“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”
- 24 May 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Cəhənnəmdən keçmiş mələk” romanının müəllifi Bircənin suallarına oğlu Cavid cavab verir.
– Sən kimsən?
– Bu sualı görəndə istədim ad-soyadımı yazıb keçəm növbəti suala, amma sonra fikirləşdim ki, belə yazsam mənə güləcəksən. Mən sənin fədakarlığın sayəsində bütün arzularına, xəyallarına əli çatmış bir uşağam.
– O dəhşətli gecə yadındamı? Necə xatırlayırsan?
– O gecədən yaddaşımda çox şey qalmayıb: baş verənlərə həyətimizdəki iri ağacın altında kiminsə qucağından baxmağım, adamların təlaşla sağa-sola çovumağı, qaynaşan kişilər, çığırışan arvadlar, nənəmin üzündən qan şoralanmağı, qanlı yorğan-döşək, sənin büzüşüb mən boyda olmağın.
– Uşaq qəlbin yetimliyi nə vaxt duydu? Ümumiyyətlə, bu sözə nə geyindirərdin ki, üşüməsin?
– Düzünü desəm, yetim olduğumu heç vaxt hiss eləmədim. Buna öncə sən, sonra babam, ondan sonra da dayılarım imkan vermədi. Sən o sözlə mənim aramda yekə bir qala qurdun. Qalanın hasarı çox hündür oldu, neylədimsə onun üstünə çıxa bilmədim; çıxsaydım, bəlkə də yetimlik küləyi məni üşüdərdi, vurub qəddar dünyalara, özünü məhv eləyən gənclərin arasına atardı, məni boynuburuq qoyardı, qınımdan çıxarmazdı. Bu sözü necə qalın geyindirim – bax onu bilmirəm.
– Sərkərdə duruşlu qovağımızın dibində yaşadığımız günlərdən nə qalıb yadında – Maral, nənən, uşaqlar, qonşular?..
– Atam mənə çöl dovşanı gətirmişdi. Ona qəfəs düzəltdi. Mən dovşanı əmim uşaqlarına göstərib lovğalanmaq üçün qucağıma aldım. Dovşan hoppanıb yerə düşdü, ox kimi uçub gözdən itdi. Qaldım qovağın dibində ağlaya-ağlaya.
Çox şey yadımda qalmasa da, səninlə, Maralla, uşaqlarla bağlı hər şey yadımdadı. Gecələr o ağacın pıtırlı gövdəsini qucaqlayıb ağlamağın, Maralın sənin saçında bit tapmağı, qovağın budağında yellənən sarı yaylığın, təndirdən çıxardığın qızarmış çörəklər gecə-gündüz mənimlədi. O ağacın dibində əmim uşaqlarını çox incitmişəm – vurmuşam, dişləmişəm, oyuncaqlarına yiyələnmişəm, dürməklərini əllərindən alıb yemişəm, pullarını cırmışam. Görən niyə onlar da məni bircə yol incitmədilər?
Maral səni tez-tez qovağın altına çağırıb qulağına nəsə deyərdi, cibinə nəsə dürtərdi. Hərdən elə bilirdim ki, Maral o qovağın qızıdı. Dərisi pambıq, yanaqları lalə Maral arabir uşaqlarını başına yığıb atası evinə qonaq gedirdi. Çox vaxt sən məni dartıb onun əlindən alıb maşından düşürürdün, qoymurdun uşaqlara qoşulub gedəm. İri gövdəli ağacın dibində ikimiz qalırdıq. Bax o dəmlər səndən gah qorxurdum, gah utanırdım. Qaçıb hardasa gizlənmək istəyirdim. Belə anlarda səni incitməyə ürəyim gəlmirdi, elə bilirdim dəcəllik eləsəm sən məni öldürəcəksən, sonra da başını götürüb uzaqlara gedəcəksən. Axı həmişə belə deyirdin, deyirdin ki, sən olmasan elə yerə gedərəm, izimi də tapan olmaz. Səndən gen gəzirdim, ancaq səni gözümdən qoymurdum. Bəhruz gedəndə səni mənə tapşırırdı: “Bibimin burnu qanasa, yıxılıb eləsə, qaçarsan lal Kərimgilə, haya adam çağırarsan”.
Nənəmlə bağlı ancaq iri sandığın ağzını açdığı günlər yadımda qalıb. Qəribə iyli qara sandığın içinə girməkdən xoşum gəlirdi. Ordakı xaralar, zinət əşyaları hələ də gözümün qabağındadı. Sandıqdan çıxıb Maralın yanına gedəndə məni qomarıb sinəsinə basırdı: “Kişidən kişi iyi gələr, – deyirdi, – Zöhrənin quyruğuna düşüb az gir o sandığa”.
Bir hadisə yadıma düşdükcə gülmək tutur məni. Arxa qapıdan keçib Misir babagilin ağacından bir armud qırdım. Yeyə-yeyə qovağın altına gəldim. Maralla sən ağacın dibində qurdalanırdınız. İri armud əlimdə birdən hıçqırmağa başladım. Sən qayıtdın ki, nə oğurlamısan? Mən armudu göstərib ağladım. O gün dediklərin bu gün də qulaqlarımdadı: “Nə vaxt oğurluq eləsən hıçqırıq tutacaq səni. Hamı sənə baxıb güləcək, sonra o hıçqırıq səni qusduracaq”. Sənin qovağının ayağı torpağa necə pərçimlənmişdisə, o ağacın altında dediklərin də mənim yaddaşımda eləcə göyərib bitdi.
– Mənim kəndim sənə nə verdi?
– Sənin kəndin yox, bizim kəndimiz. O kəndin hər daşına, hər küçəsinə mənim bir xatirəm həkk olunub. Kəndimiz mənə qayğının, sevginin, hörmətin, dostluğun nə olduğunu öyrətdi, atılan hər güllə hələ yuvasından çıxmamış atanın bizimkilər, yoxsa ermənilər olduğunu ayırd eləməyi öyrətdi. O kənd mənə çox dərs verdi. Paslı güllələri yerdən yığıb neftə qoyurdum, siz yatan kimi qaçıb öz guşəmdə onların pasını təmizləyirdim. Nənəmin konfetlərindən, çörəyindən, pendirindən çırpışdırıb qaçırdım səngərə. Apardıqlarımı əsgərlərə verib əvəzində avtomat atırdım. Qarşı təpəyə yağdırdığım güllələrin kimə, nəyə, haraya dəydiyinin fərqinə varmadan xoşbəxt olurdum.
Bir gün Rüfət dayımı dilə tutdum, uşaqlara qoşulub mal nobatına getdim. Örüşdə partlamamış tank əleyhinə mina tapdıq. Bu dəhşətli qurğu mənim ağlımı başımdan aldı. Onu qucağıma götürüb, qapağını açmaq üçün daşla vurmağa başladım. İşimə necə qapılmışamsa dünyadan xəbərim olmayıb. Birdən qulağıma qəribə bir ulartı gəldi. Başımı qaldırdım ki, dayım, arxasınca da kəndin cavanları qaranəfəs gəlirlər. Bir anlıq əl saxlayıb dayıma baxdım, məni gülmək tutdu. Dayımın qolları quş qanadlarına oxşayırdı. Bax onda dayım məni birinci-axırıncı dəfə şapalaqladı, özü də ağlaya-ağlaya. Niyə ağladığını o vaxt anlamırdım. Kənd camaatı bu hadisəni uzun müddət səndən, babamdan gizlədi.
Kəndimizin bir adətini də çox bəyənirəm. Filankəs ölüb deyən kimi evin kişisi də, arvadı da, mənlə yaşıd uşağı da o qapıya yüyürürdü. Arvad içəridə, kişi çöldə kömək eləyirdi, uşaqları da əldə-ayaqda buyururdular. Bax onda nə qədər eləyirdimsə məni bir iş dalınca göndərən olmurdu. Dəfndən sonra kişilərə ayrı süfrə açılırdı, uşaqlara ayrı. Bir iş görmürdüm deyə tay-tuşlarıma qoşulub o süfrədə otura bilmirdim.
Axşam başlayırdım dayımı cırnatmağa: “Hamınız özünüzü ora-bura vurursunuz ki, öləni tezcə aparıb torpağa quylayasınız. Guya bir az gec tərpənsəniz ölü durub qaçacaq. Uşaqlar da halva yemək üçün kəndin aralığında yalandan qaçışırlar”. Onda dayım məni başa salırdı: “Toya gec gedə bilərsən, bunun qorxusu yoxdu, el dınqıltını eşidən kimi axıb gələcək. Ölü yiyəsinə özünü tez çatdırmasan, hövüllənər, qorxar, bağrı yarılar. Yadında saxla, heç kim ölüsünü tək basdıra bilməz. Elin hovuna-harayına qaçmasan, öz ölün evində iylənər”.
– Dayılarının hansına oxşamaq istərdin?
– Sizin qəribə ailə qanunlarınız olub. Dayılarım bir-biriylə içki içməyiblər, çiyin-çiyinə dayanıb siqaret çəkməyiblər. Babam bəzən uşaqlarını Rüfət dayımın qucağına zorla qoyardı: “Gedib çöllərdə hər qələti eləyirsən, evdə uşağa yaxın durmursan”. Dayım tez uşağı yerə atıb eşiyə qaçardı. Bunlar mənə qəribə gələrdi.
Dayılarımın kitab sevgisinə, oxumaq hərisliyinə, yazmaq həvəsinə çox heyranam. Onlara bənzəmək üçün özümə kitabxana qurmağa başlamışam. Oxşamağa gəlincə bilmirəm hansını deyim.
Rəhmətlik Səməndər dayıma heç çata bilmərəm. Xətrinə dəyməsə, Səməndər dayım sənə ana olub deyərdim. Mənə də ata. Uşaqkən onun səni, məni niyə bu qədər sevdiyini anlamırdım. Savadda, elmdə, sevgidə bu dayıma oxşamaq istərdim. Onun qapısı qıfıllı kitabxanasına hər baxanda yanıxıram. Çox heyif!
Zəhminə, el içində qazandığı hörmətə, beyninin barını şagirdlərinə təmənnasız verdiyinə görə Kamil dayıma oxşayaydım kaş. Onun riyazi savadına çoxları heyrandı. Kəndimizin qarıları Kamil dayımı görəndə yaşmanırdılar.
Aqil dayım bir başqa dünyadı. Özündən böyük iki qardaşı onun başının qapağını açıb bütün elmləri beyninin içinə ifçinləyib yığıblar. Ağılda, səxavətdə, yanımcıllıqda, adamı gözündən oxumaqda, hamınızın əziyyətinə qatlaşmaqda Aqil dayım olmaq istərdim. O biri dayılarım canlarına, səhhətlərinə qıymaqla, qiymətli vaxtlarını mənim yolumda əritməklə keşiyimdə durdular. Aqil dayım qazancını, evini, malını mənə peşkəş elədi. O, çox fədakar insandı. Kamil dayıma həkimlər üç ay vaxt qoymuşdu. Qardaşını yaşatmaq üçün Aqil dayımın oxumadığı kitab, dinləmədiyi həkim qalmadı. Siz çox xoşbəxtsiniz ki, Aqil kimi qardaşınız var. İstərdim sinəmdə onun qəlbi kimi bir ürək döyünsün.
Hakim dayımdan lap çox yaza bilərəm. Ana, sənin bu qardaşın uşaq kimi sadəlövh, qısqanc, həm də küsəyəndi. Ailənin ən zəhmətkeş uşağı, babamın köməkçisi olub. Həyatımızda ağır keçirdiyim bir iş baş verdi, evlərimiz ayrılası oldu. Bu prosesdə həmişə Hakim dayım gəlib dururdu gözümün qabağında. Elə bilirdim məndən üz döndərəcək, adımı tutmayacaq, qapımı açmayacaq. Amma bunların tərsi oldu. Hakim dayım mənə göydən zənbillə düşmüş tutiya kimi baxır. Mən onun dayısı olsaydım, hərdən onun yumşaq yerini şapalaqlayardım.
Dediyindən dönməyən, tutduğunu qoparan, düşməninə amansız, yetim-yesiri sevindirən, qorxmaz, igid, zəhmli Rüfət dayıma da bu cəhətlərinə görə oxşamaq istərdim. Ümumiyyətlə, Rüfət dayım hələ qiymətini almayıb.
– Yetim olduğuna nə vaxtsa sevinmisən?
– Uşaqlıq, yeniyetməlik çağlarımda olub. Emin adlı sinif yoldaşım vardı. Ona kənddə zarafatla mənim oğlum deyirdilər, çünki orta məktəbi mənim pal-paltarımla, kitab-dəftərimlə bitirmişdi. Yanılmıramsa romanında yazmısan bunu. Bir dəfə babamla harasa gedirdik. Gördüm bu Emin əlində zənbil durub. Babam başladı onu danışdırmağa. Zənbildə bir hinduşka, iki də beçə vardı. Babam dostumun dediyindən artıq pul verib quşları aldı: “Di qaçaraq apar pulu ver anana”. Emin dedi: “Ay Rəhim baba, sən verən pulla bax bu siyahıdakıları almalıyam”. Babam Emindən siyahını alıb ucadan oxumağa başladı: çay, qənd, tomat-filan, sonda da bir araq. Kişi həyəcanla uşağın üstünə yeridi: “Arağı neylirsən, ay bala?” Emin dərin kədərlə dedi: “Onu almasam atam anamla dalaşar”. O gün sinif yoldaşımın bazarlığını babam elədi, dükandan ucuz bir araq da alıb uşağın torbasına qoyanda ürəyimdən bu hiss keçdi: nə yaxşı mən yetim olmuşam.
Bir dəfə atası Emini kəndin ortalığında yumurta döyüşdürəndə bərk döydü. Bax onda da gecəni yata bilmədim, Eminin burnundan şoralanan qan, düyməsi qopan köynəyi gözümün qabağından getmədi. O uşağı hər görəndə öz-özümə deyirdim nə yaxşı mənim atam yoxdu, nə yaxşı atam tez ölüb. Mən Emindən yaxşı uşaq olası deyildim, deməli, onun yaşadıqlarını mən də yaşayacaqdım. Vitrinlərdə mənim gözüm qalmadı. Videokamera dükanlara təzə gəlmişdi, bircə yol istəməklə babam yanıbalalı bir inək satıb pulunu sənə verdi.
Emin məndən də yaxşı oxuyurdu, çox gözəl ürəyi vardı. Atası bütün ailəni məhv elədi, uşaq da ehtiyac üzündən layiq olmadığı bir təriqətə qoşuldu. Toyunda çalğı olmadı, torpaq üstə çalışmaqdan əlləri pardaqlanmış anası dedi: “Heç olmasa qoy gəlinim “Vağzalı”yla qapımdan girsin, sonra sən deyən olsun”. Qara zurnanın səsi kəndi bürüyəndə Emin havalı kimi anasının üstünə şığıdı: “Səndən Allaha şikayət məktubu yazacam”. Oğlunun bu hədəsini eşidən ana elə toyun içindəcə insult keçirdi. Əgər Eminin atası tez ölsəydi, uşaq indi başqa bir həyat yaşayardı.
– Atanın qəbri üstə niyə gedə bilmirsən? Elə Maralın da…
– Bunu təklikdə çox düşünmüşəm. Uşaqlıqda nənəmə (sənin anana) söz vermişdim ki, getməyəcəm. Hər bayramda gözüm yolda qalırdı, o evdən kiminsə dalımca gəlməyini çox istəyirdim. Sənin ailəndə nə qədər ərköyün, ehtiyacsız böyüsəm də, yenə gözüm ilk gördüyüm qohumlarımı, əmim uşaqlarını, Maralı axtarırdı. İllər bir-birinə calansa da, ordan bir işarə gəlmirdi. Gecələr düşmən bölgəmizi atəşə tutanda düşünürdüm bəlkə elə atılan mərmilərin biri o evə düşüb, hamısı bir yerdə yanıb məhv olublar. Ata nə deməkdi, necə olur, mən bilmirdim. Babam mənimlə gizlənpaç, futbol oynayırdı, yumurta döyüşdürürdü, mənlə torba atmağa gedirdi. Onda deyirdim həə, mənim atam elə budu. Böyüdüm, toyuma az qalmış dayılarım yenə təkid elədilər, atamın məzarı üstünə getmədim. Özüm ata olanda Rüfət dayım sərt şəkildə üstümə gəldi, yenə gedə bilmədim. Yəqin anan öləndən sonra gedərəm.
Qaldı Marala, ana, heç sən də Maral ola bilməzsən. Onun yeri bir ayrıdı. Yasına getdik, masadakı noğulu, halvanı görəndə məni ağlamaq tutdu. Bir vaxt balalarının boğazından kəsib mənə yedirtdiyi noğullarla indi Marala ehsan verirdilər. Axı niyə məni elə sevən bir qadına gedib özümü göstərmədim? Onun yaşadığı yerin bir addımlığından keçib getdim hər dəfə, arzuladığı boy-buxunuma, öpməkdən doymayıb dişlədiyi əllərimə, sığalladığı saçlarıma, sevələdiyi gözlərimə onu niyə həsrət qoydum? Balalarının ağzından saldığı tikəni mənim ağzıma qoyan, yorulmayım deyə məni kürəyində gəzdirən, bəzəkli otağında ancaq məni yatızdıran bir qadına niyə nankor oldum? Bu suallar məni qovurğa kimi qovurur. Bəlkə də məni görsəydi, ömrü bir az uzanardı.
Getdiyim uzaq bir ölkədə uşağım bərk xəstələndi. O qədər aciz, o qədər yazıq oldum ki, neyləyəcəyimi bilmədim, səfirliyə məlumat vermək istədim. Gördüm Maral otelin pəncərəsinə söykənib gülümsəyir, arada güllü donunu dartışdırır. Qəfil qəhqəhə çəkdi: “Qorxma, Qaragöz, özünü ələ al, uşağı vur dimdiyinə get buralardan”. Sevincimdən az qaldım göydələnin pəncərəsindən özümü buludların qoynuna atam. Maral yuxuma gəlmişdi, məni gözləyən bəlaları donunun cibinə yığıb apardı.
Bəs mən niyə onu özümə həsrət qoydum, bilmirəm. Qəbrinin üstünə getməyə də üzüm gəlmir.
– Şəhərə köçəndən sonra uzun müddət ana-bala danışa bilmədik…
– Çünki kiçik bir kənddən, qayğısız həyatdan böyük bir topluma atılmışdıq. Tanımadığım bu toplumda səni kimdən necə qorumalı olduğumu bilmirdim. Bütün günü beynimdə bu düşüncələrlə dolaşırdım. Axşamlar hərəmiz soyuq evin bir küncünə çəkilirdik. Elə bilirdim bundan sonra həmişə belə olacaq. İlk vaxtlar sənə çox yazığım gəlirdi. Külfət qazanı asmağa alışmışdın, ikimizə yetdik yemək bişirə bilmirdin. Neyləsən də yemək həddindən çox olurdu, yeyib bitirə bilmirdik, sən ağlayırdın. Mən yeməklərdən yığıb uşaqlara aparmaq adıyla zibilliyə atıb gedirdim. Axşam gəlirdim ki, yenə yekə bir qazan yarpaq dolması bükmüsən. İkimizi də şəhər dolaşdırmışdı.
Bura gələnə qədər ikilikdə yaşamamışdıq, ikilikdə qalmağa öyrəşməmişdik. Ona görə də necə yaşamalı olduğumuzu bilmirdik.
– Məndə yetmişə yaxın məktubun var. Umacaqlı məktubları (pul istədiklərini) əlüzyuyanın qabağına, qeyrilərini daldaya qoyurdun. Niyə onları gec oxumağımı istəyirdin?
– Daldaya qoyduğum məktublardan utanırdım, istəmirdim onları mənim yanımda oxuyasan. Dərsdən gələn kimi sənin üzünə baxırdım. Nə qədər gizlətsən də, gözlərin səni ələ verirdi, bilirdim ağlamısan. Səbəbini soruşa bilmirdim, tez gedib pul saxladığımız yerə baxırdım, orda pul görəndə toxtayırdım. Ailənin içində səni o qədər incitmişdim, ikilikdə qalanda qayğını çəkməyə utanırdım. Səni qucaqlaya bilmirdim. Ürəyimdən keçənləri yazıb hardasa gizləyib qaçırdım. Umacaqlı məktubları da az qala gözünə niyə dürtdüyümü lap yaxşı bilirsən.
– Məndən acığını ara mahnıları oxumaqla çıxırdın: “Sarı çiçəyim”, “Rəvayət”, “Öldürəcəm qonşunu”, “Dəlim, dəlim”… İndi də “Ə, çəkilin, Bəşir gəlir”. Bu hansı dildi, nə demək istəyirsən?
– Bəs “Adını telefonuma balam yazmışam”ı niyə demədin? Həmişə muğama, xalq mahnılarına qulaq asmaq olmaz ki. Gərək bu “incilərdən“ də zövq almağı bacarasan. Bu dildə sən yumşaq, zəif, güləyən olursan. Əvvəllər elə bilirdin mən bunların dəlisiyəm, belə musiqiləri sevirəm. Qorxurdun, ağlayırdın. Səninlə birgə Əbülfət Əliyevə, Yaqub Məmmədova qulaq asandan sonra məni başa düşdün.
– Ovcuna qoyduğum azadlıq səni nə vaxtsa xoflandırıbmı?
– Dayılarım məni sənin əlindən alıb yatılı məktəbə verəndə çox sevindim. Yatağımı özüm yığışdırası olanda azadlığım gözümdən düşdü. 17 yaşımda özümü Amerikaya uçan təyyarədə görəndə isə səndən çox qorxdum. Dallas hava limanında sənin verdiyin azadlığın ilk şapalağını daddım. Göndərildiyim yer məni qəbul eləməyəndə azadlığıma lənət oxudum. Deməyəsən məndən əvvəl gələn uşaqlar xırda oğurluğa qurşanıblar, ona görə məktəb də, otel də yeni gələnlərdən imtina eləyib. Müdir məni sərt şəkildə otağından çıxarıb atdı böyük bir ştatın düzünə. Mənə daha min kilometr yol getmək tapşırıldı. Özümə yük eləməyim deyə sənin müdirimə göndərdiyin sovqatlardan qurtulmaq istədim, qapını ehmalca itələyib əlimdəkiləri acıqlı kök rəisin masasının üstünə qoydum: “Bu, anamın sizə hədiyyəsidi”. Zərif kəlağayını, tunc heykəlciyi, konfetləri görən kimi pota qara kişinin gözləri parıldadı, məni yanına salıb problemlərimi həll elədi, iş, dərs saatlarımın bölgüsünü apardı. Bir neçə dəqiqə sonra oteldə dirsəklənib düşünürdüm: 15 min kilometr uzaqlıqda belə bu qadın mənim azadlığımın dolaşıq kələfini açdı…
– Dünyadan köçmüş doğmalarımızın bircəciyini həyata qaytarmaq ixtiyarı verilsəydi, kimi dirildərdin?
– Səməndər dayımı bu dünyaya qaytarardım. Mən atalığın necə bir hiss olduğunu oğlum doğulandan sonra daddım, düşünürəm Səməndər dayımın mənə bəslədiyi hisslər də eynən beləydi. 6-7 yaşımacan mən Şaxta babaya inanmışam, hər yeni il axşamı babamla oturub onun yolunu gözləyərdik. Çox sonra bildim ki, mənim Şaxta babam Səməndər dayım olub. Uşaqlığımın ən gözəl illərini onun yanında, onun evində keçirmişəm. Bundan da önəmlisi, onun səndən ötrü necə dəyərli olduğunu bildiyim üçün bir saniyə belə götür-qoy eləmədən onu qaytarardım. Səməndər dayım indi sağ olsaydı, mən onun yanında hətta siqaret də çəkə bilərdim. Bütün dərd-sərimi onunla bölüşərdim. Amma o biri dayılarımla bunları eləyə bilmirəm.
– Gecənin oğlan çağında mesajlar yazırsan mənə. Nədi səni qorxudan?
– Ayrı evlərdə qalandan bəri içimə ağır qorxu çöküb – səni itirmək qorxusu. Sən məni buna hər zaman hazırlasan da, mən qorxumu söküb ata bilmirəm. Bəlkə də bir qardaşım, ya bacım olsaydı, bu qədər gözüqıpıq olmazdım. Keşkə biləsən mesajıma cavab gələndən sonra nə qədər rahatlaşıram.
– “Mən anamı sevgilimə dəyişərəm” – sənin devizin idi. İndi necə?
– Ay dəli, mən bunu sənin üzünü güldürmək üçün oxuyurdum. Sən heç vaxt bizimlə gəzməyə, əylənməyə, yemək məclislərinə getmirsən. Ağzıma bir tikə uzadan kimi sən yadıma düşürsən. Tez daldaya çəklib sənə zəng vururam. Sən o zəngə cavab verməyəndə mənim halıma ağlayan gərək. Belə götürəndə biz birlikdə doyunca yaşamadıq ki…
Sənin ana haqqında mahnılardan, şeirlərdən, ananın böyüklüyündən bəhs eləyən fikirlərdən xoşun gəlmir. Fədakarlığını heç vaxt başıma qaxmamısan, mənlə övlad kimi yox, əziyyət vermək istəmədiyin qonşun kimi davranmısan. Çəkilib oturmusan “qan çanağında”, mən zəng vurmasam, səsini də çıxarmazsan. İşimizə qarışmırsan, bizi qəti incitmirsən, eləcə gözlərinlə nəzarətdə saxlayırsan. Belə analıq, belə qaynanalıqmı olar? Qəfil evimizi bas, arada gəlininə söz sox, qudalarınla öcəş, arvadlara qoşul qaşlarına qara yax, üzünü şişirt. Belə olmaz, heç xoşuma gəlmirsən. Əmr elə, sifarişlər ver, lap belə atıl min boynumuza. Qoyma həyatımız sönük keçə.
Sənin bu dünyada çoxlu qohumun, doğman, əzizin var. Unutma ki, mənim həyatda olanım sənsən. İcazə ver nazını, əziyyətini çəkim. Lap sənin üçün pul cırım. Anamı sevgilimə dəyişməsəm də, atadan, anadan yar şirin olar haaa.
– Kəndimdə başını yarıb yarasına torpaq basmadığın uşaq, itini daşlamadığın ev, falını qaçırmadığın hin qalmadı. Səncə, niyə o kənddə bir uşaq sənin başını yarmadı, bir valideyin qulağını dartmadı?
– Əgər mən o kənddə, o adamların içində böyüməsəydim, axırım çox pis olardı. Yəqin məni uşaq kalonuna-zada yollayardılar. Kəndimizin yanında kazarmalar vardı, çox yer minalanmışdı. Bəzən evdən qaçırdım. Çıxacaqda qoyun otaran Xudu baba qolumdan möhkəm yapışıb kəndə sarı gedənləri haraylayırdı: “Ay gedən, qaçın Rəhimə deyin ki, amanat nəvəsi burdadı, gəlib aparsın”. Bir dəfə də bir nənə vardı, məni saxlamağa gücü çatmadı, belindən şalı açıb kəmənd kimi üstümə atdı, qolumu ağaca bağladı. Rüfət dayım gələnəcən qoz qırıb ciblərimə yığdı. Qolum açılan kimi cibimdəkiləri ağbirçəyin başına sovurdum.
Ordakı insanlar var gücləriylə çalışıb məni sağ saxladılar. Başını yardığım uşaqlar bu şəhərdə yaşamış olsaydılar, axırım babam deyən kimi (uşaq türməsi) olacaqdı. Mən çalışıb o elə ziyan vururdum, onlarsa məni sevib əzizləyirdilər. Atasız olduğuma görə deyildi, o kənddə onlarla yetim böyüyürdü. Dayılarım o kəndin uşaqlarına gözəl təhsil vermişdilər, mallarıyla, canlarıyla hər işlərinə yaramışdılar, bir də sən vardın ortada. Ordakı insanlar başqa dünyanın adamlarıdılar, onların pisliklə işləri olmaz.
Kəndin xeyir-şər məclislərində Kamil dayım içəri girəndə böyükdən-kiçiyə hamının ayağa qalxıb o oturmayınca oturmadığını hər görəndə ürəyimin hansı həyəcanla, hansı qürurla döyündüyünü mən bilirəm. Səncə, o cür kişinin bacısı oğluna kimsə əl qaldırar?
– Səməndər dayın hamıdan qorğandığı qiymətli kitabxanasını sənə “kirəyə” verdi. Oyuncaqlarının hamısını ora daşıdın. Kitablarla ilk tanışlığın da ordan başlandı. Amma kitablara qənim kəsildin. Cırdığın kitablara hayıfın gəlmədimi?
– Uşaqlığımın ən maraqlı, ən həyəcanlı dəqiqələri o kitabxanada keçib. Saatlarla ordan çıxmaq istəmirdim, dayımın arxeoloji tapıntılarını, qeyri-adi tarixi eksponatlarını, qiymətli təsbehlərini oyuncaqlarımla birləşdirib oynamaqdan, onları qurdalamaqdan doymurdum. Kitabları isə sevmirdim, çünki sən oxutmaq üçün mənə zülüm verirdin. Sinif yoldaşlarım inək, qoyun nobatına gedirdilər, çöllərdə istədikləri kimi gəzirdilər, mənə isə ancaq “oxu, oxu” deyilirdi. Mən də acığımı kitablardan çıxırdım. İndi bunları düşündükcə pis oluram. Artıq kitabları çox sevirəm, hər həftə iki-üç kitab alıb oxuyandan sonra kitabxanama qoymasam, elə bilirəm ömrümdə bir boşluq var.
– Dərman verib səni yatırdım, səhərin gözünü bir ayrı yerdə, Səməndər dayının evində açdın. Günlərlə ağladın, boğazın tikildi…
– Səməndər dayımgildə səhəri dirigözlü açdığım günlər çox oldu. Amma həmin günlərdən yadımda bütün gecəni qulağımın ağrıması, sənin qucağında ağlamağım, qulağıma isti duz qoymağın qalıb. Bir də əmim uşaqlarının, Zöhrə nənəmin həsrəti. Lal Kərimin eşşəyinin anqırtısından ötrü qulaqlarım uzanıb qovağın dibindən qaçan dovşanın qulağı boyda oldu.
– Üçlükdə yaşadığımız damın altında bir səhər ikimiz qaldıq.
– Üçümüzün birlikdə yaşadığımız anlardan xatirimdə qalan atamın aldığı pedallı sarı maşınım, sənin verdiyin qatığı yemədiyimə görə başıma tökməyin, sonra da atamın qorxusundan Maralgilə qaçmağın. Yalnızca bu qədər.
– Qızın ata ocağında yeri ərə gedənəcən olur. Sən qoltuğumda qayıtdım dədəm evinə. Səni o evə, o ailəyə isinişdirmək üçün közün-kösövün üstündə yeridim, it kəlləsində su içdim, ilan quyruğunu yavanlıq elədim. Səndə isə görən niyə bircə misqal rəhm olmadı?
– Kökümdən çox tez qoparıldım. Bir yerə, o yerin uşaqlarına isinişər-isinişməz başqa yerə köçməli olduq. Evdə çox adam olurdu deyə bəzən sənə ehtiyac duymurdum. Lalə xalam, dayılarım, babam nazımı çəkirdilər, dediyimi eləyirdilər, səndən bunun əksini görəndə düşmənim olurdun. İkilikdə yaşasaydıq, sənə o sitəmləri eləməzdim. Doğmalarının əhatəsində sən yadlaşırdın, varlığının önəmi olmurdu mənim üçün. Nənəm səni ağladanda gedib onu qucaqlayırdım. O zaman ki ayrı yaşamağa başladıq, sənin qiymətini onda bildim. Balacalığımda nənəmin səni incitdiyinə sevinirdimsə, böyüyəndə ona ikiqat mehribanlıq göstərirdim ki, bəlkə məndən utanıb səni incitməyə.
Qızın bədbəxt olub ata evinə dönməyindən faciəli həyat yoxmuş. Hərdən düşünürəm, sən məni atan evində qoyub ailə qursaydın, axırımız necə olardı? Sənin üçün yaxşı olsaydı belə mənim üçün çox pis olardı.
– Mənim vəsiyyətimdən az-çox halısan. Sən əziyyət çəkməyəsən deyə bir qarında yatdığım qardaşımla əbədi yanaşı yatmaqdan imtina eləmişəm. Məni balkonuna yaxın bir yerdə dəfn eləyərsən.
– Boy, nə danışırsan? Bu tozlu şəhərin qumlu sahillərinə verərəmmi səni?
Cəsədini öz əlimlə mumiyalayıb söykəyəcəm balkonumun divarına. İstəyəndə gəlib saçlarını darayacam, cibindən pullarını çırpışdıracam. Qız nəvən qulağından sırğalarını açacaq, üzüyünü barmağın qarışıq qoparacağıq. Pulun yerini tez-tez dəyişirsən, bax bunu tərgit. Şair necə deyib:
Təbii sularla yumaram səni,
Suyun, kolaların qapağındadı.
Qara torpaqlara vermərəm səni,
Yerin balkonumun qırağındadı.
Ölsən rüsvay eləyərik, lüt əndam qoyarıq səni, çalış ölmə. Çalış ölmə, ana, bundan ötrü sənə gecə-gündüz yalvarıram. Mən ölümdən çox qorxuram, o yolu gedən geri dönmür. Sənin çox əzizlərin ölüb, amma Səməndər dayımın ölümü səni qiyamətə qədər yandıracaq. Bax, o yerin altında çürüyür, sən yerin üstündə. Onun gedişi səni bir ayrı qadına çevirdi. Deyən, gülən, oxuyan, səsi balkonundan şəhərə yayılan qadın bir gecənin içində illərin qocasına, yazığına, fağırına çevrildi. Hamı elə bilirdi sən daha yaşamayacaqsan. Mən gördüm yaşamamaq necə olur. Sən sadəcə nəfəs alırsan. Belə də davam elə. Nəfəs al, amma getmə. Sən də getsən, mən elə olaram. Bunu unutma. Heç unutma.
Aprel-may 2022-ci il