Vahid Qazi
Stokholm səfərində ilk dəyəcəyimiz yer kimi ABBA muzeyini seçəndə uşaqlar bir ağızdan “Gröna Lund” deyib durdular. Çoxlu attraksionu, karuseli, şousu olan əyləncə parkı balalara daha cəlbedici gəlirdi. Parkın qapısı ağzında onlardan ayrılanda xanıma dedim: “Qoy onlar öz dünyalarına getsinlər, səni öz uşaqlıq çağıma aparım”.
***
ABBA The Museum. Rəsmi adı belədir muzeyin. Dövrünün, fikrimcə, elə bütün zamanların ən uğurlu pop qruplarındandır ABBA. Boş yerə 1970-ci illərə “ABBA illəri” demirlər.
Muzey qrupun 10 illik ömrünü əks etdirən eksponatlarla doludur. Öyrənirsən ki, 1972-ci ildə yaranan ansambl iki il sonra ilk beynəlxalq uğurunu qazanıb – 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub. Sonra bir-birini əvəz edən dünya turları. Neçə-neçə ölkənin musiqi hitlərindən həftələrlə, aylarla düşməyən mahnıları, milyon-milyon tirajla satılan valları ilə başgicəlləndirən uğurlara imza atıb. Satılan valların sayına görə təkcə Elvis Preslidən, bir də “Bitlz”dən geri qalıb.
Açığı, muzeyə qədər bilmirdim ki, bu əfsanəvi qrupun üzvləri bir-birləri ilə evliymişlər: Benni Anni-Fridlə, Byörn isə Aqneta ilə. ABBA-nı zirvələrə daşıyan uğurun bir sirri də bunda imiş – Sevgidə!
Sevgisiz zirvə fəth edilərmi?!
Adlarının baş hərflərindən qurduqları ansambl-ailə hər iki cütlüyün evliliyi bitəndən sonra dağılıb. Sevgi bitəndə ürək də soyuyur: nə o əvvəlki ruh coşduran mahnılar yazılıb, nə o şövqlə oxumalar olub. Odur ki, kvartet dağılanda ayrılıqda oxunan solo ifalar da uğur qazana bilməyib.
***
Ağlım kəsəndən evimizin alt mərtəbəsində kirayənişin qızlar qalıb. Ağdam Musiqi Texnikumuna tək Azərbaycanın rayonlarından yox, başqa respublikalardan da oxumağa gəlirdilər. Məndə musiqiyə sevginin yaranmasında, zövqün formalaşmasında kirayənişin qızların müstəsna rolu olub. Uşaqlıq illərimin səhərləri onların çaldığı musiqilərlə açılıb. Klassik musiqini, bəstəkarları, musiqi alətlərini onların söhbətlərindan tanımışam. Motsartı onlarla birgə baxdığım “Amadeus”, Violini “Nikkolo Paqanini” filmlərindən tanıyıb sevdiyim kimi.
ABBA-nı da mənə onlar tanıdıb.
1970-ci illərin ortalarında ABBA SSRİ-nin dəmir sərhədlərini yarıb milyonların qəlbini fəth eləməyə başlamışdı. Televizorumuzda hər dəfə ABBA oxuyanda səsi artırır, döşəməni döyəcləyirdim. Kirayənişin qızlar dərhal yüyürüb gəlirdilər. O qoşa cütlüyə elə həsrətlə baxırdılar ki.
Qrupun qaraşın üzvünü Donaraya oxşadırdıq. Donara Leninakandan gəlmişdi, piano sinfinə gedirdi. Otaq yoldaşları Qreta, Roza onu inandırmışdılar ki, saç düzümünü bir azca dəyişsə, o qarabuğdayı qıza bənzəyəcək. Bir gün gördük saçına əl gəzdirib gəlib. Doğrudan da ABBA-nın qarasaç qızına – Anni-Frid Linqstada oxşayırdı. Qaraşın deyirdik, əslində isə Anni saçını qırmızı rəngləyirmiş. Bizim ağ-qara “Qorizont” televizorumuz saçını qara göstərirmiş.
Mənimsə gözüm sarışını tutmuşdu.
Onda heç 10 yaşım da yox idi.
Adı Aqneta imiş. Aqneta Feltskoq. Onda adını bilmirdim. Eləcə sarışın, şıltaq qız idi mənim üçün. Kəsdirə bilmədiyim bir istilik, şirinlik, doğmalıq vardı onda. Onu milyonlara sevdirən də elə üzündəki təbəssümdən doğan bu istilik idi bəlkə də.
Bir də səsi. Elə təkcə “Qalib hamısına sahibdir” (“The winner takes it all”) mahnısını dinləyin, yetər.
Uşaqlığımın o şirin çağında yüz il qala ağlımın ucundan belə keçməzdi ki, SSRİ dağılacaq, sərhədlər açılacaq və tale küləyi məni üzlərindəki təbəssümlə dünyanın o başından – xoşbəxt insanların yaşadığı yerlərindən xəbər verən bu dördlüyün vətəni İsveçə atacaq. Onların o xoşbəxt ölkəsində hər dəfə mahnılarını eşidəndə dik atılırmış kimi oyanıb anlayacam ki, sən demə, dünyanın ən xoşbəxt çağı elə atalı-analı günlərimdə ağ-qara televizorumuzda onlara baxdığım anmış; bu qrupun mahnılarını dinlədiyim evimizmiş; adına “Qafqaz Xirosıması” deyiləcək, daşı daş üstündə qalmayan şəhərimizmiş.
Heyif, ömrün geriyə yolu olmur!
…Amma oldu! Məni geriyə aparan o yolu tapdım! ABBA muzeyində nostalji duyğular burulğanına düşəndə gördüm o yolu. Gördüm dördü də əl-ələ verib 70-ci illərə gedirlər. Yüyürüb çatdım, bir əlimdən Qaraşın, o birindən Sarışın tutdu. Benni saçımı qarışdırdı, Björn gülüb göz vurdu. Üzümüz Qarabağa idi – bizə sarı. Yetişdik. Darvazadan həyətimizə girdik. Pilləkəndə əlimi buraxdılar, irəli ötürüb, “özün qalx” dedilər…
Qulağımda “Mamma mia”nın (“Mənim anam”) sədaları pillələrlə evimizin yuxarı mərtəbəsinə qalxıram. Əlimlə pilləkənə sarı uzanan armudun ağ çiçəkli budağına sığal çəkib keçirəm. Anam qarşılayır məni – Mamma Mia – üzündə həmişəki gülüş, dilində “Maman saa qurban”.
Muzeyi dolaşdıqca, onların qrim əşyalarına, geyimlərinə, musiqi alətlərinə, səfər şəkillərinə baxdıqca neçə dəfə beləcə 70-lərə gedib qayıtdım. ABBA-nın iri fotosu fonunda skamyada oturdum. Xanım şəklimi çəkdi. İstədi nağıl kimi bir aləmdən, uşaqlıq çağıma xəyali səfərimdən bir fotom qalsın.
***
Bu sətirləri yazdığım noyabr günlərində ABBA-nın “Voyage” adlı albomu çıxdı. Bu, 1981-ci ildən sonra qrupun ilk albomudur.
Məşhur kvartetin sonu 1982-ci ildə gəldi, sonuncu “Visitors” albomundan sonra qrup birgə fəaliyyətə son qoyduğunu elan eləmişdi. Bu, gözlənilməz qərar deyildi. 1979-cu ildə cütlüyün biri, 1981-də isə o biri rəsmən nikahlarını pozdular. Mətbuata müsahibələrində ayrılıqların birgə fəaliyyətə təsir etməyəcəyinə inandırmaq istəsələr də, alınmadı, ABBA erası sona çatdı. Qrup kimi.
Mahnıları isə hələ neçə-neçə nəsillərin könlünü fəth edəcəkdi.
Onları bir-birinə bağlayan, uğurun zirvəsinə daşıyan tək musiqiləri yox, həm də bir-birlərinə olan sevgiləri idi. Elə 1972-ci ildə İsveçdə debüt mahnıları da “İnsanlara sevgi gərəkdir” (People Need Love) adlanırdı.
Sonralar dünyaca məşhur musiqi şirkətləri, prodüserlər onları bir yerə yığmaq üçün, heç olmasa bir konsert vermələri üçün minnətçi düşəcəkdilər. Onlarsa ağlasığmaz qonorar təkliflərindən imtina edəcəkdilər. 1 milyard dollardan belə. 2000-ci ildə adını açıqlamayan bir investor 250 konsert üçün məhz bu qədər qonorar vəd etdi. Cavab isə Aqnetadan gəldi: “Biz bunu bir dəfə eləmişik”. Sonra qrupun digər üzvləri də imtina açıqlamaları verdilər.
2022-ci il bütün zamanların sevimli pop qrupu ABBA-nın 50 illiyidir. Deyirlər uzaq 1982-ci ildən sonra qrup bir də yığılacaq və Londonda yubiley konserti verəcək.
Çox istərdim o konsertə bilet tapam, gedəm. Evimizə gedirmişəm kimi gedərəm o konsertə, həyətimizə girirmişəm kimi girərəm zala, ömrün ən şirin çağını təkrar yaşayırmış kimi yaşayaram o gecəni…
***
Səfərdən geri dönürdük. Yol boyu muzeydən aldığımız diskdə ABBA-nın mahnıları bir-birini əvəz edirdi: “S.O.S.”, “Gimme! Gimme! Gimme!”, “Mamma Mia”, “I do, I do, I do”.
Muzeyin havası başımdan çəkilməmişdi. Gözümün önündə İsveç meşələri, meşələrdə burulan yolumuz deyildi. Ağdamdakı həyətimiz idi. Hər birini ilk notundan tanıdığım bu mahnılar sanki öz səs qanadlarında əks-səda kimi məni uşaqlığıma göndərmişdilər.
Qəribədir! Həyətimizdə bütün ağaclar eyni vaxtda çiçəkləmişdi. Narın qırmızı, zoğalın sarı çiçəyi gilənarın, armudun ağ ləçəklərinə qarışmışdı. Qonşu Elza xalanın sarmaşıq gülü hasarı aşıb bizim qızıl güllərə dolaşmışdı. Anamın dibçəklərdəki gülləri də hovuzun qırağından boy verirdi. Qaranquş da eyvanımızdakı yuvasına dönmüşdü, bir ucdan balalarına yem daşıyırdı.
…Gözüm maşının güzgüsünə sataşdı. Uşaqlar yatmışdılar. Üçü də üzdə təbəssüm yuxuya getmişdi. Mahnılarmıydı bu təbəssümün səbəbi? Bəlkə mənim xəyalımdakı həyətimizi onlar da görürdülər yuxularında…
Noyabr 2021-ci il
Helsinqborq, İsveç
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..
Rusun iti, Putinin bülbülü və sair
Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)
Atamın şilləsi, sevgisi və 20 yanvar