Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının Azərbaycan Dövlət Nəşriyyatında yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.
Oxuculara təqdim olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyil. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb. Həmçinin araşdırmaçının İstanbulda yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağrıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.
Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.
Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilib. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılıb, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılıb. Burada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Səlim Rəfiq Rəfioğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, İren Məlikhoff və başqaları haqqındakı portret yazıları diqqəti çəkməkdədir.
Monoqrafiyada Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanları ilə bağlı ədəbiyyatşünaslıqda uzun illərdən bəri davam edən mübahisələrə də toxunulub, həmçinin həmin əsərlər təhlil olunub.
Araşdırıcı İkinci Dünya savaşı ilə bağlı qürbətə üz tutmuş Azərbaycan mühacirətinin ədəbi-bədii, nəzəri-kulturoloji və publisistik irsini də geniş şəkildə araşdırıи, legion ədəbiyyatından ayrıca bəhs eвши.
Müəllif kitabın ön sözündə tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirib: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət hеç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qеyri-adi sənət örnəkləri bəхş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.
Tədqiqatçının qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır. “Bir zaman gələcək ki, ədəbi şəхsiyyətlərin biоqrafiyası, yaхud yaradıcılıq yolu dəyərləndirilərkən, əski çağlarda olduğu kimi, оnların vətəndə və ya mühacirətdə yaşamasının fərqləndirilməsinə lüzum görülməyəcək. Lakin Azərbaycan mühacirət irsinin uzun illər araşdırmalardan kənarda qalması, özəlliklə çarlıq və sovet siyasi rejimi dönəmlərində yaranan ədəbiyyatın öyrənilməsinə ciddi yasaqlar qoyulması onun ayrıca araşdırılmasını şərtləndirir”.
Kitabda mühacirət ədəbiyyatı ilə bağlı bir çox mübahisələrə aydınlıq gətirilib, gələcəkdə bu sahədə görüləcək işlər, aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılıb.
Vaqif Sultanlının oxuculara təqdim olunan monoqrafiyasının mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır. Eyni zamanda, araşdırmada Sovetlər Birliyinin dağılması və Azərbaycanın yenidən bağımsızlıq qazanmasından sonrakı dönəmdə yaranmış, indiyədək yetərincə öyrənilməmiş mühacirət ədəbiyyatı da sistemli şəkildə təhlilə çəkilib.