Vahid Qazi
Bir vaxt deyirdilər Varlam Şalamov “Kalım hekayələri”ni yazmasa, adamlar sovet həbs düşərgələrində baş verənlərdən xəbərsiz olardılar. Sonra Soljenitsının “Arxipelaq QULAQ”ı da işıq üzü gördü və dünya dəhşətli həqiqətlərdən xəbər tutdu.
İlkin Rüstəmzadənin “Qaranlığın hekayəsi. Həbsxana gündəliyi” kitabı sizdə adını çəkdiyim əsərlər kimi şok yaratmaya bilər; oxuyanda deyərsiniz indi qapalı sovet rejimi deyil, Azərbaycan türmələrində baş verənlərdən xəbərdarıq. Amma mən elə demirəm, tikanlı məftillərin o üzündə bilmədiyim çox şey varmış. Məsələ tək bunda deyil. İlkinin kitabı tək-tük siyasi ədəbiyyat nümunələrimizdən biri olmaqla yanaşı tarixilik baxımından da dəyərlidir və şübhə etmirəm, gələcəkdə araşdırıcılar üçün istinad mənbəyi olacaq.
Buna qədər bizdə həbsxana gündəliyi yazan, nəşr edən olubmu, açığı, xatırlamıram. Elə siyasi memuarlarımız da təkəm-seyrəkdir. Vaqif Hüseynovun “Bir ömürdən artıq”, Əbdürrəhman Vəzirovun “Parterin ilk sıralarında”, Zərdüşt Əlizadənin “İkinci respublikanın sonu” kitablarından savayı hansısa siyasi memuara da rast gəlməmişəm.
Fikrim “Qaranlığın hekayəsi”ni təhlil etmək deyil. Bir onu deyim ki, dili, təhkiyəsi adamı yormur, axıcıdır, ağrı-acını da verə bilib, yeri gələndə yumorunu da əsirgəməyib. Müəllifin subyektiv siyasi analizləriylə razılaşıb-razılaşmamaq da oxucunun öz işidir. Mənə bu yazını yazdıran İlkinin yaşı, dünyagörüşü, etirazı, bir də inadı oldu.
Bir dəfə Bakıda insan haqlarına həsr olunmuş konfransda gözəyarı saydım ki, iştirakçıların az qala yarısı siyasi baxışlarına görə türmə yatıb-çıxmışlardır. Siyasi basqının miqyası məni heyrətə salmışdı onda. İndi vəziyyət daha da ağırlaşıb, rənglər daha da tündləşib.
Ümumiyyətlə, 30 illik müstəqillik tarixində elə bir dönəm tapmazsan ki, Azərbaycan həbsxanalarında siyasi məhbus olmasın. Bu illər ərzində heç nə dəyişməyib.
Tək dəyişən siyasi məhbus yaşının cavanlaşmasıdır!
Həbs olunanda İlkinin 21 yaşı vardı. O yaşda bizə desəydilər müstəqilliyinin 30-cu ilində də Azərbaycanda insanlar siyasi görüşlərinə görə təqib olunacaq, tutulacaq, işgəncəyə məruz qalacaqlar, inanmazdıq. Bizim tək qayəmiz SSRİ-dən qurtulmaq idi. Elə bilirdik azadlıqla birgə xoşbəxtlik də gələcək!
Əvvəllər siyasi sistemin işi yaşlı nəsil rəqiblərlə idi, indi sanki gənclikdən ehtiyat edirlər. Repressiya öz caynağına gəncləri keçirir. Kitabın “Aprel məhbusları” fəsli də elə bu cümlə ilə başlayır: “Həmin ərəfədə 13-ə (Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsi – red.) bir-birinin ardınca gənc məhbuslar gəlməyə başlamışdılar”.
İlkin Rüstəmzadə “Əsgər ölümlərinə son!” etiraz aksiyasının təşkilinə görə həbs olunub, ömrünün çiçəklənən 6 ilini türmədə keçirib. Haqsız həbs olunmuş başqa ictimai-siyasi fəallar da var. Köhnə totalitar sovet təfəkkürlü insanlar əllərindəki hakimiyyətdən yararlanıb müasir dövrün çağırışlarına səs verən, intellekt, siyasi iradə, əqidəyə sadiqlik baxımdan onlardan bir neçə baş yuxarı bir gəncliklə üz-üzə olduqlarının fərqində deyillər. Anlamırlar ki, gəncliyə qarşı mübarizəni hələ kiminsə qazandığını tarix xatırlamır!
İlkinin kitabını ürək ağrısıyla oxudum. Bu, balalara azad ölkə qura bilməməyimizin məsuliyyət acısı, kədərli etirafıydı.
Bir dəfə yazmışdım: bizim nəsil azadlıq mücadiləsindən qorxmadı, yaralandı, əlil oldu, öldü də – amma azad cəmiyyət qura bilmədi! Bizim bu tarixi uğursuzluğumuzun bədəlini bu gün balalar – gənclik ödəyir. Öz həyatları, ömürlərinin ən gözəl çağını türmə qaranlığında keçirərək.
…Qaranlıqsa işığın təsdiqidir!
Ulduzlar qaranlıq səmanın nuru olduğu kimi etirazçı gənclik də cəmiyyət qaranlığında parlayan işıqdır.
Qaranlığın işığı…
İyun 2021
1992-ci il təvəllüdlü İlkin Rüstəmzadə 2013-cü ilin mayında tutularaq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 16-da əfv olunub.
2021-ci ildə onun “Qaranlığın hekayəsi” kitabı çapdan çıxıb. Kitabında İlkin Rüstəmzadə həbsxana həyatından bəhs edib, repressiyalara, işgəncələrə diqqət çəkib.
1968-ci il təvəllüdlü Vahid Qazi “Ədalət” qəzetinin müxbiri, “Azərbaycan” qəzetinin xüsusi müxbiri olub, Prezident Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib. Müsavat Partiyasının mətbuat xidmətində çalışıb, “İnam” Plüralizm Mərkəzinə sədrlik, “III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq eləyib. Bir neçə kitabın müəllifidir.
2012-ci ildən İsveçdə yaşayır.
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..
Rusun iti, Putinin bülbülü və sair
Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)
Atamın şilləsi, sevgisi və 20 yanvar