Hikmət Sabiroğlu
…Yanvar qırğınının 30-cu ili. Qara gələn 20-ci ilin 20-ci günü. Aynuru torpağa tapşırıb yas yerinə dönürük. Heç kimin dinib-danışmağa heyi yoxdur. Hamı bu inanılmaz itkinin ağırlığı altında əzilir.
Mən bir bağlı qapıya da üzülürəm…
Onun kitabını xəyal eləmək də olmur. Əlimizdə cəmi üç yazısı var.
Çox yazısı gözümün önünə gəlir. Bəziləri bütün detalları ilə. Amma onun jurnalist ömrünün ən parlaq dövrünə şahidlik eləmiş adamlar necə aciz qalıb.
Aynur 2 oktyabr 2006-cı ildən 25 yanvar 2013-cü ilədək “Media forum” saytının işçisi olub. Özü bunun hesabını belə aparıb: 6 il 3 ay 25 gün.
Ofis həmənkidir. Hər guşəsindən Aynurun hənirtisi gəlir. Amma o 6 il 3 ay 25 günün qapısı qıfıllıdır.
“Media forum” çoxdan dayanıb.
Arxivi də çoxdan qapanıb.
Aynurun şəxsi arxivinə baxmaq da imkansız.
…Çox əlləşirik. Neçə vaxt arxiv müşkülünü aşmağa gedir. Yaxşı bir oğlan dadımıza yetişir, “Media forum”un batmış arxivindən Aynurun bəzi yazılarını götürməyə yardımçı olur… Fevralın 17-si, Aynurun qırxı ərəfəsi.
Rahatıq düşünürəm. Bilmirəm işin çətini indi başlayır.
Yox, seçim aparmaqdan söhbət getmir. Hər yazısı diridir. Heç birini kənara qoya bilmirsən.
Redaktə çətinliyi də yoxdur – peşəkar əlindən çıxıb yazılar, həm də əvvəllər oxunub.
Mənəvi ağırlıq var. Təsvir edə bilmədiyim bir ağırlıq.
Birgə işlədiyimiz dövrdə bu yazıların ilk oxucusu mən olmuşam. İndi hər şeyi təzədən yaşayıram. Bu dəfə Aynursuz.
Əvvəl mövzunun otaq boyu necə uçuşması yadıma düşür.
Sonra Aynurun dəftərçədə qeyd aparmağı.
Sonra müsahiblərini danışdıran səsi.
Sonra klaviaturanı döyəcləyən barmaqları.
Sonra yazının qarşıma qoyulması.
Aynur çox döyüşkən, hər sözü, hər cümləsi, hər abzası uğrunda dirənən jurnalistdir. Onun yazısını oxumaq hər oğulun işi deyil. Hər redaktəni bəyənmir, hər düzəliş, hər başlıq ürəyinə yatmır. Redaktor çox dərinə gedib öz dediyini yeridəndə inciyir, küsür.
İnciməməyi, küsməməyi üçün ən xırda düzəlişi də onunla razılaşdırıram…
…İndi həmin yazılara Aynursuz əl gəzdirirəm. Yenə içimdə “inciyər, küsər, dalaşar” qorxusu var. Az qalıram çönüb nəsə soruşam, ya əl atıb telefona nəyisə dəqiqləşdirəm.
Bir-bir baxıram yazılara.
…Bu yazıya çox sevindim.
…Bu yazıya görə dalaşdıq.
…Bu yazı barışdırdı bizi.
Yana-yana qalıram hər yazıya. Yazıların necə yazı olmasına da. Kimi itirmişik gör!..
Qara bayrama dönən Novruzun ikinci günü – martın 21-də bu iş bitir.
Yenə rahatıq düşünürəm. İndi onun kitabını xəyal eləmək olur.
Amma karantin nevrozunun da bir yandan can üzdüyü həmin gün ürəyimdən bircə şey keçir yalnız. İstəyirəm Aynur gəlib məndən bu yazıların hesabını soruşsun, lap dalaşsın, təki bu acı yoxluq olmasın…
Aynur yaralı Alya köməyimə çatır hər zaman olduğu kimi. Bir nişanə qalacaq Aynurdan deyə ürək-dirək verir. Bir gün də olsun tək qoymur məni, kölgəsini əsirgəmir.
Aynuru bacı bilən Azər, vəfalı Yalçın da dəstək olurlar.
Sonra dostumuz Şahbaz, “Qanun” nəşriyyatının işçiləri qolumuzdan tutur. Aynur Mirhəsənin “Azadlıq ibadəti” kitabı belə yaranır.
Yenə rahatıq düşünürəm. Amma Aynurun “Ölüm yaşanacaq bir andır, hadisədir. O an yaşanır. Hər kəs öz ölümünü yaşayacaq, mən sənin, sən mənim ölümümü yaşaya bilməzsən. Yəni heç kəs deyə bilməz ki, sən ölmə, qoy mən sənin əvəzinə ölüm” cümlələri ilə başlayan kitaba donub qalmışam. Rahatlanmaq mümkün olmur…
…Kitabın adı Aynurun qadın həbsxanasından reportajının başlığından gəlir. Bağlı qapılar arasındakı qadınların Allaha sığınmasından bəhs olunur həmin reportajda.
“Azadlıq ibadəti”ndəki hər yazıda bağlı qapılar var. Azad olmaq istəyi də.
İbadət var.
“Ürəyini gəmirən arzular”la yaşayıb “Dünyanı DƏRD yükü ilə birgə, gülə-gülə tərk edən” Aynurun ibadəti.
Azadlığa möhtac Vətənin ibadəti.
Qıfıllanmış qələmin ibadəti.
Bağlı qapının ibadəti.
Haqqa tapınanın ibadəti.
…Biz Aynuru redaksiyada hər vaxt ən çətin işin dalınca göndərdik. Bir yol da peşman eləmədi bizi.
Özü də hər zaman ən ağır mövzudan yapışdı. Hər vaxt da heyran qoydu bizi.
Könül yazısı, replika, xəbər, müsahibə, reportaj, araşdırma – fərq eləməz, bir boşluq da qoymadan yazdı.
“Azadlıq ibadəti”nə vaxt ayıran buna şübhə etməyəcək.
İbadət vaxtıdır…