Bu nə təsadüf?
- 19 Sentyabr 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Həftənin beşinci günü idi, işə getmək üçün evdə bəzi işlərimi yerbəyer etdikdən sonra evdəkilərlə sağollaşıb çıxdım. Maşınsız getməyi qərarlaşdırmışdım. Metroya tərəf piyada gedirdim, özüm də bir az fikirli idim, ətrafa belə baxmırdım. Bir nəfərin səsi elə bil ki, məni yuxudan oyatdı. Baxdım ki, yaxın dostum Arif gülərək mənə yaxınlaşır.
– Salam, qardaş, gözümə yaman fikirli dəyirsən, – dedi. – Heç ətrafa göz gəzdirmirsən.
Arifi gördüyümə çox sevinmişdim.
– Qardaş, sənə elə gəlir, fikirli deyiləm. Nə yaxşı ki, rast gəldin. Metroya qədər bərabər gedərik. Səni çoxdan görmürəm, evdə-eşikdə salamatçılıqdır inşallah.
– Çox şükür, hər şey qaydasındadır. İndi bizim kefsiz olmağa haqqımız yoxdur. Allaha çox şükür, topaqlarımızın qalan hissəsi də yavaş-yavaş öz sahibinə qaytarılır. Bundan gözəl nə var. Bilirsən, qardaşım, vətən həsrəti bizi hər şeydən mərhum etmişdi. İnsan kimi yaşamaq, bayramlarda şənlənmək, qohum-əqrəbaya qonaq getmək belə yadımıza düşmürdü. İndi qanad açıb uçmaq istəyirəm. Sənə bir şad xəbər vermək istəyirəm, toyunda iştirak etdiyin oğlumun körpəsi dünyaya gəlib, özü də oğlandır. İnşallah, 40-dan çıxsın, babası, bizi yaxşı qonaqlıqlar gözləyir.
– Təki sağlam böyüsün, yemək-içmək həmişə var.
Dostum Arifi qucaqlayıb öpdüm, təbrik etdim. Həmişə kədərli gördüyüm gözlərdən əsər-əlamət qalmamışdı. İndi o nəmli sevinc dolu gözləri görəndə mən də o sevinci onunla paylaşmaq fikrinə düşdüm.
– Qardaş, nəvənin qonaqlığını mən verəcəm. Arif, sən yaxşı bilirsən ki, mən səni bir dost kimi yox, qardaş kimi çox istəyirəm.
Bir anlığa düşündüm ki, Arif kimi zəhmətkeş, vətəninə, torpağına son dərəcə bağlı ziyalılarımız azdır.
– Bir de görüm vətənə nə vaxt gedəcəksən?
– Qardaş, günləri sayıram.
Beləcə söhbətləşə-söhbətləşə metroya çatmışdıq. Sağollaşıb ayrıldıq. Arifin danışarkən sevinc dolu gözləri gözümün qabağından getmirdi. Sözün doğrusu, dostumun bu vəziyyəti məni çox sevindirmişdi. İş yerində kiminlə görüşdümsə hamı mənim bu gün tamamilə başqa bir ab-havada olduğumu, çox nəşəli göründüyümü dilə gətirdi. Bu, doğrudan da belə idi!
Bir anlığa uşaqlıq həyatı gözümün qabağına gəldi. Ah, o günlər bir də yaşamaq qismət olsaydı. Adət-ənənələrimizə görə körpənin 40 mərasimini keçirmək üçün böyük mis qazanda su qaynadılıb hazırlanmalı idi. Bu mərasimə başlamadan əvvəl çayın təmiz yerindən 40 ədəd kiçik ölçüdə çay daşı toplamaq lazım gəlirdi. Toplanmış o 40 daş qaynayan qazanın içinə tökülürdü. 40 günü tamam olmuş körpə hazırlanmış su ilə çimizdirilirdi. Beləliklə qüsl mərasimi tamamlanmış olurdu.
Körpənin 40-dan çıxma mərasimini analarımız təşkil edərdilər. Belə bir mərasim anaları çox xoşbəxt edərdi. Bir sözlə, analarımız bu işdən zövq alardılar.
Analar övladlarının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir. Hər kəs yaxşı bilməlidir ki, dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi hiss yoxdur. Bu məsələni bir gün anamdan soruşmuşdum. Bilmək istəyirdim ki, körpənin 40 mərasiminin bir mənası varmı?
O vaxt rəhmətlik anam gülərək məni belə başa salmışdı: Oğlum, bütün millətlərdə olduğu kimi bizim də öz adət-ənənələrimiz var. Yadından çıxarma, oğlum, körpə dünyaya gələndən sonra qohum-əqrəba, dost-tanış körpənin ziyarətinə gəlməkdən çəkinirlər. Düşər-düşməzi olar deyirdilər. Belə mərasimləri təşkil etməyi bizə analarımız öyrədib. Adət-ənənələrimizə görə körpə doğumundan 40 gün sonra həyatının ikinci mərhələsinə qədəm qoyur. Bilmirəm bu nə qədər düzdür, deyilənə görə, körpə çimizdirilərkən onun bədənində olan yetim tük tökülür. Valideyndə belə bir əminlik yaranır ki, bu mərasimdən sonra körpə “çiləyə düşmək“ kimi qorxudan azad olur. Ağbirçəklər deyirlər ki, artıq qorxusu yoxdur, körpəni həyət-bacaya gəzdirməyə çıxarmaq olar.
Anamın izahından belə başa düşdüm ki, bu mərasim hər ailənin daxili işidir. Adam papağını qabağına qoyub fikirləşəndə görür ki, biz hələ ağsaqqallardan, ağbirçəklərdən çox şey öyrənməliyik. Əgər bəzi mənasız yazılara inansaq, bir azdan folklorumuzu da unudacağıq. Bu gün həyatda nəyə nail olmuşuqsa, ağsaqqallarımızın hesabına olub. Dünyanı daha dərindən dərk edən ziyalılarımız ağsaqqal nəsihətini özlərinin həyat məktəbi hesab edirlər.
Yuxarıda deyilənləri saf-çürük edə-edə bir baxdım ki, qarajımın qapısında iki qadın əllərində torba yerdən nəsə yığırlar. Bir az şübhələnməyə başladım. Öz-özümə fikirləşdim görəsən mənim qarajımın qabağında nə baş verib. Çox ehtiyatla onlara yaxınlaşdım. Salam verdim. Bu qarajın mənə aid olduğunu söylədim. Qadınlardan biri:
– Oğul, bizi bağışla, sizdən icazəsiz buradan balaca daş toplayırıq, sabah körpəmizin 40 günü tamam olur. Qadınların bu dedikləri mənə çox doğma gəlirdi. Mən özüm uşaqkən anamın tapşırığına əsasən çayda 40 daş toplamışam.
Mən ağbirçəklərə müraciət etdim:
– Yığdığınız bu daşlar qırlı deyilmi?
– Düz deyirsən, oğlum, biz bunu çarəsizlikdən edirik. Bizə dedilər ki, 40 günü üçün çay daşı şadlıq evlərində satılır. Oğlum, indi dəb düşüb, imkanlı adamlar bu mərasimi şadlıq evlərində qeyd edirlər. Şadlıq evinin birinə getdik, çay daşı üçün bizdən çox pul istədilər. Biz də fikirləşdik ki, nə fərqi var daş, daşdır.
Mən bu yaşlı qadınlara gözaydınlığı verdim. Onlar da mənə “Allah sizdən razı olsun” deyib getdilər.
Sözün doğrusu, bu məsələ barədə danışmaq istəmirdim. Mövzu çox aktual bir sahəyə aid olduğu üçün bunları yazmaq qərarına gəldim. Bu gün hamı yaxşı bilir ki, yollara çəkilən asfalt standartlara tamamilə uyğun deyil. Bunu dərindən incələməyə, doğrusu, vaxtım da yoxdur. Bu sahənin öz mütəxəssisləri var. Oxucuları yormamaq üçün əsas mətləbə keçmək qərarına gəldim.
Mənim yaşadığım Azər Manafov küçəsi, 97 ünvanında evin qabağından Hövsan qəsəbəsinə gedən kanalizasiya xətti keçir. Burada üçüncü dəfədir ki, çox dəhşətli qəza baş verir. Aidiyyəti təşkilatlar gəlirlər, qazırlar, qəza xəttini bildikləri kimi düzəldib gedirlər. Sıra gəlir asfalt tökənlərə. On-on beş gün görükmürlər. Xeyli müddət keçəndən sonra camaatın haqlı narazılıqları qulaqlarına çatanda gəlirlər. Nə isə, buna da şükür. Mən o sahənin mütəxəssisi olmasam da, istədim başa salım ki, buraya tökdüyünüz asfalt deyil, çınqıllı qırdır. Mənim sözlərimi lağa qoyduqdan sonra arxalarını çevirib getdilər. Asfalt tökənlərə rəhbərlik edən şəxsə yaxınlaşdım ki, ondan bir ağıllı söz eşidim, o da “Qardaş, bizə nə verirlər, biz də onu işlədirik” dedi. Məni də gülmək tutdu, mən də arxamı çevirib getdim.
Məni sevindirən o oldu ki, bu qırın içərsində olan kiçik çınqıllar bir xeyir işə yaradı.
Yenə də sağ olsunlar!..
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim