…öl içində!
- 06 Oktyabr 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Cəhənnəmdən keçmiş mələk” romanına əlavələr silsiləsindən
Bircə
Yenə komalaq evimizdəyik – atamın bir düzəngahda qurub getdiyi yuvamızda, əlləriylə dikəltdiyi enli uzun çardağımızın altında.
Sabah atama il verəcəyik. Yenə bütün ağırlıq sonbeşiyimiz Rüfətin, əmim balalarının, camaatın çiyinlərindədi. Elin yas adətini pozmamağa çalışırıq. Kənddəki evlərin siyahısı tutulub, hər evə kilo yarım ət paylanıb.
Atam karantinin ən sərt vaxtlarında dünyadan getdi deyə uzaqdan çox adam gələ bilmədi. Sabahkı məclis həm də ağır gündə özünü hayımıza yetirə bilməyən yaxınların üzr məclisi olacaq.
Yenə hər işin başında el-obanın cavanları, gəlinləri durub. Çardağımızın altını yas mağarına çeviriblər, ocaqlar yanır, qazanlar qaynayır. Arada Laləyə sataşıram:
– İki kotlet qızardıb uşağını kiridə bilmirsən ey, bax, sinif yoldaşın Zərif yüz kilo ət bişirir.
Bacım da söz sarıdan kasadlıq çəkən deyil:
– Gördünmü sinif yoldaşın Aidə dədəsinə necə şaxsey qurmuşdu, atamız öləndə sən əlini dizinə vurmadın.
– Niyə vurum, atamız gününü görüb dövranını sürmüşdü, getməli vaxtıydı, özümü niyə gülünc eləyim.
Rüfət aramıza girir:
– “Dizinəcən çəkməli, biləyinəcən düyməli”ni gözləyirdim səndən.
– Repertuarımda o yoxdu, mən sabah Səkinə bibiyə layla çalacam.
– Həə, Səkinə bibin də gülburnu getdi axı.
– Ədə, yavaş danış, Səhər, Məhər eşidər…
***
Otuz illik müharibənin qaynar nöqtələrindən biri də bizim kəndimiz olub. Camaatımıza sağalmaz yaralar vurulub. Şəhidsiz, əlilsiz ev, güllə dəyməmiş divar, qəlpə düşməmiş kümə tapmazsan buralarda.
Sonuncu savaşda düşmənin elimizə vurduğu ziyan qabaqkılardan betər oldu. Öz qorunda dəmlənən, özü əkib özü biçən, biçdiyini özü üyüdən kəndimizin bir dingələn evi qalmadı. Elə bizim də ata ocağımız dağılmışdı. Rüfət ili yola vermək naminə yırtıq yerlərə yamaq, uçulan yerlərə dayaq vurub evi bir balaca irahlamışdı.
Kəndin cavanları yenə sabah kimin hansı işin qulpundan tutacağını Rüfətlə razılaşdırıb getdilər.
Çardağın altında qaldıq özümüz – biz bacı-qardaş, bir də Musa əminin balaları. Atam öləndən sonra hamımız anamdan qaçırdıq, əvvəllər ürəyində dediklərini indi üzümüzə deyirdi. Yazıq Səkinə bibi öləndə Lalə anamın dilindən çıxanları eşidib bir həftə arvadı dindirməmişdi.
Anam üzü qibləyə durub deyirmiş:
– Şükür sənə, ay Allah, nə yaxşı bu ölümü mənə göstərdin.
Bacım qışqırıb əlini üzünə atanda anamız tövrünü pozmayıb:
– Mən müharibəni deyirəm, oğlanlarımın yanında ağlına gələni deyib onları məndən cırnaq salma.
Səkinə bibinin yeri behişt olsun, atamızın yeddisinə kimi dizimizə taqət, ürəyimizə qut oldu. Dizimizin dibində oturdu, bilmədiklərimizi qandırdı, kürəyini kürəyimizə söykədi. Yeddinin səhəri o da yıxıldı, o yıxılan bir də qalxmadı. Ölümü aylarla yol gəlsə də, onu Əzrayılın hüzuruna şux çıxarmaq mümkün olmadı. Səkinə bibi nəslimizin sonuncu ağbirçəyiydi, ondan sonra üstünə qaçılası bir başbilənimiz, yolumuzu gözləyən bir ahılımız qalmadı.
