İblisə səcdə qılan şair
- 27 May 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Şarl Bodlerin “Şər çiçəkləri” toplusu haqqında
Fəxri Uğurlu
İnsan ömrü Bodlerin bir misrasına dəyməz
Akutaqava Rünoske
On doqquzuncu əsrin ortalarında Fransa ədəbi mühitində sonradan bütün Avropanın söz sənətinə yön verəsi estetik inqilablar, çalxantılar meydana gəldi. “Sənət sənət üçündür” şüarı növbəti yüzillikdə də bir çox böyük ədəbiyyat adamının devizinə çevrildi. Nəsrdə yeniliyin bayraqdarı Flober idisə, şeirdə novatorluq missiyası Teofil Qotyenin başçılığıyla “Parnas” ədəbi məktəbində bir araya gəlmiş şairlərin boynuna düşmüşdü. Onların ən məşhuru, ən qüdrətlisi, özündən sonrakı poeziyaya ən çox təsir göstərəni Şarl Bodler (1821-1867) idi.
Bodlerin əsas yaradıcılığı “Şər çiçəkləri” adlı poetik toplusunda yer alıb. Kitab altı bölümdən ibarətdir: “Qüssə və ideal”, “Paris lövhələri”, “Şərab”, “Qiyam”, “Şər çiçəkləri”, bir də “Ölüm”. Buradakı şeirlərin çoxu 1840-50-ci illər arasında qələmə alınıb.
Toplunun ilk nəşri 1857-ci ilin yayında 1100 tirajla işıq üzü görmüşdü. Üstündən bir ay keçməmiş Bodler küfrdə, dini dəyərləri gözdən salmaqda, eləcə də ictimai normaları pozmaqda suçlanmaqla məhkəməyə verilmişdi, məhkəmə ona 300 frank cərimə kəsmişdi, üstəlik topludakı altı şeirin çapına qadağa qoymuşdu. Şairin imperatriçaya müraciətindən sonra cərimənin məbləği 50 franka endirilmişdi. Şeirlərə qoyulmuş qadağa isə rəsmən 1949-cu ildə ləğv olunub.
Bundan az əvvəl “Madam Bovari” romanına görə Floberə qarşı da belə bir məhkəmə işi açılmışdı, ancaq Flober əsərinin müdafiəsini yaxşı təşkil elədiyinə görə prosesi udmuşdu.
Udub-uduzmağından asılı olmayaraq eyni ildə dünyaya gəlmiş bu iki böyük sənətkar əl-ələ verib hərə öz sahəsində konkret zamanın, ictimai-siyasi quruluşun problemləri kontekstindən çıxarılmış, sosial patetikadan arınmış təmiz ədəbiyyat yaratmaq uğrunda mücadilə verdi, nəticədə cəmi Avropada bir-birinin ardınca yeni ədəbi cərəyanlar meydana gəldi, iyirminci əsr ədəbiyyatının estetik bünövrəsi qoyuldu, proqramı tutuldu. Təkcə bunu demək yetər ki, Pol Verlen, Artur Rembo, Stefan Mallarme kimi dahi şairlər “Şər çiçəkləri”nin birbaşa təsiri altında püxtələşib yeni sənət möcüzələri yaratmışdılar. Bodlerin onlardan keçib bütün dünyaya kök atan ədəbi nüfuzu rus poeziyasının gümüş dövrünün formalaşmasında da mühüm rol oynamışdı.
Ancaq Şarl Bodleri heç kəslə müqayisə eləmək olmaz. Onun təqribən yüz əlli şeirlik poetik toplusu dərin məzmunlu fəlsəfi traktat, mükəmməl konseptual bünövrə üstündə qurulmuş proqram xarakterli vahid mətn də sayıla bilər. Bodler öz kitabını çox sevdiyi, təsirləndiyi Aligyeri Dantenin “Cəhənnəm”iylə, Onore de Balzakın, Edqar Ponun yaradıcılığıyla bir növ dialoq zəminində başa gətirib. Balzak kimi, Po kimi (Dantenin “Cənnət”i də var deyə onu bu sıraya qatmıram) o da olduqca pessimist sənətkardır, həyatı cəhənnəm burulğanı, faciələr silsiləsitək qavrayır, insanın arzularıyla cəmiyyətin, təbiətin hökmü arasındakı disharmoniyadan əziyyət çəkir.
Klassik kanonlara görə həqiqət, gözəllik xeyirin yanında yer tutmalıydı, fəqət Bodler şərdən gözəllik, çiçəklik yaradır, nicatı İblisdən umur, həqiqəti həzrəti Şeytandan öyrənir.
Sən ey mələklərin ən ağıllısı,
Dünyanın hörmətdən düşmüş tanrısı,
ey İblis, dar gündə kömək ol mənə!
Bizə əl tutmadı nə Allah, nə din,
Sənsən son pənahı didərginlərin,
ey İblis, dar gündə kömək ol mənə!
Min yol söyüldükcə gülən kimdi? Sən!
Allahın sirrini bilən kimdi? Sən!
ey İblis, dar gündə kömək ol mənə!
(“İblis duası”- tərcümə Ramiz Rövşənindir)
Əgər şair İblisin səcdəsinə durub ondan kömək istəyirsə, onda onun məntiqiylə bu dünyanın çarxını Şeytan fırladır. Tanrı ya heç yoxdur, ya da əhli-bəşəri yer üzünə sürgün eləyib. Allah insanları ya atıb, ya da qiyamçı mələyinə tapşırıb. Bu dünya cəza meydanı, edam səhnəsidir, qurtuluşu da yalnız bizi cəzalandırandan uma bilərik. Ümid yalnız bunadır ki, bəlkə rəhmsiz Fələk ona könüllü təslim olana, başını kötüyün üstünə könüllü qoyana azacıq möhlət verə. Bir bayatıda deyildiyi kimi: “Başım cəllad əlində, Nə kəsər, nə bağışlar”.
Bodler məntiqiylə insan nicatı yalnız onun boynunu vurası şər tanrısından – fiziki, bioloji, maddi dünyanın ağasından uma bilər, şair demiş, yıxılmağa qorxduğumuz yerdən tutmalıyıq.
Payla kor gözlərə ümid işığı,
Ey Zülmət yiyəsi, Ölüm aşiqi,
ey İblis, dar gündə kömək ol mənə!
Dustağıq, xəstəyik, bizə şəfa ver,
Sənə tövbə qılaq, xeyir-dua ver,
ey İblis, dar gündə kömək ol mənə!
Doğma atamıza, qadir Allaha
Ağ olduq, cənnətdən qovulduq daha,
ey İblis, dar gündə kömək ol mənə!
Danışma, soruşma nədir xətamız?
Ey bizim rəhmdil ögey atamız,
ey İblis, dar gündə kömək ol mənə!
(“İblis duası” – tərcümə Ramiz Rövşənindir)
“Uyğunluq” adlı sonetində (yeri gəlmişkən, bu şeir sonralar bütün dünya ədəbiyyatına kök atacaq simvolizmin manifesti sayılır) Bodler təbiəti məbədə, ağacları bu məbədin sütunlarına bənzədir. Bu məbəddə səslərlə qoxular, qoxularla rənglər arasında gizli, mistik bir uyğunluq, simmetriya, harmoniya var.
Əgər təbiət məbəddirsə, demək, İblisin məbədidir. Böyük filosof Şellinq də deyirdi ki, Şeytan təbiətin ağasıdır. Təbiət – İblisin emalatxanası, Şeytanın iş yeridir, gecələr – şər tanrısının çalışma saatlarıdır. Hətta diş ağrısı da gecələr şiddətlənir.
Sənin ilham pərin ölüsevəndi,
Eşir qəbirləri goreşən kimi.
Qopur, şeirlərin varaqdan qopur,
Qopur, neçə-neçə dodaqdan qopur,
Dünyanın canına daraşır indi
İlanlar, əqrəblər daraşan kimi.
Dünya zəhərlənir şeirlərindən,
Sən də arsız-arsız kefə baxırsan.
Amma yuxun qaçır gecələr hərdən,
Durub pəncərədən göyə baxırsan.
(“Gecə tövbəsi” – tərcümə Ramiz Rövşənindir)
Açıq qəbir içində yaşasa da, şairin ümidlə göz dikdiyi göy üzü var, yer ayağından dartsa da, xəyallarını pərvazlandırmağa ona heç kim, heç nə əngəl ola bilməz. “Albatros” adlı məşhur şeirində Bodler şairi bu ekzotik quşa bənzədir. Şeirin mövzusu onun şəxsi müşahidələrindən doğub. İyirmi yaşlarında Şarl dağınıq, sərgərdan həyat sürürdü. Atasının ili çıxar-çıxmaz anasının Jak Opik adlı yüksək çinli dövlət məmuruna, perspektivli diplomata ərə getməsi ona çox ağır təsir göstərmişdi, hesab eləyirdi ki, onun kimi bir oğulun anası özünə ər axtarmamalıdır. Şarlın ipə-sapa yatmadığını görən atalığı anasının razılığıyla onu uzun sürən dəniz səyahətinə göndərməyi qərara almışdı. Bu səyahət Bodlerin şairliyə başlamasına böyük təkan vermişdi…
İri qanadlı nəhəng albatros quşunu tutan matroslar gəminin göyərtəsində onunla əylənirlər. Göy üzündə əzəmətli görünən azman quş yerdə miskin, aciz, gülünc günə qalıb, dəcəl matroslar onu qorxudub ürkütməkdən, onu eybəcər hallara salmaqdan zövq alırlar. Albatros yerdən qopa bilmir, yerdə ona yük olan böyük qanadları düz, hamar ərazidən pərvazlana bilmir. Uçmaq üçün o ya bir uçurum qaşından, qaya başından, dağ zirvəsindən, ya da şahə qalxan nəhəng dalğalardan təkan almalıdır. Bodler deyir şair də belədir – nə qədər ki səmada qanad çalır, cəsur, əzəmətli, gözəl görünür; fəqət yer üzündə, insan tünlüyündə qanadları onun hərəkətinə əngəl törədir, kütlə içində şair yazıq günə qalır.
Bodlerin allahı xilaskar deyil, onun tanrısı təbiətin, fələyin əkiztayıdır, eynən o cür amansız, o cür zalımdır. Doğrusu, ona Allah deməyə də adamın dili dönmür, belə tanrının olmağıyla olmamağının fərqi yoxdur.
Bu saatın içində Allah yaşayır, Allah,
O səni barmağıyla hədələyir, qorxudur.
Deyir, unutma, ömrün gec-tez sona çatacaq,
Gördüyün hər nə varsa, ötəri bir yuxudur.
Sevinc, kədər – hamısı quş kimi uçub gedər,
Qanadları bir azca yelpikləyər üzünü.
Qarışqatək ömrünə daraşar dəqiqələr,
Didər, çeynəyər, udar gecəni, gündüzünü.
Bircə saat ötüncə, bu saniyə əqrəbi
Üç min altı yüz dəfə «unutma!» deyər sənə.
Gündən-günə sökülür dünyanın sən tərəfi,
Sən göz açıb-yumunca sabah dönür dünənə.
(“Saat” – tərcümə Ramiz Rövşənindir)
Zaman fələyin dəqiq vuran, heç vədə hədəfdən yayınmayan silahıdır. Bircə saniyəsini belə boşa xərcləməz, bircə saniyə belə verdiyindən artıq möhlət verməz, canlı-cansız nə varsa hamısını qocaltmaqdan, öldürməkdən, çürütməkdən usanmaz. Fələk elə bir usta qumarbazdır ki, zər tutar, amma zər verməz, şərbətlə ağunu bir qabdan içirdər. Ondan bircə saat da oğurlamaq qənimətdir. Fələkdən yaxa qurtarmağın bir yolu var (hər halda Bodlerə görə) – ona getmək, canını ona təhvil vermək, ona könüllü təslim olmaq.
Ötən günlər, saatlar, dəqiqələr içində
Gör nə təhər gizlənib vaxtın qızıl damarı.
O qızılı tap çıxart, günləri boş keçirmə,
Ömür də bir qumardı, uduzma bu qumarı.
Vaxtdan güclü qumarbaz tapılmaz ki, tapılmaz,
Neyləsən, əvvəl-axır vaxt udacaq səni də.
Neçə il yaşasan da, deyəcəksən azdı, az,
Yaşamağa bir azca möhlət verin yenə də.
Gözlərini örtəcək buz kimi bir soyuq əl,
Hər şerinlə xətrinə dəydiyin incik Allah
Göydən tərs-tərs boylanıb çağıracaq, durma, gəl,
Ötdü ömür, bitdi vaxt, ta bəsdi, öl, ay axmaq!..
(“Saat” – tərcümə Ramiz Rövşənindir)
Ancaq qorxasan öldürəndən sonra da ölüm candan əl çəkməyə, ölmək öləndən sonra da davam eləyə. “Şər çiçəkləri”nin şah şeirlərindən sayılan “Leş” adlı şeirdə olduğu kimi. Bu şeir oxucuya faniliyin, yoxluğun, heçliyin lap dibini göstərir. Bodler burada elə bil anamız təbiətin öldürmək, çürütmək, dağıtmaq, toza döndərib puça çıxarmaq qüdrətini vəsf eləyir, sanki bütün canlılara, bütün gözəlliklərə acıq verir, bir köhlən atın necə biədəb ət torbasına çevrildiyini göstərməklə məzar qurdları üçün yem bəslədiyimizi bizə bir daha xatırladır.
O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.
Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin pozğunu kimi
Aralı qalmışdı ayaqları da.
Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin.
(“Leş” – tərcümə Salam Sarvanındır)
Təbiət verdiyini, əlbəttə, geri alır. Hər bir canlı orqanizm toxumu əkiləndən canındakı ölümlə çiyin-çiyinə böyüyür. Ölüm, çürümə, yoxolma bitməyən prosesdir, əslində ölüb qurtarmaq mümkün də deyil. Əbədi yoxluq deyə bir şey yoxdur, əbədi yalnız varlıq ola bilər. Yoxluq isə hər dəm özünü yeniləyəcək, hər an yenidən yox olacaq. Hər saniyə yox olmaqla hər zərrə, hər saniyə bizə puçluğu, faniliyi hər saniyə xatırladacaq.
Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.
Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.
(“Leş” – tərcümə Salam Sarvanındır)
Bodler bir çox şeirləri kimi bu şeiri də sevgilisi Janna Düvala həsr eləmişdi. Fəqət sevgilisinin gözəlliyini, temperamentini öyən şairlərdən fərqli olaraq Bodler öz məşuqəsini bir gün bu at leşi kimi çürüyəcəyi ilə müjdələyirdi. Bu şeirdə gözəlliklə eybəcərlik, eşqlə ölüm, Erosla Tanatos bir qabda, iç-içə təqdim olunur, estetika etikanın əsarətindən qurtulur.
İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan.
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.
Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.
(“Leş” – tərcümə Salam Sarvanındır)
Bütün bu eybəcərliklərin, puçluqların, faniliklərin qarşısına çıxa biləsi bir güc var – sənət! O gözəlliyi ki təbiət belə eybəcər hala salır, poeziya əbədi qoruyub saxlayır, nəsildən nəslə ötürür. Fani, ötəri olmayan yalnız sənətdir, qalan hər şey saniyələr kimi gəldi-gedərdir. 22 yaşında belə bir şeir yazan şair elə o sənətin gücünə Avropa modernizminin təməlini qoymuşdu.
O zaman o qara torpaqda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.
(“Leş” – tərcümə Salam Sarvanındır)
Bodler deyirdi ki, nə fərqi var – gözəllik göylərin dərinliyindənmi nazil olub, yoxsa cəhənnəmin dibindən gəlib. Ondan ötrü cənnətlə cəhənnəm bu həyatın ayrılmaz iki üzüydü. Klassik Şərq rindləri sayaq şərabın ani məstliyini vəsf eləsə də, bu məstlik anları xətadan xali deyil. Şərabda dünyanın zövqü-səfası, nəşəsi əzabla, fəlakətlə qucaq-qucağadır, necə deyərlər, həyat deyilən həkim keflə zəhəri bir qədəhdə buyurur. “Qatilin məstliyi” adlı şeir arvadını öldürüb quyuya atmış sərxoşun monoloqudur. Qəflət yuxusunda olan bu qatil sevinir ki, bundan sonra sərbəst içə biləcək, deyingən arvadı onun başını ağrıtmayacaq. Bir bəladan qaçan qafil özünü ondan qat-qat betər bəlaya salır, ona zövq verən şərab verdiyinin əvəzini alır. Şərabın ardınca başağrısı gəldiyi kimi, həyatın sevinci, nəşəsi də hansısa qəzavü-qədərə, bəlavü-dərdə aparan yolda aşılan dağdır.
Çapı qadağan olunmuş şeirlərinin birində (“Vampirin sifətləri”) şair məhəbbəti də bu cür – hər iki sifətiylə təqdim eləyir. Sevənlər bir-birinə həm qənim, həm müttəfiqdir. Zifaf döşəyinin üstündə Erosla Tanatos – bu iki əzəli düşmən qol-boyun olur. Sevgi aktı həm savaşdır, həm də savaşan tərəflərin işbirliyi. Sevən sevdiyinə həm qurban gedir, həm də onun canını alır.
Bodler özünü “lənətlənmiş şair” adlandırırdı. Şəxsi həyatında o, çox bədbəxt idi, təsəllini bəzən şərabda, bəzən narkotikdə, bəzən də qadında tapırdı. Fəqət ana təbiət ona bu əyləncələri də çox gördü, sevgilisi üçün verdiyi “nikbin” proqnoz özünü də tutdu: Avropanı silkələyən şair zöhrəvi xəstəliyə yoluxandan sonra təbiətin əta elədiyi mikrobların, virusların, bakteriyaların, gözəgörünməz qurdların alovlu öpüşləri sayəsində diri-diri çürüməyə başladı. Nəhayət, 46 yaşında ana təbiət ona verdiyi amanatı geri aldı. Səcdəsinə durduğu İblis qucağında ona beşik açdı, bətnində ona yer saldı.
Şeytanın gücünü onun özünə qarşı çevirən, eybəcərlikdən gözəllik, şərdən çiçək, yalandan gerçək yaradan Bodler fələyi belə aldatdı – canını girov qoyub sənətini yaşatdı, yoxluqdan, heçlikdən dəm vura-vura əbədiyyət qazandı.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində