Hikmət Nazim
Aprelin 5-dən koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanıldı.
Xüsusi karantin rejimində jurnalistlərin hərəkəti ilə bağlı maneə tətbiq olunmadı; kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Çox gözəl.
Sadəcə şəhər və rayonlararası qoyulan qadağalar onlara da şamil olundu. O da KİV-in ümumi işinə bir o qədər də təsir göstərən amil deyil.
Belə ki, Bakıda fəaliyyət göstərən jurnalistlər rayona, rayonda fəaliyyət göstərən jurnalistlər Bakıya gedib-gələ bilmir. Ofis şəraitində işləməyə alışmış media nümayəndələrinin xüsusilə karantin rejimində bölgələrə üz tutacağı ağlabatan deyil. Yəni bununla bağlı xüsusi qərar qəbul olunmasa da olardı.
Sözsüz, hökumət rəsmiləri bu məsələdə bütün ölkə vətəndaşları kimi jurnalistləri də diqqətli olmağa çağırdı. Misal üçün, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mətbuata açıqlamasında media nümayəndələrini diqqətli olmağa səslədi.
Bildirdi ki, jurnalistlər arasında da həqiqətə uyğun olmayan məlumatların yayılması halları baş verir. İ.Məmmədovun sözlərinə görə, dezinformasiyalar onların sosial şəbəkə hesablarında yayılır: “Onların içərisində tanınmış şəxslər də var”.
Bunlar öz yerində. Amma hökumət media nümayəndələrinə müraciətində ən vacib məqamı gözdən qaçırdı.
Hansıdır o məqam?
Jurnalistlərin özünü polis kimi aparması… Evinə getməyə çalışan vətəndaşı guya halına yanırmış kimi ”neçə yaşın var”, “niyə maska taxmamısan”, “küçədə nə işin var” və bu qəbildən tapança kimi açılan suallarla yolundan etməsi…
Sumqayıtın “Dünya” TV kanalının müxbiri daha çox müzakirə olundu, amma parkda, küçədə, tunel çıxışında ailəsinin ehtiyac duyduğu gündəlik ərzağı almaq üçün marketdən qayıdan insanların az qala yolunu kəsib onları sorğu-suala tutan xeyli media nümayəndəsi var. Baxırsan, şəxsinə sual ünvanlanan adamlar sanki pis iş tutmuş uşaq kimi qaçmağa çalışırlar. Niyə?
Ona görə ki, jurnalistlər polislə qoşa addımlayırlar. Onsuz da mətbuat adı gələndə canına qorxu düşən Azərbaycan insanı birə-beş həyəcanlanıb “işdən, yaxud ərzaq almaqdan gəlirəm” demək, “aptekdə maska var ki taxaq” deyə soruşmaq yerinə qaçmağa üstünlük verir.
Hələ yeri gələndə vətəndaşın jurnalistə “sən niyə əlcək geyinməmisən”, “vətəndaşla məsafəni niyə qorumursan” və ya “mikrofonunda niyə qoruyucu yoxdur” kimi suallar ünvanlamalı olduğunu demirəm.
Mən bayaqdan SMS-siz küçəyə çıxışın sərbəst olduğu günlərdən danışıram. Tətbiqinə başlanılan hərəkət məhdudiyyətləri nələrə yelkən açacaq – onu demirəm. Öpüşən cütlüyü görüb “Günün günorta çağı Bakıda BİABIRÇILIQ – Qızla oğlan eyvanda … – (18+) FOTO” deyə manşet yazan Azərbaycan mediasından hər nə desən, gözləmək olar.
Fikrimcə, hökumət, eləcə də Azərbaycan Mətbuat Şurası hərəkəti sərbəst olan jurnalistlərə dezinformasiya yaymamaqla bağlı xəbərdarlıqdan əvvəl müsahiblə davranışlarına diqqət etməyi, onun dalınca qaçmamağı, ittiham etməməyi tövsiyə etməliydi; çünki ağlı başında olan jurnalist belə həssas məqamda dezinformasiya dalınca qaçmaz, amma sensasiya dalınca qaçar.
Misal üçün, günü sabah şəhərə çıxan istənilən vətəndaş hansısa “Dünya” TV, “Space” TV, “Xəzər” TV müxbirinə rast gələndə icazə SMS-ni jurnalistə göstərmək istəməyə, eləcə də yuxarıda qeyd etdiyimiz kimi, maska almağa getdiyi üçün maskasız ola bilər. O zaman jurnalist onun üzərinə getməməlidir.
Hətta vətəndaş operatora onu çəkməməsi ilə bağlı xahiş edərsə, çəkiliş oradaca dayandırılmalıdır. Kiməsə cərimə yazılasıdırsa, onsuz polis yazacaq. Hərçənd əlcək və maska istifadə etməməyə görə qanunda cərimə nəzərdə tutulmayıb.
Onu da nəzərə almaq lazımdır ki, hökumətin ölkədəki maska qıtlığı ilə bağlı rəsmi açıqlaması var: “Tibbi maskalarla bağlı qıtlıq var. Təbii ki, maska yoxdur demək də doğru deyil. Amma qıtlıq var”.
Qıtlıq varsa, bu o deməkdir ki, hamıya çatmır. Buradan da anlaşılır ki, “sən qorxmursan virusa yoluxarsan/yoluxdurarsan” sualı da doğru deyil. O cümlədən maskasız vətəndaşın arxasınca qaçıb onu suala tutmaq da.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz
Televiziyalar niyə hələ də var?
Əminənin qətlində türk seriallarının payı
Yüksək oxu sayına güvənmək olarmı?
Yuxudan oyananda nə edirsiniz?
Elektron kitablar və virtual müsahibələr…