Bayden müttəfiqlərinə əmindir – “Nyu-York Tayms”
- 02 Fevral 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribuna
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Putinlə qarşıdurma Baydeni əmin edir ki, avropalı müttəfiqləri onun yanındadır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri qəzetin London bürosunun rəhbəri Mark Lendler, Avropada diplomatik məsələlər üzrə müxbiri Stiven Erlanger, Ağ ev və milli təhlükəsizlik üzrə müxbiri Devid E.Sengerdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Rus tanklarının və qoşunlarının Şərqi Avropanı hədələdiyi bir dövrdə ABŞ prezidenti Cozef Baydenin Avropa liderləri ilə video formatında keçirdiyi görüş soyuq müharibə illərinin bütün kəskinliyini əks etdirirdi.
Amma Bayden öz hərbi şurasının tərkibinə əlavələr də etmişdi, ona görə tanış simalarla – Böyük Britaniya, Fransa və Almaniya ilə yanaşı biz burada Polşa, İtaliya və Avropa İttifaqını da gördük.
Əhatənin geniş götürülməsi təsadüf deyil: avropalılar ötən yay ABŞ-ın Əfqanıstandan qoşunları sürətlə çıxarmasından və Fransanı Avstraliya ilə yeni müdafiə sazişindən məhrum etməsindən heyrətə gəldiklərini bildiriblər, bundan narazı qalıblar və o vaxtdan Bayden var qüvvəsi ilə çalışır ki, müttəfiqləri indiki böhranın hər mərhələsində yaxından iştirak edə bilsinlər.
Diplomatik münasibətləri qaydasına salmağa ehtiyac duyan Bayden administrasiyası üçün bu, hava və su kimi lazımdır.
Avropalı məmurlar hesab edirlər ki, indi ABŞ Rusiyanın təhdidlərinə cavab verilməsi işini çox çevik, həm də ustalıqla təşkil etməyi bacarıb.
Ötən il noyabrın ortalarından ABŞ Avropanın rəsmi şəxsləri ilə yüksək səviyyəli, həmçinin digər səviyyələrdə ən azı 180 görüş keçirib. Amerikalı həmkarlarının bu yolu tutması Avropanın bəzi rəsmilərini sözün yaxşı mənasında təəccübləndirir də.
Ölkə daxilində bir çox problemlə yüklənsə də, Avropanın bəzi paytaxtlarında ona şübhə ilə, hakimiyyətdə ötəri fiqur kimi baxılsa da, Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin hədələri qarşısında Avropa müqavimətini formalaşdıran əsas liderə çevrilə bilib.
Amerikalı məmurların fikrincə, Bayden administrasiyanın birlik ideyasına köklənməsi həm də böhrandan yararlanıb NATO-nu parçalamağa çalışan Putinin arzusunu gözündə qoymağa hesablanıb.
ABŞ rəsmiləri deyirlər ki, Putinin Ukrayna ilə bağlı təhlükəsizlik tələblərinə yazılı cavab verməzdən qabaq Bayden administrasiyası cavab məktubunun layihəsini avropalılarla müzakirəyə çıxarıb və təkid edib ki, Avropa liderlərinin hər biri öz ölkəsinin adı keçən bəndə baxıb münasibətini bildirsin.
“Burada avropalılar üçün heç bir sürpriz qalmamalıdır” – prosesin iştirakçılarından olan məmurlardan birinin sözlərinə görə, Bayden administrasiyasının məsələyə yanaşması belə olub.
Qərbin Ukraynanı heç vaxt NATO-ya qəbul etməyəcəyinə söz verməsini arzulayan ruslar isə ABŞ-ın cavab məktubunu çox həvəssiz qarşıladılar, cavabın “nikbinliyə elə bir əsas yaratmadığını” vurğuladılar və heç növbəti addımlarının nədən ibarət ola biləcəyinə də aydınlıq gətirmədilər.
Ağ evin açıqlamasına görə, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı Bayden deyib ki, Rusiya müdaxiləni davam etdirsə, ABŞ və müttəfiqləri Moskvaya qətiyyətlə cavab verəcək. Bayden Zelenskiyə ABŞ-ın Ukrayna iqtisadiyyatına yardım etmək məsələsinə baxdığını da söyləyib.
Rusiyanın Ukraynanı təhdid edən hərəkətlərinin yanvarın 31-də BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasının təşəbbüskarı da ABŞ olub.
“İndi gözləmək, seyrçi qalmaq zamanı deyil” – ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasındakı müzakirədən bir qədər əvvəl belə deyib.
ABŞ təkcə diplomatiya ilə kifayətlənmir, 8500 hərbçisini Şərqi Avropada yerləşdirmək üçün hazır vəziyyətə gətirib, Ukraynaya müdafiə vasitələri göndərib və Rusiyanın Almaniyaya, həmçinin digər ölkələrə qaz nəqlini dayandıracağı təqdirdə alternativ mənbələrdən qaz alınması məqsədilə danışıqlar aparır.
“Ötən yay Əfqanıstan böhranı aramızdakı etimadı zəiflətmiş, qarşılıqlı hörmət aşağı düşmüşdü, indi isə Amerikanın liderliyi yeni ruhda duyulur və daha kimsənin şikayətçi olmağa əsası yoxdur” – Almaniyanın ABŞ-da sabiq səfiri Volfqanq İşinger belə deyir.
Fəaliyyət olan yerdə nöqsanlar da olacaq. Baydenin böhranı aradan qaldırması da qüsursuz ötüşmədi. Bu yaxınlarda o, belə bir söz işlətdi ki, Rusiyanın Ukraynaya “kiçik müdaxilə”si Qərbdə tam müdaxilədən fərqli reaksiya doğuracaq. Kiyev ABŞ prezidentinin sözlərini hiddətlə qarşıladı, Avropa dövlətlərinin, xüsusilə Rusiya ilə sərhəddə yerləşən dövlətlərin hökumətləri də bu açıqlamadan narahat oldu. Nəticədə Ağ ev anlaşılmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görmək məcburiyyətində qaldı.
Avropalılarda bir narahatlıq da var: onlar Baydenin hakimiyyətdə duruş gətirə bilməyəcəyi, Ukrayna məsələsinə Avropadakı qədər ölüm-dirim məsələsi kimi baxmayan keçmiş prezident Donald Trampın hakimiyyətə qayıdacağı, Birləşmiş Ştatların axıracan qətiyyət göstərməyəcəyi sarıdan narahatdırlar. Bəziləri hesab edirlər ki, okeanın hər iki tayında müşahidə olunan bu narahatlıqlardan, zəif nöqtələrdən Putin də gen-bol yararlanır.
Britaniyalı keçmiş diplomat, hazırda Londonda Avropa İslahatlar Mərkəzinin xarici siyasət bölməsinə rəhbərlik edən Ayan Bond deyir: “Putin Baydeni zəif, Avropanı isə siyasi cəhətdən müəyyən qədər qeyri-sabit görür. Almaniyada yeni hökumət indi-indi ayaq üstə durur, Fransada qarşıdan prezident seçkisi gəlir, Britaniya heç də yaxşı formada deyil, Avropa pandemiyadan təzə-təzə çıxır… Mənə elə gəlir, Putin doğrudan da Baydenə zəif, hakimiyyətdə ötəri fiqur kimi baxır”.
Əlbəttə, Putin hadisələri daha çox idarə edir, nəinki Bayden. Avropanı ABŞ-la yaxınlaşdıran da elə Putindir, onun təcavüzkar gedişləridir.
Amma bu eyni zamanda həmin Putindir ki, Ukrayna sövdələşməsini “digər fövqəldövlətin” prezidentindən, yəni Baydendən savayı kimsə ilə bağlamağa maraq göstərmir. Bu bir daha təsdiqləyir ki, Birləşmiş Ştatlar Avropada təhlükəsizliyin təminatı məsələsində mərkəzi yeri tutur.
Bu həm də ondan xəbər verir ki, Baydenə Moskvada, yaxud Avropanın paytaxtlarında necə, hansı şübhə ilə baxırlar baxsınlar, cavab tədbiri zamanı Avropanın başlıca söykənəcəyi məhz o – ABŞ prezidenti Cozef Bayden olacaq.
Avropalılar deyirlər ki, Bayden bu rolu Trampdan da, keçmiş rəhbəri Barak Obamadan da daha həvəslə öz üzərinə götürüb.
Tramp Ukraynaya hərbi yardım göstərməkdən imtina etmişdi. O, Ukrayna prezidentinə təzyiq edirdi ki, Baydeni – 2020-ci ilin prezident seçkisi zamanı Trampın əsas rəqibinə çevriləcək adamı – araşdırmaqla məşğul olsun.
Obama Ukraynaya hətta Rusiya Krım yarımadasını ilhaq edəndən sonra da ABŞ-ın əsas strateji maraqları çərçivəsində olan ölkə kimi yanaşmırdı. Nəticədə Fransa və Almaniya Ukrayna məsələsi üzrə qrup yaratmalı oldu. Həmin qrup 2014-cü ildən bu yana Rusiya və Ukrayna ilə görüşlər keçirib hərbi əməliyyatları cilovlamağın yollarını aramaqla məşğuldur.
“2014-cü ildə Ukrayna böhranı baş qaldıranda Amerikanın siyasəti belə idi: Çalışın məsələyə qarışmayasız” – Fransanın ABŞ-da sabiq səfiri Jerar Aro belə deyir. Sabiq səfirin fikrincə, bu siyasət yekunda ABŞ-ın təşəbbüsü kənar qüvvələrə – Fransa və Almaniyaya ötürməsinə gətirib çıxardı.
Ağ evin indiki cəhdlərində müəyyən qədər Əfqanıstandan qoşunların xaotik şəkildə çıxarılmasının verdiyi dərsləri də görmək olar. O vaxt avropalılar ABŞ-ı qınayırdılar ki, qoşunları onlarla məsləhətləşmədən çıxarmağa qərar verib, hərçənd Ağ ev indiyədək bu qınaqla razılaşmır.
Hazırda Münhen Təhlükəsizlik Konfransına sədrlik edən Volfqanq İşingerin sözlərinə görə, Əfqanıstandan qoşun çıxarılanda bir amerikalı məmur ona deyibmiş ki, Birləşmiş Ştatların özünə “Avropa gücü” kimi baxdığı, qitədə strateji tarazlığın qorunmasında həlledici rol oynadığı dövr keçmişdə qaldı. “Amma son həftələrdə müşahidə etdiyimiz hadisələr bu qənaətin yanlış olduğunu göstərir” – Volfqanq İşinger vurğulayır.
Bu dəfə ABŞ rəsmiləri Avropa siyasətinə, qitənin təhlükəsizliyinə cavabdeh şəxslərin az qala hamısı ilə – Avropa İttifaqı, Avropa Komissiyası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, “Buxarest doqquzluğu” ilə məsləhətləşmələr aparmaq yolunu tutdu.
“Buxarest doqquzluğu” Mərkəzi və Şərqi Avropanın NATO ilə hərbi əməkdaşlığı gücləndirmək üçün doqquz ölkənin (Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya, Slovakiya) yaratdığı qrupdur.
“Bəli, onlar gerçəkdən Əfqanıstan hadisəsindən ibrət götürüblər, – ABŞ-ın NATO-da sabiq səfiri İvo Daalder deyir. – Biz nə vaxtdandır müttəfiqlərlə bu cür yaxın ünsiyyət görmürdük. Bu təmasların nəticəsi çox faydalı oldu”.
Baydenin problemlərindən biri bilirsizmi nədir? Bütün qitəni arxasınca apara biləcək avropalı lider yoxdur. Bunu ekspertlər deyirlər. Corc Buşun və Barak Obamanın ABŞ-a prezidentlik etdikləri dövrdə Almaniyada Angela Merkel kimi kansler var idi və o, Avropanın lideri rolunu oynaya bilirdi. Böyük Britaniyada Toni Bler kimi baş nazir var idi, o, Corc Buşun İraqda, digər ABŞ prezidenti Bill Klintonun Kosovoda uğur qazanmasında rol oynayırdı.
Britaniyanın indiki baş naziri Boris Consonun isə başı pandemiya dövründə əyləncə gecəsində iştirak etdiyinə görə üzləşdiyi qalmaqala qarışıb.
Onsuz da Böyük Britaniyanın Avropa İttifaqından çıxması onu NATO-nun mərkəzi oyunçusu statusundan məhrum etməsə də, tarixi-ənənəvi statusundan – Vaşinqtonla Brüssel arasında əsas vasitəçi olmaqdan məhrum edib.
Britaniya Ukraynaya tank əleyhinə silahlar göndərməklə və Rusiya hücuma keçəcəyi halda Moskvaya sanksiyalar tətbiq etməyə imkan verən qanun ortaya qoymaqla öz rolunu bərkitməyə çalışır. Amma bu, daha çox ölkə Avropa İttifaqından qopandan sonranın siyasi xəttin – müstəqil hərəkət etmək arzusunun nəticəsidir, nəinki Vaşinqtonun yürütdüyü xəttin.
Prezident Emmanuel Makron NATO-nun şərq cinahını gücləndirmək üçün Rumıniyaya qoşun göndərməyi təklif edəndən Fransa da öz mövqeyini möhkəmlətməkdədir. Amma Makronu bu ilin aprel ayında növbəti prezident seçkisi gözləyir. Eyni zamanda o, Rusiyaya münasibətdə Avropanın daha müstəqil rol oynamasına tərəfdar olduğunu bəyan edib. Yanvarın 28-i Makron Putinlə telefon əlaqəsi də saxlayıb.
Fransa diplomatları deyirlər ki, Makronun fəallığını ABŞ-a maneə kimi yozmaq lazım deyil, çünki o, NATO-da amerikalılarla müzakirə zamanı istənilən ümumavropa mövqeyini dəstəkləyəcəyini vəd edib.
“Makronun dərdi Almaniyadır” – Jerar Aro deyir.
Almaniyadakı yeni koalisiya hökuməti gah bu, gah digər mövqeyə meyillənir. Koalisiyada yer alan Yaşıllar və Azad Demokratlar partiyaları Moskvaya qarşı daha sərt mövqe tutmağın tərəfdarıdır, Sosial Demokrat Partiyası isə həmişəki kimi ticarət əlaqələrini və diplomatik əlaqələri saxlamağa tərəfdar çıxır. Almaniya kansleri, Sosial Demokrat Partiyasının üzvü Olaf Şolts hələ də inamsız təsir bağışlayır.
“Daha sizin Merkel kimi hamı ilə dil tapa biləcək, hamını vahid istiqamətə yönəldə biləcək bir ümid yeriniz yoxdur” – Toni Blerin baş nazir olduğu vaxt hökumət aparatına rəhbərlik etmiş Conatan Pauell belə deyir.
Bütün potensial çəkişmələrə baxmayaraq diplomatlar hesab edirlər ki, Avropa, NATO və ABŞ iki prinsipial məsələdə vahid mövqedədir. Birincisi, heç kim Ukraynaya qoşun yeritməyi planlaşdırmır. İkincisi, hamı Rusiyaya sanksiya tətbiq etməyin zəruriliyini qəbul edir. Hərçənd avropalılar, xüsusən də almanlar öz iqtisadiyyatlarını ziyandan sığortalamaq üçün ən sərt sanksiyalara qoşulmaya da bilərlər.
Amma avropalı məmurlar onu da israrla bildirirlər ki, Almaniya ciddi ziyanlara dözməyə hazırdır və Rusiyadan Qərbi Avropaya qaz nəql etməklə Putinin əlinə çox mühüm təsir vasitəsi verəcək “Şimal axını-2” kəmərinə sanksiya qoyulması da, başqa sərt addımlar da istisna edilməməlidir.
Putinin ard-arda təxribatları – Belarusa böyük qoşun hissəsi göndərməsi, Ukrayna sərhədi yaxınlığında iri miqyaslı hərbi təlimləri, Baltik dənizindəki hərbi dəniz təlimləri, hətta İrlandiya sahillərində əvvəlcədən planlaşdırılmış təlimləri də avropalılarla amerikalıları birləşdirib. Özü də elə birləşdirib ki, heç bir Avropa, yaxud Amerika lideri bunu bacara bilməzdi.
“Putinin tələbləri və təhdidləri o qədər qorxuncdur ki, başqa ölkələrlə birləşməmək mümkün deyil. Təhdid olmasa, siz heç bir bloka qoşulmazsınız. Putin isə təhdid deməkdir” – Jerar Aro belə deyir.
Mənbə: Nytimes.com