Atam kimi həyatsevər adamın da öldüyünü görəndən sonra anam vahimələnib – saçlarını Laləyə daradır, öz əliylə ağzına loxma aparmır, ayaqyoluna tək girmir. Bir sözlə, atamdan sonra anamın işi əl-üzünü yumaqdan, ağzına qoyulan tikəni ərinmədən, eydirə-eydirə çeynəməkdən, bir də insanın öz içinə söyləməli olduqlarını uca səslə danışmaqdan ibarətdi, vəssalam. Əynini geyinməkdən tutmuş protezini yudurtmağa qədər qalan bütün işlərini Laləyə gördürür. Qorxur ki, saçını özü darasa, paltarını özü geyinsə, tez yorulub əldən düşər, tez ölər.
***
Kamilin, Aqilin maraqlı söhbətləri, əmim oğlu Ziyanın atmacaları üçün burnumuzun ucu göynəmişdi. Anamın xasiyyətini bildiyimizə görə hamını çardağın altından dağıtdıq. Qapıda yalançı bir sakitlik yaranandan sonra Lalə arvadı yatağına saldı:
– Ay görənək, gecənin yarısıdı, hamı çəkilib getdi, gir yerinə, biz də yataq. Sabah elin qarşısına çıxmalıyıq.
– Dodurlarınız getdilər?
– Həə, hamısı getdi.
Bacım sivişib bayıra çıxan kimi gizlənənlər çardağın altına qayıtdılar. Laləni pərt görəndə Kamil dilləndi:
– Anamızın zoxmalarından incimə, bu da bizim imtahanımızdı.
– Nə deyirəm, xalxın anaları balasını yatızdırır, mən də anama layla çalıram.
Gülüşdük. Aqil Məhərin boynunu qucaqlayıb ətli üzündən öpdü:
– Nolar, bizi bağışla, səni meydanda tək qoyduq, bizə nənədən artıq olan Səkinə bibinin yasına gələ bilmədik.
Hakim də Ziyanı qucaqlamışdı. Məhər qardaşlarıma toxtaqlıq verirdi:
– Gəlməli vaxtıydı ki, gələsiz? Göydən od yağırdı, ev-eşik başımıza uçurdu. Qurduğu evdə ölmək anama qismət olmadı.
Məhər başlarına gələni danışdıqca biz ağlaşırdıq. Hərçənd Səkinə bibinin ölümlü vaxtlarıydı.
– Balalarımla birgə onu da genitmişdim kənddən. Güllə təpəmizə yağdığı vaxt Ziya zəng elədi ki, anamız öldü, neyləyək? Qəbiristanlığı gördünüz nə günə salıblar. Mən ora kimi çağıraydım ki, anam ölüb, gəlin basdıraq.
Aqil qollarını masaya söykəyib soruşdu:
– Bəs necə elədin, ay qardaş?
