Hikmət Nazim
Bugünlərdə Avropa Parlamenti Azərbaycanın erməni hərbçilərini “təcili və şərtsiz” azad etməsi ilə bağlı qətnamə qəbul etdi. Ümid olmasa da, Azərbaycan mətbuatını ələk-vələk etdik, bir şey tapmadıq.
Məsələnin təfsilatını yalnız “BBC Azərbaycanca”dan öyrənə bildik ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 200-ə qədər Ermənistan vətəndaşını əsir saxladığını bildirib. Həmçinin qətnamədə Azərbaycanın paytaxtı Bakıda Hərbi Qənimətlər Parkının açılışı və burada erməni həbrçilərin obrazlarının quraşdırılması da qınanılıb.
Azərbaycan tərəfi həbsxanalarında hərbi əsirlərin olmadığını, ancaq saxladığı 72 erməni hərbçinin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli atəşkəs razılaşmasından sonra ölkəyə “təxribat məqsədilə daxil olduğu üçün” cinayət məsuliyyəti daşıdığını deyib.
Azərbaycanda fəaliyyət göstərən media qurumları isə ancaq Milli Məclisin sədri Sahibə Qafarovanın, sədrin birinci müavini Əli Hüseynlinin, deputat Siyavuş Novruzovun bu qətnamənin tələblərinə etiraz olaraq səsləndirdiyi fikirləri tirajlayıb iş gördüyünü düşündü.
Başqa bir sözlə, oxucularını detallarını bilmədiyi mövzuda məlumatlandırmaqla məşğul oldu.
Oxucu belə bir qətnamənin mövcudluğu haqqında da ilk dəfə o cavablardan öyrənmiş oldu: “Spiker: “Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsi, sadəcə, kağız parçasıdır”, “I vitse-spiker: “Avropa Parlamentinin məlum qətnaməsi qəbuledilməzdir” – VİDEO”, “Deputat: “Milli Məclis Avropa Parlamentinin “hərbi əsirlər”lə bağlı qətnaməsinə qarşı çox sərt bəyanat qəbul etməlidir” – VİDEO”.
Siyahını uzatmağı gərəksiz hesab edirəm. Başlıqlar sizi yanıltmasın, axtarıb oxumayın da; çünki Azərbaycan parlamentinin 21 mayda keçirilən iclasında səsləndirilən fikirlərin “ən tutarlı” hissəsi də elə bunlardır: spiker Avropa Parlamentinin qətnaməsini “kağız parçası”, I vitse-spiker “qəbuledilməz” adlandırır, “sıravi deputat” isə üzvü olduğu qurumun bununla bağlı sərt bəyanat qəbul etməli olduğunu deyir.
Normalda kütləvi informasiya vasitələri yaydığı hər hansı bir xəbərə, açıqlamaya qısa da olsa, bir arayış verməlidir ki, söhbətin nədən getdiyi anlaşılsın. Fəqət ümumi Azərbaycan mətbuatı sanki sözə qənaət edirmiş kimi, bu haqqından istifadə etmədi.
Azərbaycan mətbuatı müxalifətə qarşı da oxşar münasibət sərgiləyir. Misal üçün, hansısa partiya funksionerinin polis tərəfindən döyülüb təhqir olunmasını bildirir, fakt ola biləcəyini düşündüyü məsələləri ortaya qoyur, media isə yaşanan hadisənin yanlız qısa məzmunu yayımlaya bilir, o da bütün bu iddiaları yalanlamaq üçün yaydığı press-relizə, ya da hansısa dövlət qurumunun rəsmisinə məxsus ifadə olduğu üçün: “N partiyasının funksionerinin döyülməsi ilə bağlı iddialar əsassızdır”.
Bu tip informasiyalar çox zaman iki, ya üç abzasdan ibarət olur. Nə söhbətin nədən getdiyini izah edən qeyd olur, nə başqa bir şey.
Bir-iki müxalifyönlü mediadan, onlara da əlin çatmayanda (çünki bir çoxu ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bloklanıb) sosial mediadan özgə heç yerdən məlumat almaq mümkün olmur.
Avropa Parlamentinin cümə axşamı keçirdiyi plenar iclasda qəbul etdiyi qətnamədə irəli sürülmüş tələblər haqlı da olsa, haqsız da olsa, o qətnamənin “kağız parçası”, yaxud “qəbuledilməz” olduğunu, qətnaməyə qarşı sərt bəyanat qəbul etmək lazım olduğunu deməklə iş bitmir. Təbii, bu, siyasətçilərin işidir.
Medianın işi isə ağı ağ, qaranı qara yazmaqdır. Yəni Avropa Parlamentinin qəbul etdiyi qətnamədə irəli sürülmüş tələbləri nöqtə-vergülünə qədər olmasa da, heç olmasa ümumi məzmununu çatdırandan sonra ona qarşı cavabları yayımlamaqdır.
Əks təqdirdə hansısa xarici dili bilməyən, sosial şəbəkələrdən istifadə etməyən, bloklanmış saytlara giriş imkanı olmayan birinin söhbətdən xəbəri olmur. Belədə də oxucularını ələ salmış olurlar.
Bu kimi hallar Türkiyədə baş versəydi, oxşar yayım strategiyasına görə istənilən media qurumu linç olunar, bir daha da açıb oxuyan olmazdı. Şükür etsinlər ki, Azərbaycan oxucusu unutqandır. Bir balaca media etikasına sahibdirlərsə, indən belə xəbərçiliklə məşğul olanda oxucunun gözləntilərini doğrultsunlar.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz
Televiziyalar niyə hələ də var?
Əminənin qətlində türk seriallarının payı
Yüksək oxu sayına güvənmək olarmı?
Yuxudan oyananda nə edirsiniz?
Elektron kitablar və virtual müsahibələr…