Ağıldan müdrik gözəllik
- 24 Oktyabr 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Tomas Mannın “Venesiyada ölüm” novellası haqqında
Fəxri Uğurlu
Prussiya kralı Fridrixin həyatından bəhs eləyən “Mayya” adlı romanın, “Ruh və incəsənət” adlı sanballı traktatın, bir sıra başqa şöhrətli əsərin müəllifi Qustav Aşenbax dincəlmək üçün İtaliyanın Venesiya şəhərinə yollanır. Burada o, Lido adasında özünə otel nömrəsi kirələyir. Əlli yaşının tamam olması münasibətilə kral onu “fon” titulu ilə mükafatlandırıb. Artıq o, sadəcə Aşenbax deyil, Qustav fon Aşenbaxdır.
Yazıçıyla bir oteldə kübar polyak ailəsi də qalır – qadınlar, qızlar, bir də Tadzio, yaxud Tacu (Tadeuşun əzizləmə forması) adlı on dörd yaşlı gözəl oğlan. Fon Aşenbax antik heykəllərə bənzəyən, gözəllik etalonu sayılmağa layiq oğlana aşiq olur, hara getsə, onu izləyir, onu seyrə dalmaqdan dərin zövq alır.
Düşdüyü haldan məmnun qalmayan, daha doğrusu, utanan yazıçı arada geri qayıtmaq qərarına gəlir, biletini də alır, ancaq onun baqajı səhvən tamam başqa istiqamətə, başqa ünvana göndərilib, bu səbəbdən o, azı üç gün gözləməlidir. Aşenbax üzdə özünü qəzəblənmiş kimi göstərsə də, ürəyində sevinir: demək, tale onun buralardan belə tezliklə getməsini istəmir, ona şirin duyğunu doyunca daddırmaq istəyir.
Bir neçə həftədən sonra yazıçı Venesiya küçələrinin dezinfeksiya olunduğunu görür. Şayiə gəzir ki, şəhərə epidemiya ayaq açıb, ancaq yerli hakimiyyət turistləri ürkütməmək üçün gerçəyi danır. Alman qəzetləri də bu deyilənləri təsdiqləyir. Aşenbax kimdən soruşursa, hamı rəsmi versiyanı səsləndirir, narahatlığa əsas olmadığını bildirir. Guya dərmanlama istiyə, bir də dənizin çəkib gətirdiyi sirokko adlı yoluxdurucu yelə görədir.
Handan-hana səyahət bürosunda çalışan bir ingilis onu qəflətdən ayıldır: Qanq çayının deltasından baş götürən, su yoluyla İtaliyaya da gəlib çıxan Asiya vəbası artıq can almağa başlayıb. Bəlanın ilk qurbanları bir liman fəhləsiylə bir göysatan qadın olub. Bundan sonra ölüm sayında kəskin artım baş verib. Amansız mərəz şəhərdə insanların əxlaqını da pozub, cinayətlərin, qətllərin sayı çoxalıb, odur ki, yerli hökumət bu gün-sabah karantin elan eləyəcək. İngilis Aşenbaxa məsləhət görür ki, vaxt itirmədən buralardan qaçsın.
Yazıçı düşünür: polyakları dəhşətli bəladan agah eləsə, Tadzionun qızılı saçlarına sığal çəkmək imkanı da qazanacaq. Fəqət onlar gedəndən sonra hər şey əvvəlki halına, əvvəlki rənginə, əvvəlki dadına qayıdacaq. Aşenbaxın ən çox qorxduğu da elə budur: o, əvvəlkitək yaşamaq, keçmişə qayıtmaq istəmir, ona görə də polyakları xəbərdar eləmir. Gecə yazıçı yuxusunu qarışdırır, yuxuda onun üzünə iblisanə mənzərələr açılır.
Əllini aşırmış yazıçının qabını daşıran duyğular getdikcə daha da coşub tüğyana gəlir. Aşenbax bərbərə gedib dən düşmüş saçlarına rəng yaxdırır, üzünə ənlik-kirşan vurdurur, görkəmcə xeyli gəncləşir. Ürəyindən keçir ki, kaş xəstəlik hamını öldürə, bu adada bir Tadzio, bir də o özü qala. Günlər ötdükcə Aşenbax qəribə hallar keçirməyə başlayır, polyak balasını izləməkdən yorğun düşmüş vücudu üzülüb əldən gedir. Polyakların yola çıxmağa hazırlaşdığı gün məşhur yazıçı Tadzionun dənizin fonundakı siluetinə baxa-baxa canını tapşırır.
***
Bəs Aşenbaxın “əvvəli” nə olub, niyə kraldan təltif almış, şöhrəti dünyanı tutmuş yazıçı ən yaxın keçmişinə qayıtmaq istəmir?
Kübar ailədən çıxmış arvadı ağır xəstəlikdən ölüb, gözünün ağı-qarası tək qızı ərdədir. Aşenbax özü ömrü boyu ölçülü-biçili, zahidanə həyat yaşayıb, əqidəli bir stoik kimi duyğularını, emosiyalarını nəzarətdə saxlayıb, özünü taleyin ixtiyarına tapşırıb. Hər zaman onun başlıca şüarı “dözmək, dayanmaq” olub. Eşq ocağı, sevgi yatağı Venesiyaya gələndən sonra isə Aşenbaxın öz canını bəslədiyi, həm də kənar təsirlərdən qoruduğu şüşə qab çiliklənib, onun qəfəsdəki ruhu azadlığa çıxıb. İndi o quş o qəfəsə yenidən qayıtmaq istəmir…
Tomas Mannın novellası haqqında danışmağa hazırlaşanda bir sıra ciddi ədəbiyyat xiridarının fikirlərini dinlədim. Demək olar, hamısı Aşenbaxın düşdüyü situasiyanı Nitsşenin təbiriylə Apollonun səltənətindən Dionisin cəhənnəminə (qəhrəmanın gördüyü yuxuda məhz belə bir erotik cəhənnəm təsvir olunub), harmoniyadan xaosa, müdriklikdən emosionallığa keçid kimi qiymətləndirir. Əsas istinad nöqtələri də budur ki, müəllifin özünün də bioqrafiyasında buna bənzər hallar olub. Qustav Aşenbax isə, heç şübhəsiz, avtobioqrafik obrazdır.
1911-ci ildə qələmə alınmış bu əsəri hətta tarixi-sosioloji kontekstə salıb, onda Avropanı bürüməkdə olan dekadansın, qitəni gözləyən gələcək fəlakətlərin – müharibələrin, xəstəliklərin anonsunu axtaranlar da var. Novellaya bu yöndən yanaşanlar üçün Venesiya gözəlliklər məkanı, eşq, sənət məbədi yox, pozğunluq, əxlaqsızlıq yuvası, xəstəlik mənbəyidir.
Məsələni Apollonla Dionisin mübahisəsi, başqa sözlə, stoiklərlə epikürçülərin polemikası kimi qələmə vermək oxucuya hansı mesajı ötürməkdir? Belə çıxır ki, mükəmməl gözəlliyi bütə çevirib onun qarşısında heyrətə gəlmək şeytan əməlidir? Bu gedişlə Füzulini də İblisə qulluq eləməkdə suçlamaq olar. Mühafizəkar yazıçını, həyalı bir insanı Münhendən Venesiyaya gətirib burada onu xaos girdabına, ehtiras burulğanına salmaq, onu bir uşağın ardınca süründürüb içində yatan şübhəli təmayülü ifşa eləmək, üzündəki həya pərdəsini yırtmaq, sonra da onu cəzalandırıb ölümünə fitva vermək böyük bir yazıçının nəyinə lazımmış görən? Bununla o bizə nə demək istəyib?
Əvvəla, stoisizmdən epikürçülüyə, başqa sözlə, zahidlikdən rindliyə keçiş heç də Tanrıdan Şeytana, harmoniyadan xaosa, xeyirdən şərə keçmək deyil, sadəcə bir qütbdən başqa qütbə adlamaqdır. İkincisi, əgər bir stoik silahını yerə qoyub epikürçülərin tərəfinə keçibsə, yaxud bir zahid postunu tərk eləyib rindlərə qoşulubsa, burada nə eniş var, nə də yüksəliş; bu, o deməkdir ki, adam nə olduğundan aşağı fikir mərtəbəsinə düşüb, nə də yuxarı mərtəbəyə qalxıb, sadəcə, qapıbir qonşusunun mənzilinə köçüb, qapının bu üzündən o biri üzünə adlayıb. Zahirən bir-birinə daban-dabana zidd görünsə də, stoisizmlə epikürizm eyni təfəkkür mərtəbəsində qərar tutmuş fikir cərəyanlarıdır. Hər ikisi insanı eyni dinclik nöqtəsinə, nirvana məqamına (apatiya, ataraksiya) çağırır; sadəcə stoik bu nöqtəyə ehtirasların köləliyindən qurtulub gəlir, epikürçü – qorxuların.
***
Həvəskar ədəbiyyatçı kimi elmiliyə iddialı olmadığıma görə mənim hər hansı əsər haqqında daha sərbəst, necə deyərlər, standartdan kənar mühakimə yürütmək imkanım, yəqin ki, həm də ixtiyarım var. Məncə, Qustav Aşenbax Tadzionun timsalında mükəmməl yaradılışa, ideal gözəlliyə, öz xaliqini saf ayna kimi tərtəmiz ifadə eləyən məxluqa aşiq olur. Yaradılana yaradanın sənət əsəri kimi baxır. Bu münasibəti erotik planda gözdən keçirmək bizi çox bayağı nəticələrə aparıb çıxara bilər. Unutmayaq ki, Tomas Mann idealist mütəfəkkirdir, onun iyirminci əsrdə qurduğu işıq stansiyası özündən əvvəlki zamandan axıb gələn ən azı dörd nəhəng ideya nəhrinin, idealistin (Höte, Nitsşe, Dostoyevski, Tolstoy) qovuşağında yerləşir.
Beləliklə, Aşenbaxın ruhunda baş verən təbəddülat Apollon ümmətindən Dionisin bəndəliyinə, stoisizmdən epikürçülüyə keçid deyil, asketizmdən mistisizmə yüksəlişdir. Ona qədər zahidanə ömür sürmüş qəhrəman ilahi gözəlliyə heyranlığının sayəsində dərvişlik məqamına yetişir, eynən bir dərviş, bir mistik kimi öz bütü qarşısında lal-dinməz qalır. Təsadüfi deyil ki, o, üzündən göz çəkə bilmədiyi Tadzionu əsər boyu bircə yol da dindirmir, onun qızıl tellərinə toxunmağı xəyalına gətirsə də, buna can atmır. Bu, xalis platonizmdir.
Sokratın Platona, Platonun Aristotelə münasibətində erotika axtarmaq nə qədər gülüncdürsə, Şəms Təbrizinin Mövlana Cəlaləddin Rumiyə, Mövlananın özündən kiçik şagirdlərinə məhəbbətində şübhəli məqamlar axtarmaq da bir o qədər gülməlidir. Platon fəlsəfi dialoqlarında bütün fikirlərini dostu, müəllimi Sokratın adından verdiyi kimi, Mövlana da qəzəllərini Şəmsin adından möhürləyirdi. Yeri gəlmişkən, bilməyənlər üçün deyim: Şəms Mövlananın yaşadığı Konyaya gəlib çıxanda birincinin altmışdan çox, ikincinin qırxa yaxın yaşı vardı. O vaxtların yaş anlayışıyla indikini qarışdırmaq olmaz, o vaxt insan indikindən tez qocalır, xeyli az yaşayırdı. Uzağa getməyək, Dostoyevskinin yüz əlli-yüz altmış il bundan irəli yazdığı “Cinayət və cəza”da insanlıq simasını itirmiş qoca qarı kimi qələmə verdiyi sələmçi qadının vur-tut qırx beş yaşı var.
