Tənha qu quşları
- 05 May 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Müharibədən söhbət düşəndə istər-istəməz insan bir anlığa fikrə dalır, özü müharibədə iştirak etməyən də kənardan eşitdiklərini xəyalından keçirir. Müharibə insanların mənəvi aləmini sarsıdan, onların daxili-əxlaqi potensalını sınağa çəkən, yaşamaq həvəsini öldürən ömür payıdır. Müharibənin arxada buraxdığı izlər tezliklə həllini tapa bilməyən bir həqiqətdir. Bir sözlə, müharibə hər bir insanın xarakterinə xələl gətirir, onu sarsıdır, başqa bir dünyanın insanına çevirir. Amma insan oğlu həm də zülmə tabe olan bir Allah övladıdır.
…Bir gün qatarla Zaqatalaya gedirdim. Mənim olduğum kupedə tanımadığım iki adam da vardı, mən yaşda olardılar. Salamlaşdıq, az sonra hərə öz yerini sahmana salmağa başladı.
Qatara minməzdən əvvəl dostlarım mənə yaxşı bir qonaqlıq vermişdilər. Bir sözlə, yeməyə ehtiyacım yox idi. Amma çay içmək könlümdən keçirdi. Elə bu dəmdə qatarın bələdçisi bizə xəbərdarlıq etdikdən sonra kupeyə daxil oldu, biletlərimizi yoxladı, “Kimin çaya ehtiyacı var?” deyə soruşdu. Üçümüz də bir-birimizdən xəbərsiz, gətrin dedik. Kim olduqlarını bilmədiyim adamlardan biri mənə müraciət etdi:
– Qardaş, deyirəm tanış olmağın vaxtı gəlib çatıb.
Bir-birimizə özümüzü təqdim etdik. Yoldaşların ikisi də zaqatalalı idi. İlk andanca hiss etdim ki, maraqlı insanlardır. Süfrə açdılar. Mən zarafatla dedim ki, evə gedirsiniz, buna ehtiyac varmı? Yoldaşlardan biri gülərək: “Qardaş, bunun ayrı ləzzəti var” dedi. Mən vəziyyətimi başa salmağa çalışdım:
– Qatara minməzdən əvvəl mənə yaxşı qonaqlıq veriblər, yeməyə yerim yoxdur.
İkisi də gülməyə başlad:
– Darıxma, qardaş, qatar hər şeyi qaydasına salacaq.
Hiss etdim ki, bunlar mənsiz başlamayacaq, süfrəyə oturmaq qərarına gəldim. Bələdçi də çaylarımızı gətirdi. Yol yoldaşlarımızdan biri eşitdiyi bir hadisəni danışmağa başladı.
– Allah muharibəni heç kəsə göstərməsin. İkinci Dünya müharibəsində əsgərlərin aclıqdan, susuzluqdan, yuxusuzluqdan, bir sözlə, saymaqla bitməyən əzab-əziyyətlərə dözməkdən başqa əlindən heç nə gəlmirdi. İnsan həyatının ən dəhşətli, ən ağrılı tərəflərindən biri kimi aclıq və səfalət adamların bir-birinə olan münasibəti, ən dəhşətli anlarda bir-birinə arxa çevirmələri olub. Müharibənin dəhşətli anlarını yaşayan insan bəzən baş verənlər önündə sarsılır, özünü itirir, nə edəcəyini bilmir. İnsan ehtiyacdan oğurluğa, quldurluğa belə qurşana bilər, hətta intihar da edə bilər. Biz dəfələrlə eşitmişik ki, mühasirədə qalan əsgərlər ot da yeməkdən çəkinməyiblər.
Yol yoldaşımızın bu danışdıqları necə qurtaracaq? Bu sonucu səbirsizliklə gözləyirdik. O isə səbirlə davam edirdi…
– Bir gün çox ağır döyüşdən çıxan əsgərlər komandirin əmri ilə mövqelərini dəyişməliymişlər. Əsgərlər bir gölməçənin yaxınlığındakı cığırla irərləyirmişlər. Gölməçə ilə onların arasındakı məsafə bir o qədər də yaxın deyilmiş. Əsgərlərdən biri ayaq saxlayaraq gölməçədə üzən qu quşuna həsrətlə baxır. Bunun məqsədini hiss edən bir azərbaycanlı əsgər ona yaxınlaşaraq deyir ki, dayanmaq olmaz, getmək lazımdır. Milləti bəlli olmayan həmin əsgər isə azərbaycanlıya tərəf dönərək deyir ki, sən yoluna davam et, mən acından ölürəm, o quşu ovlamalıyam, sən mənə mane olma.
Azərbaycnlı əsgər çox çalışır ki, onu fikrindən daşındırsın, başa salsın ki, o, müqəddəs quşdur, onu öldürmək günahdır, sən bəlaya düçar olarsan. Qeyri-millətdən olan əsgər azərbaycanılya dönərək bildirir ki, sən get o nağılı başqasına danış!
Azərbaycanlı əsgər deyir ki, biz əsgər yoldaşıyıq, hamımız acıq, bizim də yeməyə ehtiyacımız var, amma bir az dözməliyik.
Qeyri-millətin nümayəndəsi sual dolu nəzərlə azərbaycanlıya baxır. “Dostum, yaxşısı budur sən yoluna davam et, mən də öz yoluma davam edəcəm” deyir.
Azərbaycanlı əsgər oradan uzaqlaşır. O biri əsgər özünə münasib yer seçib qu quşunu nişan alır və vurur. Əsgər mahir nişançı imiş. İstədiyinə nail olur.
Bu səhnəni görənləri heyrət bürüyürmüş. Qu quşuna güllə atmaq insanın öz ölmünə fərman verməsi kimi bir şeydir. Əsgər vurduğu quşu çiyninə qaldırıb özünü sahmanlayır. Silahı tərsinə çevirir. Qundaq hissəsi aşağı baxır, lüləsi isə yuxarı. Cibindəki ipi çıxarıb bir ucunu quşun ayağına, o biri ucunu qanadına bağlayır, quşu çiynindən asır. Sən demə, qu quşu ölməyibmiş, can verirmiş.
Əsgər yoldaşlarına çatmağa hardasə əlli metr qalmış çiynindəki silah açılaraq əsgərin beynini dağıdır. Demə, can verən qu quşunun caynağının biri tətiyə keçibmiş. O da dartınarkən silah açılıb. Bu hadisəni görənlər yerlərində donub qalıblar…
Hekayəni çox böyük səbirlə danışan dostumuz daha sonra dedi:
– Dostlar, bir çay içək, sizə qu quşu barədə başqa əhvalat da danışacam. Şəxsən şahidi olduğum əhvalat. Bir kəndə getmişdim. Çox qəribə adı vardı – Sonaabad. Evində qonaq qaldığım ağsaqqal məni kəndin kənarındakı qəbiristanlığa gətirib, bir qəbri göstərdi. Qəbir daşının üstündə qu quşunun şəkli yonulmuş, sinə daşına bu sözlər yazılmışdı: “Burada su sonası qu quşu dəfn olunub. İnsanlar paklığı, təmizliyi, vüqarı, sadiqliyi ondan öyrənsinlər!” Sonra ağsaqqal uzaqlara baxıb nəyisə yadına saldı. Mənə qəribə bir rəvayət danışdı. Dedi ki, qu quşu öz köçündən ayrılıb, göydə müvazinətini saxlaya bilməyib, çox çətinliklə obanın Pənah adlı ağsaqqalının həyətinə qonub. Köçündən perik düşən həmin qu quşu dəstənin ardınca yazıq-yazıq baxaraq əcaib-qəraib səslərlə qışqırıb, haray qoparıb, öz dəstəsinə çatmaq istəyib. Bacarmayıb. Öz dilində şivən qoparıb. Ağsaqqal söhbətinə ara verib, əlindəki qəlyanı kibrit çöpü ilə eşələyib, yenidən yandırdı, söhbətinə belə davam etdi:
“Yaralı qu quşu əcaib səs çıxarırdı, mən özüm yavaşca qu quşuna yaxınlaşdım. Pənah kişi gözünün yaşını silərək dedi: Qardaşlar, Allahın işinə bax, onu səmaya qaldıran qüvvə öz yarısı imiş!.. Kəndə pənah gətirməyinin səbəbi, dəstənin və öz yarısının onu qəbul etməməsi olub. İnsanlar da şahidi olublar ki, o, birbaşa Pənah kişinin evinin üstünə qədər çox çətinliklə qanad çalırdı. Mən can verən qu quşunu qabarlı əllərimlə sığalladım. Hiss etdim ki, o öz xilaskarını tapmış kimi sakitləşməyə başlayır. Su sonasının ondan imdad dilədiyini başa düşən Pənah kişi ağır qu quşunu qucağına götürüb, evə gətirib. Pənah kişi quşun qənirsiz gözəlliyinə görə ona Sona adını qoyu. El-obanın adamları qu quşunu Sona deyə çağırıblar. O da bu ada öyrəşib. “Sona” deyən kimi qanadlarını açıb, şən səslə, öz dilində danışaraq onu çağıranlara yaxınlaşıb.
Pənah kişi iki əli ilə başını tutaraq öz-özünə danışmağa başladı: “İlahi, əgər qu quşundakı yazılmamış qanunlar şüurlu insanlar arasında olsaydı, bu qədər didərginlər, müharibələr, bu qədər qaçqınlar, evsiz-eşiksiz qalmış insanlar olmazdı. Bədbəxt taleli insanların naləsi qu quşunun naləsi kimi ərşə qalxmazdı!..
Müəllifin başqa yazıları:
Zarafat
Ruhlar da danışır
Ziyanın yarısından qayıtmaq qəniməti
Yaşamaq stimulu
Qəbiristanlıq yolunda qaz əhvalatı
Cin əhvalatı
Alma qurbanı
Yarımçıq köç
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Papaq əhvalatı
Köhnə kənddən təzə xatirələr
Qonşumun həyat hekayələri
Qaz qonaqlığı
Koronavirus təhlükəsi və mənim həkimliyim
Generalın ölümü öldürən şəhidliyi
Haram tikə (Hekayə)
Səsimə səs verin
Mənim adım
İçki əhvalatı
Ayı əhvalatı
Bir cümləlik məktub (Hekayə)
Bu nə təsadüf?
Keçəl dağ
Yuxu məsələsi
Baş nazirin qonaqlığı və ya cangüdən toyuqları necə oğurladı…