Qarabağ savaşını Vətən müharibəsinə çevirə bilmədik
- 05 May 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Mən 23 yaşında ikən “Çay dəstgahı” pyesini yazan Mirzə Cəlillə 16 yaşında “Vəfalı Səriyyə” pyesini yazan Cəfər Cabbarlı, 16 yaşında ilk hekayəsini yazan Elçin Əfəndiyevlə 20 yaşında “Köhnə kişi” povestini yazan Əlabbas Bağırov arasında heç bir istedad fərqi görmürəm. Fərq zamanda və istedadın qarşısına çəkilən səddədir. (M.Fərzəliyev)
Bədii idrak öz keyfiyyət meyarlarının təsir gücünü və dairəsinin çalarlarını cəmiyyətin mənəvi ehtiyaclarına uyğunlaşdırdığı bir məqamda sözü “ceyran dağı”ndan endirib yeni cilddə təqdim edərək bədii-estetik dəyərini artırmaqla yanaşı, əsərlərinin ideya məzmununa yeni ifadə tərzi verməyi bacaran, sözü zamanında bədii zövqdən ayırıb mənəviyyat daşıyıcısına çevirə bilən yazıçı-publisist Əlabbasın ədəbi və bədii yaradıcılıq portreti olduqca rəngarəngdir.
Cəmiyyətdəki ictimai-siyasi baxışların etik qaydaları, milli-mənəvi dəyərlərin vəziyyəti, ailə-məişət münasibətləri, ən əsası isə Vətən əxlaqının səviyyəsinin ədəbi prosesdəki əksi, milli-ictimai təfəkkürün milli-bədii təfəkkürü, publisistik dilin isə bədii dili üstələməsi ilə nəticələnməsindən bütün yaradıcılığında məharətlə istifadə etməsi Əlabbasın nəinki elmi dünyagörüşündən, həm də dilimizdəki sözlərin işlənmə dairəsini, arxaizm, tarixizm və dialektizmləri, o cümlədən ədəbi dilimizin funksional üslublarının tarixilik prinsipini mütəmadi izləməsindən, bir sözlə, ədəbi dil tariximizin köklərinə möhkəm bağlılığından xəbər verir.
Bədii-publisistik dilin elmi kütləvi dillə vəhdətdə təqdiminə nail olan ədibin “Qaraqovaq çölləri” romanı oxucunu öz təsir dairəsində saxlamaqla yanaşı, onun qəlbində müəllifin mənəvi portretini də yaradır.
Bir oxucu olaraq əsərlə gec tanışlığımı özümə bağışlaya bilməsəm də, romandan aldığım bədii zövq və ruhi-mənəvi təskinlik üçün müəllifə təşəkkür edirəm.
İlk baxışda Qarabağ müharibəsi mövzusuna həsr olunmuş bir bədii roman təsiri bağışlasa da, əsərin sonrakı inkişaf xətti – süjeti əsl ideyanın mahiyyətini sərgiləyir. İnsan və zaman, mənəviyyat və didaktika, düşüncədə inqilab, insanın ali duyğularla yaşamasına təlqin, başlıcası isə Vətən əxlaqı məsələləri əsərin əsas ideyasını təşkil edir. Bütün bunlara nail olmaq üçün müəllif öz obrazları ilə əl-ələ verib addım-addım birlikdə irəlilədiyi kimi, obrazları da öz oxucusunu hər bir dioloji və monoloji nitqi ilə düşünüb-daşınmağa varad edir, daş mişarında cilalayır, yatmış yaddaşını oyadır, vicdanını dəyirman daşında əzib üyüdür, ələkdən keçirib, özü-özünə hesabat verməyə məcbur edir.
Bir tərəfdə haqq-ədalət, Vətən və mənəviyyat aşiqi Əfsun və onun məsləkdaşları, digər tərəfdə isə xalqın qanını, sərvətini zəli kimi soran, milli-mənəvi dəyərləri məhv edib harınlamış, utanmadan millətə “əxlaq dərsi” keçməyə çalışan mənsəb sahibləri…
Qarşı-qarşıya dayanmış iki zümrə arasındakı gərginlik sadəcə obrazların qarşılaşdırılması və arasındakı ziddıyyət yox, xeyirlə şərin, zülmətlə işığın, bir sözlə, Ahuraməzda ilə Əhrimən arasında gedən tarixi-ənənəvi mübarizənin sanki yeni bir inikas forması kimi təqdim olunur.
İstər şüfahi, istərsə də yazılı ədəbiyyatımızda yüz illər boyu öz bədii həllini belə tapa bilməyən bir sindromun – özümüzü kəsən qılıncımızın, sapı özümüzdən olan baltaların qurbanına çevrilən Vətən fədaisinin simasında olan yüzlərlə insanın bu iti caynaqlarından xilası üçün müəllif: düşmənə qalib gəlmək özünə-nəfsinə qalib gəlməkdən keçirsə, bəs özümüzünkülərə qalib gəlmək nədən keçir sualı ilə müraciət edir, biz Qarabağ savaşını Vətən müharibəsinə çevirə bilmədik, əvəzində bu gün də özümüzü baltalayırıq problemini ürək ağrısı ilə ortaya qoyur.
Ruhən və mənən bir-biri ilə möhkəm daxili bağlılığı olan Qüdsi müəllim, Zülfü müəllim, Səfurə müəllimə, Əfsun, İmdad, Əfruz, Mehri və Qəflət şərəfli keçmişi olan şəcərənin mənəviyyat daşıyıcılarıdı.
Belə bir mənəvi zənginlik mühitində tərbiyə almış, ali təhsilli, dünyagörüşlü Əfruzun gələcək həyat hekayəsi isə, məncə, Gözəlin (“Gözəl hekayəsi”) taleyindən fərqli bir müstəvidə inkişaf edəcək. O, Əfsunun övladı və onun pişvazına çıxan xalqla əl-ələ verib birlikdə Vətən, xalq, haqq-ədalət sevgisinin sivil mübarizə formasını ortaya qoyacaq.
Əsərin ideya-məzmunu, quruluşu, hadisələrin inkişafı, obrazların dili və psixoloji vəziyyəti hər bir oxucu üçün müxtəlif yanaşma imkanları yaradır: şagirdlər üçün inşa materialı, gənclər üçün əyilməzlik, dönməzlik, mübarizə rəmzi, orta nəsil üçün müzakirə mövzusu, yaşlı nəsil üçün isə gözlərinin önündə baş verən hadisələri bir daha beyin süzgəcindən keçirmək, düşünüb-daşınmaq, başını ağır-ağır tərpədib içində danışmaq fürsəti-mənbəyidir “Qaraqovaq çölləri”. Bu düşüncə-qavram isə sadə bir oxucu müəllimin əsərə yanaşma tərzidir.
“Mən Əlabbasın dilini sevmişəm” (akademik Tofiq Hacıyev), “Bir yazıçı olaraq Əlabbas daha çox dil hadisəsidir” (tədqiqatçı Mahir Bayram) – təfsiri Əlabbasın ədəbi-bədii yaradıcılığının dil-üslub xüsusiyyətlərini bəs qədər lakonik və tutarlı xarakterizə edir. Mənimsə əlavəm odur ki, Əlabbas ədəbiyyatımızda həm də cəsarət hadisəsidir. Dil və cəsarət hadisəsi isə sözlə əməlin, qılıncla qələmin vəhdətindən doğur. Bu vəhdət insanı ölməzlik üfüqünə gedən yola çıxarır.
Yeri gəlmişkən, Vətən fədailərinin ümumiləşdirilmiş obrazı Əfsunun simasında müəllif həm də özünü girov qoyaraq namusunu azad edə bilmək cəsarətində olan bir xalqın genetik dəyərlərini simvollaşdırır, dünyaya nümunə kimi təqdim edir. Belə bir əsərin həm əcnəbi dillərə tərcüməsi, həm də ekran həyatı Azərbaycanı və onun mental dəyərlərini dünyaya olduğu kimi tanıdardı.
Dilin cəsarətli, sözün kəsərli, qələmin yüyrək, üfüqün açıq olsun, cəsarətli yazıçı-vətəndaş Əlabbas bəy!
Məhərrəm Fərzəliyev,
Ordubad rayonu,
Üstüpü kənd orta məktəbinin ədəbiyyat müəllimi
30.04.2020