Bəs onda İsa peyğəmbərlə həvarilərinin, Koroğluyla dəlilərinin, Xaqaniylə Nizaminin, Höteylə Şillerin, Mirzə Şəfi Vazehlə Mirzə Fətəli Axundzadənin, Seyid Əzim Şirvaniylə Mirzə Ələkbər Sabirin, Sabirlə Mirzə Cəlilin könül qardaşlığına nə ad verək? Dünyada kişi məhəbbəti deyilən bir ruhani hiss var ki, hər cür sevgidən, hətta Leyli-Məcnun məhəbbətindən belə ranqına, mərtəbəsinə görə üstündür. Bu hissi yaşamaq hər kəsə qismət olmur, ona görə də Mövlana kimi dahinin doğmaca oğlu belə onu anlamır, atasını qoca Şəmsə qısqanırdı. İlahi əxlaqdan nəsibini almayanlar belə müqəddəs duyğuların dadını bilməzlər. Həm də bu eşq təkcə diriləri yox, bəlkə onlardan da çox ölüləri hədəf alır. Məsələn, mənim Lev Tolstoya elə böyük məhəbbətim var ki, heç bir qadın o hissimə şərik ola bilməz.
***
Bir daha vurğulamaq istərdim: Qustav fon Aşenbaxın mənəvi sıçrayışı horizontal deyil, vertikaldır. Onun asketik ruhu eşqə mübtəla olandan sonra mistik hallar keçirir, mistik qata ucalır (eynən sufizm də müsəlman Şərqində əvvəlcə asketik cərəyan kimi ortaya çıxmışdı, xüsusən də Rəbiyyənin müdaxiləsindən sonra bir qat da ucalıb eşq fəlsəfəsinə çevrildi). Bir təfəkkür mərtəbəsindən artıq adlanmış mərhələyə düşmək insandan ötrü cəhənnəmə enməyə bərabərdir. Aşenbaxı ən çox qorxudan da geridə qoyduğu mərhələyə qayıtmaq ehtimalıdır. Bundan sonra yazıçı əvvəlki sayaq yaşaya, əvvəlki sayaq düşünə bilməz, elə bir həyat ondan ötrü cəhənnəm əzabına dönər. Gözəllik məbədinə soxulmuş qara atlı ölümün, əli qamçılı İblisin təhdidi belə onu xəstə şəhərdən qaçmağa vadar eləyə bilmir. Bu baxımdan Aşenbaxın əcəli vəbanın, fəlakətin, ölümün təntənəsi deyil, eşqin qələbəsidir. Onun ölümü mənəvi tənəzzül, iflas, məğlubiyyət yox, ölümün üstünə yerimək, əcəli yenmək, öz ruhani kəşfini canı bahasına qorumaqdır. Məhəbbət ölüm qorxusuna, deməli, ölümün özünə qalib gəlir. Yusif peyğəmbər sifətli oğlanın pak gözəlliyi ona bəla gətirsə də, fon Aşenbax bu bəlanı bizim Füzuli kimi könüllü qəbul eləyir, idealsız, eşqsiz yaşamaqdan ölməyi üstün tutur.
Platondan Hegelə, Tolstoydan Pamuka qədər bütün idealistlərin məhəbbət düsturu budur: özündə yox olub özgəsində zühura gəlmək, başqasılaşma, özgəsiləşmə, türklər demiş, ötəkiləşmə. Təbii ki, Aşenbax on dörd yaşlı uşağı fikirlərinə, ideyalarına görə yox, gözəllik ideyasının təcəssümü kimi sevir. Onun bütün şöhrəti, elmi, biliyi bir uşağın məsum, ilahi gözəlliyi qarşısında tərksilah olur; çünki gözəllik ağıldan müdrikdir, ruh beyindən çox bilir, daha doğrusu, ruhumuz, ruhumuzun dili kimi intuisiyamız hər şeyi bilir, beynimizsə onun bildiklərinin bəlkə milyardda birini də bilmir. Bütün biliklər, kitablar, yazılar, bütün kəşflər, ixtiralar o gözəllik məqamına ucalmaq, saf ruh halına gəlmək üçündür…
Taleyin işinə bax ki, yetmiş beş yaşına çatanda Tomas Mann özü də qəhrəmanının keçirdiyi hissə mübtəla olmuşdu. İsveçrənin Sürix şəhərində bir gənc ofisiant oğlan yazıçını gözəlliyi ilə heyran qoymuşdu. Öz vəsiyyətinə görə ölümündən iyirmi il sonra – 1975-ci ildə ictimaiyyətə açıqlanan gündəliklərində bununla bağlı təqribən belə bir qeyd var ki, dünya dolusu şan-şöhrət, bu ucalıqda məqam, Nobel mükafatı, cürbəcür başqa təltiflər həmin oğlanın bir təbəssümünə belə dəyməz. Arvadının şahidliyinə görə, “Venesiyada ölüm” novellasının yazılmasına da yazıçının kurort şəhərciyində gördüyü bir uşağa xüsusi istəyi təkan veribmiş. Vaxtilə Mövlana da heç bir elmi, savadı olmayan konyalı zərgər Səlahəddin Zərkubu Şəms Təbrizi ruhunun daşıyıcısı, özünün varisi, müridlərin başçısı elan eləmişdi. Görünür, o da savadsız zərgərin simasında ilahi bəsirət, nur, qeyb aləmindən hansısa əlamətlər aşkarlayıbmış.
***
Tomas Mann ötən əsrin ən sirli, ən müəmmalı yazıçılarından sayılır. İyirmi beş yaşında çap elətdiyi “Buddenbroklar” romanıyla Avropa ədəbiyyatında yeni bir cığır açmasına – sosial-tənqidi epoxal ailə romanı örnəyi yaratmasına baxmayaraq sonradan ədəbi-bədii axtarışlarının səmtini dəyişib fəlsəfi dərinliklərə baş vurdu. Bu dərinliklərdən bütöv bir xalqa yetəcək qədər xəzinə – “Sehirli dağ”, “Yusif və qardaşları”, “Doktor Faustus” kimi romanlar, çoxlu novella, esse üzə çıxdı. Bu böyük yazıçının həm fəlsəfi dərinliyi, həm bənzərsiz üslubu oxucuda heyrət doğurur. Onun qədər geniş erudisiyası, intellektual bazası olan yazıçı hələ-hələ ələ düşməz. Tomas Mannın kitablarını oxumaq da, oxuyub həzm eləmək də asan deyil.
İkinci Dünya müharibəsi ata tərəfdən tərtəmiz alman (anası braziliyalı idi), həyat yoldaşı yəhudi olan yazıçını vətənindən biryolluq didərgin saldı. Savaşın şıdırğı çağlarında o, dönməz humanist kimi faşizmə qarşı kəskin çıxışlar elədi, əsl Allah adamı, peyğəmbər arxetipinin parlaq təzahürütək alman xalqını – şərin hipnozu altında ağlını itirmiş doğma bacı-qardaşlarını insan cəlladlarının təsiri altından, şeytan nökərlərinin girovluğundan çıxarıb haqq yoluna qaytarmaq naminə əlindən gələni əsirgəmədi. Bununla da tarixə adını təkcə dahi yazıçı kimi yox, həm də öz xalqının üzünü ağardan nadir şəxsiyyətlərdən biri kimi yazdırdı. Onun bu missiyası – haqqında dörd kitablıq roman bağladığı gözəllik sultanı, könüllər həkimi, yuxular kahini Həzrət Yusifin peyğəmbərlik, xilaskarlıq missiyasına yamanca bənzəyirdi.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında