Yazıçı Bircənin məşhur “Cəhənnəmdən keçmiş mələk” adlı avtobioqrafik romanının dördüncü bölümü (“Yenidən cəhənnəmdə”) kitab şəklində nəşr olunub.
Xatırladaq ki, əsərin birinci bölümü (“Yaranış”) 2017-ci, ikinci bölümü (“Cəhənnəm”) 2018-ci ildə, üçüncü bölümü (“Cəhənnəmdən cəhənnəmə”) isə 2024-cü ildə ayrıca kitab kimi işıq üzü görmüşdü.
Əvvəlki cildlər kimi dördüncü bölüm də “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitab əsərin redaktoru yazıçı Fəxri Uğurlunun “Bu kitabın yüz il sonra da oxunacağına əminəm” adlı yazısıyla açılır. Ön söz yerinə filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun “Cəhənnəmdən keçmiş mələk: Bircənin fərqliliyi” başlıqlı məqaləsi dərc olunub. Son söz yerinə isə müəllifin kitabda yaddaqalan obrazı yaradılmış oğlundan aldığı “Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb” başlıqlı müsahibəsi verilib.
Kitaba “Cəhənnəmdən keçmiş mələk” romanının dördüncü bölümündən savayı müəllifin əsərə əlavələr silsiləsindən (bu silsilədən olan yazılar əsərdəki real personajların romandakı zaman hüdudundan sonrakı taleyindən bəhs edir) qələmə aldığı “Bic” və “Gözlənən ölümün melodiyası” adlı bioqrafik hekayələri də salınıb.
Dördüncü kitab 720 səhifə həcmindədir, satış qiyməti 10 manatdır. Kitabı əldə eləmək istəyənlər “Libraff” mağazalar şəbəkəsinə müraciət edə, yaxud 055 781 50 79 nömrəli telefona zəng vurmaqla sifariş verə bilərlər.
“Cəhənnəmdən keçmiş mələk” romanından parçalar 2016-2019-cu illər arası Kulis.az, onunla paralel qaydada Novator.az portalında ardıcıl dərc olunub. Əsər virtual aləmdə çox böyük oxucu kütləsi toplayıb. Müəllifin romana əlavələr silsiləsindən qələmə aldığı yazıların dərci də sonrakı illərdə adı çəkilən saytlarda davam etdirilib.
Bunu da vurğulayaq ki, Bircənin indiyədək dörd bölümü dərc olunmuş romanı bitməyib, qarşıda bizi əsərin hələ işıq üzü görməmiş beşinci bölümü gözləyir.