“Bu povest öz həyatını yaşamayan insanın faciəsi haqqındadır”
Yazıçı Mətləb Ağanın müsahibəsi
– Lev Tostoyun “Sergi ata” povesti hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– “Sergi ata” povestini ilk dəfə nə vaxt oxumağım yadımda deyil. O vaxta qədər oxşar mövzuda Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” əsərini oxumuşdum və ikiləşmiş şəxsiyyətlə yaşayan, daxilən bir cür olan, cəmiyyətdə isə başqa cür tanınan Cəlil müəllim obrazı mənə çox maraqlı gəlmişdi. “Sergi ata”nı təsadüfən oxudum. Və indiyə qədər bu povesti 3-4 dəfə oxumuşam. Əsərin mövzusu, sözsüz, çox cəlbedicidir. Bu baxımdan ki, insanın kəskin şəkildə daxilən bir cür, zahirən başqa cür olması necə baş verir? Bunu yaradan hansı səbəblərdir və bəzən bütöv bir həyatı o, necə bu cür yaşayır? Hətta özünü də aldadır ki, o, məhz zahirən göründüyü kimi bir adamdır. Üstəlik, heç kəsin də bundan xəbəri olmur ki, qarşısındakı tamamilə başqa biridir. Lev Tolstoyun “Sergi ata” povesti ikiləşmiş insan şəxsiyyəti, öz həyatını yaşamayan insanın faciəsi haqqında olan bir əsərdir. Sergi ata olmaq Stepan Kasatskiyə lazım idimi? İnsan öz arzularını buraxıb “Başqaları nə deyər?” stereotipinin arxasınca gedib, sevgidən üz çevirib şəhvət və şübhədən qopa bilmirsə, nə baş verər? Tolstoyun buna cavabı “Sergi ata” povestidir.
– Stepan Kasatskidən Sergi ataya çevrilmək… Sizcə, insanın adının belə dəyişməsini göstərərək yazıçı nə demək istəyir?
– Stepan Kasatski Sergi ataya nə üçün çevrildi? Bunun cavabı povestin ilk səhifələrindədir. Yəni çevrilmə baş verməzdən əvvəl, Tolstoy baş qəhrəmanını oxucuya belə göstərir: Kasatski əxlaqına və davranışına görə onu əhatə edən cəmiyyətdə, insanlar arasında nümunəvi adam sayılırdı. Əslində, necə idi? Kasatskinin məqsədi hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etməkdi. Meri ilə – bu qadının əvvəllər imperator Nikolayın məşuqəsi olduğunu bildiyi günə qədər ideal bir təmizliyi olduğuna inandığı qrafinya Korotkova ilə də ona görə evlənmək istəyirdi ki, yüksək saray dairələrinə çıxa bilsin, fərqlənsin.
Bu mənada Korotkova (Meri), Kasatskinin şöhrətpərəstliyinin cəzası idi. Kasatski bu cəzadan sonra da ayılmır, Sergi ata olmaq yolunda “irəliləyir” və tacir qızı Marya onun “müqəddəs” Sergi ata obrazını darmadağın etdikdən sonra şöhrətpərəst “müqəddəsin” birdəfəlik biabır və məhv olduğunu başa düşüb qaçır. Mələk kimi təsəvvür elədiyi Meri ilə bağlı məyusluq onu monastra getməyə – “çünki yaranmış vəziyyətdən başqa bir çıxış yolunu heç təsəvvürünə də gətirə bilmirdi” – məcbur edir.
Lakin bu şəraitdə də Kasatskinin şöhrətpərəstliyi “geri durmur”. Onun hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etmək istəyi burda da özünü şiddətlə büruzə verir. Tolstoy Stepanın xarakterini bacısı Varvara vasitəsi ilə bu cür ifadə edir: “Bacısı başa düşürdü ki, qardaşı Stepan ondan yüksəkdə durduqlarını göstərmək istəyənlərin fövqünə qalxmaq üçün rahib olub. Və düzgün başa düşürdü qardaşını. Rahibliyə getməklə Stepan göstərmək istəyirdi ki, bir vaxtlar, xidmətdə olduğu illərdə başqaları kimi onun özünə də çox möhtərəm, təşəxxüslü görünənlərə nifrət eləyir və elə bir yüksəkliyə qalxır ki, vaxtilə qibtə elədiyi adamlara oradan üstdən-aşağı baxa bilsin. Başqa, əsl dini hissləri də var idi ki, həmin hisslər həmişə birinci olmaq arzusu ilə birləşmişdi”. Bu baxımdan, demək olmaz ki, Kasatskinin Sergi ataya çevrilməsi həqiqətən də, təbii olaraq baş verir. Əslində, Kasatskidən Sergi ataya çevrilmə yalnız ad dəyişməsində olmuşdu. Kasatskinin, birinci olmaq, tərif eşitmək, özünü göstərmək, hamıya yuxarıdan aşağı baxmaq və sair xüsusiyyətləri Sergi ataya keçir. Buna görə də, əslində, Kasatskidə ad dəyişməsindən başqa heç nə baş vermir. Kasatski daxilən olduğu kimi qalır, zahirən isə Sergi ataya çevrilir.
– Amma fikir vermisinizmi, əsərin sonunda Sergi Ata yenə öz adına qayıdır.
– Kasatski bir çox səbəblərdən – özünəvurğunluq, dini hisslər, Meri ilə bağlı məyusluq və s. – daxilində Sergi ataya çevrilir. Sergi ata gec-tez öz adına qayıtmalı idi. Çünki onsuz da əsl Sergi ata yoxdur. Yalnız adını dəyişib Sergi ata olmuş, Sergi atanın qılafında gizlənmiş şöhrətpərəst Stepan Kasatski var. Əslində, Kasatskinin Sergi ataya çevrilməsi yanlışlıqdı. Fikir vermisənsə, o, monastrda dəfələrlə yoldan azmağa şirniklənsə də, bütün bu hissləri özünün Allaha məhəbbətilə yox, itaətkarlığı ilə məhv edirdi. Bu itaətkarlıq Kasatskidə hardan idi? Daxili təmizlikdənmi? Yox, bu itaətkarlıq onda dünyəvi həyatdan, konkret olaraq xidmət illərindən qalmışdı. Bu müddətdə, monastrda rahib olduğu müəyyən dövrdə o, abidin, sonrakı guşənişin olduğu dövrdə isə yuxarıların, onu müqəddəs sayan insanların iradəsi ilə yaşayır. Bu itaətkarlıq lap hərbi xidmət münasibətlərinə oxşayır və Allaha həqiqi məhəbbətdən yaranan itaətkarlıqdan çox uzaqdır.
Kasatski yeddi il yaşadığı birinci monastrda üç il keçdikdən sonra Sergi adı ilə iyerey rahibi rütbəsi alır. Rahibliyinin yeddinci ilində isə darıxmağa başlayır. Anasının ölümünü və Merinin ərə getməsini laqeydliklə qarşılayır. Bununla da Sergi atanın mənəvi tənəzzülü daha da dərinləşir. Rahib şöhrətpərəstliyi onu məhv etməyə başlayır. Paytaxt monastrına keçəndən sonra qadın haqda fikirlər, şəhvət ona yenidən əzab verməyə başlayır. O, ibadət zamanı əslində ibadət etmir, dünyəvi hisslərin onun qəlbinə yol tapmaması üçün mübarizə aparır. Keçmiş xidmət yoldaşı olan generalla görüşündə, o, iqumenə bu görüşə görə narazılığını bildirir, çünki yaxşı başa düşür ki, dünyəvi həyatla bağlılığı qırılmayıb, o, əslində, keçmiş xidmət yoldaşına həsəd aparır, bu görüş də bunun sübutudur.
Düzdür, əsərin bu hissəsində buna açıq bir eyham olmasa da, hər halda Sergi atanın bu görüş zamanı əsəblərinə sahib ola bilməməsi dediklərimin sübutudur. Bundan sonra, Sergi atanın abidlə yazışmasında da bu hal üzə çıxır. Abid ona izah eləyir ki, Kasatski rütbələrdən, şan-şöhrətdən Allah naminə yox, təkəbbürlü, lovğa olduğu üçün imtina eləyib. Allah naminə şöhrətdən imtina etsəydi, onda dözərdi. Sergi ata abidə məktubunda yazır ki, mən Allah naminə hər şeydən imtina etmişəm, bunlar (iqumen) isə məni vəhşi kimi ona-buna göstərirlər. Beləliklə, Allah naminə etdiklərini minnətli şəkildə xatırladır və əslində, dünyəvi həyata bağlı olmasını, şöhrətpərəstliyini bir daha etiraf edir. Bundan sonra, Sergi ata abidin məsləhəti ilə, təkəbbürünü boğmaq üçün guşənişin olur. Lakin yenə də dəyişə, təkəbbüründən əl çəkə bilmir.
– Sergi ataya yuxuda deyilir ki, Paşenkanı – həqiqətini tapsın. Sergi ata onu tapır və ailə-uşaq yükünü boynuna götürən bu qadını görəndən sonra özünü dərk edir.
– Paşenka Sergi atanın dayısı qızıdır. Tacır qızı Marya ilə cinsi münasibətindən sonra görkəmini və geyimini dəyişib qaçan Sergi ata özünü öldürmək istəyir. Yatır, oyanır, ancaq Paşenkanı fikirləşir, Paşenkanı xilaskar kimi təsəvvür eləyir. Yenə yatır və yenə Paşenkanı yuxuda görür. Yuxuda bir mələk ona deyir ki, Paşenkanın yanına get, günahın və nicatın nədə olduğunu ondan öyrən. Tolstoy bununla demək istəyir ki, qocalmış, quruyub büzüşmüş, yoxsul Paşenka müqəddəs, hamının barəsində danışdığı Sergi atadan milyon dəfələrlə üstündür. Çünki Kasatski Allahı bəhanə eləyib, insanlar üçün yaşayıb, ancaq Paşenka isə Allah üçün yaşayır, bədbəxt qızına və köməksiz nəvələrinə baxır, qapısına gələn insanlardan sonuncu tikəsini əsirgəmir, onların sirrini yalnız Allah xatirinə ürəyində saxlayır. Tolstoy əsərdə bunları aşkar yazır: “Mən Allahı bəhanə eləyib, insanlar üçün yaşamışam, Paşenka isə Allah üçün yaşayır, amma ona elə gəlir ki, adamlar üçün yaşayır”.
– Əsərdə xeyli təsirli səhnələr var, sizin üçün ən yaddaqalan hansı oldu?
– Tacir, öz mənfəəti üçün, Sergi atanın görüşünə gəlmiş camaatı qovanda, o, camaatda xoş təsir oyatmaq üçün rahibi tacirin yanına göndərir ki, onları incitməsin. Amma ürəyində özü də istəyir ki, tacir bu yazıq insanları qovsun, o da dincəlsin. Və tacir hamını qovur. Bundan başqa, Sergi ata dünyəvi işlərdən əl çəkməsi üçün oxuduğu duanı tez qurtarıb tacirin xəstə qızının arxasınca adam göndərmək istəyir. Bu qız onu çox maraqlandırır. Qız qəşəngdirmi? Qadın gözəlliyinə malikdirmi? O bu qızla – Marya ilə görüşür, ilk təmasdanca onunla cinsi münasibətdə olur, baxmayaraq ki, Marya ruhi xəstədir. Deməli, kəmağıl və özünü idarə edə bilməyən bir qadından fərqlənmir Sergi ata. Tolstoyun dediyi həqiqət budur: O, Sergi ata olduğu bütün dövrdə, şəhvət hissindən, şöhrət ehtirasından can qurtara bilmir. Onun qəlbində insanlara məhəbbət yoxdur. O, vaxtı ilə Merini mələk bilib sevirdi. Meri də Kasatskinin özünə olan bu sevgisini görüb mələk olmağa çalışırdı.
