Seçkinin ədəbiyyat havası
- 24 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Sabir Rüstəmxanlı
Neftçalanın tanınmış ziyalılarından söz düşəndə ilk növbədə şəxsən tanıdığım adamları, görkəmli qələm sahiblərini, indi artıq haqq dünyasında olan İmamverdi Əbilovu, Əjdər Ağayevi, Tofiq Abdini xatırlayıram. Çünki onların hər biri haqqında unudulmaz xatirələrim var. Köhnə iş yoldaşım, yazıçı, pedaqoq Allahverdi Eminov, aktyor Nadir Hüseynov, bu gün də doğma ocaqlarından ayrılmamış qələm dostlarım Soltan Abbas, Zabil Pərviz də respublikanın ədəbi, mədəni mühitində Neftçalanı həmişə ləyaqətlə təmsil ediblər.
Milli Məclisə seçkilər mənə Neftçalanı bir daha gəzib-görmək, rayon camaatı ilə yaxından tanış olmaq imkanı verdi. Xatirələr təzələndi, köhnə mübarizə yoldaşlarımı, xalq hərəkatının fəallarını aradım, yaşlı Neftçala ziyalılarını ziyarət etdim, Azərbaycan Yazıçılar Birliyinin yerli üzvləri ilə, eləcə də həvəskar şair və nasirlərlə görüşdüm, “Kür-Xəzər” ədəbi məclisinin bir toplandısında iştirak etdim.
Rayona elə ilk gəldiyim gün görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, əməkdar müəllim İmamverdi Əbilovun evini, onun işığını qoruyan, yolunu davam etdirən oğlu Etibar müəllimi ziyarət etdim. Təsadüfən evin başqa bir övladı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, alim, gözəl qələm sahibi Azər Turan da Bakıdan gəlmişdi.
İmamverdi Əbilov əfsanəvi bir şəxsiyyət idi, evi də Azərbaycanın fikir mərkəzlərindən biri idi. Səməd Vurğundan başlayaraq bir çox böyük söz və sənət adamı, üstəlik, respublikamıza gələn tanınmış şəxslər bu evin qonağı olublar… İmamverdi müəllim onların xatirəsini, avtoqraflarını, bağışladıqları kitabları səliqə ilə qoruyub saxlayıb. Mənim də bu evə ilk gəlişimdən qırx beş ildən artıq vaxt keçir. İmamverdi müəllimin kitabxanası bir xəzinədir və söhbət zamanı Etibar mənim də illər öncə bu kitabxanaya düşmüş avtoqraflı kitablarımı tapıb gətirdi. Bu kitablar o uzaq illəri yadıma saldı, onda İmamverdi müəllimlə məktublaşmaqla yanaşı, bir neçə dəfə məktəbli Azərdən də məktub almışdım və onun düşüncə genişliyi, mənəvi yetkinliyi ürəyimi qürurla doldurmuşdu…
Övladları heç nəyə toxunmayıblar, bütün otaqları, dəhlizi dolduran kitabxana sahibinin sağlığında olduğu kimi qalır. Məncə, bu azdır, Mədəniyyət Nazirliyi bu evi bir muzeyə çevirməlidir. Muzeyin yanında bir oxu zalı tikilsə bu kitab xəzinəsi həm də neftçalalıların üzünə açılar…
Unudulmaz görüşlərimizdən biri də Xıllı kəndində oldu. Rayonun çox hörmətli, qocaman müəllimlərindən Xanoğlan Məmmədova baş çəkməyə getmişdik. Onun həyət-bacanın səliqə-sahmanı, bağ-bağatın sanki rəssam əliylə çəkilmiş kimi mükəmməl düzəni diqqətimi cəlb elədi. Xanoğlan müəllimin yaşı səksəni keçsə də iti hafizəsi, mükəmməl nitqi, ölkədə baş verən hadisələri diqqətlə izləməsi, dəqiq mülahizələri gənclərdə qibtə doğuran bir səviyyədədir. Məni çoxdan yazdığım bir şeiri ilə qarşıladı:
Qılıncam, ovxarım sözlə, inamla,
Min ilin başında yurdun səsiyəm.
Özüm bu günlərə kül ola-ola
Gələcək günlərin pərvanəsiyəm…
Kimsə bu misraları onun qədər həm gözəl deyə, həm də yüksək peşəkarlıq və sayğı ilə təhlil edə bilməzdi. Bu söhbətlə Xanoğlan müəllim əslində Neftçalada başlanan görüşlərimə xeyir-dua verdi.
Sonrakı günlərdə Soltan Abbasa da baş çəkdim, seçilmiş əsərlərinin beşcildliyini vərəqlədim; Zabil Pərvizin, Ənvər Əliyevin şeirlərini dinlədim.
Yenicə bələdiyyə sədri seçilmiş Gülqədəm Mirzəzadənin “Səmavi” şeirlər kitabının və bəstələdiyi mahnıların lirik ovqatı onu gündəlik işindən, kənd həyatından qoparmır, əksinə, camaat üçün məşğuliyyət yerləri açmaq səylərini artırır, qadın inkişaf mərkəzi və anaların hüquqlarının qorunması ilə bağlı plan və arzuları genişlənir.
Görüşlərimizin ən fəal təşkilatçılarından olan şair Fərhad Əzizbəyli ilə indiyədək yaxından tanış olmaq imkanı tapmadığıma təəssüfləndim. Çünki o, Neftçalada yaşasa da yaradıcılığı, kitabları əyalət səviyyəsindən çoxdan çıxıb və çağdaş poeziyamızın seçilən nümunələri ilə səsləşir. Bunu təsdiq etmək üçün 2019-cu ildə nəşr edilmiş və sayca ikinci olan “Zəmanət” şeirlər toplusunu gözdən keçirmək yetərlidir.
Həyatdan 23 yaşında, nakam getmiş ilahiyatçı-şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrinin və gündəliyindən parçaların toplandığı və ölümündən sonra nəşr edilmiş “Sevda türküsü” kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdəti-vücud və hürufilik haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil tanrıdangəlmə, fitri bir istead sahibi olub. Atası Etibar müəllimə “kaş o kitabı mənə verməyəydin” deməkdən başqa söz tapmadım. Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır. Yalnız o kitabı oxuyandan sonra böyük dostumuz İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi iirdiklərini təsəvvür etmək olur.
…Neftçalanın yetişdirdiyi qələm sahibləri arasında rayonun ictimai, mədəni, pedaqoji həyatında xüsusi xidmətləri və yeri olan nasir, publisist Ruhəngiz Əşrəfqızının (Nəcəfova) yaradıcılığı haqqında ayrıca danışılmalıdır. Heyif ki, onun nəşr olunan roman, povest və hekayələri, publisistikası ədəbi tənqidimizin diqqətindən kənarda qalıb, yetərincə dəyərləndirilməyib…
Ruhəngiz xanım müəllimədir, indi Xolqaraqaşlı kənd orta məktəbində direktor vəzifəsini daşıyır; rayonun lider qadınlarından biridir. Kitabları, təşkilatçılıq qabiliyyəti, mükəmməl natiqlik məharəti ona xüsusi hörmət qazandırıb. Bir müddət Neftçala şəhərində Heydər Əliyev Mərkəzinin direktoru olub.
Ruhəngiz xanm Neftçalanın Qırmızıkənd kəndində həkim ailəsində doğulub. Ata tərəfi muğanlı, anası Qazaxın Şıxlı kəndindən Eminovlar nəslindəndir. Kür coşqunluğu, Araz saflığı birləşib onun xarakterində.
Seçki görüşlərindən vaxt tapanda Ruhəngiz xanımım bir neçə kitabını oxudum və elə ilk əl atdığım “Bir kəndin taixi” əsərində (Bakı, “Araz” nəşriyyatı, 1999) onun bir publisistdən, jurnalistdən daha çox nəsr ustası olduğunu gördüm. Kitab xoş bir niyyətlə yazılıb: müəllif doğulub boya-başa çatdığı kəndin tarixini qələmə alıb. Bu arxeologiyaya və qədim kitablara, arxiv materiallarına söykənən tarix deyil, adamların şahid olduğu, insanların yaddaşına yazılmış, canlı və real tarixdir. Bir kəndin tarixi bizə həm də Muğanın keçmişini, yaşadığı çətinlikləri, üzləşdiyi faciələri, eləcə də çaylarını, göllərini, gəmilərin yan aldığı sahilləri, daim təbiətlə çarpışmada olan, selə qoşulub axan, yurdlarını tərk edən, lakin sonradan yenə qayıdıb gələn cəsur insanlarını, bu yerlərin adət-ənənələrini, yetişdirdiyi məşhur şəxsiyyətləri, repressiya qurbanlarını, böyüklərini tanıtdırır. Təkcə tanıtdırmır, həm də sevdirir.
Kitab belə başlanır: “Su kəndi ağzına götürüb aparırdı. Qamış, taxta parçaları, müxtəlif ev əşyaları suyun lal, lakin güclü axınına tabe olaraq sürətlə üzürdü. Haradansa suyun güc verib çıxartdığı bir qurumuş ağac gövdəsi kəhrəba rəngli nehrə ilə yanaşı üzürdü. Onlar bir-birinə sürtünə-sürtünə, dəyə-dəyə irəliləyirdi. Birdən kötük güclü bir təkanla nehrəyə dəyib onu parça-parça etdi.
…Günəş göyün qərb bucağında buludların ətəyindən sürüşüb ətrafa son, sönükləşmiş şüalarını saçırdı”.
Bu, müəllifin doğma kəndinin Kür-Araz daşqınlarında tez-tez yaşadığı bir təbii fəlakətin rəsmidir. Rəssam fırçasından çıxmışa bənzəyən canlı bir mənzərədir. Bu rəsmi yalnız sel fəlakətini görüb yaşamış adam belə ustalıqla çəkə bilərdi. Sel oxucunu da alıb aparır sanki… Cavad bəyin ailəsini, selə qarışıb axan heyvanlarını xilas etmək üçün vurnuxduğunu əks etdirən bu başlanqıc böyük yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanının təsvirlərini xatırlatdı mənə.
Ruhəngiz xanımın biri-birindən maraqlı hekayə və povestlərinin çoxunun mövzusu kənd həyatından alınıb. Buna görə də “Kəndimizin dəmir atları” (Baki, “Müəllim” nəşriyyatı, 2003) və “İtmiş povestlər” (Bakı, “Araz” nəşriyyatı, 2007) adlı kitabları da elə “Bir kəndin tarıxı”nin davamı kimi oxunur. Erməni-bolşevik qırğınlarında, repressiya və İkinci Dünya müharibəsi illərində, 1990-cı ilin Qara Yanvarında, Qarabağ savaşında nə qədər qurbanlar versə, dəyərli insanlarını itirsə də bu kənd yaşayır, öz adət-ənənələrini, toyunu-şənliyini, əkinini-biçinini davam etdirir; nəsillər dəyişilir, sistemlər çökür və yenisi qurulur, böhranlar adamları imtahana çəkir, lakin həyat dayanmır; cavanlar cəbhədə, Vətənlə Qürbət arasında, ailələr kəndlə şəhər arasında, Muğan sellə quraqlıq arasında, insan ləyaqəti ehtiyacla harınlıq, məhəbbətlə xəyanət arasında, Yer üzü işıqla qaranlıq arasında…
Ruhəngiz xanım həyatın bu təzadlı, lakin canlı və qırılmaz axarını böyük təravət və kaloritli lövhələrlə əks etdirir. Etnoqrafik zənginlik, iti müşahidə. İnsanlara və təbiətə böyük sevgi onun nəsrinin başlıca əlamətlərindəndir. Hekayə hekayə dalınca, esse esse dalınca və hər birində kəndin ocaqlarını sönməyə qoymayan halal adamları, yuxarıda təsvir olunan nehrə kimi ehtiyacın amansız kötüklərinə çırpılıb dağılan ailələr, montyor, sürücü, inşaatçı, müəllim, həkim, balıqçı, tələbə, şagird… Muğanın səhərləri və axşamları, aylı gecələri, quşları və cırcıramaları, kəndarası yolların gizlinləri, doğulan və ölən sevgilər, Rusiya sevdasının qırdığı sevgilər, qaçırılan qızlar, taleyə boyun əyməkdən başqa yolu qalmayan ata-analar…
Ruhəngiz Əşrəfqızı bu həyatı dadlı-şirəli bir dillə öz əsərlərinə köçürür. Muğanın qızaran və qaralan üfüqləri, ümid dolu səhərləri, qərib axşamları, yağışı, qarı, torpağının ətri, bir sözlə, başqalarına solğun görünə bilən təbiəti Ruhəngiz xanımın nəsrində ardıcıl təsvir obyektidir və bəlkə də heç bir başqa mətndə onun əsərlərində olduğu qədər canlı, real-romantik boyalarla əks etdirilməyib…
Ruhəngiz Əşrəqızının yazı tərzi və üslubu da maraqlıdır: “Bir kəndin tarixi” – bədii publisistika nümunəsi olaraq sözçülükdən uzaq bir tərzdə, daha çox sənədlərə, adamların xatirələrinə söykənərək, dəlilli-sübutlu yazılıb, şəxslərin portreti bəzən onların öz qeydləri ilə tamamlanır.
“Kəndimizin dəmir atları”ndakı hekayələr realist boyalarla çəkilib, burda da hər hekayə bir həyat hadisəsindən qidalanır, bəziləri novella kimi gözlənilməz sonluqla bitir. Esselərin bir çoxu dastan didaktikası tərzində qələmə alınıb; keçmiş olaylar bu gün üçün həyat dərsi kimi təqdim edilir.
“İtmiş povestlər”də isə sevgi mövzusunun gətirdiyi qanadlı-romantik üslubla öz həyat yolunun, ailə tarixinin, xiffət dolu xatirələrin gətirdiyi zərif psixoloji üslub iç-içədir.
Müəllimlik Ruhəngiz xanıma yeniyetmələrin, məktəbli gənclərin öz yaşları üçün təbii olan yaşantılarını, ilk məhəbbətin gətirdiyi psixoloji burulğanları, ilk görüşlərin xoşbəxtliyini, ayrılıq acılarını, həyat yolunun başlanğıcında keçilən tərəddüdləri yaxından müşahidə etmək imkanı verib və bütün bunlar onun əsərlərində pedaqoji sərhədlər qorunmaqla gözəl təsvir edilir.
Müəllifin “Qayıdış” romanı bu gün üçün aktul olan bir mövzuya, yeni dövrün gətirdiyi problemlərlə üzləşən adamların taleyinə, həmişə olduğu kimi yenə də gündəmdən düşməyən şəhər-kənd münasibətlərinə həsr edilib. Çətinliklər, işsizlik adamları şəhərə üz tutmağa məcbur edir. Şəhər bir cazibə mərkəzinə dönüb. Torpaqdan ayrı düşən insanlar şəhərin evsizliyinə, ağır şəraitinə baxmayaraq geri dönmək istəmirlər. Bu ikili həyat sevgiləri yarıda qoyur, ailələri dağıdır, yüz illərlə formalaşmış milli əxlaq və adət-ənənələri sınağa çəkir. Rühəngiz Əşrəfqızı bu iki ailəmi, kəndi və şəhəri eyni dərəcədə maraqlı detallarla təsvir edir. Qüdrət və onun ailəsi, yoldaşı Zəminə, oğlu Aqşin əsərin əvvəlində hansı həvəslə şəhərə can atırlarsa, burda işləyib ev-eşik sahibi olurlarsa, əsərin sonunda Aqşin eyni həvəslə öz şəhərli həyat yoldaşı Günellə birlikdə kəndə qayıdır. Ata ocağının sönmüş işıqlarını yandırır.
Ruhəngiz xanımın yaradıcılığına bu kəndlərin qorunmasına, ata ocaqlarının daim gur yanmasına yardım edən güclü bir yurd-torpaq sevgisi hakimdir. Çağdaş qadın nəsrimizdə onun xüsusi və bənzərsiz yeri var.
Haraya və nə məqsədlə getməyimizdən asılı olmayaraq Ədəbiyyat havası həmişə nəfəsimizi genişləndirir.
Redaksiyadan: Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkisi keçirilib. Xalq şairi Sabir Rüstəmxanlı 61 saylı Neftçala seçki dairəsindən namizəd olub. Səsvermənin ilkin nəticələrinə əsasən, o, 61 saylı dairənin lideridir. Səsvermənin yekun nəticələri yaxın günlərdə təsdiqlənəcək.
1946-cı il təvəllüdlü Sabir Rüstəmxanlı şair, yazıçı, publisist, filoloq alim, ictimai-siyasi xadimdir. Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 1995, 2000, 2005 və 2010-cu illərdə seçilmiş parlamentlərdə təmsil olunub.