Vahid Qazi
Hər yerdən danışırlar, Xankəndidən savayı.
Zəngəzurdan danışırlar, İrəvandan danışırlar, Xankəndidən danışmırlar.
Basıb keçib Basarkeçərdən söz açırlar, nə məsələdirsə, Xankəndinin adını tutmurlar.
Dinənin də ağzından vururlar ki, sus, bu, siyasətdir!
Bu necə siyasətdir ki, Rusiya qoşunlarını torpağımıza buraxıb girovuna çevrilmişik? Qarabağda rus ordusu dövlətçiliyimizə də, hakimiyyətin özünə də təhlükədir, təhdiddir! Bunu dərk etdiyinə görə Əbülfəz Elçibəy dirəşib o qoşunu çıxarmışdı, bunu bildiyi üçün Heydər Əliyev dirənib geri buraxmırdı. “Kreml köpəyi” Jirinovskinin əvvəllər yox, məhz indi İlham Əliyevə dil uzada bilməsinin əsas səbəbi rus qoşunlarının torpaqlarımızda olmasıdır! Dediyi “biz səni qoruyuruq” sözünün o biri anlamı “biz səni devirə bilərik”dir.
Jirinovskiyə bu hünəri verən Qarabağdakı Rusiya ordusudur!
Bu necə siyasətdir ki, Şuşa mədəniyyət paytaxtı elan edilir, orada festivallar keçirilir, 10 kilometrliyindəki Xankəndi haqda yoxmuş kimi susulur? Sanki erməni-rus nəzarətində qalan yerlər qara dəlikdir, boşluqdur.
10 aydır hakimiyyətin Qarabağ siyasəti barədə tənqid yazmağa əlim gəlmirdi. Özümü bir növ pat vəziyyətində hiss edirdim. Ömrü boyu hakimiyyəti Qarabağ uğrunda barmaq barmağa vurmamaqda ittiham edən biri kimi torpaqların azad olunmasının sevincini yaşayırdım. Fikrən müxalif olan kəsimə, ələlxüsus da Qarabağ camaatına tanış olmalıdır bu hiss.
Müharibədən cəmi 4 gün əvvəl – sentyabrın 23-də dərc etdiyim “Ofşorda qalan Qarabağ” adlı yazımı oxusanız, “pat vəziyyətin” səbəbini anlayacaq, nə demək istədiyimi biləcəksiniz. Yazı bu sözlərlə başlayır: “Sizdən Qarabağı geri alan olmaz, hisslərimizlə oynamayın”.
Demək, ofşor ofşorluğunda, müasir silah da alınıbmış, Daşaltı sıldırımından Şuşaya dırmaşan ordu da yaradılıbmış.
Artıq 10 ay keçib, eyforiya keçib, daha soyuq başla düşünə, açıq gözlə görə bilirəm. Görürəm ki, hakimiyyət 1993-cü ildə qorumadığı və daha əvvəl getmiş rayonları geri alsa da, Xankəndidə hələ Azərbaycanın suverenliyini bərpa edə bilməyib. O yerlər erməni-rus nəzarətindədir.
Həqiqət bu qədər üzdəykən propaqandalarla niyə başımıza corab hörmək istəyirsiniz?
Rusiya Qarabağa əl qoyub! İşğalçı kimi davranır. Dünyanın heç bir yerində sülhməramlı qoşunlar özlərini rusların Qarabağda apardığı kimi aparmayıb.
Demək, müharibə bitməyib! Dünən Ağdam, Şuşa, Füzuli deyirdiksə, bu gün Xankəndinin davasını döyməliyik. Elə erməniyə, rusa bizim Xankəndi barəsində susmağımız lazımdır desinlər ki, buralar sizlik deyil. Xankəndiyə həsr etdiyiniz nə bir şeiriniz var, nə bir mahnınız, heç xatirəniz də yoxdur.
Erməni-rus işğalında qalan torpaqlara aid iynə gözü xatirəsi olan hər kəs gərək yaza, danışa. Əsgəranı, Ağdərəni, Vəngi, Xocavəndi, Xankəndini Şuşanı, Kəlbəcəri sevdiyimiz kimi tanıyıb sevməsək, ölümünə dirənməsək, yaxın gələcəkdə sülhdən danışmaq mümkün deyil.
Siz siyasətinizlə susun, mən siyasətsiz danışım.
Nənəmin-babamın yaylağı olmuş Kolatağ haqda “Qanzasar xatirələri” yazısında yazmışam. Vəngə, Qanzasara cığırlarla çıxardıq. Oxusanız görəcəksiniz ki, ermənilərin yaşadığı Damğanlı kəndi, yanında alaçıq qurub yayladığımız Turşsu bulağı, uşaqlarla çimişdiyimiz Xaçın çayını ən doğma yerlər kimi xatırlamışam. “Qarakəndli Anuşun təbəssümü” sayaq yazılarda isə uşaqlıq xatirələrimə bugünkü ağlımla baxmışam.
O yazıları bloqumda oxuyub Qarabağın hələ azad edilməyən yerləri ilə tanış ola bilərsiniz, növbəti yazıda isə Xankəndi barədə ən körpə xatirəmi bölüşəcəm sizinlə.
Avqust 2021
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..
Rusun iti, Putinin bülbülü və sair
Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)
Atamın şilləsi, sevgisi və 20 yanvar
“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti