“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
J.R.R.Tolkien, “Üzüklərin hökmdarı. İki qala”
“İki qala” – “Üzüklərin hökmdarı” trilogiyasının ikinci hissəsidir və burada “Üzük qardaşlığı”ndakı hadisələrin davamı təsvir olunub.
Moria uçurumuna düşən Qandalfdan və orklar tərəfindən öldürülən Boromirdən məhrum olmuş Üzük Qardaşlığı üç yerə ayrılır.
Frodo və Sem Mordora doğru getməyə davam edirlər. Yolda onları izləyən Qollumu yaxalayırlar. Hakimiyyət Üzüyünü bir dəfə ələ keçirən Qollum ona yenidən yiyələnməyə çalışır.
Merri və Pippin Sarumanın urukhaylarına əsir düşür, bu dəstəyə Mordorun orkları da qoşulur.
Araqorn, Leqolas və Gimli yolda Rohan Süvariləri ilə görüşdükdən sonra Fanqorn meşəsinə yönəlirlər. Və Balroqla döyüşdən qalib çıxmış və artıq Boz deyil, Ağ olan Qandalfla rastlaşırlar.
Rohanlılarla Sarumanın orkları arasındakı Dəbilqə Dərəsi döyüşündən sonra Ağacsaqqalın əmri ilə entlər Ayzenqardı viranə qoyurlar. Bu əsnada hiyləgər Qollum Frodo və Semi Şelobun yuvasına doğru aparır…
Əsəri Samir Bulut tərcümə edib.
Kitabın satış qiyməti 14.90 manatdır.
”Nadir Şah Əfşarın fərman və məktubları”
Kitabda Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin həm hərb tarixində, həm də siyasi həyatında silinməz iz qoymuş görkəmli dövlət xadimi və böyük fateh, Avropa tarixçilərinin “Qərbin Napoleonu” adlandırdıqları Nadir şahın fərmanları və məktubları yer alıb.
Bir qismi Azərbaycan dilində ilk dəfə nəşr edilən bu sənədlər müxtəlif əlyazma mənbələrindən seçilib toplanıb.
Kitab nadirşünas tədqiqatçılar və tarixsevər oxucular üçün nəzərdə tutulub.
Fars dilindən tərcümə edənlər: Əkrəm Bağırov, Hacı Rauf Şeyxzamanlı; ərəb dilindən tərcümə edən: Minaxanım Şahbazova.
Kitabın satış qiyməti 10.99 manatdır.
Kamilo Xose Sela, “İki ölü üçün mazurka”
“İki ölü üçün mazurka” romanında ucqar Qalisiya əyalətində cərəyan edən hadisələr oxuculara kitabdakı çoxsaylı personajların xatirələri və söhbətləri vasitəsilə çatdırılır.
İki yerli sakinin qətli və qatildən intiqam almağa can atan insanların duyğu və düşüncələri romanın əsas süjet xəttini təşkil edir.
Əsəri Saday Budaqlı tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Üzeyirbəy Hacıbəyli, “Fitnələr qarşısında”
Dahi bəstəkar Üzeyirbəy Hacıbəyli həm də kəskin və dəyərli publisist yazıların müəllifi kimi tanınır.
Kitaba böyük sənətkarın günümüzlə səsləşən publisistik yazıları daxil edilib.
Ərəb əlifbasından transliterasiya edən, ön sözün, şərhin və sözlüyün müəllifi: Aslan Kənan.
Kitabın satış qiyməti 7.49 manatdır.
Karlos Ruis, “Safon küləyin kölgəsi”
Məşhur yazıçı Tom Boyd həyatının çətin anlarını yaşayır. Sevdiyi qadından ayrıldıqdan sonra nəinki artıq yaza bilmir, həyatından belə küsərək antidepressant və sakitləşdiricilərin dumanında dərin bir quyunun dibinə doğru yol alır.
Fırtınalı bir gecədə romanının qəhrəmanlarından biri yazıçını yenidən həyata qaytarmaq və onu sətirlərinə qovuşdurmaq üçün xəyal dünyasından çıxaraq real dünyaya – onun evinə qədəm basır. Və beləcə, Tom Boyd və qəhrəmanı Billi arasında gözəl və unudulmaz bir macəra başlayır.
Bir-birini xilas etmək üçün çırpınan iki ürək… Los-Ancelesdən Meksika çöllərinə qədər uzanan və Parisin kiçik bir mənzilində bitən həyəcan, kədər, sevinc və sevgi dolu bir macəra…
Əsəri İlqar Əlfi tərcümə edib.
Kitabın satış qiyməti 13.99 manatdır.
Kamilo Xose Sela, “Paskual Duartenin ailəsi”
Nobel mükafatı laureatı, dünya şöhrətli ispan yazıçısı Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanında sərt gerçəkliklə üzləşən “kiçik adamın” faciəsi təsvir edilib.
Roman İspaniyada qadağan olunduğundan, ilk dəfə Argentinada nəşr edilib və müəllifə böyük şöhrət qazandırıb.
Bu əsər ayrı-ayrı ölkələrdə yüz otuz dəfə nəşr olunub və bu günə qədər də İspaniyada müxtəlif dillərə tərcümə edilən kitabların siyahısında birincidir.
Əsəri Saday Budaqlı tərcümə edib.
Kitabın satış qiyməti 4.99 manatdır.
Lev Tolstoy, “Balaca Filip” (Hekayələr)
Bu kitaba böyük rus yazıçısı Lev Tolstoyun təbiət, heyvanlar, quşlar haqqında yazdığı
hekayələr daxil edilib.
Kitabın satış qiyməti 2.99 manatdır.
YENİDƏN SATIŞDA
Kerolayn Finkel, “Osmanlı İmperiyasinin tarixi (1300-1923)”
Nə vaxtsa müstəqil türk knyazlığı “müqəddəs müharibə”yə başlayıb, orta əsrlərin ən güclü müsəlman dövlətinə, ərəblərin bacarmadığı Bizansı işğal edən, olduqca böyük hərbi-feodal imperiyaya çevrilmişdi…
Şərqi və Cənubi Avropanın çox hissəsini, Şimali Afrikanın əksər ərazilərini və praktiki olaraq bütün Ərəb Şərqini özündə birləşdirən Osmanlı İmperiyasında ticarət və sənətkarlıq, elm və incəsənət inkişaf edib çiçəklənmişdi.
Bəs bu qüdrətli dövləti zəiflədib dağıdan və sonda da məhv edən nə oldu?
Osmanlı İmperiyasının yaranmasından məhvinə kimi olan uzun əsrlər ingilis tarixçisi Kerolayn Finkelin bu kitabında ətraflı şəkildə əks olunub.
Əsəri Abdulhəlim Mikrağvi tərcümə edib.
Kitabın satış qiyməti 29.99 manatdır.