Əslində, Kasatski Merini bağışlasaydı, Sergi ata da olmayacaqdı. Onun Sergi ata olması ilə o, Merinin günahını bağışlamalıydı. Lakin Kasatskinin özünəvurğunluğunun və şöhrətin əsiri olması ucbatından belə olmur. Çünki o özünə deyirdi: “Başqalarını aldada bilərəm mən, Allahı isə heç vaxt. Əzəmətli adam deyiləm mən, zavallı məxluqam”. Onun daxilindəki mübarizənin səbəbi şübhə və şəhvətdir. Qəlbində sual edirdi: “Elədiklərimin nə qədəri Allah naminədir və nə qədəri insanlar üçündür?”
Sergi ata olduğu müddətdə daim ona əzab verən bu suala heç vaxt cavab tapa bilmir. Tacirin qızı ilə cinsi münasibətdə olandan sonra özünün mənəvi tənəzzülünü Allahın olmaması ilə izah edir. Birdən-birə Allahın olmaması qənaətinə gəlib çıxan Kasatski, deməli, Allaha heç vaxt inanmayıb. Başqa sözlə, onun mənəvi tənəzzülü onun ürəyində Allaha, insanlara məhəbbətin, sevginin olmamasındandır. Sevgisizlik onu Sergi ata ola-ola hər rastına çıxan ehtiraslı qadınlara şəhvət gözüylə baxmağa sürükləyir. Sergi atanın daxilən daha bir tənəzzülünü Tolstoy bununla göstərir ki, onunla görüşən cavan professor Allaha inanmır, ancaq bu inamsızlığından heç bir əzab çəkmir və özünü çox yaxşı hiss edir. Bunun izahı budur ki, cavan professor öz hisslərində səmimidir, Sergi ata kimi, daxilən bir cür, zahirən başqa cür deyil.
– Makovkina Sergi atanı yoldan çıxarmağa çalışır. Hisslərinə qalib gəlmək üçün Sergi ata barmağını kəsir. Ancaq mahiyyətcə hisslərinə qalib gəlsə də o hissə çatmağa onu mənəvi və iradi gücsüzlük gətirib çıxarır. Hər halda əsərdə həmin məsələ ikibaşlı qalır, bu situasiya barədə hansı qənaətdəsiniz?
– Sergi ata Makovkinanın onu yoldan çıxarmasından qaçmaq üçün sol əlinin şəhadət barmağını kəsir. Bu bir daha onun sübutudur ki, Sergi ata şübhə və şəhvətin əsiridir, onun müqəddəsliyi daxilindən gəlmir, o, fiziki həyatla sıx bağlıdır. Onun Allaha ibadəti Allah naminə deyil. Hər halda, Makovkina onunla görüşəndən, Sergi atanın müqəddəs olmasını düşünəndən bir il sonra, məhz Sergi atanın təsiri ilə, bir növ onun naminə, başını keçəl qırxıb monastıra gedir. Bəlkə də sonda Sergi atanı tamamilə məhv olmaqdan qurtaran da, onu Paşenkaya istiqamətləndirən də elə bu olur – Makovkinanın onu müqəddəs bilməsi. Həm də Makovkina dini hisslərində səmimidir. Əsərdə buna işarə olmasa da, deyə bilərik ki, Makovkina insanları sevir, elədikləri Allah naminədir. Çünki o, Sergi ata ilə görüşündən əvvəl də yaşadığı pozğun həyatdan qurtarmağa, həqiqəti tapmağa çalışırdı və həmin həyatı məhz Sergi atanın itirilmiş barmağının sayəsində tapır.
– Kasatski hər şeyi hesablayan adamdır, uğur da qazanır. Amma özündən aslı olmayan situasiyalarda isə məğlub olur və dərk edir ki, tale düşünülərək, siyasətlə idarə edilmir. İstərdim söhbətimiz bu yöndə davam etsin.
