Vahid Qazi
Ağdam taksiçilərinin Xankəndi, Əsgəranla yanaşı Qarabağın yaxın erməni kəndlərində də dost-tanışları olardı. Şəhərin dəmiryol vağzalından, bazarından yaranan sürücü-sərnişin münasibət zaman keçdikcə istiləşib tanışlıq, bəzən dostluq səviyyəsinəcən çatırdı. Hələ Xankəndiyə dəmiryol çəkilməmişdən qabaq Ağdamda qatardan düşən ermənilər öncə göz-göz eləyib tanış sürücü axtarardılar. Bazarlığa gələnlərsə geri qayıdacaqları tanış sürücüylə əvvəlcədən vədələşirdilər.
Atamın da belə erməni tanışları az deyildi. Qarakəndli Rubenlə isə xüsusi münasibəti vardı. Ruben hər dəfə İrəvana gedəndə atama xəbər edərdi. Uzaq şəhərlərə müştəri düşəndə atam taksini həyətdə saxlayar, öz “Jiquli”sini sürərdi.
Bir gün dərsdən çıxanda atamın taksisini bazarın qabağında gördüm. Soruşub eləmədən mindim ki, gedəndə məni də evə düşürsün. Sən demə, atam, onun diliylə desəm, “klent” gözləyirmiş: “Yemişcana iki “klent” var, istəyirsən, bir yerdə gedək, qoyaq qayıdaq”.
Çox çəkmədi yaşlı ər-arvad xeyli bazarlıqla gəldilər. Yol boyu atamla söhbətlərindən bildim ki, çoxdanın tanışlarıdır. Erməni olsalar da, elə bizim ləhcədə danışırdılar. Füzuliyə tərəf xeyli gedəndən sonra maşınımız sola buruldu, üzü yuxarı meşəli dağa sarı yol aldı.
Onları evlərinə qoyub qayıdanda atam yolüstü Qarakəndə döndü: “Rubenə bir salam verək gedək. Həm də görək tut arağından, çaxırdan nəyi var”.
Həyətdə bizi Rubenin arvadı Anuş qarşıladı. Qollarını yana açıb atamı elə bərk qucaqladı, üzündən elə öpdü ki… Neçə ay Bakıda xəstə yatıb evə dönəndə anam onu belə qarşılamamışdı. Açığı, bu hərəkətdən xoşum gəlmədi. Qısqanclığa bənzər bir hiss idi. Bəs necə, yad arvad atamı qucaqlayıb öpürdü.
Onun evə dəvətini atam qəbul eləmədi: “Ruben evdə deyil”.
Anuş “Rubeni neynirsən, mən ki evdəyəm. Yeməyim də var, araq da, çaxır da” deyib atamın qoluna girdi, mehriban-mehriban evə tərəf çəkdi. Atam onun xoş inadı qarşısında sınmadı: “Yemişcana klent gətirmişdim, dedim dönüm bir salam verim. İndi işim var, başqa vaxt, Ruben evdə olanda gələrəm”.
Evin kişisi evdə olmadığına görə atam içəri keçmədi və biz geri qayıtdıq.
***
Qarabağ separatçılarının başçısı Araik Arutunyanla Rusiyanın adına “sülhməramlı” deyilən qoşunlarının komandanı Rüstəm Muradovun isti qucaqlaşma fotosunda Araikin gülər üzündəki təbəssümü o vaxt atamı qucaqlayan Anuşun şeytani təbəssümünün eynidir.
Mən çox ölkə gəzmişəm, müxtəlif xalqların nümayəndələriylə təmasda olmuşam. Odur ki, ürəklə deyə bilərəm: qadın, ya kişi fərq eləməz, dünyanın ən qılıqlı xalqı ermənidir. Onların işi düşəndə pişiklənmək qabiliyyəti, yaxşı süfrəsi, şirindil qadınları qarşısında hər özündən deyən kişi duruş gətirməz.
Yaşlı qarabağlılar xatırlayır ki, hər “vurub-tutan” oğlanın, kişinin Xankəndidə, erməni kəndlərində xanım “dostu” vardı. 1988-ci ildə hadisələr təzə başlayanda Ağdamdakı mitinqlərin birində Xuraman Abbasova boş yerə üzünü kişilərə tutum deməmişdi: “O baş qaldıranlar sizin balalarınızdır. Zəhmət çəkin, dərslərini verin”.
Bunları niyə yazıram?
Arutunyanın rus generalını elə qucaqlaması sizə təəccüblü gəlməsin. Biz belə qucaqlaşmaları sovet dövründə çox görmüşük. Ermənilər o generalları, lap əsgərləri də, tut arağıyla, çoşka kababıyla, qılıqlı arvadlarla elə tovlayacaqlar ki, ömürləri boyu Qarabağdan çıxmaq istəməyəcəklər.
Odur ki, nə qədər məsti-xumar olmayıblar o rus ordusunu Qarabağdan çıxarmaq haqda ciddi-ciddi düşünməliyik.
***
Bir də onu deyim ki, indi ta yazıq Anuşu qınamıram. Mənim əzik-üzük sifətimə baxmayın, atam yaraşıqlı kişi idi.
16 dekabr 2020
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..