AXCP sədri Əli Kərimli məhbus Aqil Məhərrəmlinin azadlığa buraxılmasını istəyir.
Novator.az bildirir ki, Aqil Məhərrəmli AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvüdür. O, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP üzvləri Babək Həsənov və Ruslan Nəsirovla eyni cinayət işi üzrə məhkum olunub.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov 2018-ci ilin mayın 8-də Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Həmin il mayın 25-də bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirov da həbs ediliblər.
Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
Qohumlarına məxsus daşınmaz əmlakları müsadirə olunan Saleh Rüstəmova 7 il 1 ay, Aqil Məhərrəmliyə 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzaları kəsilib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirov isə 6 il 8 aylıq şərti cəzalar alıblar.
Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Aqil Məhərrəmli bu yaxınlarda Xəzər Rayon Məhkəməsinə müraciət edərək işinə yenidən baxılmasını istəyib.
Özünün “Facebook” səhifəsində Aqil Məhərrəmlinin övladlarının fotosunu yayan Əli Kərimli qeyd edir ki, əkiz bacılar 3 yaşlarını da atasız keçiriblər: “Onlar faktiki atasız böyüyürlər. Problem ondadır ki, bu balacaların atası təkcə onları yox, həm də Vətənini, millətini, azadlıq və ədaləti çox sevir. Çox istəyir ki, bu ölkədə bütün atalar övladlarını ədalətli və firavan cəmiyyətdə böyütsünlər. Ona görə də bu körpələrin atası 2 il yarımdır siyasi məhbus həyatı yaşayır.
Aqil bəy cinayətkar deyil, savadlı, əqidəli, genişqəlbli bir vətənpərvərdir. Hətta həbsxanada ola-ola İkinci Qarabağ savaşına könüllü getmək üçün müraciət etmişdi.
Onu siyasi mövqeyinə, siyasi əqidəsini satmadığına görə (bunu ondan israrla tələb edirdilər) şərləyib həbs ediblər.
Aqil bəy həbs edildikdən sonra Cinayət Məcəlləsində dəyişiklik baş verib. Onun ittiham edildiyi maddələr üzrə cəza yumşaldılıb. Hazırda Xəzər Rayon Məhkəməsi Aqil bəyin bu iş üzrə müraciətinə baxır. Bu günlərdə hakim qərarını elan etməlidir. Aqil bəy heç bir əsas olmadan 4 il müddətinə azadlıqdan məhrum edilib. Haqq etmədiyi cəzanın 2 il yarımını çəkib. Qərəzli olmasalar, qanunvericiliyin humanistləşdirilməsi ilə əlaqədar cəza azaldılmalı və Aqil bəy azad edilməlidir.
İlham Əliyev hələ savaşdan əvvəlki çıxışlarında deyirdi ki, biz problemlərimizi Azərbaycanda həll etməliyik. Demək istəyirdi ki, Azərbaycandakı insan haqları pozuntuları beynəlxalq təşkilatlarda müzakirə mövzusu olmamalıdır. Ancaq bunu arzulamaqla iş bitmir. Siz gərək siyasi məhbus problemini ölkənin içində həll edəsiniz ki, kənarda bu mövzu müzakirə olunmasın.
Aqil bəyə, digər siyasi məhbuslara qərəzli, repressiv münasibəti dayandırın, azad edin günahsız insanları! Dövlət də, millət də, elə özünüz də bundan yalnız qazanarsınız”.
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb