Oqtay yaxşılaşır
- 21 Fevral 2020
- comments
- Novator.az
- Posted in Xəbər
Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında hüquq müdafiəçisi Oqtay Gülalıyevi müalicə edən həkimlər xəstənin vəziyyəti haqda nikbin rəy verirlər.
“Turan”ın məlumatına görə, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva deyib ki, Oqtay hər gün yarım saat köməkçi vasitələrlə ayaq üstə qaldırılır və gündə bir neçə dəfə əlil arabasında oturur: “Gözlərindən, reaksiyasından görünür ki, arabada oturmaq xoşuna gəlir, xüsusən pəncərə qarşısında”.
Oqtay Gülalıyevi müalicə edən həkim Mehti Sasani yaxın iki həftədə xəstənin vəziyyətinin daha da yaxşılaşacağını gözlədiyini bildirib. Onun sözlərinə görə, Oqtayın fikrini ifadə etmək istədiyi görünür, amma hələlik baryeri aşa bilmir: “Onun bu baryeri tezliklə aşacağını gözləyirik”.
Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurub. Kliniki Tibbi Mərkəzdə ilkin yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-dən Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə alıb.
Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, noyabrın 20-də və 2020-ci il yanvarın 10-da əməliyyat edilib.
Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə başlanmış cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunur. Rəsmi məlumata görə, hüquq müdafiəçisi 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.
Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbula aparıldı
Oqtay süni nəfəs aparatından çıxarılıb
Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb
Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Oqtay Gülalıyev palataya köçürülüb
Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması
Komada olan hüquq müdafiəçisi gözünü açıb
Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb