İBRAHİMXƏLİL
Həyatımız körpəlikdən ağlamaqla başlamırmı? Bəlkə də “ağlamayana məmə yoxdur” ifadəsindən indinin özündə də heç cür yaxa qurtara bilməməyimizin bir südəmər səbəbi də kimliyimizi təyin edən keyfiyyətlərdən artıq “məmə”ni əhd-cəhd ilə əzbərləməyə davam etməyimizdədir. Kim bilir…
Baxa-baxa çaş-baş qalırsan: Donald Tramp Bağdad üçün ağlayır, Bəşər Əsəd “iblisə uymuş bəşəriyyət” (ifadə H.Cavidindir) üçün ağlayır, Mirzə Filan Filcümlə isə Qasım bəy Zakirin “gecə-gündüz canan deyib ağlaram” məsum-məhbub misrası da dilində fiqurlu-fasonlu Firuzə xanım üçün ağlayır.
Bu divanə dünyada günəş üçün ağlayan uşaqdan tutmuş, yağış üçün ağlayan aşiqə qədər görmədikmi?
Mirzə Səfər (Əbdürrəhim bəyə Allahın rəhmətini diləyirəm) danışırdı ki, evin böyük gəlininə deyirəm ki, bala, körpən diqqət istəyir, kirit, yazıqdır, ağlamasın. Kimə deyirsən? Hələ gün günorta yerinə gəlməyib, amma anası artıq dördüncü dəfədir zəng eləyir. Yəqin səhərə yaxın gördüyü unudulmaz eniş-yoxuş yuxunu danışır. Bu yerdə ən qardaşqanı qayınatanın səbri belə, bu çətin müsibəti asanmı edə bilər? Mirzə Səfər məcbur olub evin böyük gəlininə pürməna Pifaqorun sözlərini yağdırmalı olur: – Bala, öz balanın göz yaşlarını qoru ki, günlərin bir günü sənin qəbrin üstündə də ağlaya bilsin…
Mirzə Səfəri qınamıram: Əyriqarın ətəklərinə yaxın yaşamasına rəğmən, dəmirəsəb dağlara oxşamadı, yoxsa nə vardı səbrini basmağa!
Dünən Süsən-Sünbül yolunda həm də “Şeytanşapalağı” ləqəbi ilə tanınan Mirzə Cavadı (C.Cabbarlının qəhrəmanı ilə ad eyniliyi zərurət yox, adi təsadüfdür) gördüm. Elə ağlayırdı, elə ağlayırdı, sanki iraq-iraq, şəhri-Tiflis köçür! Kiritməkmi olur? Fikirləşdim ki, yəqin sonuncu aktyoru dünən köçüb Tiflis bazarlarının birinə gedən T.T üçün, ya da təmirə ehtiyacı olan ufaq-tufaq kənd məktəbi üçün ağlayır. Kirimədiyini görüb Mirzə Halaypozanın onun haqqında yazdığı “tarixi-miladi tarixçə”ni çıxarıb göstərdim. Kirəc-kirəmit kiridi. Bələ yanıqlı-yanıqlı ağlamağının səbəbini soruşdum.
O necə deyərlər, sən saydığını say…
Sən demə, Mirzə Cavadın dərdi nə teatr, nə də məktəb dərdi imiş. Sadəcə olaraq, eşidib ki, ağlamaq – stres hormonlarını orqanizmdən xaric etməyin ən əlverişli üsuludur; ona görə ağlayır. Elə bilir onun beyni emosiyalarını ağlamaqla formalaşdıracaq… Ey dadi-bidad!
Amma, ay bəni-adəm, belə isə get evində üzüqoylu düş, nə qədər istəyirsən ağla, daha niyə Süsən-Sünbül yolunda saçını yolursan?
…deyilənə görə, Utopiyalar ölkəsində yoxsulundan padşahına qədər hamı ağlayır. Yoxsa onlar da sağlamlıqlarının qeydinə bu yollamı qalırlar? Axı bu qədər də manipulyasiya olmaz!
Görünür, eynən kamillik misallı, gərək naqislik də xüsusiyyət olaraq tam təzahür edə ki, hətta göz yaşının da Allaha görə olub-olmadığını anlayasan.
Sınıq körpünün bəri üzündə, Arazdan bu qədər uzaqlarda Mirzə Səfər iddia edir ki, Araz çayının bir bu qədər arazbarı olma səbəbi də üzüqoylu ağlamağındanmış… Etiraf edim ki, bilmirəm.
P.S. Başqaları haqqında “onun anasını ağladaram” ifadəsini işlədirik, nədənsə “onun şeytanını ağladaram” demirik. Bu fitnəkar çuğulun, şəri təmsil edənin, araqarışdıranın dərsi vaxtında verilmir…
Müxtəsəri, qardaşım, adam adamı, vilayət vilayəti, bülbül gülü ağlatmamalıdır! Adam gərək adamın namərdliyini, naqisliyini görüb sevinən, gülüb şaqqanaq çəkən şeytanı ağlada! Çünki şeytan əməlisaleh görəndə ağlayır, ədalət, əmin-amanlıq görəndə ağlayır: beynamazdır axı!
Sənin bircə ağlayanı kiridib, bircə göz yaşını sildiyini görəndə… hətta Şuşada da yuxusu ərşə çəkilir. Nafəhm nəbzini tuta-tuta çıxıb gedir…
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)