İBRAHİMXƏLİL
“Mənim Bağdad bağlarım”da da demişdim: kəndimizin hazırda izi-tozu da qalmayan üzüm və alma bağlarından xeyli əvvəl rəhmətlik anamın danışdığı bağa – padşahın bağına vurulmuşdum. Xatırladıram: “Padşahın bağında bir alma ağacı var idi. Bu ağac birinci gün çiçək açar, ikinci gün çiçəyini tökər, üçüncü gün bar verərdi. Bu sehirli almadan hər kəs yesə, on beş yaşında oğlan olardı”.
Elə ki, bu yaxınlarda Hələb bağlarının birində bombardmandan sağ çıxmış (dəmir-beton sığınacaqdakılar xilas ola bilməmişdilər) on beş yaşlı oğlanı göstərdilər, dərhal bağlamağa yarayan hər şeysiz: ipsiz, kəndirsiz, qaytansız-qayışsız bağlandığım, görmədiyim və gördüyüm neçə-neçə bürhan-büsat bağlar yadıma düşdü: müstəbid Nəmrud şahın İbrahim peyğəmbəri kürəyə atdırarkən od-alovun sönüb çevrildiyi güllü-çiçəkli İbrahim bağı, dünyanın yeddi möcüzəsindən biri hesab olunan qədim Babilistanın asma bağları, Əflatun (Platon) başda olmaqla dünyanın ilk akademiklərinin güzərgahı olan “Akademiya” bağı, Firdovsinin əfsanəvi “Arami-dil” bağı, Tiraspol, Bağçasaray və Təbriz bağları, nəhayət, bağlar bağı Gülüstani-İrəm – cənnət bağı…
Təbii ki, bombardmandan bağda xilas olan əmanət ərəb balasının indi haralarda olduğunu bilmirəm. Amma çox istərdim ki, böyüyəndə filosof olsun. Necə ki, Platon demiş, “filosoflar idarə etməyincə heç bir dövlət bəlalardan və bölünmələrdən yaxa qurtara bilməyəcək”, bax, həmin oxşar müntəzir minvalla, bəlkə həmin on beş yaşlı oğlan məmləkətini məhrumiyyətlərdən qurtarardı.
Yeri gəlmişkən, bir zamanlar qədim Yunanıstanda fəlsəfi məktəblərə də “bağ” deyiblər: Pifaqor bağı, Demokrit bağı, Ərəstun (Aristotel) bağı, Epikür bağı…
Müxtəsəri, bu yerdə “Mənim Bağdad bağlarım”da çatdıra bilmədiklərimi deməkləcə kifayətlənəcəyəm: etiraf edirəm, misilləmə misal üçün, qədim Babilistanın asma bağlarından artıq Aristotel, ya da Epikür “bağ”ına bağlıyam. Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın başqa cür mümkün deyil! Əlbəttə, bu o demək deyil ki, guya mən filosofam. Amma bircə sərhesab səbəb var ki, Bağ – yəni fəlsəfə çox şarlatandan, kintodan, cibgirdən, donosbazdan, qafiyəpərdazdan və internet trolundan… gözəl müdafiə sistemidir; çünki əgər “hava hücumundan müdafiə sistemi”n yoxdursa, səmanda-göyündə yad yellər əsəcək: eynən Hələb – Bağdad arası misallı…
Görünür, şair Qəşəm Nəcəfzadə də əbəs yerə yazmayıb:
Bu bağ evimizdən yaxşıdı…
…Daha çox Bağdad həsrətilə yanan “Vaqifçi”yəm, “Vidadiçi”yəm, təvazökarlıqdan zəifülməzac uzaq da olsa, fəlsəfədə filosof dostlarım Mirzə Qələm və Kamurandan sonra – bəzi tarix, coğrafiya və filologiya üzrə Süsən-Sünbüllü fəlsəfə doktorlarının (yazıq-yavuz fəlsəfə!) “Bağ”dan uzaq zanqazaranqı ilə nə işimiz – mətlə beyt, ya da bədii simvol boyda da olsa “Epikürçü”yəm.
Burasını da deyim ki, Epikür həqiqətin meyarını “düşüncə sıçrayışları”nda görürdü. Bəlkə də o düşüncə sıçrayışları ki, Hələb tərəflərdə hələlik arazbarı az görünür…
P.S. Unudulmaz H.Sarabski xatirələrində yazırdı: “Axırda həkim nənəmə dedi: – Bir az qanı azdır, göndər getsin bağa”.
İndi, qardaşlar, siz ki Mirzə Həsən ağanın bu qədər yaxın qohumusunuz, zəhmət də olsa, göndərin dəə, onu bağa! Yox-yox, Epikür bağlarını demirəm, Mirzə Halaypozanın badənuş bağını deyirəm. Bəlkə həm düzələrdi, həm də az-az bağçıvanlıq öyrənərdi…
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)
Şarlotta (təzadlar)