Vahid Qazi
Sizə bir oğlandan danışmaq istəyirəm. Əliyev Anar Akif oğlundan. Bu ad sizə heç nə demir. Tanımırsınız.
Anar mənim dayım oğludur. Amma həm də oğlum kimidir.
Deyərsiniz necə yəni! Məsələnin qəribəliyi onda deyil ki, cəmi səkkiz yaş böyüyəm ondan, adam səkkiz yaşda ata olmur. Qəribəlik mənim ona bağlı duyğumdadır.
Atalıq yaşa yox, o duyğunu bəslədiyin adama bağlıdır. Məsələn, atam onu ölümə aparan xəstəliyə tutulanda yerimiz dəyişdi, daha atam yox, oğlum oldu. O, ərköyün oğul, mənsə narahat ataydım. Ona yönəlik bütün qərarları mən verirdim, ata kimi.
Anara atalıq duyğum isə bir başqa cür idi. Bu sirli hissi onun adqoyma mərasimində yaşadım. Onda bu hissin adını bilmirdim, sadəcə üstündə sonacan anlamadığım məsuliyyətim olacaqdı elə bil.
Anar doğulanda qohum-əqrəba nənəmgilə yığılmışdı. 1976-cı il, mayın 26-sı idi. Səkkiz yaşım vardı. Dayımın sevimlisi olduğumdan idi yəqin, dedi adını Vahid qoyacaq. Ciddi bir tapşırıq almış kimi, bir az tərəddüdlə qabağı çıxdım, amma çox fikirləşmədim. “Xarlamov!” – dedim.
Şaqqanaq çəkib güldülər. Yeni doğulan uşağa sovetin 17 nömrəli məşhur xokkeyçisi Valeri Xarlamovun adını qoydum. Uşaqlıq kumirim idi.
“Xarlamov familyadır, sən bir ad de”.
Bir xeyli düşünüb “Anar” – dedim. Anar həmin il biz Qubadlıda olanda dostlaşdığım qonşu oğlunun adı idi. Bəyəndilər, eləcə adı Anar oldu.
17 rəqəmin bir tilsimi vardımı?! Beş il sonra Xarlamov yol qəzasında öləndə ağladım.
İllər ötdü, onunla aramızda qəribə münasibət yarandı. Elə bil onun tərbiyə-təhsilinə mən də cavabdeh idim.
O, sakit, qaradinməz, adamayovuşmaz idi. Qapalıydı. Dalğın olardı çox vaxt, elə bil nəyisə düşünürdü. İndi ha fikirləşirəm, gülüşü yadıma gəlmir.
İnsanın qəlbinə yol onun keçirdiyi hissləri duyub bölüşməyindən keçir. Səmimi bir ünsiyyətdən. Bəzən ünsiyyət adamın bütün başqa ehtiyaclarına üstün gəlir.
Mehrini nənəmə salmışdı. Onun nənəmə ürək qızdırması verdiyi suallardan, elədiyi söhbətlərdən görünürdü. Çoxlu sualları vardı.
Bir səfər Bakıdan gələndə nənəm mənə belə dedi: “Onu da apar sən gedən şəhərə. Qoy oxusun, ağıllıdır”.
“Məktəbi qurtarsın hələ” – demişdim. Az qalmışdı məktəbi bitirməyinə.
Ona Bakıdan danışırdım. Bulvarda qol-qola gəzən qızlardan, oğlanlardan, kinoteatrların arxa sıralarından, “Neftçi”nin oyununda qışqırıb-bağırmağımızdan, yer altındakı metrodan, sanki əlləri Tanrıya uzanan telli trolleybuslardan, Xəzərin çimərliklərindən, İçərişəhərdən, gəmi gəzintisindən, bir sözlə, qaynar Bakı həyatından.
“Mən də getmək istəyirəm Bakıya, oxumaq istəyirəm” – deyib arzularından danışırdı hər dəfə. Elə sənin, mənim arzumuz kimiydi onun da arzusu.
Bir yol eşitdim ki, məktəbdə bir qıza aşiq olub. Birbaşa soruşdum. Adam da elə allanarmı, ilahi! Guya ayıb şeymiş – boynuna almadı!
Dünyanın ən kədərli sevgisi nakam sevgilər deyil, etiraf edilməyən sevgilərdir. Anar həyada bir yüz il qala öz sevgisini istədiyi qıza aça bilməzdi.
Sonra müharibə başladı…
Bir gün xəbər gəldi ki, Ala Yaqubun özünümüdafiə batalyonuna qoşulub. Məktəbi də, mənə danışdığı arzusunu da qoyub cəbhəyə gedib. Hamı onu dilə tutdu. Rəhmətlik Yaqub dəfələrlə “Çıx get, get dərsini oxu! Müharibə sənlik deyil” dedi.
Hamımızın fağır, sakit, məğmun bildiyimiz Anar inadından dönmədi. Mən də xeyli dilə tutdum, oxumalısan, dedim.
“Təsəvvür edirsən, Ağdama girsələr Xocalıda elədiklərinin on qatını edəcəklər! Bakıya sonra gələcəm, müharibədən sonra. Paraxoda minərik”.
Axırıncı dəfə həyətində hamamı olan başqa bir dayımgildə gördüm onu. Ayrı rayonlardan gəlib döyüşən əsgər dostlarını çimməyə gətirmişdi. Gedəndə dayımdan soruşdu: “Əmi, olar hərdən dostlarımı gətirim yuyunsunlar?” “Gətir, qaqa, gətir, niyə olmur!”
Ağır illər idi. Müharibənin miqyası böyümüşdü, səngər davasına keçmişdi. Biz də kommunistləri devirib milli hökumət qurmuşduq, böyük arzularımız, umudlarımız vardı. Amma Gəncədə qiyam qalxmışdı. Gecəni də işdə yatırdıq. Prezident Aparatında işləyirdim onda.
Bir gün anam zəng elədi. 1993-cü ilin 26 iyun günü. Onun ölüm xəbəri məni günün günortasında tutdu. Şok yaşamadım. Çünki neçə günün şoku canımdaydı, keyimişdim. Aləm qarışmışdı. Ölkə başçısı Bakını tərk edib getmişdi. Hökumət başını itirmişdi. Prezident Aparatına qəribə adamlar ayaq açmışdı. Ermənilər girəvəliyib hər yandan hücuma keçmişdilər. Təzə başbilənlərimizsə Milli Məclisdə köhnə haqq-hesablarını çürüdürdülər. Ölkənin müharibə getməyən hissəsində adamlar parlament “razborkaları”nın tamaşasına durmuşdu, ciddi maraqla.
Azad cəmiyyət qurmaq istəyimiz də Anarın arzuları kimi yarıda qaldı.
Mən Anarın dəfninə gedə bilmədim. Qiyam xəyal-dövlətimizi artıq boğazlamışdı. Anarların hər gün on-on, yüz-yüz ölən günüydü.
Anarın ölümündən bir ay sonra Ağdam işğal olundu. Arzusu Bakıya getmək olan Anarın ömür yolu Xramord dağınacan çatdı, onu keçə bilmədi.
…O vaxtdan elə bilirəm həm də onun yarım qalan ömrünü yaşayıram.
***
Bu gün sənin 40 yaşındır! Böyüyüb yekə kişi olmusan! Ruhun da böyüyübmü görən? Mələk qanadlarınla cənnətin hansı bağında uçursan indi?! Bilirsən, səndən sonra Ağdamı qoruya bilmədik. Bakı da simasını dəyişdi, daha əvvəlki şəhər olmadı. Sənin təsəvvüründəki alabəzək şəhər yoxa çıxdı. Bombozdur, elə indi də!
Yarımçıq ömür olmur! Bütün ömürlər dolub bitir. Baxır adam bu ömrü nəylə doldurur. Sənin 17 yaşının boyu çox ucadır, elə 40 yaş boyda. Şərəflidir, ona görə!
Sən ölməmisən, sağsan, bizimləsən! Bir yerdəyik! Amma onu bilmirəm, sən mənim yanımdasan, ya mən sənin!
Nəysə, səhər açılır. Gözlədim açılsın, 40 yaşını təbrik edim! Mənim əziz oğlum, qardaşım, dostum Anar!
26 may 2016-cı il
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…