – bəlkə də Yaradana xatir – şirin və gözəl yuxudur.
P.S. Azərbaycan rəssamı Məhəmməd Möminin “Bədii qalxan” adlı məşhur rəsm əsəri var. Moskvada Silah palatasında (bu da sənə bir peymaneyi-qəm paradoks) saxlanılır. İndi oxuyanda ki, Rusiya, ABŞ, Çin kimi böyük dövlətlər öz hərbi hava-kosmik müdafiə konsepsiyalarını yeniləyirlər, yeni-yeni “nüvə qalxanı” yaradırlar, açığı, çox mütəəssir oluram: məgər hərəyə bir ədəbi-bədii qalxan bəs eləmirmi? Axı rusların Çexov kimi, amerikalıların Folkner kimi, çinlilərin Mo Yan kimi (sərhesab siyahını Santyaqodan Səmərqəndə qədər uzatmıram) ədəbi qalxanları var! Dekorativ olmayan qalxanları!..
…Deyilənlərə görə, uzaq-uzaq illər bundan öncə, bəlkə də dəryalar mürəkkəb olan zamanlar qılınc kəsməyəni qələm kəsirmiş…
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Şeytanı ağlatmaq (introspeksiya)