Yeni nəşrlər
- 18 İyun 2021
- comments
- Novator.az
- Posted in Xəbər
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Robin Şarma, “Səhər saat 5 klubu”
Robin Şarma digər kitablarında olduğu kimi “Səhər saat 5 klubu” kitabında da müasir dünyada şəxsi və iş həyatını əhatə edən çətinliklərə qalib gəlməyin, həmçinin ümidsizlik və məsuliyyətsizlik kölgəsi altına düşən istedad və bacarıqları uğura çevirməyin yolları barədə söhbət açır.
Ruh düşkünlüyü, hədə-qorxu, əldə edilmiş nəticələrin itirilmə təhlükəsiylə üz-üzə qalmış, bir sözlə, müəllifin ortabablıq və adilik adlandırdığı mərhələnin bir addımlığında olan sahibkar qadın və rəssamla başlanan yolçuluğun əsas şüarı isə budur: “Zamanı dəyərləndirməklə həyatı dəyərləndir, özünü dəyərləndir, fürsətləri dəyərləndir. İnadla doğru yolla irəlilə və dünyanı xilas et”.
Əsəri İlahə Sultan tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Deyl Karnegi, “Yeniyetmə qızlar dostları necə qazanmalı və insanlara necə təsir etməli?”
Əsər yeniyetmələrə çətin məqamlardan çıxış yollarını göstərir. Bu kitabın köməyi ilə yeniyetmə qızlar başqalarına təsir etməyin qaydalarını öyrənəcəklər.
Müəllif tərifin tənqiddən üstünlüyünü nümunələrlə oxuculara izah edir. Oğlanlarla dostluq edərkən nəyə fikir verməyi başa salır, gələcək həyata hazırlıq mərhələsində lazım olanları öyrədir.
Əsəri Sevil Gültən tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Mümin Sekman, “Hər şey beyində başlayır”
Bu kitabda beyinin işləmə mexanizmi və ondan daha səmərəli istifadə etmək yollarından bəhs edilir.
Beyinin nəql edilə bilməyən yeganə orqan olduğu qeyd olunur. İnsan beyninin gücünü və sirrini izah edən bu kitab, ağlını başına yığmaq və həyatını başdan-başa dəyişdirmək istəyənlər üçün yazılıb.
Əsəri Aygül Əli tərcümə edib.
Kitabın satış qiyməti 5.99 manatdır.
Hizer Morris, “Auşvitz döyməçisi”
Bəlkə də “Auşvitz döyməçisi” əsərini hamı oxumalıdır – uşaqdan-böyüyə kimi. Nədən? Çünki hər bir insanın həyatında çətin, dözülməz saydığı dönəmlər olur. Bu, qaçılmazdır. Məhz belə dönəmdə bu əsərin qəhrəmanları, xüsusi vurğulayaq, gerçək qəhrəmanları hər kəsə gözəl bir nümunə ola bilər.
Sonda müəllif qeyd edir ki, əsərin əsas personajı olan Lale ona xatirələrini bəzək-düzəksiz, olduğu kimi qələmə almağı tapşırıb. Bu mənada, ola bilər, roman bədiilik baxımından oxucunu qane etməsin. Ancaq əsas olan odur ki, oxuyacağınız tərtəmiz həyat həqiqətidir. Həyatın isə hər üzü var.
Kitabın satış qiyməti 9.99 manatdır.
Qiyom Müsso, “Kağız qız”
Məşhur yazıçı Tom Boyd həyatının çətin anlarını yaşayır. Sevdiyi qadından ayrıldıqdan sonra nəinki artıq yaza bilmir, həyatından belə küsərək antidepressant və sakitləşdiricilərin dumanında dərin bir quyunun dibinə doğru yol alır.
Fırtınalı bir gecədə romanının qəhrəmanlarından biri yazıçını yenidən həyata qaytarmaq və onu sətirlərinə qovuşdurmaq üçün xəyal dünyasından çıxaraq real dünyaya – onun evinə qədəm basır. Və beləcə, Tom Boyd və qəhrəmanı Billi arasında gözəl və unudulmaz bir macəra başlayır.
Bir-birini xilas etmək üçün çırpınan iki ürək… Los-Ancelesdən Meksika çöllərinə qədər uzanan və Parisin kiçik bir mənzilində bitən həyəcan, kədər, sevinc və sevgi dolu bir macəra…
Əsəri fransız dilindən Vüsalə Yarıbəyli tərcümə edib.
Kitabın satış qiyməti 10.99 manatdır.
Aqata Kristi, “Xanım Makgintinin ölümü”
Kitabda hər kəsə müəmmalı olan qətlin, qarışıq hadisələr içərisinə düşən Erkül Puaronun xüsusi bacarığının və dərin hissiyyatı nəticəsində dolaşıq hadisələr düyününü necə açdığının şahidi olacaqsınız.
Bəs bu müəmmalı qətldə, həbs edilən adam həqiqətən qatildirmi? Bütün sübutların açıq işarə etdiyi və qətldən dərhal sonra həbs olunan bu şəxs haqqında Erkül Puaro nə düşünür? Tək yaşayan yaşlı qadını kim, niyə öldürsün?
Əsəri Vüsal Nəhmədli tərcümə edib.
Kitabın satış qiyməti 7.49 manatdır.
Asiman Eyniyev, “İki tanış”
Bu roman iyirmi üç yaşlı qızın həyat hekayəsidir…
Qız qurulmuş oyunun qurbanıdırmı? Oyunu quran kimdir? Qız özümü? Sevgilisimi? Sevgilisi kimdir?
Gözəgörünməz…
Kitabın satış qiyməti 5.99 manatdır.
Vaqif İbrahimoğlu, “Sovet teatr rejissorunun Türkiyə gündəliyi”
Zeynal Məmmədlinin kitaba yazdığı ön sözdən:
“Vaqif İbrahimoğlu 2011-ci ilin mayından bu dünyanı tərk edib. 1989-cu ildə məndən bir söz almışdı – 1984-cü ildə Ankarada rusca qələmə aldığı “Gündəlik” onun bayılıncayadək sevdiyi Azərbaycan türkcəsinə çevrilməliydi və bu işi mən görməliydim (bir şərtlə ki ölümündən sonra). “Əvvəla, nə bilirsən, kim tez öləcək və sonra niyə özün çevirmirsən?” – sualımı “Sənə bu məktubumda hər şey yazılıb” sözləriylə cavablandırmışdı. O məktubu artıq nöqtəsinə, vergülünə toxunmadan diqqətinizə yetirə bilərəm:
Zeynəlciyim!
Həyat və sənət yollarım çətin olduğu qədər dumanlıdır, bilinməz, dərkedilməzdir, çünki bizi yaradan o böyük Tanrımızın yapdığı dış və iç dünyamız(ın) özü bir yol, özü bir dağ, özü bir dəniz, özü bir göy, özü bir Günəşdir ki, gözümü qamaşdıra bilər!..
Qardaşım!
Bu əlyazmanı tapşırıram sana, səni də uluların ulusu Dədəm Qorqud eşqinə – bu dünyada ondan müqəddəs məndən ötrü heç zad yoxdur. Əcnəbi dilində yazıldığı üçün qüsura baxma, onun da öz səbəbi var ki, məncə, demək artıqdır.
Sağlıqla qalın, Tanrı sizə yar olsun, yolunuz Uğurlu, dünyamız işıqlı olsun. Mən gedər oldum…
Ən içdən sayğı və istəklərimlə: Vağif İbrahimoğlu, Boz ayın 8-i 1989-cu il.
Bu məktubu Vağifin (ara-sıra “q”ni “ğ”yə çevirməyi xoşlayırdı – əslində “Vağıf” deyərdi) adi şıltağı-zarafatı kimi qarşılamış, amma xahişinə əməl etmişdim: O “Gündəlik” yalnız onun ölümündən sonra işıq üzünə çıxarılacaqdı…
Beləliklə, 20-ci yüzil Azərbaycanının say-seçmə insanlarından görkəmli sənətçi, kulturoloq, publisist və sevimli düşüncə adamı Vaqif İbrahimoğlunun 40 yaşında (1989-cu ildə) mənə verdiyi tapşırığı yerinə yetirir və 35 yaşında (1984-cü ildə) Türkiyədə rusca qələmə aldığı gündəliyini Azərbaycan türkcəsində oxuculara çatdırıram
Vaqifə sevgilər və ruhuna sonsuz sayğılarla,
Zeynal Məmmədli”.
Kitabın satış qiyməti 6.99 manatdır.
Əsli Pərkər, “Xəzan vaxtı”
Aslı Perkerin “Xəzan vaxtı” romanında Osmanlı İmperatorluğunun süqut etdiyi dövrdəki hadisələrdən bəhs edilir. Müəllif siyasi qütbləşmələri, qeyri-müəyyənlikləri, Osmanlı İmperatorluğunun son dövründəki gündəlik həyatı, İstanbul və Anadolunun vəziyyətini bir gənc qızın dilindən təsvir edir.
Əsərin baş qəhrəmanı Handan özünü mübarizəyə həsr etmək arzusundadır. Sevimli atası – Osmanlı paşasından gizli şəkildə qatıldığı təşkilatda Handanın vəzifəsi əhəmiyyətli məktubları sahiblərinə çatdırmaq və saraydakı qiymətli əsərləri müttəfiqlər ələ keçirmədən Anadoluya aparmaqdır. Anadolu yollarında özünü, həyatı, siyasəti və sevgisini daha yaxşı anlayan Handan öz xəyallarına sahib çıxa biləcəkmi?
Kitabın satış qiyməti 9.99 manatdır.
Sara İbrahim, “Dumanlı şəhər”
“Dumanlı şəhər” Sara İbrahimin sayca ikinci kitabıdır. 2020-ci ildə çapdan çıxmış “Yasaq sevgilər” romanı oxucular tərəfindən maraqla qarşılanıb.
Bu kitabda müəllifin son illər qələmə aldığı hekayələr toplanıb. Hekayələr sadə, oxunaqlı dildə yazılıb və oxucu bu hekayələrdə real həyatda gördüyü, amma fikir vermədiyi hadisələrin dərinliyinə baş vuracaq, özündən az da olsa, nələrsə tapacaq.
Kitabın satış qiyməti 7 manatdır.