Qatil kimdir?
- 22 İyul 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rünoske Akutaqavanın “Cəngəllikdə” novellası haqqında
Fəxri Uğurlu
Novellanın kompozisiyası məhkəmə istintaqı formasında qurulub. Müəllif mətni yoxdur, müəllif burada mirzə, katib funksiyasını yerinə yetirir. Məhkəmə də dünyəvi məhkəmədən çox Kafkanın məhkəməsinə, ilahi instansiyanınmı, fələyin divanınınmı sorğu-sualına, mühakiməsinə bənzəyir.
Bir hadisənin dörd şahidi, üç iştirakçısı dindirilir. Onlar bir-birindən çox fərqlənən ifadələr verirlər. Ancaq heç biri yalan söyləmir, hərə öz baxış bucağından gördüyünü danışır. Məsələ burasındadır ki, baxışlar, görülənlər fərqlidir, heç biri o birinə bənzəmir.
***
Cəngəllikdən gənc samurayın meyidi tapılıb. Meyidi ilk görən odunçu məhkəməyə ifadəsində deyir ki, mərhumun cansız bədəni dağ ətəyindəki sıx meşəlikdə – həmişəyaşıl kriptomeriya kollarının, bambuk ağaclarının kök atdığı şəllikdə rastına çıxıb. Samurayın əynində gödək kimono, sinəsində təzə yara, yanında kəndir, bir də seyrək dişli qaşov olub. Şahidin deməsinə görə, o, mərhumun böyür-başında silah-filan görməyib.
Odunçudan sonra şahid kimi gəzərgi rahib dindirilir. O deyir ki, mərhumla hadisədən az əvvəl, deyəsən günorta çağı yolda rastlaşıb. Samurayın belində qılınc, kürəyində ox-yay olub. Yanındakı kürən atın üstündə bir qadın varmış, iri şlyapasının örtüyü onun üzünü gizlədibmiş.
İfadə verən gözətçi bildirir ki, o, dünən axşam çağı məşhur quldur Tadzömarunu ələ keçirib. Atdan yıxılan quldur daş körpünün üstündə zarıyırmış. Tadzömarunun belində qılınc, kürəyində yay, oxdanında on yeddi ox varmış. Onu yıxan kürən at bir az aralıda otlayırmış. Əgər quldurun silah-əsləhəsi mərhumunku olubsa, demək, samurayı o öldürüb.
Samurayın qayınanası ifadəsində deyir ki, mərhumu görən kimi tanıyıb – öldürülən onun iyirmi altı yaşlı kürəkəni Kanadzava Takehirodur. Mərhum dedikcə xoşxasiyyət adam olub, kimsənin yolunu kəsməyib, kimsənin xətrinə dəyməyib. Onun kiməsə sataşdığını, haradasa dava saldığını görən olmayıb. Qarının on doqquz yaşlı qızı Masaqoya gəlincə, yazıq qız əriylə birgə səfərə çıxıbmış. Kürəkəninin ölümüylə o, çar-naçar barışıb, ancaq qızından hələ də bir xəbər yoxdur, zavallının haraya qeyb olduğu, başına nə gəldiyi bilinmir.
***
Daha sonra quldur Tadzömaru dindirilir. O, samurayın qətlini boynuna götürür. Dediyinə görə, Tadzömaru onlarla günortadan sonra rastlaşıb. Yel örtüyü qadının üzündən bir anlıq götürəndə quldur onun çöhrəsini bir göz qırpımınca görüb. Qadının gözəlliyi onu necə heyran qoyubsa, Tadzömaru ərini öldürmək bahasına başa gəlsə belə Masaqonu ələ keçirməyi qərara alıb. “Bu, sizə qorxunc görünür? – o deyir, – boş şeydir, kişi xeylağını öldürmək sadə məsələdir! Qadını ələ keçirmək istəyəndə kişinin başını əkirlər. Fərq budur ki, mən adamı qılıncla öldürürəm, sizlərsə bu cinayəti hakimiyyətlə, pulla, yalanla işə keçirirsiniz”.
Ancaq bu dəfə Tadzömarunun samurayı qətlə yetirmək fikri olmayıb. O, qadını qansız-qadasız ələ keçirmək istəyib. Hiyləgər quldur bu məqsədlə onları meşənin sıxlığına çəkib, guya orada xəzinə tapıbmış. Cəngəlliyə çatmamış qadını bir yerdə gözlədib, özü samurayla birgə qalınlığa baş vurub.
Orada qəfil Kanadzavanın üstünə atılan Tadzömaru onu bir ağaca sarıyıb ağzını bambuk yarpaqlarıyla bağlayır. Sonra geri qayıdıb qadına deyir ki, onun ərinə nəsə olub, ona kömək lazımdır. Qadın ərini ağaca sarınmış görəndə vəziyyətdən duyuq düşüb qoynundan xəncər çıxarır, quldurun üstünə atılır. Tadzömaru xəncəri cəsur qadının əlindən güclə alır, ərinin gözü qabağında gəlinə təcavüz eləyir.
Bundan sonra quldur yayınmaq istəyəndə qadın onun qollarından sallaşıb deyir ki, iki kişinin gözü qabağında rüsvay olunmaq ölümdən betərdir, buna görə də onlardan biri gəbərməlidir. Gəlin bu yarışda sağ qalasının ardınca getməyə söz verir. Masaqonun alışıb yanan gözləri Tadzömarunu hayıl-mayıl eləyir, gəlinə yiyələnmək həvəsi quldurun başına vurur. O, samurayın əl-qolunu açıb onu açıq döyüşə çağırır. Tadzömaru çətinliklə də olsa qalib gəlir, ancaq gəlin bu müddətdə fürsəti fövtə verməyib qeybə çəkilir. Onu axtara-axtara cığıra çıxan quldur kürən atın öz yiyələrinin aqibətindən xəbərsiz şirin-şirin otladığını görür…
Tadzömaru məhkəmədən aman diləmir, ən ağır cəzaya layiq olduğunu yaxşı bilir. Ona çoxdan bəllidir ki, gec-tez başı edam kötüyünü suvaracaq.
Bütün bunlar quldur Tadzömarunun dedikləridir. Görək Masaqo nə deyir.
***
Kiyomidzu məbədində tövbə eləyən qadın xatırlayır ki, ona yiyələnəndən sonra Tadzömaru onun ağaca sarıqlı ərinə sarı qayıdıb arsız-arsız hırıldadı. Gəlin ərinə yaxınlaşmaq istəyəndə quldur onu təpiklə yerə sərib. Bu dəm ərinin ona ikrahla, nifrətlə baxdığı qadının gözündən yayınmayıb. Bundan dəhşətə gələn Masaqo özündən gedib.
Huşu üstünə qayıdanda quldur orada olmayıb. Əri əvvəlki kimi ona ikrahla, nifrətlə baxırmış. Rüsvayçılığa dözə bilməyən qadın qərara alır ki, ərini də, özünü də öldürsün. Quldur qılıncı, ox-yayı aparsa da, xəncər qalıbmış. Qadın xəncəri yerdən götürüb ərinin köksünə sancır. Bunun ardınca yenə bayılır. Özünə gələndən sonra öz canına da qıymaq istəyir, ancaq özünə əli qalxmır. İndi bilmir başına nə çarə qılsın.
Bu da qadının etirafları. İndi görək falçının diliylə mərhumun ruhu nə deyir.
***
Samurayın ruhu deyir ki, qadına yiyələnəndən sonra quldur ona təsəlli verməyə başlayıb, onu inandırmağa çalışıb ki, alçaqlığının səbəbi gəlinin gözəlliyinin ağlını başından almasıdır. Baş verənlərdən sonra Masaqonun əriylə əvvəlkitək yaşaması mümkün deyil, ən yaxşısı ona, yəni Tadzömaruya qoşulub getməkdir. Qadın başını qaldırıb quldura deyib ki, indən belə onu hara istəsə apara bilər. Ardınca Masaqo Tadzömaruya yalvarıb ki, Kanadzavanı öldürsün, çün qadın əri sağkən quldurla birgə ola bilməz. Quldur samuraydan soruşur ki, onunla necə davransın – öldürsün, yoxsa bağışlasın?
Əri tərəddüd elədiyi vaxtda qadın qaçmağa üz qoyur. Quldur onun dalınca cumsa da, qadını tapa bilmir. Onda Tadzömaru qılıncı, ox-yayı götürüb samurayı ağacdan açır, uzaqlaşıb gözdən itir. Samuray arvadının əlindən yerə düşmüş xəncəri götürüb sinəsinə saplayır. Son nəfəsdə duyur ki, kimsə ehmalca ona yaxınlaşdı. Gözünü açıb baxmaq istəsə də, göz qapaqları aralanmır, görünməz əl xəncəri onun köksündən dartıb çıxarır. Bu dəm samurayın ağzı qanla dolur, o, biryolluq yoxluğun zülmətinə qərq olur.
Bu da əbədi heçlikdən bir anlıq geri çağırılan mərhumun dedikləri.
Göründüyü kimi, qanlı hadisənin hər üç iştirakçısı qətli boynuna götürür. Müəllif bununla bizi onların səmimi ifadə verdiklərinə, yalan danışmadıqlarına, gerçəyi danmadıqlarına inandırmaq istəyir.
Bəs nədən bir hadisənin üç versiyası arasında bu qədər fərq var? Nədən bilək ki, bu qətli kim törədib?
***
Antik dövr fəlsəfəsində sofistika deyilən bir təlim vardı. Həyata baxışlarının skeptisizmi ilə seçilən sofistlər vahid, universal, dəyişməz həqiqətin varlığını inkar eləyirdilər. Sokratın, Platonun əsas tənqid hədəfi, başlıca opponenti də onlar olmuşdu. Sofist üçün dünyada hər gerçək nisbidir, həyat həqiqətlər anarxiyasıdır. Hər canlının öz zamanı olduğu kimi, hər məxluq kainata öz fiziki varlığının pəncərəsindən baxıb dünyanı bir ayrı formada gördüyü kimi hər insanın da öz marağı, öz tələbi, öz istəyi, qərəz, öz həqiqəti var. Heç bir universal meyar yoxdur, tək meyar insan özüdür. Heç kəs dünyanı, həyatı, hadisələri bir başqasının gördüyü kimi görmür.
Biz öz təcrübəmizdə də belə hallara çox rast gəlmişik – illər əvvəl baş vermiş hansısa hadisəni nağıl eləyən adamlar hərəsi o hadisəni bir cür, bir sayaq danışır. Necə ki, eyni bir obyekt yuxarıdan baxanda bir cür, yandan baxanda ayrı cür, aşağıdan baxandasa tamam başqa cür görsənir.
Akutaqavanın 1922-ci ildə – otuz yaşında yazdığı məşhur novellası da həyata belə bir relyativist baxışın məhsuludur. Versiyalar çox ola bilər, ancaq min il də keçsə, biz oxucular talesiz samurayı kimin öldürdüyünü bilə bilməyəcəyik. Ona görə yox ki, müəllif bu həqiqəti hansısa monoloqun, cümlənin, sətrin altında möhkəm gizlədib, ona görə ki, ondan ötrü belə bir vahid həqiqət ümumiyyətlə yoxdur. Heç müəllif özü də qatilin kimliyini bilmir; bilsəydi, potensial suçluları bir-birinə qarşı qoyar, onların əqli oyunlarından bizə tapmaca qurardı. İndiki halda bu əsər çözümü olmayan detektivdir, yəni detektiv deyil.
Bəziləri bu novellanın müəmmasını çözməyə çalışır, müəllifin dolayı yardımıyla qatilin izinə düşməyə cəhd göstərirlər. Bu, o halda olar ki, cinayət ortaqlarından heç olmasa biri suçunu boynundan atmağa, dilinin altında gizlənməyə çalışsın. Burada isə hər kəs eyni dərəcədə suçlu, eyni dərəcədə səmimi, eyni dərəcədə haqlıdır (yəni doğru-düzgün ifadə vermək baxımından). Əsl həqiqət, mütləq versiya isə ortada (heç qıraqda da) yoxdur. Olmayıb, olmayacaq!
***
Akutaqava özü də otuz beş illik ömrünü belə – skeptik cəhənnəmdə, şübhələr burulğanında, həqiqətsizlik girdabında keçirmişdi. Onun əsərlərində avtobioqrafik məqamlar çoxdur. “İdiotun həyatı” hekayəsi bu mənada olduqca xarakterikdir. Burada yazıçı öz ruhunun tərcümeyi-halını yazıb, həyatını düşüncələrinin prizmasından işıqlandırıb. Şarl Bodler haqqında essedə epiqraf gətirdiyim “İnsan ömrü Bodlerin bir misrasına dəyməz” kəlamı da bu əsərdəndir. Adını çəkdiyim hekayədə Akutaqava sevdiyi, təsirləndiyi müəlliflərin adını duatək zikr eləyir: Mopassan, Bodler, Strindberq, İbsen, Şou, Tolstoy, Nitsşe, Verlen, Qonkur qardaşları, Dostoyevski, Hauptman, Flober…
Eynən Mopassan kimi o da ömrü boyunca dəli olmaq qorxusuyla yaşamışdı – onun doqquz aylığında havalanan anası Rünoskenin on bir yaşı olanda bəlalı ömrünü balasına bağışlamışdı. Oğlan ana nəvazişi görməmişdi, bir gün özünün də ağlını itirəcəyi qorxusu müdam qara bulud kimi başının üstündə dolanmışdı. Allaha, ruha, əbədiyyətə inanmağa, dinə tapınmağa özündə güc tapmamışdı. Universal, dayanıqlı əxlaqa da inanmırdı, “heç bir əxlaq-zad yoxdur, yalnız əsəblər, sinirlər var” deyirdi. O, Budda dincliyinə möhtac pessimist şair, yapon nəsrini Avropa ədəbiyyatına qovuşduran misilsiz estet idi. Gödək ömründə təqribən yüz əlli novella yazmışdı.
Fəqət illər uzunu beynini yeyən demonik gəmiricilər ona rahatlıq vermir, təsəllini narkotik tərkibli dərmanlarda, keyidici maddələrdə tapırdı. Ölümündən azca qabaq – 1927-ci ilin iyun ayında qələmə aldığı “İdiotun həyatı” novellasında intiharın astanasında olduğunu, hətta buna ən azı bir dəfə cəhd göstərdiyini açıq-aşkar yazıb. Mənhus niyyətin icrası özünü çox gözlətmədi, həmin ilin 24 iyulunda qəbul elədiyi yüksək dozalı yuxu dərmanı onun əxlaqdan arınmış titrək sinirlərini əbədi dincə qoydu. Yapon ədəbiyyatının dahisi dəli olmaq qorxusundan belə asan, belə primitiv üsulla xilas oldu. Halbuki ədəbiyyat özü ən təsirli yuxu dərmanı, ən effektiv terapiyadır.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət