Seymur Kazımov
Fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkisində jurnalistlər də iştirak etdilər. İlkin rəsmi nəticələrə görə, onlardan heç biri qalib gəlməyib.
Hələ ki, seçkinin rəsmi nəticələrini qəbul etməyənlər qərarı hüquqi müstəvidə mübahisələndirirlər. Bəs yekun qərar jurnalist namizədlərin əleyhinə olsa, onlar gələcək fəaliyyətlərini necə quracaqlar? Onlar namizəd olarkən müəyyən bir qrupla işləyib, namizəd olduqları dairədə görüşlər keçirib, rəqibləri ilə mübarizə aparıblar.
Azərbaycanda jurnalistlər ilk dəfə deyil hansısa seçkiyə qatılırlar, əvvəllər bəziləri seçilib, seçilməyənlər isə yenidən mətbuata qayıdıblar. Aralarında baş redaktorlar da var və bu gün də media quruluşlarına rəhbərlik edirlər. Budəfəki seçkidə media mənsublarının kütləvi halda seçkiyə qatılması məsələyə daha çox diqqət ayırmaq zərurəti yaradır.
Seçkidə uduzmuş jurnalist gələcək fəaliyyətini necə qura bilər? Seçkidə uduzmuş jurnalist parlament iclaslarından necə material hazırlaya bilər və yaxud namizəd olduğu dairənin problemlərini obyektiv işıqlandıra bilərmi? Ən əsası, ona seçkidə qalib gəlmiş namizədin fəaliyyəti haqqında material hazırlayarkən obyektiv olacaqmı?
ABŞ-ın Dükeyn Universitetinin media professoru Pamela Valk bizimlə söhbətində deyir ki, əsas məsələ jurnalistin aşkar siyasi mövqe sərgilədiyinə görə öz auditoriyası qarşısında inamı itirməsidir: “Jurnalist özü mövzuya çevrilirsə, qırmızı xətti keçir. Jurnalistika tədrisində öyrədilir ki, özünüzü əhvalatın tərkib hissəsi etməyin. Seçkidə iştirak edən jurnalistin niyyəti xoş olsa da, o təkcə prosesin yox, həm də hadisənin bir hissəsi olur, bu da yalnız etika yox, həm də peşəkarlıq məsələsidir”.
Amerikalı müəlliflər Bill Kovaç və Tomas Rosentiyelin məşhur “Jurnalistikanın elementləri” kitabında yazılır ki, jurnalist vətəndaşlara münasibətdə loyal olmalıdır və işıqlandırdığı obyektdən müstəqil olmalıdır. Bu məqamda növbəti sual yaranır: “Onlar namizəd kimi qeydə alındıqları zaman müstəqilliklərini itiriblərmi və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları bu barədə nə deyir?”
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttıfaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, jurnalistin seçkidə iştirakını nə yerli qanunvericilik, nə də qüvvədə olan Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları inkar edir: “Jurnalistin siyasi proseslərə yanaşması, siyasi partiyalara münasibəti barədə birbaşa və ya dolayısı yolla qeydlər edilib. Biz millət vəkili fəaliyyətini siyasi kontekstdə təhlil etsək, burada məntiqlə etik kodeksə bağlılıq tapa bilərik. Amma indiki halda Azərbaycanda bu məsələ mübahisələndirilir. Etik kodeks qanunvericilik orqanında iştirak üçün seçkilərə qatılmağı pisləmir”.
Ayrı-ayrı media qurumlarına gəldikdə, Azərbaycanda onların özlərinin etik kodeksləri yoxdur. ABŞ-ın məşhur “Vaşinqton Post” qəzetinin etik kodeksinin “Maraqların toqquşması” bölümündə əməkdaşların yalnız çalışdığı media qurumunda fəaliyyəti məqbul sayılır, paralel hansısa işlə məşğul olmaları doğru hesab edilmir: “Biz siyasətdə, ictimai işlərdə, sosial aksiyalarda, nümayişlərdə – ədalətli hesabatlılıq və redaktə qabiliyyətimizə kölgə salan istənilən fəaliyyətdə iştirakdan çəkinirik”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədliyə görə, namizəd olan şəxs siyasi jurnalistika ilə məşğuldursa, onun bir siyasi prosesdə – seçkidə iştirak etməsi tərəf olması anlamına gəlir: “Seçilməyib geri qayıtsa belə, o əvvəlki kimi bitərəf ola bilməyəcək, çünki o özünün baxışını seçicilərə çatdırır, hansısa siyasi prosesin və ya siyasi liderin lehinə, ya da əleyhinə çıxışlar edir. Belə olan halda şəxs jurnalistikadan ayrılıb siyasətə qoşulursa, bir daha bu peşəyə dönməməlidir”.
Gürcüstan İctimai İşlər İnstitutunun media üzrə professoru Anna Keşelaşvili hesab edir ki, əsas arqument jurnalistin oxucuların nəzərində etibarlılığıdır: “Onlar namizəd olublarsa, kim inana bilər ki, sonradan seçilmiş şəxsə qarşı söylədikləri sözlər onların siyasi görüşləri, qisasları və ya başqa səbəblərdən irəli gəlmir? Bir qayda olaraq onlar ictimai maraqların qərəzsiz xidmətçiləri kimi görülə bilməzlər artıq”.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Mətbuat günümüz və bu günün reallığı
Manipulyasiya – jurnalistikanın gizli funksiyası
KİV-in nəzarət mexanizmi niyə çalışmır?
Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?