Üç şairi qovuşduran müəmma
- 05 Aprel 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Əlirza Balayev
Əməkdar jurnalist
Mütaliəyə alışmış və əhəmyyətini dərk edən yaşlı nəslə mənsub adam kimi “Evdə qal” kampaniyasına dəstək çağırışlarından biri olan “Evdə qalaq, bilgi alaq!” mənim üçün daha münasib oldu.
Oxumadıqlarımdan əlavə, çoxdan oxuduqlarıma da nəzər saldım, bəzilərini yenidən oxudum.
Təsadüfən də elə oldu ki, Mirzə Fətəli Axundov, Səməd Vurğun və Mikayıl Müşfiqin əsərlərinə ardıcıl nəzər saldım, bəzilərini təkrar oxudum.
Mirzə Fətəli Axundovun akademik nəşr olan üçcildliyini (Mirzə Fətəli Axundov. Əsərləri. 3 cilddə, Bakı, “Elm” nəşriyyatı, 1987-1988. Tərtib edənlər: Nadir Məmmədov, Həmid Məmmədzadə; redaktorlar: H.Məmmədzadə, Əziz Mirəhmədov) bütünlüklə təkrar mütaliə etdim.
Mikayıl Müşfiqin əsərlərinin son nəşri olan üçcildliyini (M.Müşfiq. Əsərləri. 3 cilddə, Bakı, “Səda” nəşriyyatı, 2004. Tərtib edəni və redaktoru Gülhüseyn Hüseynoğlu) vərəqlədim.
Səməd Vurğunun yeddicildlik akademik nəşrinə nəzər saldım, ədəbi-tənqidi və publisist məqalələrinin, məruzə və çıxışlarının toplandığı “Böyük sənət uğrunda” kitabını (Səməd Vurğun. Böyük sənət uğrunda. Bakı, “Gənclik” nəşriyyatı, 1970. Tərtib edəni Nazim Axundov) oxudum.
Və bu yazıdan məqsəd qarşıma çıxan – üç şairi qovuşduran müəmmanı oxucularla bölüşməkdir.
Əvvəlcə mütaliədən ümumi təəssüratımı qısaca nəzərə çatdırmaq istəyirəm. Təbii ki, bir oxucu kmi. Çünki eyni ədəbiyyatın mütaliəsi yaş fərqinə görə müxtəlif təəssürat doğurur.
“Kəmalüddövlə məktubları”nı nəzərə almasam (bu ayrı və ciddi mövzudur), M.F.Axundovun dahi dramaturq, nasir, ədəbiyyatşünas və əlifba islahatçısı kimi nəhəng şəxsiyyəti bir daha göz önümdə canlandı.
“Kəmalüddövlə məktubları”na hələ tələbəlik illərindən münasibətim birmənalı olmayıb. Bu yazı üzərində işləyərkən Anarın “Yaşamaq haqqı” kitabını oxuyurdum. Anarın da belə bir fikri ilə rastlaşdım: “Əlbəttə, obyektivlik naminə “Məktublar”da açıq-aydın ifrat məqamların olduğunu etiraf etməliyik. Dünyanın üç ən nüfuzlu təkallahlı dinlərindən birinin – islamın banisi, görkəmli tarixi şəxsiyyət olmuş Məhəmməd peyğəmbərə qarşı kobud atmacalar heç vəchlə qəbul edilməzdir. Bu dinə hazırda yer üzünün beş qitəsində yüz milyonlarla mömin tapınmışdır. Bir var ki, hansı din olursa-olsun dini ehkamçılığa qarşı mübarizə aparasan, onun prinsiplərinin fanatiklər tərəfindən təhrif olunmasına, zamanın ruhuna, cəmiyyətin tarixi tərəqqisiylə uyuşmayan mənfiliklərə qarşı çıxış edəsən, bir də var ki, Allaha qarşı üsyan edəsən, ilahi iradəyə şübhə ilə yanaşasan və təəssüf ki, “Məktublar”ın mətnində bu məqamlar da var” (Anar. Yaşamaq haqqı. Qanun nəşriyyatı, Bakı: 2020, s. 99).
M.Müşfiqin “Yenə o bağ olaydı”, “Küləklər”, “Tar”, “Sənin gülüşlərin”, “Sənin gözlərin” kimi şeirlərini atrıq neçənci dəfə oxudum; kövrək, zərif lirikasına bir daha heyran oldum:
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?
“Böyük sənət uğrunda” kitabında toplanmış məqalə, məruzə və çıxışların əksəriyyəti S.Vurğun dühasının digər təzahürləridir. Və onların arasında, heç şübhəsiz, ən mühümü şairin Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında poeziya haqqındakı məruzəsidir. Bu məruzə bəzi mənbələrdə əlavə məruzə adlanır və kitabın tərtibatçısı N.Axundov da onu elə bu cür təqdim edir. Belə çıxır ki, sovet poeziyası haqqında bir əsas məruzə olmuş, əlavə məruzə ilə də Səməd Vurğun çıxış etmişdir. Lakin bu, həqiqətə uyğun deyildir.
Məsələ bundadır ki, həmin qurultayda A.Surkov “Sovet ədəbiyyatının vəziyyəti və vəzifələri haqqında” ümumi məruzə etmiş, sahələr üzrə məruzələr isə – K.Simonovun “Sovet bədii nəsri”, S.Vurğunun “Sovet poeziyası”, A.Korneyçukun “Sovet dramaturgiyası”, S.Gerasimovun “Sovet kinodramaturgiyası”, B.Polevoyun “Uşaq və yeniyetmələr üçün sovet ədəbiyyatı” haqqında məruzələri, nədənsə, əlavə məruzələr adlandırılmışdır.
Məruzənin S.Vurğuna tapşırılması təkcə şair üçün yox, Azərbaycan ədəbiyyatı üçün, hətta Azərbaycan cəmiyyəti üçün bir şərəf idi (həmin dövrdə cəmiyyət ədəbiyyatla yaşayırdı, ədəbiyyata indiki kimi laqeyd deyildi) və bu gün də unudulmamalı bir şərəfdir.
Məruzə şairin yüksək bədii təfəkkürünü və tənqidi düşüncəsini nümayiş etdirməklə yanaşı, siyasi dünyagörüşünün də cəsarətli nümayişi idi: “Ədəbiyyatımızın partiya prinsiplərini təsdiq edərkən, eyni zamanda bədii düşüncənin bəşəriyyət tarixində misli görünməmiş demokratizmini də təsdiq edən Lenin estetikası müstəqil yaradıcılıq üçün, bədii yaradıcılığın fəallığı üçün, üslub və cərəyanların, fərdiyyət və meyillərin son dərəcədə müxtəlifliyi üçün geniş meydan açmışdır.
Lenin yazmışdır: “Söz yox ki, ədəbi iş mexaniki olaraq bərabərləşdirilməyə, tarazlaşdırılmağa, çoxluğun azlıq üzərində hökmranlığına hamıdan az uyğundur. Söz yox ki, bu işdə şəxsi təşəbbüs, fərdi meyillər üçün, fikir və xəyal, forma və məzmun üçün, şübhəsiz, daha geniş meydan təmin etmək lazımdır. Bunların hamısı şübhəsizdir, lakin bunların hamısı ancaq onu sübut edir ki, proletariatın partiya işinin ədəbi hissəsi proletariatın partiya işinin başqa hissələri ilə mexaniki surətdə eyniləşdirilə bilməz (V.İ.Lenin. Əsərləri, dördüncü nəşri, 10-cu cild, s.33)”.
Sonra şair Leninin sitatından çıxardığı nəticəni cəsarətlə nəzərə çatdırır: “Gördüyümüz kimi, partiyalılığın Lenin anlayışı hər hansı bir yaradıcılıq cərəyanını mexaniki surətdə ədəbiyyata bağlamaqdan yerlə göy qədər uzaqdır. Əksinə, partiyalılıq onu əsl, Lenin kimi başa düşmək mənasında, yazıçını yaradıcılığa qanadlandırır…” (Səməd Vurğun. Böyük sənət uğrunda, s. 7-8).
S.Vurğun ölkənin ən yüksək xitabət kürsülərinin birindən ən nüfuzlu auditoriyaya (Sovet İttifaqının ən seçmə ədiblərinin, xarici ölkələrdən olan yazıçı və şairlərin, yüksək rütbəli partiya işçilərinin iştirak etdiyi auditoriya) bu sözlərlə müraciət edəndə, “Xruşşov mülayimləşməsi”nə yol açacaq Sov.İKP XX qurultayının keçirilməsinə hələ bir ildən artıq müddət qalırdı. Görünür, S.Vurğun özünün dahiyanə fəhmi ilə ölkənin siyasi gələcəyini duyurmuş…
Yaxud şairin ədəbi mərdanəliyinə bariz bir nümunə: “Yazıçılarımız müasir həyatı yaxşı öyrənmədikləri kimi, tarixi şəxsiyyətləri və hadisələri də öyrənməyə bəzən məsuliyyətsiz yanaşırlar. Ona görə də bir çox hallarda bu və ya digər tarixi səhvlərə, bəzən də açıq-aydın təhriflərə yol veririk. Mən çox sevdiyim “Vaqif” əsərinin gələcək taleyini düşündüyüm zaman, orada yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox yandırır, lakin əsər elə bir vəhdət təşkil edir ki, mən hələ də bu təhrifi, əsərin bədii təsirini azaltmamaq şərti ilə düzəltməyə çox çətinlik çəkirəm. Məncə, tənqidimiz bizim tarixi romanlarımızı, dastanlarımızı və dram əsərlərimizi bir daha elmi nəzərdən keçirməli, ədəbiyyatın oxuculara və tamaşaçılara vermiş olduğu bir çox yanlış təsəvvürləri izah və təshih etməlidir” (Səməd Vurğun. Böyük sənət uğrunda, s. 83). Sitatın izaha ehtiyacı yoxdur. Sitat S.Vurğunun 1948-ci ildə “Ədəbiyyat qəzeti”nin 31 may tarixli (№ 15) nömrəsində dərc olunmuş “Böyük sənət əsərləri uğrunda” adlı məqaləsindəndir.
Nəhayət, müəmma haqqında: “İnqilab və mədəniyyət” jurnalının 1949-cu il 8-ci nömrəsində (s.82-89) Səməd Vurğun “Rus şeirinin günəşi (Puşkinin anadan olmasının 150 illiyi münasibəti ilə)” adlı məqaləsində M.Müşfiqin “A.S.Puşkinin ölümünə Şərq poeması”nın tərcüməsindən iqtibaslar vermişdir. Məlumdur ki, ötən əsrin 30-cu illərində repressiyaya məruz qalan sənətkarların əsərləri onlar haqqında məhkəmənin ölüm, ya həbs cəzası hökmündən əvvəl (Sovet İttifaqında “günahsızlıq prezumpsiyası”na əməl ediləcəkdi?), elə həbs olunan gündən yasaq edilir, kitabxanalardan yığışdırılır, yandırılır, qəzet və jurnallarda adları, şəkilləri tuşla qaralanırdı. S.Vurğun bunu bilmirdimi? S.Vurğun məqaləsində, təbii ki, mütərcim kimi Müşfiqin adını göstərməmişdir. (Ümumiyyətlə, mütərciminin özü olduğu “Yevgeni Onegin”dən başqa Puşkinin şeirlərindən gətirdiyi misallarda da tərcüməçilərin adı verilməmişdir). Jurnalın məsul redaktoru (o zaman redaktor vəzifəsi belə adlanırdı) H.Mehdi (Mehdi Hüseyn) mütərcimin kim olduğunu bilmişdimi?
Qeyd edim ki, Puşkinin yubileyinə həsr olunmuş iri həcmli məqalədə Axundovun “Şərq poeması”ndan bəhs etmək və tərcüməsindən nümunələr vermək zəruri idi. S.Vurğun hətta Aşıq Hüseynin Puşkinə həsr etdiyi yeddi bəndli şeirini də tam şəkildə məqaləsinə daxil etmişdi.
S.Vurğun nəyə görə Böyükağa Qasımzadənin həmin dövrdə, elə indi də ədəbi ictimaiyyət tərəfindən qəbul edilən tərcüməsindən istifadə etməyərək, həm özünü, həm də jurnalın redaktorunu təhlükəyə məruz qoymuşdu?
“A.S.Puşkinin ölümünə Şərq poeması”nın farsca orijinalı 1936-cı ilədək ədəbi ictimaiyyətə məlum olmamışdır. Onun əlyazmasını həmin il görkəmli ədəbiyyatşünas Əziz Şərif meydana çıxarmış və bu haqda “Ədəbiyyat” qəzetində (1936, №33) məlumat vermişdir. Əsər Mikayıl Müşfiq, sonra isə Böyükağa Qasımzadə, Cəfər Xəndan və Maarif Soltan tərəfindən ana dilimizə tərcümə edilmişdir” (Axundovun üçcildliyi, 1-ci cild, s. 302). Qeyd edim ki, üçcildlikdə M.Müşfiqin tərcüməsi verilmişdir (1-ci cild, s. 238).
Görkəmli tənqidçi və ədəbiyyatşünas Vaqif Yusifli “Əbədi şair ömrü: Böyükağa Qasımzadə (görkəmli ədibimizin 100 illiyinə)” adlı məqaləsində yazır: “1937-ci ildə böyük rus şairi A.S.Puşkinin vəfatının 100 illiyi ilə əlaqədar olaraq M.F.Axundovun “Şərq poeması”nın tərcüməsi ilə bağlı ədəbi müsabiqədə B.Qasımzadə ikinci yeri tutdu (birinci yer kimsəyə verilmədi). O zaman Neft və Kimya İnstitutunun bir tələbəsinin belə bir ciddi yarışda uğur qazanması bəlkə də çoxlarında təəccüb doğurmuşdu. Qeyd edək ki, M.F.Axundovun “A.S.Puşkinin ölümünə Şərq poeması” daha bir neçə şair-mütərcim tərəfindən dilimizə çevrilib. Mikayıl Müşfiqin tərcüməsində orijinala yaxınlıq daha çox diqqəti cəlb edir. Mərhum ədəbiyyatşünas, Azərbaycan-rus ədəbi əlaqələrinin tanınmış mütəxəssislərindən olan Şıxəli Qurbanovun qeyd etdiyinə görə, Müşfiq burada 50 beytin hamısını saxlamış, mümkün qədər formalizmə uymamış, oxucular tərəfindən asanlıqla anlaşıla biləcək orijinaldakı qafiyələri də saxlamağa müvəffəq olmuşdur. Ancaq əruz vəznində olan poemanı Müşfiq heca vəznində (yanlışdır, tərcümə əruz vəznindədir – Ə.B.) tərcümə etmişdir. Cəfər Xəndanın tərcüməsi də oynaqdır, ritmlidir, ancaq diqqətlə nəzərdən keçirdikdə burada izafilik – söz artıqlığı diqqətdən yayınmır. B.Qasımzadənin tərcüməsi isə həm orijinala yaxınlığı, həm də musiqililiyi ilə uğurludur” (“525-ci qəzet”, 18 mart 2016-cı il).
B.Qasımzadənin tərcüməsi ilə əlaqədar tələbəlik illərimin yaddaşına həkk olunmuş xatirəm də var. Həmin dövrdə yalnız bu tərcümə mövcud idi və həm Axundovun kitablarında, həm də ədəbiyyat dərsliklərində yer alırdı. Universitetin filologiya fakültəsində XIX əsr Azərbaycan ədəbiyyatından dəyərli müəllimimiz Kamil Mirbağırova imtahan verərkən, suallarımdan biri M.F.Axundovun “Şərq poeması” idi. Şeiri şərh edərkən farsca və tərcüməsindən bəzi parçaları əzbər söyləmişdim.
Gözlərimdən yuxunu qovaraq için-için,
Qaranlıqlı bir gecə qəlbimdən
sordum neçin
Gülşəninin bülbülü unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?
…Ey dünyadan bixəbər,
söylə görüm, məgər sən
Bir şey eşitməmisən
Şairlər məclisinin o böyük başçısından?
O Puşkin ki, şeirdə nəqşlər vuran zaman
Afərin olsun! – deyə
Ellərin can evində bəslənər, oxunardı,
Bu böyük sənətkara olmaq üçün hədiyyə
Könüllər bağçasında
min çələng toxunardı.
…Budur, Rusiya torpağı
matəm içində ağlar,
Bu amansız qatildən ürəyində növhə var.
…Qoca, ağ başlı Qafqaz
Gözləri yaşlı Qafqaz
Bu xəbərlə ağlayır,
Sənə matəm saxlayır,
Səbuhinin şeiriylə!
Bir faktı da qeyd edim ki, S.Vurğun 1948-ci ildə Azərbaycan Yazıçılar İttifaqının sədri olanda, B.Qasımzadə həmin il və sonrakı ildə “Ədəbiyyat qəzeti”nin incəsənət şöbəsinin müdiri idi.
Nəyə görə S.Vurğun B.Qasımzadənin tərcüməsindən imtina etmişdi?
Müəmmanın davamı da var: S.Vurğun nəyə görə M.Müşfiqin tərcüməsində düzəlişlər etmişdir, bəzisində də, oxucu kimi qənaətimə görə, bədiiliyə xələl yetirməklə?
Müşfiqin tərcüməsi:
Xəyalı tovuz kimi bərli-bəzəkli,
Sözdən qərib naxışlar eylərdi izhar.
Nəzm evini süsləyən Lomonosovdu,
Orda Puşkin xəyalı oldu bərqərar.
Derjavin tutmuşdusa sözün mülkünü,
Yerində Puşkin oldu nəzmilə muxtar.
Camə bilik meyini tökdü Karamzin,
Puşkinə qismət oldu o cami-gülnar…
…Rus torpağı yas tutub fəğan qılır ki,
Ey qatillər əlilə ölən namdar.
Qurtulmadın zamanın qanlı şərindən,
Tilsimin də olmadı sənə havadar…
…Tutulub bu xəbərdən ağ saçlı Qafqaz,
Səbuhinin şeirilə yasını saxlar.
(Müşfiqin üçcildliyi, s.173-177).
Müşfiqin tərcüməsi Vurğunun məqaləsində:
Xəyalı tovuz kimi bərli-bəzəkli,
Sözdən gözəl naxışlar eylərdi izhar.
Lomonosov bəzədi şeirin evini,
Puşkin xəyalı orda oldu bərqərar.
Derjavin tutdu isə şeirin mülkünü,
Şeirilə Puşkin oldu o yerdə muxtar.
Karamzin tökdü cama bilik şərabı,
Oldu Puşkinə qismət o cami-gülnar…
…Rus torpağı yas tutub fəğan edir ki,
Ey qatillər əlində ölən namdar,
Qurtarmadın zamanın qanlı şərindən,
Tilsimin də olmadı sənə havadar…
…Tutulub bu xəbərdən ağ saçlı Qafqaz,
Səbuhinin şeirilə yasını saxlar.
(Səməd Vurğun. Böyük sənət uğrunda. s.185).
Sonda onu da qeyd edim ki, Müşfiqin üçcildliyində “Şərq poeması”nda məna təhriflərinə gətirib çıxaran orfoqrafik xətalar var:
Çevrilmiş çayır, çəmən bənövşəliklə (“bənövşəliyə” olmalıdır); Bəstəkömər buludlar sular gülşəni (“bəstəkəmər” olmalıdır); Söz ordusu başçısı Puşkindən əxvar (“əxbar” olmalıdır); O Puşkin ki, kağızda qaralanırdı (“kağız da” olmalıdır) və s. Yəni bu mətn təkrar nəşr üçün əsas götürülə bilməz.
Bu yazıda qoyduğum sualların heç birinə mənim cavabım, izahım yoxdur. Ona görə də, “Müəmma”dır.
Müəllifin başqa yazısı:
Zərdabinin heykəli… “LaQuzu” önündə