– Rüfət qabağa düşməsəydi, arvad gorqərib olacaqdı. İrəliki gün düşmən dəfn vaxtı bir qəbiristanlığı vurub neçə ailəni yasa batırmışdı. Bunu eşidəndə kıtılım vuruldu. Bir də gördüm Rüfət zəng eləyir: “Fikrin nədi, əmoğlu?” Dedim, qaqa, fikir yeri deyil, anamı elə qaçqın gəldikləri kənddə torpağa amanat verəcəm. Rüfət abrımı ətəyimə bükdü: “Gəlib ətindən döymənc eləyərəm, meyidi götür gəl bura, kişinin yanında qəbir qazıram”. Gün əyilənəcən meyid yad evdə sərili qaldı, anamı bükməyə kəfən də ala bilmədik. Qardaş-bacı bir-birimizdən keçdik, iki tirəyə bölündük. Rüfətin zoruyla axşama yaxın meyidi maşına qoyub dəli kimi sürdüm kəndə. Qəbiristanlıq şumlanmışdı, dikili baş daşları barmaqla sayılırdı. Bunları görən kimi məni ağlamaq tutdu. Rüfət mənə sarı gələndə qaznaqlardan kənd cavanları boy verdilər. Anamı qoltuğuma vurub öz qəbirlərimizə doğru qaçmağa başladım. Rüfətin qazdığı çala qəbirdən başqa nəyə desən oxşayırdı – əyri-üyrü, ensiz quluzum. İşlənmiş mələfələrə bükülü meyidi yerə qoyub çalaya girəndə mərmilər yağmağa başladı. Cavanlar qaçıb bələdiyyənin irəlicədən hazırlatdığı qaznaqlara doluşdular. Rüfət bağıra-bağıra məni dartıb qazdığı çaladan qırağa tulladı, meyidi qamarlayıb tüyüncək quluzuma atdı. Ağlaya-ağlaya yalvardım: “Ay Rüfət, nolar anamı üzü qibləyə fırla. Bir də axı meyidi ayaq üstə saldın çalaya”. Rüfət üzümə acıqlı-acıqlı baxıb beli qapdı: “Ə, qiblə vaxtıdı?! Arvadın üstünü torpaqlayın, tülkü-çaqqal gecə gəlib dağıtmasın”. Anamın üstünə torpaq atmağa əlim gəlmirdi. Qəlpələr dikili qəbirlərə dəyib yan-yörəmizə töküləndə özümü tulladım el arxına. Mərmilər ara verdikcə gizləndiyimiz yerlərdən İsaq-Musaq quşları kimi danışırdıq. Bundan sonra Rüfət anamı torpağa necə bükdü, xəbərim olmadı. Gizləndiyimiz yerdən çıxanda ulduzlar sayrışırdı, Rüfət lıxcım tərin içindəydi, mərmilər azca seyrəlmişdi. Hamımız rahatlanmışdıq, pıçıltıyla danışırdıq. Onlarla ölü yumuş, onlarla qadını o dünyaya urvatlı göndərmiş bir ağbirçəyi urvatsız – mollasız, Quransız, duasız dəfn eləmişdik. Amma anamı öz qəbiristanlığımızda basdırıb salamat geri qayıtdığımıza çox sevinirdim…
***
Məhər sözünü bitirib hönkürdü. Hamımız ona qoşulduq. Hüllükbaz Ziya əhvalımızı durultmaq üçün ortalığa söz atdı:
– Ay Bircə, anam vəsiyyət eləmişdi ki, meyidini sən yuyasan. İndi niyə soruşmursan arvadı kim yudu?
Mən hamısını bilirdim deyə dillənmədim. Sevil bacım soruşdu:
– Sən Allah de görüm kim yudu bibimi?
Ziya gözlərini çalasında oynada-oynada:
– Kim yuyasıydı, Əşrəflə mən yudum, – deyib şaqqıldadı.
Şəhərli qardaşlarım devikdi, Aqil hətta inandı da:
– Can, ay bibi, bu da son görəcəyin idi?
Kamil Ziyaya təpindi:
– Qələt eləyir, özünə gülür. Bibimizi öz qızları yuyublar – Zümrüdlə Səhər.
Sonra üzünü Aqilə çevirib:
– Əşrəfin əhvalatını eşitməmisən? – dedi. – Anası rəhmətə gedəndə səhər tezdən Bəyiş kişinin qapısını döyüb deyir ki, bəs anam ölüb, gəl meyidi yu, aparaq basdıraq. Bəyiş kişi də görür ki, Əşrəf özünü itirib, onu qucaqlayıb öpür, könlünü alıb deyir: “Anan çox kökdü, mənim gücüm çatmaz onu yuyatda çevirməyə, get katda Qarateli apar…”
Gecənin girt yarısına kimi söhbətləşdik, samovarı iki dəfə qaynatdıq, Aqilin alıb gətirdiyi şirniyyatdan yedik, Məhərin, Səhərin könlünü alıb dağılışdıq. Mərmilərin dağıtdığı doğma evimizin qara suvaqlı divarları arasında yerdən mitil döşəyib bacı-qardaş sıralama yatağa girdik.
***
Cavid məndən aralı, Sevilin oğluyla yan-yana uzanmışdı. Hiss eləyirdim oğlum hələ oyaqdı, pıçıltıyla mənə səsləndi:
– Ana, Məhər dayının düzəltdiyi tabutların içində evcik qurmağımız, orda yatmağımız yadıma düşdü. Yadında, Yetər köküydü deyə tabuta sığışmırdı, amma sən girib içində rahatca uzanırdın, mən də qapağını örtüb sən girdiyin qutunun üstünə səvərirdim.
Hakim qaranlıqda bizə qolaylandı:
– Anan çoxdanın bayquşudu, yat.
Birdən qapımızda gurultu qopdu, şaqqıltıyla qırılan qab-qacağın səsi gəldi, ardınca sükut çökdü. Rüfət çölə atıldı, biz də dalınca. Qardaşım qucağında balaca, əcvəl bir şey əl damından çıxıb çardağın altına gəlib qapının işığını yandırdı. Qorxduğumuzu görüb bizi toxtatdı:
– Bəşər dayının oğlu Nurudu, araq axtarırımış, bankaları salıb qırıb.
Nuru məndən bir sinif aşağı oxumuşdu. Göyçək, ağıllı-kamallı bir oğlanıydı. Atası istədiyi qızı ona almadı deyə oğlanın başı pozuldu, içkiyə qurşandı. Rüfət əriyib-balacalaşmış, turşənəyə oxşayan cürəfə adamı qabağına qoyub öyüd verirdi:
– Dədən ölüm döşəyində səhərəcən ulayır, utanmırsan qapılara düşüb harsın sidiyi gəzirsən? Demirsən it-pişik yeyər səni?
Nuru da Rüfətə qıcandı:
– Ə, tülüngü, kənddə it-pişik qalıb? Dədəm də ölür, belə cəhənnəmə ölsün! Mənim dədəm çoxdan ölüb.
Rüfət hamını içəri qatandan sonra Nurunu götürüb darvazadan çıxdı.
Yuxum ərşə çəkildi. Kəndə həyəcan sükutu çökmüşdü. Atam öldüyü gecəni xatırlayırdım…
***
Üst evimizə gündüzlər qalxa bilmirdik, atamı yumağa qızdırdığımız suyun ocağını dalda bir yerdə qaladıq, qorxurduq erməni tüstüyə mərmi atar, bütün eli batırar. Hamı köhnə çəhlimlərlə yeriyirdi, minaların qorxusundan gələn qonaqları həyətdən qırağa çıxara bilmirdik. Gecələr pıçıltıyla danışırdıq, kənddə qu deyəndə qulaq tutulurdu. Qəcələ qurbağalar şeytan oyuncağı kimi yanımda hoppanışırdı. Çardağımızın altında qaranquşlar onlarla yuva qurmuşdu. Güllərimizin burun-budağı yerə dəyirdi – anam gələndən bəri fürsət tapıb gülləri yolmamışdı…
Ötən bir ildə ordumuz burnumuzun dibindəki yağını qovub uzaqlara atmışdı. Şəhid qoxulu sərin, gəyən bir gecəni yatıb yuxuda sovmaq istəmirdim. Həya pərdəsi üzündə olan qız kimiydi gecə, hələ soğulmamışdı. Sərin meh müqəddəs qoxuları üzümə çırpıb qabaran sinəmə doldururdu.
Uzaqdan eşidilən “Allah, Allah!..” nidası gecənin üzünü cırmaqlayırdı.
Rüfət Nurunu evlərinə qoyub gəldi. Dinşədiyimi görüb dedi:
– Eşidirsən?
– Kimdi o?
– Bəşər dayı. Yaman dərdə düşüb kişi, ölmək istəyir, ölə bilmir.
– Yazıq Bəşər dayı heç kimin toyuğuna daş atmayıb, Allah niyə elə zülmə salıb onu?
– Nə bilim ey, gecələr arxa otağa keçirəm ki, kişinin səsi qulağıma gəlməsin. Ayağındakı yaraları qurd basıb. Canının halovuşundan lüt soyunub girir arxa, özünü yanan təndirə atmaq istəyir. Ölə bilmir ki, bilmir.
– Bəs deyirdin ta kənddə yaşlı adam qalmayıb?
– Bəşər dayıyla bitəcək. Müharibə qocaların bağrını yardı, uzağa gedənlərin canını koronavirus aldı. Çoxunu qaçıb sığındığı yerdə dəfn elədilər. Bəşər dayı da ölə bilsə, nöqtəni qoyacaq.
– Bəs anan?
– Anamızla Zalxanın çiyinlərində qalacaq kəndimiz.
– Bəlkə onlar sizi tarixdə yaşadalar.
– Onlarsız nə tarix? Mən gedirəm yatmağa, sən də qorxarsan, gəl içəri.
– Qorxmalı nə qalıb? Get başını at yastığa.
Bəşər dayının naləsi qulağıma gəldikcə xəyalım məni dartıb uzaqlara aparırdı…
***
Dörd qızı vardı, İpək adlısı o birilərdən gözəliydi, məktəbimizin gözüydü. Sonuncu sinifdə bizim Səməndərlə İpək sevişməyə başladılar. Atam bunu biləndə qardaşımı süpürləyib çarpayıya yıxıb duz kimi yalamışdı. Ağır əməliyyatlardan sağ çıxmış Səməndərin seçiminə evimizdə nənəmdən başqa hamı razıydı. Atam böyük oğlunun qabağında çırtıq çalıb oynayır:
– Bəşərin ayaqlarına iməkləyəcəm, – deyirdi, – İpəyi ondan zorla da olsa qoparacam.
İki gündən bir İpəyə məktub aparırdım. Qız cavabını yazana qədər ondan kiçik bacısı saçlarımı açıb darayır, bantlarımı düzəldirdi. Bir dəfəsində də İpək xırda əl dəsmalına bükülü kibrit qutusu boyda bir amanatı cibimə qoyub, üzümdən öpüb məni yola saldı. Bükülüdən çox gözəl qoxu gəlirdi – böyüyəndə biləcəm ki, “Mojet bıt” ətiriymiş.
O günlərin birində mən gətirdiyim kağızı İpəyə uzadanda atası gördü. Qızının qolunu burub məktubu əlindən aldı. Qayıdanda olanları evdə danışdım. Atam işi biləndə Musa əmimin üstünə qaçdı. Qardaşlar hazırlaşıb elçiliyə getmək istəyəndə nənəm meydana girdi:
– Mənim meyidimin üstündən keçib cuqqugöz Qızbəsin nəvəsinə elçi gedərsiz!
Musa əmi nənəmi nə qədər dilə tutdusa da, alınmadı. Evimizə matəm havası çökdü. Bizdən ötrü canından keçməyə hazır olan arvadı heç kim yumşalda bilmədi. Nənəmdən çəkinən anam belə onun üzünə qayıtdı:
– Səməndər ölüm döşəyində yatanda itin yalağından yal yalayırdın, indi noldu? Qoysana uşaq istədiyini alsın.
– Get xamırını yoğur, – nənəm acıqlandı, – mənim işimə qarışma!
Növbəti məktubu aparanda Bəşər dayının aralı doqqazından qapılarında çatılmış tonqalı görüb qorxdum. Kişi kitab, dəftər, paltar, nə gəldi alovun ağzına atırdı. Arvadı irəli durduqca əlindəki yabanı fırlayıb onun qoparağını götürürdü. Birdən yabanı yerə tulladı, alovun ağzında yanan əşyalarına baxdıqca sovruq atan İpəyi qarmalayıb tonqala atdı. Bayaqdan ayaqlarını yerə döyüb qışqıran qızın küləyi ocağı bir anlıq söndürdü. İpək ağlamağını kəsib üzümə baxdı, elə bil məndən mədəd umurdu, baxışlarıyla yalvarıb kağızını gətirdiyim adamı imdada çağırmağımı istəyirdi.
Anası yüyürüb qızı tüstülənən ocaqdan çıxaranda evimizə sarı götürüldüm. Gördüklərimi nənəmə danışdım.
– Get su iç, – nənəm dedi, – özün də mənə söylədiklərini heç kimə danışma, mənim dernəyimi dağıtma. Yançaqları yerdə qalmışa həbəş dədəsi hələ az eləyib.
O gündən Bəşər dayı gözəl qızını evə qıfılladı. Atam özü getdi onun ayağına, uzun söhbətdən sonra kişi atama yekun sözünü dedi:
– Sənin anan mənim qızımın elçiliyini çoxdan eləyib. Özünü yorma, get oğlunu evləndir.
Beləcə, nənələr əlbir olub iki gənci sinsitdilər. Səməndər, Telli mama, əmim oğlanları üç il nə illah elədilərsə İpəyi görə bilmədilər.
Səməndər evlənəndən sonra əmisi İpəyi gizlicə kənddən çıxarıb Bakıya gətirdi. Hardasa bir yerdə onu sənət məktəbinə yazdırdı. İpək o çıxan oldu kənddən, hələ də qayıtmayıb.
Qərib şəhərdə də bəxti gülmədi, anası rus olan biriylə ailə qurdu. Mən şəhərə gələndən sonra İpəyi axtarıb tapdım. O yarımamış sevgi qəddini əymişdi. İçkiyə qurşanan əri anası öləndən sonra evi də satıb qucağında bir uşaqla qızı küçələrə salmışdı.
Oğlu əsgərliyini çəkib Rusiyaya getdi. İpəyi də qonşusu Türkiyəyə apardı, orada xəstə bir qadına baxır.
***
Bəşər dayının fəryadı gözəl gecənin gözünə kül atırdı. Telefonumu qapıb İpəyə ismarış yolladım:
“Atan ağır xəstədi”.
Dərhal cavab gəldi:
“Neyləyim. Kənddəsən?
“Hə, sabah atamın ilidi”.
“Allah rəhmət eləsin. Niyə yatmırsan?”
“Bəşər dayının səsi qoymur”.
“Boş ver, canım. Sənin Bəşər dayın elə məni də yatmağa qoymur”.
Təəccübləndim:
“Bəyəm sən Türkiyədə deyilsən?”
“Bəli, həyatım, yük əyməsə, daş qəribliyə düşməz. Atam olsaydı, indi mən sənin yanında olardım. Gecən xeyrə qalsın, özünə yaxşı bax”.
“Atan bəlkə sənin yolunu gözləyir, gəlib halallıq versən yükü yüngül olar, körpünü rahat keçər”.
“İsrafil surunu çalana qədər atam eləcə yaşasın. Hələlik…”
Dan üzü uzaqlarda anadil quşları oxumağa başladı. Gözlərimə şirin yuxu yayılırdı. Yatıb İpəyin sevildiyi illərdə oyanmaq istəyirdim. Atamın acizliyinə, Səməndərin etibarsızlığına, nənəmin qəddarlığına yanırdım. Bütün kilidləri qırıb sevənləri qovuşdurmaq istəyirdim…
***
Sağlığında atam bizə çox şey öyrətmişdi. Ölümü də ürəyimizdən asdığı həyat torbamıza gərəkli nəsnələr yığdı.
İlk dəfə gördüm ki, cavan oğlanlar qəbir qazır, yaşı otuza çatmamış qız-gəlin dəsmal çəkib ağı deyir.
Bizi, yəni ölü yiyələrini əlimizi ağdan-qaraya vurmağa qoymadılar.
Qonşuların evi yas evindən seçilmədi, uzaqdan gələn maşınları öz həyətlərində yerləşdirdilər. Evdəki balaca oğlan uşaqları miniyi çirkli olan qonağın maşınını yuyub təmizlədi.
Əzizinin ehsanını dilinə vurmayan doğmalar elin daşıyıb gətirdiyi qazanlardan yedilər.
Cavan ata arada evinə baş çəkəndə balaca oğlunu yas evində buyruqçu qoydu. Yad eldən gələn qonaqların qulluğunda lal-kar duran o uşaqlar bir-biriylə gözləriylə danışırdı.
Yağı daşan hova gec çatmağını özünə dərd elədi.
İki qoltuq ağacıyla yeriyən şikəst məclisin ayağında oturub gimrik oğlan uşaqlarını buyurdu, yerə tökülən siqaret kömçüklərini, limon qabıqlarını dənlədib yası yola verməyə bacardığı köməyi elədi.
Yaza bilmədiyim o qədər gözəllik gördüm ki, atamın el arasında ölməyini, elin çiynində getməyini onun da, bizim də səadətimiz sandım.
Doğru deyib atalar: el içində…
May 2021-ci il