– Kasatskinin məğlubiyyətini şərtləndirən, onun taleyini istiqamətləndirən amil siyasət deyil. Başqalarının düşüncəsinə hesablanmış, şöhrətpərəslik üstündə qurulan həyat tərzidir. Kasatski ona görə məğlub olur ki, o, səmimi deyil. O, nəinki başqalarını, özünü də aldadır, özünə də yalan danışır. O, məğlub olmağa məhkumdur. Çünki ən əsası, özü də gözəl bilir ki, o, müqəddəs Sergi ata deyil, şöhrətpərəst, qadın düşkünü olan Stepan Kasatskidir. Lakin buna baxmayaraq, insanların onu gördüyü kimi, Sergi ata (yalançı) olmağa və məğlub olmağa davam edir və axırda Sergi ata olaraq biabırçı sonluqla (daha ağır məğlubiyyətlə) üzləşir.
– Kasatski keşişliyə belə eqo hissi ilə qol qoyur, düşünür ki, çarın nökəri yox, ondan daha böyük olan Allahın qulu olacağam.
– Kasatski bunu nə üçün düşünür? Kasatskinin Nikolayla, əvvəllər onun nişanlısının məşuqu olduğunu bilənə qədər pərəstiş etdiyi bu çarla, birbaşa hesablaşmaq və ya özünün ondan üstün olduğunu birbaşa göstərmək, ona yuxarıdan aşağı baxmaq imkanı yoxdur. O, bunu bacara bilməz. Bu vəziyyətdə onun başqa çıxış yolu qalmır. Cəmiyyətdə fərqlənməyə çalışan, tərif arzulayan Kasatskiyə qəfildən aydın olur ki, onun nişanlısı imperator Nikolayla yatıb və bunu bilməyən yoxdur. O, monastra çəkilir və bununla da bu biabırçılıqdan uzaq olur. Ona görə də Kasatskinin “çarın nökəri yox, ondan daha böyük olan Allahın qulu olacağam” düşüncəsində də eqoistlik, şöhrətpərəstlik var. Bundan başqa, Kasatski həm də bununla bir növ özünə təsəlli verir, şöhrətpərəstliyinin alovuna su səpir ki, qarşısında alçaldığı imperatordan monastra getməklə heyf alır, yəni mənə hər cür vəzifə vəd edəndənsə, xidmətdən imtina edib yüksəkdə olan Allaha xidmət edirəm.
– Qəhrəman bütün nəfs (cinsi, əqli, maddi), sınaqlarından məğlub çıxır, amma sonda qalib görünür. Bu paradoksa oxucunu çaşdırır.
– Çünki Sergi ata sonda həqiqəti dərk edir və bu dərketmə onu qalibə çevirir. Tolstoy oxucuya nə demək istəyibsə, nə fikir aşılamağı qarşısına məqsəd qoyubsa, bunu Sergi atanın Praskovya Mixaylovnanın yanından qayıdarkən öz-özünə danışmasında əks etdirir: “Bütün bu müddət ərzində mən çalışmışam ki, Paşenka (Praskovya Mixaylovna) kimi olum, ancaq ola bilməmişəm. Mən Allahı bəhanə eləyib, insanlar üçün yaşamışam, Paşenka isə Allah üçün yaşayır, amma ona elə gəlir ki, adamlar üçün yaşayır. Bəli, balaca bir xeyirxahlıq, təmənnasız verilmiş bircə fincan su mənim adamlara verdiyim xeyir-duadan qiymətlidir. İbadətlərimdə, fəaliyyətimdə misqal boyda olsa da, hər halda həqiqət olubmu heç? – o öz-özündən soruşdu. Cavab bu oldu: “Bəli, olub, amma o həqiqət zərrəsi insan şöhrəti cəngəlliyi içərisində itib-batıb, murdarlanıb. Bəli, mənim təki şöhrət üçün yaşayanlardan ötrü Allah yoxdur. Gedib axtaracam onu”. Gedib axtarır və tapır. “Sibirdə varlı bir mujikin obasında məskən saldı və indi də orda yaşayır. O mujikin bostanında işləyir, uşaqlara dərs deyir və xəstələri müalicə edir”.
Fərid Hüseyn